5 May 2024

Bazar, 04:34

DONUZ KİMİ ARTAN VİRUS

"Donuz qripi" nədir və Azərbaycanda belə epidemiya təhlükəsi varmı?

Müəllif:

26.01.2016

Azərbaycanla həmsərhəd olan ərazilərdə "donuz qripi"nin yayılması ilə bağlı məlumat Bakıda növbəti həyəcana səbəb olub.

2016-cı ilin qışında Avropa və Rusiyada dolaşmaqda olan qrip virusunun, təxminən, 80%-i "donuz qripi"dir. Məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

"A tipli qrip viruslarının 80%-ə yaxını A(H1N1) virusunun payına düşür. Səhiyyə işçiləri gənc, ümumilikdə sağlam insanlarda "ağır qrip" diaqnozu ehtimalına xüsusi diqqətlə yanaşmalı, onlara lazımi yardımı göstərməlidirlər", - deyə TASS-ın məlumatına görə, ÜST-nin açıqlamasında bildirilir.

ÜST tərəfindən aparılmış monitorinqin nəticələrinə görə, artıq Ermənistan, İsrail, Türkiyə, Ukrayna və Rusiyada "donuz qripi"nə yoluxma və ondan dünyasını dəyişmə faktları qeydə alınıb.

KİV-in məlumatına görə, qonşu Gürcüstanda bu virus 3 nəfərin ölümünə səbəb olub.

Rusiyada artıq "donuz qripi" epidemiyası başlayıb. Bunu Rusiya Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Qrip İnstitutu bildirir. Yalnız Peterburqda son günlərdə 15 nəfər bu virusdan dünyasını dəyişib. Onların arasında hamilə qadın da var. Daha 11 ölüm faktı Volqoqradda, 3 fakt Belqorodda, 2 fakt Moskvada qeydə alınıb. Hazırda Çelyabinsk vilayətində, Adıgeydə və Yakutskda fövqəladə vəziyyət elan olunub. Bundan başqa, Kamçatkada kütləvi şəkildə "donuz qripi"nə tutulma halları qeydə alınıb. Yanvarın 22-nə olan məlumata görə, orada 20 nəfərə bu diaqnoz qoyulub. Rusiyanın səhiyyə işçilərinin proqnozuna görə, qripin tüğyan etməsində pik hələ qarşıdadır.

Ermənistana gəlincə, yanvarın 18-nə olan məlumata görə, bu ölkədə 16 nəfər H1N1 virusundan dünyasını dəyişib.

Təbii ki, Azərbaycan vətəndaşları və səhiyyə nümayəndələri bu faktlara biganə qala bilməzlər.

 

Xüsusi rejimdə

Bununla əlaqədar olaraq, hələ ötən ilin dekabrında Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev sərəncam imzalayıb. Məqsəd ölkədə "donuz qripi"nin yayılmasının qarşısını almaq üçün önləyici və profilaktik tədbirlərin görülməsidir. Sənəddə səhiyyə təşkilatları və strukturlarının bütün işçilərinin lazımi informasiya ilə təmin edilməsi tövsiyə olunur. Bundan başqa, xəstəxanalarda və stasionarlarda bu virusa yoluxmaqda şübhəli bilinən şəxslər üçün xüsusi palatalar ayrılıb. Bu, xüsusilə risk qrupuna daxil olan pasiyentlərə, yəni uşaqlara və yaşlılara aiddir. Zərurət yaranacağı təqdirdə, tibb ocaqlarında xüsusi məhdudlaşdırıcı rejimə keçilməsi, dezinfeksiya işlərinin gücləndirilməsi, bütün tibbi personalın fərdi müdafiə vasitələrilə təmini də nəzərdə tutulub. Bundan başqa, sərəncamda xüsusi olaraq vurğulanır ki, bütün gigiyena və epidemiologiya mərkəzləri kəskin respirator infeksiya ilə qəbul olunmuş pasiyentlər haqda məlumatlandırılmalı, onların analiz və nümunələri dərhal Respublika Taun Əleyhinə Stansiyaya göndərilməlidir. Virusun tüğyan etdiyi ölkələrdən sərhədi keçən "şübhəli" şəxslərə nəzarətin gücləndirilməsi də nəzərdə tutulub.

