18 May 2024

Şənbə, 14:14

ƏN DRAMATİK ROL

Nuriyyə Əhmədovanın sənət irsi onun barədə xatirələri əbədi qoruyacaq

Müəllif:

26.01.2016

"Bu dünya səhnə, insanlar isə aktyorlardır", - deyirlər. Əgər belədirsə, onun qismətinə ən faciəli rollardan biri düşdü. Həyatdan fərqli olaraq, səhnədə, kinoda komik rollar oynayır, tamaşaçılarını güldürürdü. O, kimsəyə, hətta ən mükəmməl teatrşünaslara, kinoşünaslara zərrə qədər şübhə yeri qoymayacaq qədər istedadlıydı... 

1950-ci ilin 26 dekabrında Bakıda dünyaya gəlmişdi Nuriyyə Əhmədova. Atası hərbçi, anası evdar qadınıydı. Atasına çəkmişdi. Onun kimi gözəl səsi var idi. Müğənni olmaq istəyirdi. Səhnəyə çıxmaq, tamaşaçılar qarşısında çıxış etmək arzusuyla böyüyürdü. 

Orta məktəbi bitirib sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna verdi. Həmin il tələbə adını qazana bilmədi. Ancaq tezliklə xoş, məlahətli səsinin sayəsində incəsənət aləminin qapıları üzünə açıldı. 1968-ci il idi. Bir gün bağ qonşuları Tofiq Bakıxanov ona: "Səsin var, gəl, səni Musiqili Komediya Teatrında işə götürək", - dedi. Sınaq üçün kiçik bir rol da verdilər. Oynadı. Bəyəndilər. İşə qəbul olundu.

Sanki birdən-birə həyatında möcüzə baş vermişdi. Musiqili Komediya Teatrına hər gün işə getmək, orada tanınmış sənətkarları görmək gənc qızı çox sevindirirdi. Nəhayət, bir gün aktrisa kimi də səhnəyə çıxdı. Musiqili Komediya Teatrında "Məmmədəli kurorta gedir", "Toy kimindir" və başqa tamaşalarda oynadı.

1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil oldu. Adil İsgəndərovun kursunda təhsil almağa başladı. Evdə hələ heç kim bilmirdi. Sonralar anası öyrəndi. Ailəsi onun aktrisa olmasını istəmirdi. Ən çox da anası etiraz edirdi. Aktrisa olduğu üçün qohumlarının da çoxu ondan üz döndərdi. Ancaq heç kim gənc qızı fikrindən daşındıra bilmədi. 

Nuriyyə Əhmədova həm oxuyur, həm də işləyirdi. Evləri Bakı kəndindəydi. Tamaşalara, instituta gecikməmək üçün şəhərdə kirayədə qalırdı. 1974-cü ildə institutu bitirdi. Ailə qurdu. Həyat yoldaşı Xanlar İbadovla üç il əvvəl Musiqili Komediya Teatrında tanış olmuşdu. O vaxtlar hələ sevmək, evlənmək arzularını özündən uzaq tuturdu. Yalnız ali təhsil almaq, işləmək fikrindəydi. Teatrda bu gənc, bir az oğlansayağı qızdan çoxları çəkinirdi. Ancaq ürəklənib eşq elan edənlər də az deyildi. Nuriyyə Əhmədova özü də fərqinə varmadan Xanlar İbadovu seçdi. Bəlkə, ona görə ki, bənzərlikləri çox idi. İkisi də Bakı kəndlərində doğulub böyümüşdü. Musiqili Komediya Teatrı hər ikisinin ilk iş yeriydi. Xanlar İbadov Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib gələndə Nuriyyə Əhmədova artıq Musiqili Komediya Teatrının işçisiydi.

