5 May 2024

Bazar, 21:32

BÖHRANLI FUTBOL

Azərbaycan futbolçularının məvacibləri real səviyyəyə endirilib

Müəllif:

26.01.2016

Son dövrlər dünya futbolunda ciddi maliyyə böhranı yaranıb. Bütün dünyada olduğu kimi Azərbaycan futbolunda da böhran özünü ən sərt formada büruzə verir. Xarici klublardan fərqli olaraq, bizdə futbol klubları bir nəfərdən asılıdır. Bu isə vəziyyətin daha acınacaqlı vəziyyətə gəlib çıxmasına səbəb olub. Böhran səbəbindən biznesində problemlər yaranan iş adamları buna görə klublara ayırdıqları maliyyəni dayandırmağa və ya ümumiyyətlə, kəsməyə məcbur olub. Bunun nəticəsidir ki, hazırda Premyer Liqada çıxış edən əksər klublar maliyyə böhranı yaşayır.

Ölkə futbolunda yaranan vəziyyətə səbəb maliyyənin azalmasıyla yanaşı, həm də klublarda qeyri-peşəkarların çalışmasıdır. Ölkənin ən gözəl infrastrukturuna malik "Bakı" klubu hazırda premyer liqada deyil, birinci divizionda çıxış edir. Üstəlik, klubun legionerləri məvaciblərini almadığı üçün FİFA-ya şikayət ünvanlayıb. Zolaqlıların xarici futbolçulara 3 milyon dollardan artıq borcunun olduğu deyilir. Maliyyə sıxıntısında olan digər klub "Xəzər-Lənkəran"dır. Vaxtı ilə "Qafqazın "Çelsi"si adlandırılan "Xəzər" indi acınacaqlı durumdadır. FiFA-nın "Xəzər-Lənkəran"a sabiq futbolçularına olan borcunu ödəmək üçün verdiyi müddət başa çatıb. Klub isə FİFA-ya heç bir ödəniş etməyib. Cənub təmsilçisi nəzərdə tutulan məbləği ödəmək imkanına malik olmadığı üçün FİFA-dan veriləcək cəzanı gözləyir. Yaxın günlərdə FİFA-nın "Xəzər-Lənkəran"a hansı sanksiya tətbiq edəcəyi bəlli olacaq. Klubu üç sanksiya gözləyir. Komandanın 6 xalı silinə, yaxud da 2 illik avrokuboklardan uzaqlaşdırıla bilər. Həmçinin FİFA-nın "Xəzər-Lənkəran"a əlavə müddət verəcəyi gözlənilir ki, bu vaxt ərzində nəzərdə tutulan borclar ödənilməsə, klub I diviziona göndəriləcək. Qeyd edək ki, "Xəzər-Lənkəran"ın sabiq futbolçuları Qalin İvanov, Eder Bonfim və Renato Moreyraya, ümumilikdə, 800 min dollar borcu var. 

Sadalanan problemlər "Rəvan", "İnter" və "Neftçi"dən də yan keçməyib. Emil Mpenzaya görə cəzalandırılan "Neftçi" belçikalı futbolçuya 800 min avro ödəməlidir. "Rəvan"la "İnter"in borclarının ödənilməsinə ayrılan vaxt bir həftə sonra başa çatacaq. Əksər klubların cərimələri ödəyə bilməməsi gələcəkdə daha ciddi problemlərlə üzləşəcəyimizi göstərir. Çünki borcu ödəməyəcək klub fəaliyyətini dayandırmağa məhkumdur. 

Vəziyyətdən çıxmaq üçün klublar düzgün siyasət aparmalıdır. Futbolçu transfer edilərkən daha az məbləğə güclü legioneri gətirmək lazımdır. Karyerasının qürub çağını yaşayan əcnəbilərə milyonlar ödəməyə ehtiyac yoxdur. Klublara xarici şirkətləri dəvət etməklə müəyyən borcların ödənilməsinə nail olmaq mümkündür. Səhmlərin bir hissəsini xarici şirkətlərə satmaqla onları klubun idarəçiliyinə cəlb etmək yaxşı çıxış yolu ola bilər. Klublar eyni zamanda marketinq baxımından mühüm işlər görməlidir. Nəhayət, futbol formaları, atributikadan gəlir əldə etməyin vaxtıdır. Stadionlarda restoran və iaşə obyektləri açmaqla çoxlu sayda müştəridən hətta oyun olmayanda belə qazanc əldə etmək olar. 

Azərbaycan futbolunda pul qazanmaq mümkün deyil söyləmək işləmək istəməmək deməkdir. Gəlin, bir nümunəyə baxaq. "Qarabağ"la "Qəbələ" 2015-ci ildə böyük gəlir əldə etməyə nail oldu. Bunun yolu sadəcə olaraq düzgün strategiyanın seçilməsidir. Hər iki klub avrokubok matçlarında bilet satışından böyük gəlir əldə etdi. Üstəlik, Avroliqanın qrup mərhələsində mübarizə aparan klublarımızın hesabına UEFA tərəfindən, ümumilikdə, 5 milyon avroya yaxın pul köçürüldü. Avropa Liqasının üçüncü təsnifat mərhələsində İspaniyanın "Atletik" klubuna uduzan "İnter" 510 min avro gəlir əldə etdi. Deyilənlər yalnız avrokubok matçlarıyla bağlıdır. Amma futbol marketinqini yaxşı bilməklə daha çox pul qazanmaq mümkündür.