Sərəncamın son bəndində aparılmış laborator yoxlamaların, analizlərin nəticələrilə bağlı həftəlik hesabatların hazırlanması ilə bağlı göstəriş də yer alıb.

 

Yoluxma halı yoxdur

Əlbəttə ki, yaşananlar ictimaiyyətdə təşvişə səbəb olub. Bundan xüsusilə yaşlı insanlar, hələ immuniteti formalaşmamış körpə uşaqları olan valideynlər narahatdır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın sözlərinə görə, qonşu ölkələrdə "donuz qripi"nin yayılmasına, hətta bir sıra hallarda virusun ölümə səbəb olmasına baxmayaraq, Azərbaycanda, hələ ki, qorxulu heç nə yoxdur. Bu günədək ölkədə sözügedən virusa yoluxma halı qeydə alınmayıb, bununla yanaşı, bütün lazımi ehtiyat tədbirləri görülüb. "Yüzədək insan özündə qripin simptomlarını hiss etdiyi üçün Respublika Taun Əleyhinə Stansiyaya müraciət etsə də, xoşbəxtlikdən onlardan dərhal götürülmüş nümunə və analizlər söhbətin sadəcə mövsümi qrip virusundan getdiyini göstərib", - deyə L. Bayramova qeyd edib. Bununla yanaşı, hər ehtimala qarşı, bütün istiqamətlərdə ehtiyat tədbirləri görülüb, yalnız sərhəddə deyil, tədris ocaqlarında da nəzarət həyata keçirilir. Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, orta məktəblərdə və ya uşaq bağçalarında "donuz qripi"nə yoluxmaqda şübhəli bilinən uşaq aşkarlanarsa, dərhal bütünlükdə ərazidə lazımi önləyici işlər görüləcək. L. Bayramova bildirib ki, hazırda əhali arasında daim məlumatlandırma aparılır, xüsusi yaddaş kitabçaları çap olunur. Orada virusa yoluxma halında insanın özünü necə aparmalı olduğu, həyata keçirilməsi vacib ehtiyat tədbirləri haqda məlumatlar yer alıb.

Ölkənin 3 iri xəstəxanasında - Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Klinik Xəstəxana və 7 saylı Uşaq İnfeksion Xəstəxanasında potensial xəstələr üçün xüsusi bokslar yaradılıb. Ölkənin dəmir yolu vağzalında da ehtiyat tədbirləri gücləndirilib: xidmətlər tibbi vasitələrlə təmin olunub, virusa yoluxmaqda şübhəli bilinən şəxslərin müvəqqəti saxlanılması üçün palatalarda lazımi şərait qurulub.

 

Hər kəs üçün yaddaş kitabçası

Tibb elmləri doktoru, professor Adil Qeybulla "donuz qripi"ni adi qripdən fərqləndirən simptomları sadalayıb: yüksək hərarət, əzələ, bel ağrıları, ürəkbulanma, qusma, yuxarı tənəffüs yollarının katarı əlamətləri. Həkimin sözlərinə görə, bu halda vaxtında lazımi tədbirlər görülməzsə, virus tez bir zamanda orqanizmin hüceyrələrini dağıdır, bu isə ölümə səbəb olur.

Professor bildirir ki, insanlar kütlənin çox olduğu yerlərdə uzun müddət qalmamalıdırlar. Çünki qapalı məkanda virusun yayılma riski daha çoxdur. Bundan başqa, hərarəti olan xəstələr kollektivdən ayrılmalı, həkim nəzarəti altında yataq rejiminə keçməlidir. A.Qeybullanın sözlərinə görə, "donuz qripi"nə tutulmuş şəxsin sağalması mümkündür. Lakin bunun üçün güclü immun sistemi olmalıdır. İmmun sistemi zəif olanlar, şəkərli diabetdən əziyyət çəkənlər, ağciyər-bronx xəstəliyi olanlar "donuz qripi"ni daha ağır keçirirlər. O, diaqnozun gecikməsinin də prosesi ağırlaşdırdığını deyir.

