18 May 2024

Şənbə, 15:11

DAVOS XƏBƏRDARLIQ EDİR

Neftin həddindən artıq ucuzlaşması tək hasilatçı ölkələri deyil, həm də istehlakçıları da narahat edir

Müəllif:

26.01.2016

Bütün işlərin robotlar tərəfindən görüləcəyi dünya hələ ötən yüzillikdə ideala yaxın sayılırdı. Xəyalpərəstlərin fikrincə, bu, bütün Yer əhalisini lazımi ərzaqlarla, mallarla təmin etməyə imkan verər, bəşəriyyətin tam təminatına şərait yaradardı. Amma süni ağılla yanaşı, yaradıcılıq prosesi də təkmilləşməlidir. Lakin buna alternativ fikirlər də var - süni ağılla təmin olunan maşınlar sonda bəşəriyyəti məhv edə bilər. Hər halda, baş rolu Arnold Şvartseneggerin oynadığı "Terminator" filminin yaradıcıları bizə bunu göstərməyə çalışırlar.

Reallıq isə nə o qədər sevindirici, nə də son dərəcə acınacaqlıdır. Davosda keçirilən Dünya İqtisadi Forumu məhz dördüncü sənaye inqilabına həsr olunub. Qeyd edək ki, bu inqilab "ağıllı istehsalın", yəni istehsalat zəncirinin bütün mərhələlərində IT sistemin bir şəbəkədə cəmlənməsini nəzərdə tutur. Bu, həmin sistemlərin real vaxt rejimində bir-birilə əlaqələnməsinə imkan verəcək.

Geosiyasi fikir ayrılıqları, neftin ucuzlaşması, Çin iqtisadiyyatında inkişafın ləngiməsi, miqrasiya və iqlim problemləri - bütün bunlar istənilən formatda müzakirə edilən əsas mövzulardır. Davos forumunun yaradıcısı Klaus Şvab isə robotlaşdırma problemini daha aktual məsələ sayır. Bu səbəbdən də, forumun keçirildiyi Davosdakı Konqres Mərkəzinin mərkəzi zalında Koreyanın HUBO robotunun imkanları nümayiş olunub. Onun hətta forum iştirakçısı vərəqəsi belə, var. HUBO-nun əsas təyinatı fəlakətlər zamanı xilasedicilərin işini yüngülləşdirməkdir.

Şvabın sözlərinə görə, internetləşdirmə və robot texnikası ilə əlaqəli dördüncü sənaye inqilabı "insanların gördüyü işləri deyil, onların özlərini dəyişəcək". İnsanların həyatını fundamental şəkildə dəyişən yeni texnologiyalarla bağlı əsas təhlükələrdən biri kimi isə Şvab "ruhdan, ürəkdən məhrum olma təhlükəsi"ni göstərib.

Onun bu fikrilə ABŞ-ın vitse-prezidenti Cozef Bayden də razıdır. Bayden bildirib ki, dördüncü sənaye inqilabı cəmiyyətə və hər bir insana fundamental təsir göstərəcək. Bundan başqa, vitse-prezidentin fikrincə, bu, orta sinif üçün də təhlükəyə çevriləcək: məlum olduğu kimi, iqtisadi inkişaf üçün ən vacib zümrə məhz orta sinifdir. Bu səbəbdən də, Bayden təhsilə investisiya yatırılmasını prioritet sayır - uşaq təhsilindən tutmuş, peşəkar ixtisaslaşmayadək.

Bununla yanaşı, Şvabın qaldırdığı sənaye inqilabı mövzusunun perspektivləri necə olursa-olsun, dünyanın əsas iqtisadi meydanında günün digər aktual problemləri də müzakirə edilib.

 

Məsələn...

Budəfəki forumun əsas mövzusu, əlbəttə ki, neft və onun gözlənilməz həddədək ucuzlaşması olub. Neft bazarının gələcəyilə bağlı əksər proqnozlar isə heç də sevindirici deyil. Məsələn, BP şirkətinin rəhbəri Robert Dadli bu il neftin 1 barelinin 10 dollaradək ucuzlaşa biləcəyini düşünür. Bununla yanaşı, Dadli qiymətin həmin həddə qala bilməyəcəyini, ilin sonunadək 50 dolları ötəcəyini fikirləşir.