Xanlar İbadov vokalist idi. İki ay sonra Musiqili Komediya Teatrını tərk edib Azərbaycan Dövlət Filarmoniyasına işləməyə getdi. Amma teatrda görüb sevdiyi Nuriyyə Əhmədovanı unutmadı. 1970-ci ilin dekabrında tale onları yenidən qarşılaşdırdı. Soyuq, qarlı, qaranlıq bir qış gecəsiydi. Yollar buz bağlamışdı. Nuriyyə Əhmədova tamaşadan çıxıb evə gedirdi. Xanlar İbadovla qarşılaşdı. Oğlan onu evə yola saldı. Bundan sonra tez-tez görüşdülər. İki il sonra Xanlar İbadov elçilərini Nuriyyə xanımgilə göndərdi. Nişanlandılar. 1975-ci ildə toyları oldu. 1976-ci ildə qızları İlahə, bir il sonra isə oğlanları Əli dünyaya gəldi.

Çətinliklər çox olsa da, xoşbəxt idilər. İkisi də sənət adamıydı. Xanlar İbadov Filarmoniyada çalışırdı, tez-tez qastrollara gedirdi. Nuriyyə Əhmədova isə uşaqlarına görə bir neçə il işləmədi. 

Sanki birdən-birə xoşbəxtlik onları tərk edib getdi. Həyat yoldaşı iki dəfə qarın nahiyəsindən əməliyyat olundu, yeddi il oxumadı. Həkimlər icazə vermirdilər. Nuriyyə Əhmədova işləyirdi. Öz evləri yox idi. Amma o vaxtlar kirayədə də qalmırdılar. Ailə qurduqları gündən Xanlar İbadovun analığının evində yaşayırdılar.

Nuriyyə Əhmədova Musiqili Komediya Teatrında, sonra bir müddət də Tədris Teatrında işlədi. Televiziyada əyləncəli verilişlərdə, səhnəciklərdə çıxış etdi. 1982-ci ildə "Mozalan" kinojurnalında sujetlərə çəkildi. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasının aparıcı aktrisası kimi işə götürüldü. Kinostudiyanın tərkibindəki teatra da qəbul olundu. Leyla Bədirbəylinin bədii rəhbəri olduğu həmin teatrda "Qanlı toy" və "Laçın yuvası" tamaşalarında rollar oynadı. 

Artıq dublyajlarda iştirak edir, filmlərdə çəkilirdi. Tanınırdı. Rejissorlar onu yeni filmlərə dəvət edirdilər. Bir gün Şahmar Ələkbərov ona rejissoru olduğu "Sahilsiz gecə" filmində rol təklif edəndə təəccübləndi. O vaxtadək daha çox utancaq qadın rollarını ifa etmişdi. "Sahilsiz gecə"də isə Azərbaycan qadınını da yoldan çıxaran Roza adlı əxlaqsız erməni qadını rolunda çəkilməliydi. Çox düşündü. Ssenarini dönə-dönə oxudu. Bu kino əsəri müharibənin gətirdiyi bəlalardan, Roza kimi əxlaqsızların belə bir şəraitdə fəallaşmasından bəhs edirdi. Aktrisa qərara gəldi ki, filmdə çəkilsin. 

Film böyük müzakirələrə, mübahisələrə səbəb oldu. Nuriyyə Əhmədova danışırdı: "Ağır vaxtlar idi. Moskva da milləti qıcıqlandırmaq üçün bilərəkdən o kinonu efirdə tez-tez nümayiş etdirirdi. Azərbaycanda "Sahilsiz gecə"yə görə bizi tənqid, hətta təhqir edirdilər. Şahmar bizə görə çox narahatıydı. Bir dəfə mənə zəng edib dedi ki, evdən çıxmamısansa, kinostudiyaya gəlmə. Qaçqınlar Kinostudiyanın qabağına yığışmışdılar. Ancaq getdim, axşam evə qayıdanda bir nəfər yaxınlaşdı mənə bir sillə vurdu, ağzım, burnum qanadı". 