Azərbaycan Səhiyyə Nazirliyinin hazırladığı yaddaş kitabçasında "donuz qripi" virusu ilə bağlı şübhələrin yarandığı halda görülməli olan ehtiyat tədbirləri göstərilib. Məsələn, profilaktika üçün öskürən, asqıran insanlarla təmasdan qaçmaq, əllərini tez-tez yumaq, sağlam həyat tərzi keçirmək, havaya daha tez-tez çıxmaq, lazımi qədər yatmaq məsləhət görülür. Əgər xəstə ailənizin üzvüdürsə, onu digər ailə üzvlərindən uzaq tutmaq lazımdır - ən azı 1 metr. Onlarla təmas zamanı tənzif sarğıdan istifadə edilməli, otaq tez-tez havalandırılmalı, hər təmasdan sonra əllər və xəstənin gündəlik istifadə etdiyi bütün əşyalar yaxşı yuyulmalıdır.

Yaddaş kitabçasında bildirilir ki, əgər xəstəliyin simptomlarını özünüzdə hiss etmisinizsə, insanlarla təmasdan qaçın, evdən çıxmayın, mümkün qədər çox maye qəbul edin, birdəfəlik tənzif sarğılardan istifadə edin, ən başlıcası isə dərhal həkimə üz tutun. 

 

Virusun bir növü

Bütün bunlarla yanaşı, həkimlərin sözügedən xəstəliklə bağlı fikirləri heç də birmənalı deyil. Məsələn, hepatoloq həkim, terapevt Zaur Orucov deyir: "Ümumiyyətlə, "donuz qripi" deyilən xəstəlik yoxdur. H1N1 və ya H3N2 (bu mövsum), həmçinin KİV-in "donuz qripi" adlandırdığı bir sıra digər qriplər var. Qrip və onun profilaktikası haqda bilməli olduğunuz yeganə şey peyvənddir. Söhbət hansısa xüsusi "donuz qripi"nə qarşı yox, adi, mövsümi qripə qarşı peyvənddən gedir".

Həkimin sözlərinə görə, bu virusdan ölmək riski istənilən digər virusun ağırlaşacağı təqdirdə, yaratdığı riskə bərabərdir. O, hesab edir ki, təşvişin yaranmasına səbəb KİV-in vəziyyətə reaksiyasıdır. Səhiyyə Nazirliyi isə öz növbəsində təşvişi aradan qaldırmaq üçün önləyici tədbirlər görmək məcburiyyətində qalır. "Əslində, hər bir yeni qrip ştammı "xüsusi" sayılmalıdır. Çünki o, özündən əvvəlki virusun "mutantı"dır. Ondan ölmək riski isə istənilən digər qripin ağırlaşma verdiyi halda yaratdığı risk qədərdir. Mən özüm hər il qripə qarşı peyvənd vurdururam və bunu hər kəsə məsləhət görürəm", - deyə həkim qeyd edib.

Zaur Orucovun sözlərinə görə, peyvənd qripin bütün növlərinin qarşısını almaya da bilər. Lakin peyvənd olunmuş pasiyentlərdən bəziləri bundan sonra qripə yoluxsalar belə, onu çox yüngül keçirirlər. Adətən, virusun bir növü təhlil olunur, hansı ki, bu il daha çox yayılma ehtimalı var. Beləliklə, peyvəndləmə ildən-ilə insanları yalnız yeni ştammlardan deyil, həm də köhnələrindən qoruyur.

Xatırladaq ki, "donuz qripi"nin ən ağır forması sayılan H1N1 2009-cu ildə üzə çıxmışdı. O zaman virusa qarşı peyvəndi, demək olar ki, dərhal tapmışdılar. Son illərdə könüllü şəkildə peyvənd vurdurma halları vəziyyətin epidemiya həddinə çatmasının qarşısını alır, qrip mərhələlərlə inkişaf edir və həkimlərin sözlərinə görə, fasilədən sonra o, hücumunu daha da gücləndirir. Azərbaycanda virusa qarşı peyvənd vurdurmaq, hələ ki, gec deyil. Çünki hələlik ölkədə bu virusa yoluxma halları yoxdur.


MƏSLƏHƏT GÖR:

456