Dadli ilin ikinci yarısında neftin bahalaşacağını proqnozlaşdırır. O, fikrini Amerika və Çində "qara qızıl"a tələbatın artacağı, təklifin azalmağa başlayacağı ilə əsaslandırır. Çünki həmin dövrdə ABŞ-da hasilat azalacaq.

Rusiyanın "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov isə neftin qiymətinin artıq ən aşağı həddə yaxınlaşdığını, yaxın zamanlarda onun yenidən artmağa başlayacağını düşünür. O 2016-cı ilin yekunlarına neftin 1 barelinin 50 dollar təşkil edəcəyini düşünür. Bununla yanaşı, V. Ələkbərov bildirib ki, neftin aşağı qiymətində limit bir barel üçün 24 dollardır: "Bu qiymətdən aşağı hədd qeydə alınarsa, bir çox layihələr, hətta fəaliyyətdə olan layihələr belə, dayandırılacaq".

OPEC-in əsas oyunçusu olan Səudiyyə Ərəbistanı isə karbohidrogen hasilatının azaldılmasını düşünmür. Bununla yanaşı, Ər-Riyadda 2016-cı ilin sonuna neftin bahalaşacağını düşünürlər. "Qiymətlər aşağı həddə qalarsa belə, biz hələ uzun müddət buna tab gətirə bilərik. Amma təbii ki, ümidimiz bu ssenariyə deyil", - deyə "Saudi Aramco" şirkətinin rəhbəri Xalid əl-Falih Davosdakı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı rəqib hasilatçılara güzəştə getmək niyyətində deyil.

Neftin qiyməti mövzusu Azərbaycan üçün də xüsusi maraq doğururdu. Davos forumunda iştirak edən Prezident İlham Əliyev sessiyalardan birindəki çıxışında bildirib ki, "qara qızıl"ın daha 2-3 dollar ucuzlaşması mümkündür. Onun fikrincə, bundan sonra bazar inkişafa keçəcək: "Böyük neft inkişafı layihəsini ("Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsi) 1994-cü ildə işə salan zaman neftin qiyməti, ümumiyyətlə, 12 dollar idi. Bu da normal qarşılanırdı. O vaxt inkişaf planlaşdırılması aparılan zaman xatırlayıram, optimist ssenariyə görə neftin qiyməti 23 dollar götürülmüşdü. İndi də 22 il əvvəlki optimist ssenariyə çox yaxınıq. Ümid edirəm ki, bazar sabitləşəcək. Çünki neft sektoru investisiyalar tələb edir. Keçən il neft sektoruna ən az investisiya qoyulmasının şahidi olduq. Bu olmasa, qiymət sözsüz yüksələcək. Bir barel üçün 60-70 dolların şirkətlərə, investorlara, hökumətlərə əla qiymət olacağını düşünürəm və bunu gec-tez görməyə ümid edirəm", - deyə İlham Əliyev "Yeni enerji tarazlığı" mövzusunda keçirilən sessiyada bildirib. O, neftin qiymətinin 2017-ci ildə qeyd etdiyi səviyyəyə çata biləcəyini söyləyib.

Azərbaycan Prezidenti neft bazarının balanslaşdırılması perspektivlərinin OPEC-lə dəfələrlə müzakirə olunduğunu deyib. O, hesab edir ki, bu məsələdə Azərbaycanın böyük istehsalçı olmadığı nəzərə alınmalıdır. "Ancaq düşünürəm ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də, bir nəticə əldə edərik. Çünki təəssüflər olsun ki, hər OPEC üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq. Bəlkə də, bu görüşü keçirməmək daha yaxşıdır?" - deyə dövlət başçısı zarafatla qeyd edib.

Bununla yanaşı, İ.Əliyev Azərbaycanın postneft dövrünə hazırlaşdığını, lakin bunun belə yaxın zamanlarda başlayacağını nəzərdə tutmadığını söyləyib: "Biz Azərbaycanda özümüzü neft sonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu. Eyni zamanda bu, bizim iqtisadiyyatımız üçün bir zərbə idi. Biz bu il büdcəmizi neftin 50 dollar qiymətinə görə, ötən il isə 90 dollar qiymətinə görə planlaşdırmışdıq. Biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq. Bu vəziyyəti tarazlaşdıra bilərik. Ancaq bu vəziyyət daha uzun müddətə davam edərsə, əlbəttə, bu, büdcəmizə ciddi təsir göstərəcək".

