6 May 2024

Bazar ertəsi, 07:46

QƏRBƏ SURİYA DƏHLİZİ

Türkiyə Suriya kartının köməyilə NATO-da və Aİ ilə danışıqlardakı mövqeyini gücləndirir

Müəllif:

26.01.2016

Suriya beynəlxalq "ərəb baharı" epopeyasının son həddidir. 2010-cu ildə Yaxın Şərqdə başlamış proseslər o zaman çoxlarına "xalq üsyanı" təsiri bağışlayırdı. Proses domino effekti ilə Tunis, Misir və Liviyada hakim rejimlərin devrilməsilə nəticələnmişdi. Suriya isə dünyəvi hakimiyyətin son dayağı olaraq, regional və qlobal iştirakçıların maraqlarının savaş meydanına çevrildi. 2011-ci ildə Deraada başlayan hadisələr tezliklə vətəndaş müharibəsinə çevrildi. Əvvəlcə Qərb dövlətləri və Türkiyə Suriyada baş verənlərin qısa müddətdə onlar üçün optimal sonluqla bitəcəyini düşünürdü. Hesab edilirdi ki, Suriyada da proseslər "ərəb baharı"nın baş verdiyi digər ölkələrdəki sonluqla bitəcək. Lakin artıq həmin andan 5 ildən çox vaxt keçir və Suriya münaqişəsi hələ də həll olunmamış qalır. O, hələ də dünya siyasətində əsas gündəmi təşkil edir. Bütün bunlar Yaxın Şərqdəki "böyük oyun"un iştirakçılarının planlarını qarışdırıb və hələlik tunelin sonunda işıq görünmür.

Regionun ən iddialı ölkələrindən olan Türkiyə "ərəb baharı"nın lap əvvəlindən Qərb fövqəldövlətləri, xüsusilə ABŞ-la həmrəylik nümayiş etdirir, inqilabların yaşandığı ölkələrdə hakimiyyətin dəyişməli olduğunu bildirirdi. 2002-2010-cu illərdə Ankara ilə Dəməşq arasında dostluq, qardaşlıq münasibətləri olsa da, Suriyada münaqişənin başlamasından sonra iki ölkənin rəhbərliyi bir-birinə qarşı düşmən mövqeyi nümayiş etdirməyə başladı. Türkiyə ilə Suriya arasında uzunluğu 877 kilometr olan ümumi quru sərhədi, tarixi, etnik və dini amillər Türkiyəni Suriya məsələsində bilavasitə iştirak etmək məcburiyyətilə üz-üzə qoyurdu. Mütəxəssislər bu məsələ ilə bağlı fərqli mövqelərə malikdirlər. Bəziləri vətəndaş müharibəsini Türkiyənin xarici siyasəti üçün ciddi problem mənbəyi sayırsa, digərləri münaqişənin rəsmi Ankaraya regiondakı mövqelərini gücləndirmək imkanı yaratdığını düşünür.

Suriya müxalifəti Bəşər Əsəd rejimini sındıra bilmir. Bundan başqa, müxalifətin özü hərəkətlərini koordinasiya etmək iqtidarında deyil, üstəlik, zaman-zaman onların öz aralarında savaş yaşanır. Bu, ölkədə vəziyyəti daha da acınacaqlı hala gətirir. Beynəlxalq mənada Suriya hər kəsin hər kəsə qarşı vuruşduğu qlobal müharibə meydanına çevrilib. Orada savaşın hər bir iştirakçısının öz strategiyası var. Türkiyə üçün də bu, beynəlxalq strukturlarla qarşılıqlı münasibətlərdə bir keyfiyyət göstəricisinə çevrilib.

