17 May 2024

Cümə, 11:52

ƏSASLI YENİ MƏRHƏLƏ

Azərbaycan beynəlxalq iqtisadi böhrana sinə gərmək üçün genişmiqyaslı islahatlara başlayır

Müəllif:

19.01.2016

2015-ci il iqtisadi baxımdan dünya üçün nə qədər gərgin keçsə də, yaxın vaxtlarda vəziyyətin sabitləşəcəyinin gözlənilmədiyinə şübhə yoxdur. Odur ki, ekspertlər dünya iqtisadiyyatının tamamilə yeni mərhələyə qədəm qoyduğunu bildirərək, hökumətləri buna hazır olmağa çağırırlar. 

Təbii ki, baş verənlər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməzdi. Deməli, bu il hökumətin bütün səyləri sosial sabitliyin qorunub-saxlanmasına, güclü daxili və xarici sarsıntılardan mümkün qədər uzaq durmağa yönələcək. Köklü struktur islahatları, dövlət vəsaitinə qənaət, qeyri-neft sektorunun inkişafına əlavə dəstək, monopolizmin ləğvi - bütün bunlar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iki iclasında səslənən təxirəsalınmaz tədbirlərin yalnız bir hissəsidir. 

Söhbət yaxın 4 il ərzində sərt qənaət rejimini təmin edən, balanslaşdırılmış gəlir və xərclər smetasının hazırlanmasından gedir. Bundan başqa, maliyyə nizam-intizamı, dövlət vəsaitlərindən qənaətli istifadə, israfçılıq və lazımsız xərclərin aradan qaldırılması, idarəçilik sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarəolunmasında islahatların keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsinə əlavə stimulun verilməsi, bank sisteminin konsolidasiyası və ona olan etimadın artırılması və s. nəzərdə tutulur.

Təxirəsalınmaz tədbirlər sırasında Prezident İlham Əliyev milli valyutaya etimadın bərpa olunmasını və ölkə iqtisadiyyatının dollarlaşması ilə bağlı vəziyyətin sabitləşdirilməsini göstərib. "Bunun heç bir iqtisadi əsası yoxdur. Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranmışdır. Özü də bu ajiotaj yenə də başqa ölkələrdə baş verən proseslərlə bağlı idi", - deyə dövlət başçısı qeyd edib.

Preventiv tədbirlər çərçivəsində o, xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsini mümkün sayıb - xatırladaq ki, hazırda Azərbaycanın xarici borcu ÜDM-in cəmi 12 faizini təşkil edir. Bunu nəzərə alaraq, xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi bizim üçün heç bir problem yaratmaz.

Dövlət istiqrazlarının buraxılması məsələsinə də baxıla bilər. "Hətta bizimlə müqayisəedilməz dərəcədə daha da böyük həcmdə neft hasil və ixrac edən ölkələr də buna gedirlər", - deyə İ.Əliyev əlavə edib. 

 

İstehsalın bütün tsikli

Prezident İlham Əliyevin fikrincə, iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün hökumət bir sıra əlavə təxirəsalınmaz tədbirlər görməlidir. Bu il ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektoruna, ixracyönlü məhsulların istehsalı sahələrinə xarici sərmayənin cəlb olunmasına xüsusi diqqət yetirilməlidir. "Əfsuslar olsun, bu gün biz ərzaq təhlükəsizliyini tam təmin edə bilməmişik. Bunun obyektiv səbəbləri var. Biz hələ ki, dünya bazarlarına qeyri-neft sektoru xətti, böyük ixrac malları ilə çıxa bilmirik", - deyə İ.Əliyev vurğulayıb.

Bu gün ən ciddi problemlərdən biri bu və ya digər məhsulun tam istehsal prosesinin olmamasıdır; məsələn, qablaşdırma materiallarının xaricdən alınması yekunda məhsulun qiymətində artıma səbəb olur: "Bu gün Azərbaycan böyük dərəcədə öz ehtiyaclarını ödəyir - həm tikinti materialları, həm ərzaq malları sahələrində. Ancaq bu yerli istehsal mallarının tərkibində xarici komponent var. Biz növbəti illərdə çalışmalıyıq ki, bu xarici komponenti aradan götürək". 

Bundan başqa, prezidentin sözlərinə görə, geniş özəlləşdirmə proqramı hazırlanmalıdır. Özü də bu proses tam şəffaf olaraq, beynəlxalq ekspertlərin də cəlb olunması ilə həyata keçirilməlidir: "Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıb. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var". 

Prezident sənaye və texnopakların yaradılmasının vacibliyini vurğulayıb - burada məhsul istehsalının tam siklini təmin etmək mümkündür. Yalnız bu yolla yeni, ixracı əvəz edəcək yerli məhsullar təklif etmək və qiymətlərə təsir göstərmək olar.