Neftin ucuzlaşmasının əsas təsirlərindən biri manatın devalvasiyası sayıla bilər. Prezident deyir ki, bu, istər neft bazarındakı mənfi durum, istərsə də qonşu ölkələrdə milli valyutaların devalvasiyası ilə əlaqəli məcburi addım idi. Çünki sadalanan səbəblər Azərbaycan məhsulunun rəqabət qabiliyyətini aşağı salmışdı. "Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq. Milli Bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik. Bu səbəbdən, qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq", - deyə İlham Əliyev qeyd edib.

Ümumilikdə isə Azərbaycan Prezidenti hazırkı mərhələni ölkədə islahatların aparılması baxımından əlverişli məqam adlandırıb: "Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq".

Prezident İlham Əliyev Davosda RİA "Novosti" agentliyinə müsahibə də verib. O, manatın hazırkı məzənnəsinin sabit, neftin qiymətinə uyğun olaraq, ədalətli olduğunu bildirib: "Manata gəlincə, düşünürəm ki, nə etmək lazım idisə, etmişik. Fikrimcə, hökumət bundan sonra heç bir tədbir görməyəcək. Neft ucuzlaşmaqda davam edərsə, manatın bundan zərər görəcəyini düşünmürəm". Prezident Rusiya şirkətlərini hazırda hökumətin hazırlamaqda olduğu miqyaslı özəlləşdirmə proqramına qoşulmağa çağırıb. Bununla yanaşı, o, SOCAR-ın strateji aktiv olaraq, dövlət mülkiyyəti kimi qalacağını bildirib.

Azərbaycan Prezidenti Davos Forumunun daimi iştirakçısıdır. O, hər il investisiyalar üçün ölkədə olan imkanları fəal şəkildə təklif edir. İ.Əliyevin Davosa bu səfəri xüsusi əhəmiyyət kəsb edir. Çünki indi neftin ucuzlaşması və ölkə gəlirlərinin azaldığı çətin bir dönəmdə ciddi islahatlar planlaşdırılır. Düşünmək olar ki, Prezident Əliyevin islahatlar, manatın məzənnəsi, hökumətin qlobal iqtisadi çağırışlara sinə gərməyə hazır olduğu haqda dedikləri investorların Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərilə bağlı narahatlığını ciddi şəkildə aradan qaldırıb.

Bununla yanaşı, neftin həddindən artıq ucuzlaşması artıq yalnız neft hasil edən ölkələri deyil, onun istehlakçılarını da narahat edir.

Məsələn, Yaponiyanın iqtisadiyyatın bərpası naziri Akira Amari hesab edir ki, neftin ucuzlaşması Yaponiya iqtisadiyyatına da mənfi təsir göstərə bilər. Çünki bu, fond bazarında sarsıntılara yol açır. "Neftin ucuzlaşması və səhmlərin qiymətdən düşməsi bir-birilə sıx bağlıdır. Neftin qiymətinin azalması neft hasilatçısı olan ölkələrdə vəziyyəti qəlizləşdirir. Bu, investorları maliyyə aktivlərini satmaq məcburiyyətində qoyur. Burada söhbət həm də Yaponiyanın səhmlərindən gedir. Neftin həddindən artıq ucuzlaşması bizim ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərəcək", - deyə o, qeyd edib.

İki Nobel mükafatçısı - Nuriel Rubini və Pol Kruqman da eyni fikirdədirlər. 2008-ci ilin qlobal iqtisadi böhranını əvvəlcədən proqnozlaşdırmış Rubininin fikrincə, investorlar nəhəng neft istehlakçısı olan ölkələrdə gəlirlərin artması kimi müsbət dəyişikliklər əvəzinə, dünyada ümumi tələbatın aşağı düşəcəyini gözləyirlər. Bu, inkişaf etməkdə olan ölkələrin iqtisadi problemlərilə bağlıdır - onların əksəriyyəti xammal ixracından çox asılıdırlar.