Bu film ona narahatlıq gətirsə də, Nuriyyə Əhmədova oynadığı heç bir rola görə peşman olmadığını deyirdi. Çünki onun səhnədə, filmdə canlandırdığı obrazların heç biri real həyatdan uzaq deyildilər. Ona görə tamaşaçıların marağına səbəb olurdu. Nuriyyə Əhmədova kinonu çox sevirdi. Bu sənətin çətinliklərinə sevə-sevə qatlaşırdı. Azərbaycan kino sənətinin ən istedadlı aktrisalarından biri olan Nuriyyə Əhmədova "Həm ziyarət, həm ticarət", "Bəxt üzüyü", "Sahilsiz gecə", "Bağ mövsümü", "Bəyin oğurlanması", "Evlənmək istəyirəm", "Fransız", "Hər şey yaxşılığa doğru", "Kişi sözü", "Yuxu", "Zirzəmi", "Yoxlama" və başqa filmlərdə fərqli xarakterli rollar yaratdı. 

Sənət yolunda zirvəyə doğru gedirdi. Həyatındakı problemlər isə bitmək bilmirdi. Xanların analığının evi mübahisəliydi. Məhkəməyə düşmüşdülər. Tanınmış, ad-san qazanmış aktrisa özünə ev ala bilmirdi...

Sonralar həmin məişət qayğılarıyla, problemlərlə dolu günlərini də həsrətlə anacağını xəyalına belə gətirməzdi. Çünki o vaxtlar övladlarıyla üzü gülürdü. Qızı İlahə bir gün sevdiyini ona söylədi. Oğlan tələbəydi. Qız da oxuyurdu. Əvvəlcə onların evlənməsinə etiraz etdilər. Ancaq oğlan əl çəkmədi. Gənclərə xeyir-dua verməli oldular. 

1996-cı ildə nəvəsi Faiq dünyaya gəldi. İlahə uşağın 40-ı tamam olanadək anasıgildə qalmalıydı. Körpə 20 günlük olanda həyat yoldaşı İlahəni qətlə yetirdi. Hadisə Nuriyyə Əhmədovanın gözlərinin qarşısında baş verdi. 20 yaşlı qızı onun qucağında can verdi. 

Məhkəmə prosesində onlara dedilər ki, oğlan əvvəldən psixi xəstəymiş. Anası müalicə etdirirmiş. O, vəfat edəndən sonra nəzarətsiz qalıb. Atası müalicəsini davam etdirməyib. Psixi vəziyyəti getdikcə ağırlaşan həyat yoldaşı İlahəni öz övladına qısqanıb, onu qətlə yetirib. Yenə cinayətlər törətməsin deyə onu həbs etdilər.

Dünyanın ən ağır dərdiylə baş-başa qaldı Nuriyyə Əhmədova. Övladını itirmişdi. Bu boyda müsibət az imiş kimi dərdbilməzlər qızın arxasınca ağızlarına gələni danışırdı. Deyirdilər, yəqin, nə isə olub ki, Nuriyyə Əhmədovanın qızını həyat yoldaşı öldürüb. 

İlahənin qətlindən sonra Nuriyyə Əhmədova üç gün danışmadı. Sarsılmışdı. Havalı kimi gəzib dolanırdı. Sonralar qızının ruhu ilə danışırdı. Hamıya izah etməyə çalışırdı ki, gördükləri yuxu deyil. Huşunu itirib yıxılanda qızı ona kömək edir, yerdən qaldırıb divana uzandırır. Kimə söyləyirdisə, ona şübhəylə baxırdı. Səsi batmışdı. Nə qədər çalışırdısa, qışqıra da bilmirdi. Bir gün İlahənin yadigarını xatırladı. Gedib uşağı ata tərəfdən alıb gətirdi. Sənədlərini düzəltdilər. Qızının övladı Nuriyyə Əhmədova üçün təsəlli olmadı. Onun üçün yaşamağı özünə borc bildi. Ancaq bu borcu yerinə yetirmək üçün özündə güc tapmalıydı. O ağır günlərində tutacaq, başını qarışdıracaq nə isə olmalıydı. İllərini verdiyi sənəti dar günlərində harayına gəldi. Həmin vaxt rejissor Vaqif Mustafayevin "Yerlə göy arasında" filminə çəkilirdi. Rejissor dedi ki, filmə çəkilsin, başı sənətinə qarışsın, yoxsa yaşaya bilməz. Vaqif Mustafayev haqlı çıxdı. Nuriyyə Əhmədova sonralar özü də danışırdı ki, o vaxtlar kinoya çəkilməsəydim, bəlkə, heç uşaq da məni yaşada bilməzdi.