Yerli istehsalı stimullaşdırmaq üçün parlament artıq Vergi Məcəlləsinə investorlar üçün güzəştləri nəzərdə tutan düzəlişlər edib; məsələn, Azərbaycanda sahibkarlara investisiya həvəsləndirməsi sənədi təqdim olunacaq. Bu sənədə əsasən, fərdi sahibkarın və hüquqi şəxsin gəlirinin 50%-i 7 il müddətində vergidən azad ediləcək. Sahibkarlar bu müddət ərzində əmlak və torpaq vergisindən də azaddır, idxal olunan texnoloji avadanlıq isə gömrük vergisindən və ƏDV-dən də azad olunacaq.

Qeyd edək ki, bu il yanvarın 1-dən Azərbaycana buğda və un gətirilməsi, çörək istehsalı və satışında 18 faizlik ƏDV bir il müddətinə ləğv olunub və bu, artıq çörəyin qiymətinin ucuzlaşmasına gətirib çıxarıb. 

 

Nəzarət və şəffaflıq

Qiymətlər demişkən. Bəzi məhsulların obyektiv səbəblərdən bahalaşması fonunda bir sıra daxili istehsalçıların öz məhsullarının qiymətini şübhəli şəkildə qaldırması hallarına rast gəlinir. "Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz, sadəcə olaraq, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun", - deyə prezident bildirib.

Nəzarətin güclənməsi yalnız ayrı-ayrı işbazların fəaliyyəti ilə kifayətlənməyəcək. Bütün ixrac-idxal əməliyyatlarının gömrük rəsmiləşdirilməsində tam şəffaflıq, monopolizmin ləğvi qiymət siyasətinə real təsir göstərə bilər. Dövlətin monopoliyasındakı şirkətlərin korporativ idarəçilik prinsipinə keçməsi tələb olunur. Bununla yanaşı, ictimai nəzarət mexanizmləri də işlənib-hazırlanmalıdır. 

Bəzi dövlət strukturlarında cinayətkar fəaliyyət hallarının üzə çıxması fonunda iqtisadi fəaliyyətin bütün istiqamətlərində dövlət vəsaitinin məqsədyönlü xərclənməsini ciddi yoxlamaq zərurəti yaranıb. Prezidentin haqlı olaraq qeyd etdiyi kimi, dövlət iki peykdən artıq gəlir götürməlidir, amma hələlik bu, baş vermir: "Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb. Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir".

Prinsipcə, onun sözlərinə görə, dövlət orqanlarının strukturu elə olmalı və imkan verməlidir ki, bu orqanlar operativ, çevik siyasət aparsınlar və bu siyasətin çox böyük səmərəsi olsun: "Ona görə bir-birini təkrarlayan, yaxud da ki, o qədər də lazım olmayan dövlət qurumları ya birləşdirilir, ya da ki, ləğv edilir", - deyə İ.Əliyev vurğulayıb.

 

Banklarn konsolidasiyası

Bununla yanaşı, yerli sahibkarlıq subyektlərinin inkişafı üçün maksimum komfort yaradılmalıdır. "Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməli və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulubdur, investisiyanın mənbəyi nədir", - deyə dövlət başçısı qeyd edib.

Bundan başqa, ölkədə azad biznesin inkişafının dəstəklənməsi çərçivəsində sahibkarlara güzəştli kreditlərin verilməsi yolu ilə maliyyə dəstəyi davam etdirilməlidir. Neft Fondunun timsalında dövlətlə yanaşı, sahibkarların dəstəklənməsi işinə özəl kommersiya bankları da qoşulmalıdır.

Ədalət naminə qeyd edək ki, ölkənin bank sektorunda vəziyyət, əlbəttə ki, ürəkaçan deyil. Hazırkı "böhran" dövründən yalnız güclülərin sağ çıxacağına isə artıq heç kəs şübhə etmir. Bu mənada daha məqsədəuyğun variant kimi, bankların konsolidasiyası, onların sayının azaldılması, həcm və imkanlarının isə artırılması təklif olunur. Beynəlxalq reytinq agentlikləri də məhz bu cür inkişafı məqsədəuyğun hesab edir. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, konsolidasiya prosesi Azərbaycanın 5-7 bankını əhatə edə bilər. Milli Məclis banklar üçün antiböhran tədbirləri çərçivəsində əhalinin banklarda saxlanılan əmanətlərinin sığortalanması ilə bağlı limiti ləğv edib, bank depozitlərinə gəlir vergisinin tətbiqini aradan qaldırıb.

Rüstəmov cəmiyyət üçün 21 dekabr devalvasiyasından sonra çox aktual olan dollar kreditlərinin qaytarılması məsələsində də güzəştlərin olacağını istisna etməyib. Onun sözlərinə görə, AMB 5 min dollaradək olan kreditlərin 1 dollar/1,05 manat məzənnəsinə uyğun qaytarılması məsələsini müzakirə etməyə hazırdır. E.Rüstəmov deyib ki, bu halda məzənnə fərqinin kompensasiya üçün 250 milyon manat tələb oluna bilər.