Ənənəvi olaraq hesab olunurdu ki, Yaxın Şərqin neft hasil edən ölkələri və Texas milyarderləri o qədər zəngindirlər ki, neftin ucuzlaşması belə, onlarda likvidliklə bağlı problem yarada bilməz. "Maaşdan-maaşa yaşayan istehlakçılar da daxil olmaqla, bir çoxunun bundan qazanacağı, qənaət edilən yanacaq pulunu xərcləyə biləcəkləri düşünülürdü", - Pol Kruqman "The New York Times" qəzetindəki məqaləsində belə yazır. Lakin bu, qiymətin 10-20% ucuzlaşması halında mümkündür. Söhbət 70%-lik ucuzlaşmadan gedirsə, istehsalçıların itkisi istehlakçıların qazancı ilə müqayisədə daha çox olur. Bundan başqa, əvvəllər mərkəzi banklar inflyasiyanın ləngidilməsi hesabına faiz dərəcələrini azalda bilirdilərsə, bu gün həmin dərəcələr onsuz da sıfra bərabərdir. Məhz, bu səbəbdən, Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi inkişaf proqnozunu 0,2 faiz azaldaraq, 2016-cı il üçün 3,4, 2017-ci il üçün 3,6% müəyyənləşdirib. ABŞ və inkişaf etməkdə olan bazarlarla bağlı proqnozlarda da eyni dərəcədə azalma var. Bununla yanaşı, BVF-də qaçqınlarla, münaqişələrlə bağlı problemlərə rəğmən, yeni qlobal böhranın olacağını düşünmürlər. Qurumun ekspertləri 2016-cı il üçün əsas təhlükənin görünməmiş miqrasiya böhranı olduğunu deyirlər.

Davos Forumunun analitiklərinin hesablamalarına görə, geridə qalmış 3 ildə dünyadakı 40 münaqişədən yalnız 1-i həll olunub. Onların 80%-i isə onilliklərdir ki, davam edir. Bununla yanaşı, əgər 1980-ci illərdə məcburi köçkünlər ev-eşiklərini 9 illiyə tərk edirdilərsə, yeni yüzilliyin əvvəlində bu, 20 ilə çatır.

İndi əsas sual Avropanın Yaxın Şərqdən gələn qaçqın axınının öhdəsindən necə gələcəyilə bağlıdır. Amma BVF Avropa İttifaqı iqtisadiyyatının miqrantlardan əlavə qazanc götürəcəyini proqnozlaşdırırlar. Proqnoza görə, Aİ iqtisadiyyatı 2016-cı ildə 0,09, 2017-ci ildə isə 0,13% artacaq.

Bu yerdə yenidən sənaye inqilabı mövzusuna qayıtmalıyıq. Əvvəlki 3 sənaye inqilabının təcrübəsindən məlum olduğu kimi, onların əsas təhlükəsi insanların maşınlarla əvəzlənməsindədir. Davos Forumunun məruzəsinə görə, artıq hazırkı onilliyin sonlarında robotlar və yeni texnologiyalar 7 milyon insanı işsiz qoyacaq. Ən çox ixtisar ofis əməkdaşları və inzibati işçilər arasında gözlənilir - 4,7 milyon. Nəticədə, iş yeri uğrunda mübarizəyə dünyanın inkişaf etmiş ölkələrindəki miqrantlar problemi də əlavə olunub. 

Ruhsuz maşınlar, əlbəttə ki, insanın elementar tələbatlarını, onun ailəsini, uşağını təmin etməli olduğunu anlamır. Bəlkə də, biz real həyatda maşınlarla insanlar arasında savaşın şahidi olacağıq. Lakin bu, ağıllı maşınların qiyamı yox, insanların ruhsuz robotlara qarşı qiyamı olacaq. Odur ki, dördüncü sənaye inqilabı son dərəcə dəqiq və harmonik şəkildə aparılmalıdır. Axı, indiki işçi sinfi XVII əsrdə maşın əməyinə keçidlə yadda qalmış birinci sənaye inqilabının sıradan çıxardığı fəhlə və sənətkarlar deyil. O zaman əksəriyyət ixtisasını dəyişməyə, yeni şəraitə uyğunlaşmağa imkan tapmışdı. Hətta 1950-ci illərdə başlamış və kompüterlərin tədricən həyatımıza daxil olmasına yol açmış üçüncü inqilab belə, insanların rifahına xidmət göstərmiş, yeni iş yerlərinin, yeni insan əməyinə ehtiyac duyulan sahələrin yaranmasına səbəb olmuşdu - axı, insan beynini və dərrakəsini hələ heç bir maşın əvəz edə bilmir. Amma məhz dördüncü sənaye inqilabı sırf bu insan xüsusiyyətinə hədəflənib. Hələlik biz son 3 əsrdə olduğu kimi, onu öz xeyrimizə dəyişə bilərik.



MƏSLƏHƏT GÖR:

465