Digər önəmli hadisə Azərbaycanda yerli və xarici futbolçuların transfer qiymətinin aşağı düşməsidir. Əvvəllər hər ilinə 400-500 min dollar tələb edən futbolçularımız indi 50-60 minə böyük məmnuniyyətlə razılaşır. Əslində, isə onların indi aldıqları pullar real qiymətini göstərir. Ölkədə yaxşı yerli futbolçuların az olması qiymət artımının əsas səbəbidir. Üstəlik, legionerə limitin olması klublara yerli futbolçuları diqqətdə saxlamağa məcbur edir. Klub görür ki, ən yaxşı futbolçular rəqib komandadır, ona görə həmin heyətdəki futbolçuları daha böyük məbləğə özünə cəlb edir. Bununla da, süni qiymət artımı yaranır. Vaxtilə "Xəzər-Lənkəran"da ilinə 250 min manat qazanan millinin qapıçısı Kamran Ağayev sonradan daha böyük qiymətə "Bakı"ya keçdi. İndi isə həmin Ağayev oyun praktikasından əziyyət çəkməmək üçün "İnter"də ayına 5000 manatla kifayətlənir. 

Futbol meneceri Vaqif Heydərli "R+"a açıqlamasında yerli futbolçuların qiymətinin aşağı düşməkdə davam edəcəyini deyir: "İlk olaraq qeyd edək ki, qış transfer dönəmində bahalı futbolçuların Azərbaycana gələcəyi gözlənilmir. Ulduz transferlər olmayacaq. Eyni zamanda klublarımız artıq qənaətcil olmağa başlayır. Futbolçuların qiymətində ciddi şəkildə enmə var. Qiymətlərin enməsi hələ bir müddət davam edəcək. Əvvəllər 500 min tələb edən futbolçular indi 50 minə böyük sevinclə razılaşır. Əslində, real qiymətləri budur. Sadəcə, bəzi səbəblər ucbatından bir müddət şişirdilmiş qiymətlərlə transferlər oldu. Artıq futbolçuların geniş seçim imkanı olmayacaq. 2-3 il əvvəl istədiyi pulu ala bilməyəndə başqa kluba üz tuturdu. İndi isə verilən təkliflərlə razılaşmağa məcburdurlar. Digər tərəfdən bu onların inkişafı üçün stimul olmalıdır. Xaricə getmək istəmirlər, Vətəndə böyük pullar qazanmaqla kifayətlənirdilər. Bundan sonra belə olmayacaq, çünki böyük pullar xaricdə olacaq. Real olaraq 500-600 minə dəyən futbolçumuz yox səviyyəsindədir. 1-2 futbolçunu çıxmaq şərtiylə digərləri öz qiymətlərini qaldırmışdılar". 

Klublar bundan sonra bütün yeni müqavilələrdə ödənişlərin manatla olacağını qeyd etməlidir. Əks halda problemləri artacaq. Sözsüz ki, legionerlər milli valyutayla məvacib almaq istəməyəcək. O zaman manatın dollara nisbətdə ucuzlaşmasını nəzərə alaraq milli valyutanın dollara nisbəti göstərilməlidir. Qeyd edək ki, ölkə klublarında əcnəbi məşqçi və futbolçular məvacibləri dollarla alır. Bu səbəbdən, devalvasiyadan sonra klublarla legionerlər arasında böyük anlaşılmazlıq yarandı. Nəticədə, əksər klublar bəzi legionerlərlə yollarını ayırdı, bəziləriylə isə yeni müqavilə imzaladı. 

Sadalanan məqamlar Azərbaycan premyer liqasının səviyyəsinin aşağı düşməsinə səbəb olub. Hazırda çempionatda avrokuboklara vəsiqə uğrunda cəmi 4 klub mübarizə aparır. "Xəzər-Lənkəran"la "Rəvan"ın, ümumiyyətlə, mövsümü başa vuracağı sual altındadır. Hazırkı dönəmdə premyer liqada ortabab çıxış etmək üçün 3-4 milyon manat büdcənin olması kifayət edir. Avrokuboklara hazırlaşan və daha böyük hədəflər uğrunda mübarizə aparan klubun büdcəsi isə daha böyük olmalıdır. 

Futbolçulara ən gözəl məsləhət daha çox məşq etmələridir. Yerli transfer bazarında qiymətlər aşağı düşsə belə siz xarici klublara keçməyə çalışın. Özünüzü Avropa meydanlarında göstərin o zaman Vətəndə daha çox seviləcəksiniz.



MƏSLƏHƏT GÖR:

440