İlham Əliyev isə bankları dövlət dəstəyinin qarşılığında dövlətin maraqlarını təmin etməyə, vacib sahələrələ investisiya yatırmağa, kreditlər ayırmağa çağırıb. Biznesmenlərdən də eyni davranış gözlənilir; məsələn, İqtisadiyyat Nazirliyi 1,5 milyard manatlıq investisiya layihələri hazırlayıb və onlar reallaşdırılarsa, 1-2 ilə ölkənin sənaye və kənd təsərrüfatı sahəsində tələbatını tam təmin etmək mümkün olacaq.

Qeyd edək ki, Milli Məclis ölkədən kapitalın çıxarılmasının qarşısını almaq məqsədilə "Valyuta tənzimlənməsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə görə, Azərbaycandan birbaşa investisiya, qiymətli kağızlar, daşınmaz əmlak və torpaq alınması məqsədilə xaricə çıxarılan valyutanın 20%-i həcmində vergi tutulacaq; məsələn, hüquqi və ya fiziki şəxs ölkədən 50 min dollardan artıq vəsait çıxararsa, buna görə vergi ödəməli olacaq.

 

İqtisadi aktivliyin artımı 

İqtisdi aktivliyin artırılması çərçivəsində prezident biznesmenlərə nəhəng tikinti layihələrinin reallaşdırılması imkanının verilməsini təklif edir. "Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır", - deyə prezident qeyd edib.

Biznesmenlərə növbəti dəfə müraciət edən İlham Əliyev onları hüquqlarının pozulması və fəaliyyətlərinə müdaxilə faktları ilə bağlı şəxsən özünə məlumat verməyə çağırıb: "Mənə mütəmadi qaydada məlumat verilməlidir ki, hər rüb nə qədər tikinti layihəsi icra edilir, harada və bunun əmək bazarına olan təsiri nədən ibarətdir?!".

Artıq gəlir gətirməli olan daha bir sahə turizmdir. Ölkənin regionlarında lazımi infrastrukturun yaradılması üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb, hər il turizm imkanlarının təbliğinə milyonlar xərclənib. Turistlərin ölkəyə maneəsiz gəlişi üçün bütün şərait yaradılıb. İndi isə mövcud problemlərin obyektiv təhlili və bu sahənin sürətli inkişafı üçün tələb olunan kompleks tədbirlərin təcili reallaşdırılması vacibdir.

Nəqliyyat dəhlizlərinin effektiv fəaliyyəti də dövlət büdcəsinə əlavə gəlir gətirə bilər. "Bu gün biz tranzit potensialımızdan istənilən səviyyədə istifadə etmirik. Bu da nəyə görədir? Ona görə ki, nəqliyyat qurumlarının - Xəzər gəmiçiliyi, dəmir yolu, liman - hərəsi öz korporativ maraqlarını güdür, ortada isə Azərbaycanın maraqları zərər görür. Buna yol vermək olmaz. Burada da tam şəffaflıq olmalıdır. Gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq", - deyə prezident bildirib.

Beləliklə, xarici iqtisadi vəziyyətin ağırlaşması şəraitində hökumətin əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Əlavə etmək lazımdır ki, təxirəsalınmaz tədbirlər kimi, Prezident İlham Əliyev manatın dəyərini itirməsi nəticəsində ilkin tələbat mallarının bahalaşmasının əhalinin azgəlirli təbəqəsinə mümkün mənfi təsirinin neytrallaşdırılması zərurətini də qeyd edib. Bununla bağlı, artıq pensiyaların baza hissəsinin, sosial müavinətlərin və büdcədən maliyyələşən qurumlarda çalışanların əməkhaqqının 10% artırılmasına dair sərəncamlar imzalanıb. Bu, müəllimləri, həkimləri, alimləri, polis işçilərini və digərlərini əhatə edəcək. Dövlət başçısı bu cür tədbirlərin gələcəkdə də təkrarlana biləcəyini söyləyib. "Bizim imkanımız hələlik buna çatır. Bu, bizim güclü sosial siyasətimizin təzahürüdür", - deyə dövlət başçısı bildirib.

Beləliklə, bütün dünya, o cümlədən, Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər çətin il gözlənilsə də, qarşıya qoyulmuş vəzifələrin vaxtında və düzgün reallaşdırılması ilə iqtisadi şəraiti yaxşılaşdırmaq, ölkənin neftdən asılılığını real olaraq azaltmaq mümkündür. Necə deyərlər, ən sürətli və yaxşı inkişaf məhz çətin anlarda baş verir...



MƏSLƏHƏT GÖR:

485