 

Təhlükəsizlik perspektivləri və NATO-nun parametrləri 

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hərbi dünya düzənindən sonrakı mərhələdə ən vacib təhlükəsizlik birliyi olaraq, Avropa qitəsinin sovetlərin hücumundan qorunması üçün yaradılıb. İkinci Dünya müharibəsi dövründə Türkiyə həm coğrafi mövqeyi, həm də xarici siyasəti üzündən ciddi risklərlə qarşı-qarşıya idi. Xarici siyasətin reallıqları Türkiyəni 1952-ci ildə NATO-ya qoşulmağa məcbur etdi. "Soyuq müharibə" illərində isə o, alyansın kifayət qədər nüfuzlu üzvlərindən birinə çevrildi. Lakin 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə Şərq blokunun əhəmiyyətini itirməsi Türkiyənin NATO üçün önəmini xeyli azaltdı. O mərhələdə NATO missiyasının da dəyişikliyə ehtiyacı var idi. Çünki artıq kommunist təhlükəsi gündəmdə deyildi. Nəticədə, təhlükəsizlik konsepsiyasını dəyişən Şimali Atlantika Alyansı fəaliyyətini yeni geosiyasi reallıqlara uyğun qurdu. Bu, həm də SSRİ-nin dağılmasından sonra beynəlxalq siyasətdə yaranmış vakuum fonunda əmələ gəlmiş yeni münaqişələrlə bağlı idi.

Bu gün Yaxın Şərqdə baş verənlər Türkiyənin rolunu və əhəmiyyətini yenidən artırır. Regional və qlobal oyunçuların Suriyadakı vətəndaş müharibəsinə cəlb olunması, bu müharibənin istər region ölkələri, istərsə də Avropa dövlətlərinə yaratdığı təhlükə bütün dünyanı təhlükəsizlik məsələsini ön plana çıxarmağa vadar edir.

Əsəd hökumətini açıq şəkildə dəstəkləyən Rusiya ilə Suriya müxalifətinin tərəfində olan Türkiyə arasında münaqişə 2015-ci il noyabrın 24-də özünün pik nöqtəsinə çatıb. Məhz həmin gün Türkiyə Hərbi Hava Qüvvələri silaha əl atmaq hüququndan yararlanaraq, Suriya-Türkiyə sərhədində Türkiyənin hava məkanına daxil olmuş rus təyyarəsini vurub. Artıq qeyd edildiyi kimi, bu hadisə iki ölkə arasında ciddi fikir ayrılığına səbəb olub və onlar bir-birlərinə qarşı müxtəlif iqtisadi və siyasi sanksiyalara əl atmağa başlayıblar. Türkiyə bütün bunlardan, o cümlədən Rusiya təyyarəsilə bağlı böhran və Suriyada yaşananlardan maksimum istifadə etməklə, NATO daxilindəki gücünü və nüfuzunu artırmağa çalışır. Rəsmi Ankara Şimali Atlantika Alyansının önəmindən istifadə etməklə, regionda öz mövqelərini gücləndirməyə səy göstərir. Bu kontekstdə, misal kimi, Türkiyənin hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə öz ərazisində "Patriot" HHM raketlərini yerləşdirilməsini göstərmək olar. Onu da unutmaq olmaz ki, Türkiyə Suriya kartından istifadə ilə, NATO daxilində qərarların qəbulunda daha inamla iştirak edir. Maraqlıdır ki, Rusiya hərbi təyyarəsilə bağlı insidentdən dərhal sonra Türkiyə rəsmiləri suverenliklərinin pozulmasına dair bəyanatlarla yanaşı, alyans üzvləri arasında qarşılıqlı yardım prinsipinin mövcudluğuna da diqqət çəkməyə başlayıblar. Ankara bu hadisədən istifadə etməklə, NATO-nun Suriyada yaşananlara türklərin siyasi maraqlarına uyğun müdaxiləsinə çalışır. Hərbi güc baxımından Rusiyadan geri qalan Türkiyə istəyir ki, Suriya problemində Moskva ilə bənzər insidentlər yaşanarsa, NATO məsələyə daha fəal müdaxilə etsin. Türkiyə və NATO rəsmilərinin bəyanatlarına diqqət yetirsək, Ankaranın bu məqsədinə müəyyən qədər çatdığını görərik.