Qızından sonra onsuz da yorulduğu, mübahisəli, məhkəməli evdə yaşamaqdan imtina etdi. O ev Nuriyyə Əhmədovanın ən böyük faciəsinə, övladının qətlinə şahidiydi. Kirayə ev tutdular. Köçüb orda yaşamağa başladılar.

2007-ci ildə "Xalq artisti" fəxri adına layiq görüldü. 2004-cü ildən Prezident təqaüdçüsüydü. Yenə kirayə evlərdə yaşayırdı. "Xalq artistlərinin hamısına ev verilib, mən kirayələrdə qalmışam", - deyirdi. Artıq yeganə oğlu ailə qurmuşdu. Nuriyyə Əhmədova nəvəsi Faiqlə birlikdə yaşayırdı. Həyat yoldaşı qohumlarıgildə qalırdı. Onların ayrıldıqları barədə söz-söhbətlər dolaşırdı. 

2014-cü ildə uzun sürən xərçəng xəstəliyi 37 yaşlı oğlu Əlini də ondan aldı. Övladlarının cavan yaşlarında dünyadan köçməsində özünü günahkar bilirdi Nuriyyə Əhmədova. Anasının xeyir-duasını almadan bu sənəti seçmişdi. Aktrisa olduğuna görə anası onu son nəfəsinədək bağışlamadı. Nuriyyə xanım deyirdi: "Məni anamın qarğışı tutdu. Bu sənətin xeyrini görmədim. Qonorarım yaxşı olurdu, ancaq haradan gəlib, hara gedirdi, bilmirdim. Balalarımı zülmlə saxladım, onların da xeyrini görmədim".

Sanki, uğur onu birdəfəlik tərk edib getmişdi. 2014-cü ilin 4 aprelində sərnişin avtobusundan düşəndə yıxıldı. Ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildi. Yataq xəstəsi oldu. Bir tərəfdən də məişət qayğılarından bezmişdi. Gah rəfiqələrinin evində, gah da kirayələrdə qalmaqdan yorulmuşdu. Xalq artisti birotaqlı belə olsa, öz evinin olmasını, öz evində vəfat etməyi arzulayırdı. Ancaq bu istəyinə də çatmadı. 2015-ci ilin 10 oktyabrında 65 yaşlı aktrisa kəskin ürək tutmasından xəstəxanada vəfat etdi. Kirayə qaldığı evdən son mənzilə yola salındı. Mərdəkanda oğlunun yanında dəfn edildi.

Əslində: "Həyatdan doymuşam" desə də, yenə də yaşamağa özündə güc tapmağa çalışırdı. Çünki onu bu dünyaya bağlayan nəvəsi var idi. Faiqi beləcə, taleyin ümidinə buraxıb getmək də Nuriyyə Əhmədova üçün bir ayrı dərd idi.

O, həyatın hər üzünü tanıdı. Ən yaxın adamlarının etibarsızlığını da, sonuna qədər vəfalı qalan dostlarının qayğısını da gördü. Bir də sevdiyi, ürəyini, ömrünün, az qala yarısını verdiyi sənəti ona heç zaman dönük çıxmadı. Yeri gələndə təsəllisi, yeri gələndə dərd ortağı oldu. Ölümündən sonra da bu sənət Nuriyyə Əhmədovanın xatirələr ünvanına çevrildi.



MƏSLƏHƏT GÖR:

491