17 May 2024

Cümə, 14:05

VƏHDƏT NAMAZI

Dünyada ilk dəfə olaraq, Azərbaycanda sünnilərlə-şiələr ibadət üçün bir məscidə toplaşıblar

Müəllif:

19.01.2016

"Cümə" sözü ərəb dilindən tərcümədə "yığıncaq" anlamını verir. Müsəlmanlar həftənin beşinci gününü belə adlandırırlar. Həmin gün insanlar Allaha ibadət etmək üçün məscidlərə yığışırlar. Cümə Quranda ayrıca ayənin həsr olunduğu yeganə gündür. İslama görə, müqəddəs sayılan bugünün fəlsəfəsi həmrəylikdə, birlikdədir.

Müasir dövrdə, təəssüf ki, müsəlmanlar nəinki bəzən bu fəlsəfəyə əməl etmir, üstəlik, öz aralarında, məzhəblər arasında geosiyasi maraqlardan irəli gələn müharibələr aparırlar. Amma istisna da var.

 

Vəhdət namazı

Dünyada ilk dəfə olaraq, hələ ötən ilin dekabrında Bakıdakı "Heydər" məscidində İslamın müxtəlif cərəyanlarının nümayəndələrinin iştirakı ilə birgə namaz qılmaq ənənəsi qoyulub. Sünnilər və şiələr hər həftə bir məscidə toplaşaraq, birlikdə namaz qılmağa başlayıblar. Prezident İlham Əliyevin bu ili "Multikulturalizm ili" elan etməsi ilə isə bu aksiya əlamətdar xarakter alıb.

Bu, ilk baxışdan adi görünə bilər. Lakin müsəlman dünyasında sünnilərin öz məscidlərinin olduğu halda, şiə məscidində, şiələrin isə sünni imamın rəhbərliyi altında və ya əksinə, namaz qılmalarına, demək olar ki, rast gəlinmir. "Heydər" məscidində isə cümə günləri azan belə, bir həftə sünni, digər həftə şiə azançısı tərəfindən oxunur. "Allah-Təala Qurani-Kərimdə bizi bir olmağa, təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən İslamın daxilində müxtəlif məzhəblərin də olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə ki, çox təqdirəlayiqdir. Lakin hər iki məzhəbin bir məsciddə, bir səfdə dayanaraq namaz qılması çox böyük göstəricidir", - deyə "Heydər" məscidinin dini lideri Hacı Sabir bildirib.

Bununla yanaşı, Azərbaycanda insanların sünni, yoxsa şiə, ümumiyyətlə, müsəlman, xristian və ya yəhudi olduğu ilə maraqlanmaq çox az adamın ağlına gələr. Burada əsrlərboyu müxtəlif millətlərə və dinlərə mənsub insanlar birlikdə yaşayıb, bunun xüsusi həyat tərzi olduğunu ağıllarına belə, gətirməyiblər. Ola bilsin, bu səbəbdən, tolerantlıq və multikulturalizm terminləri leksikonumuza yaxın keçmişdə daxil olub. O da dünyada bir yandan ksenofobiyanın, islam radikalizminin, digər tərəfdən, islamofobiyanın artması fonunda baş verib.

Müxtəlif dini icmaların dinc şəraitdə birgə yaşamasının, az qala, mümkünsüz olduğu bir şəraitə Azərbaycanın multikulturalizm ideyasından imtina etməməklə bağlı çağırışı xüsusi aktuallıq qazanır. Bakı isə bu məsələdə, sadəcə, çağırış etməklə kifayətlənmir.

Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanda kilsələr, sinaqoqlar tikilir və təmir edilir, rus dilində təhsil qadağan olunmur, türk, ingilis, fransız, yəhudi məktəbləri açılır, beynəlxalq xristian irsinin bərpasına töhfə verilir. Bu, ona sivilizasiyalararası dialoqun mərkəzi kimi çıxış etməyə əsas verir.

2008-ci ildə ilk dəfə Azərbaycan Avropa Şurası (AŞ) ölkələrinin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına onların İslam Əməkdaşlığı Təşkilatından (İƏT) olan həmkarlarını da dəvət etmişdi. Artıq bir il sonra avropalı nazirlər cavab olaraq, İƏT ölkələrinin mədəniyyət nazirlərinin görüşünə dəvət almışdılar. "Bakı prosesi" adı ilə tanınan bu təşəbbüsü sonradan Azərbaycanda dünyanın dini liderlərinin sammitinin, Beynəlxalq Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi üçün meydana çevrildi. Bu il isə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Bu, Azərbaycanın bir daha beynəlxalq dialoqun mərkəzi kimi tanınması demək olacaq.

"Qlobal Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə, bu sahəyə verdiyimiz diqqəti və əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq, mən bu ili Azərbaycanda "Multikulturalizm ili" elan edirəm. Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycanın nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev hökumətin ötən ilin yekunlarına həsr olunmuş iclasında bildirib.

İslamın hazırda müxtəlif ölkələrdə münaqişə edən iki ən böyük cərəyan nümayəndələrini "Heydər" məscidinə toplayan Vəhdət namazı dövlət başçısının bu sözlərinin təsdiqi sayıla bilər. Bir sıra ölkələrdə sünnilərlə-şiələr sülh şəraitində yaşasa belə, ən azı, dini ayinlərini ayrı-ayrılıqda keçirirlər. Onların birgə namaza toplaşmasına dəfələrlə göstərilmiş cəhdlər heç bir nəticə verməyib. Bu baxımdan, Azərbaycanda müsəlmanların Vəhdət namazı kifayət qədər iddialı təşəbbüs sayıla bilər. Onu bütünlükdə dünya birliyinə ünvanlanmış multikulturalizm mesajı da saymaq mümkündür.



MƏSLƏHƏT GÖR:

503