 

Yeni təhlükəsizlik çağırışları və Avropa İttifaqı

Beynəlxalq terrorçuluq, transmilli cinayətkarlıq, ekoloji problemlər və miqrasiya məsələsi son zamanlar Qərb dünyasının daha çox üzləşdiyi aktual problemlərdir. Müharibə nəticəsində milyonlarla suriyalı öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Bununla əlaqədar olaraq, regional fövqəldövlətlər və Avropa ölkələri humanitar məsələ ilə yanaşı, təhlükəsizlik problemindən də ciddi narahatdırlar. Suriyadan olan məcburi köçkünlər Türkiyəyə özlərilə birlikdə təhlükə də gətiriblər. Bu gün təsdiqlənməmiş məlumatlara görə, Suriyadan qaçqın düşmüş insanların sayı 4 milyona çatır və onların 2,5 milyonu məhz Türkiyədə məskunlaşıb. Nəticədə, Türkiyə bir sıra iqtisadi və sosial problemlərlə üzləşib, ölkənin cənub-şərq sərhədlərinin etibarlılığı məsələsi aktuallıq qazanıb. Beynəlxalq ictimaiyyət əvvəl bu məsələyə etinasız yanaşırdı. Lakin ötən il ərzində suriyalı qaçqınlar Türkiyə vasitəsilə Yunanıstana və Avropaya axışmağa başladı, bununla da, Köhnə Dünyanı yeni çağırışlarla qarşı-qarşıya qoydu. İndi terrorçular bir sıra hallarda özlərini qaçqın kimi qələmə verərək, Avropaya soxulurlar. Miqrant axını ilə üz-üzə qalmış Avropa ölkələri, xüsusilə Almaniya artıq ölkədə millətçi əhval-ruhiyyənin qarşısını ala bilmir. İndi cəmiyyətdə belə əhval durmadan artır.

Bu məsələdə də Türkiyənin əhəmiyyətini görürük - o, miqrasiyanın qarşısının alınması üçün bufer zonadır. Bu proseslər və problemlər Türkiyə-Aİ münasibətlərində yeni imkanlar açır. Bu üzdəndir ki, son illər Ankaranın Aİ-yə qəbulu ilə bağlı dondurulmuş danışıqlar sadalanan amillərlə əlaqədar yenidən canlanıb. Artıq Aİ-nin Türkiyə ilə bağlı hesabatlarında müsbət ritorika müşahidə olunmaqdadır. İndi Avropa İttifaqı üzvləri Türkiyəyə suriyalı qaçqınlar probleminin həlli üçün maliyyə yardımı da təklif edir. Onlar bunu istər fərdi qaydada, istərsə də Aİ-nin adından edirlər. Türkiyə tərəfisə bir tərəfdən bu yardımın məbləğini mümkün qədər artırmağa və üzərinə düşmüş yükü yüngülləşdirməyə, digər yandan isə qaçqın məsələsindən Aİ-yə üzvlüklə bağlı danışıqlarda arqument kimi yararlanmağa çalışır.

Nəhayət, Qərb dünyasının dəyərlərinə "stavka" edən Türkiyə özündə regionun humanitar problemlərinə biganə qalmayan dövlət imici yaradır, bununla da, Aİ-nin gözündə ucalır.

Yaxın perspektivdə Ankaranın Avropa İttifaqına qəbulu real görünməsə də, Aİ ölkələrindən Türkiyəyə maliyyə axınının başlamasını türk siyasətçilərinin qələbəsi saymaq olar. Suriya məsələsində məğlub durumda olan Ankara qeyd olunan amillərdən yararlanmaqla, itkilərini NATO və Aİ ilə münasibətlərdə kompensasiya etmək istəyir. Son olayları təhlil edərkən Türkiyə rəhbərliyinin, hələ ki, istəyinə nail olduğunu söyləmək mümkündür.



MƏSLƏHƏT GÖR:

491