26 Aprel 2024

Cümə, 21:43

BOLŞEVİKLƏRİN QARA DƏFTƏRİNDƏ

ADR-in Daxili İşlər nazirinin müavini, şərqşünas alim Məhəmməd Sadıq bəy Ağabəyzadənin və qohumlarının sovet hakimiyyəti illərindəki taleyi haqqında

Müəllif:

02.02.2016

Yetmişillik Sovet hakimiyyəti dövründə Azərbaycanda bu insanın adının çəkilməsinə sərt tabu qoyulmuşdu. Onu görmək, onunla söhbətləşmək imkanı olmuş qohumları belə, ailələrində bu şəxs haqqında danışmağa cəsarət etmirdilər. Bu insanın adını hazırda Ədəbiyyat İnstitutunun professoru olan Gülər xanım Abdullabəyova gündəmə qaytarıb. Söhbət Çar ordusunun generalı, ADR-in Daxili İşlər nazirinin müavini olmuş şərqşünas alim Məhəmməd Sadıq bəy Ağabəyzadədən gedir.

Gülər Abdullabəyova onun həyatı və fəaliyyəti barədə sənədləri Polşa Elmlər Akademiyasının Krakov filialından hələ ötən əsrin 80-ci illərində aşkarlayıb. Onun tapdığı sənədlər əsasında hazırladığı məqalə elm ictimaiyyətinə 1989-cu ildə "Azərbaycan SSR Elmlər Akademiyasının məruzəsi"ndə təqdim edilib.

 

Lvovda küçə

O vaxtdan 25 il ötür. Lakin təəssüf ki, biz bu gün də istedadlı sərkərdə və alim haqqında son dərəcə az şey bilirik. M.Ağabəyzadə (Çar hökumətinin sənədlərində və ADR dövründə Sadıq bəy Ağabəyov - Müəllif) general-mayor rütbəsinədək yüksəlib. Lakin onun xidməti dəftərçəsi hələ də tapılmayıb. M.Ağabəyzadə haqqında məlumatların olmamasında onun özünün də "günah"ı az deyil. Görünür o, istedadlı olduğu qədər də, təvazökar imiş. Onun 1939-cu ildə öz əlilə yazdığı tərcümeyi-halı 28 standart vərəqdən ibarətdir. Oradan bəlli olur ki, general 1865-ci ildə doğulub və Göyçayda atası Ismayıl ilə yaşayıb. 1882-ci ildə Bakıda real məktəbi bitirib: "Bundan sonra 1886-cı ildə keçmiş Peterburqda hərbi məktəbin piyada və artilleriya kurslarını bitirmişəm. 1899-cu ildə isə Peterburqda Hərbi Nazirliyin Baş Qərargahı yanında 3 illik Şərq Dilləri İnstitutunu başa vurmuşam. 1886-cı ildə Qafqazda artilleriya podporuçiki kimi xidmətə başlamışam. Şərq dilləri kursunu bitirdikdən sonra 1899-cu ildə 1913-cü ilədək Türkistan və Xəzəryanı vilayətdə xidmətdə olmuşam. Oradan öz istəyimlə istefaya getmişəm. İstefada olduğum dövrdə Bakı quberniyasının Göyçay adlanan ərazisində yaşamışam.

1919-cu ildə Azərbaycan Demokratik Respublikası hökumətində müvəqqəti olaraq baş nazirin müavini postunu tutmuşam. 1920-ci ildə İstanbula yollanmış, orada İstanbul Tibbi Akademiyasının Professoru olan qohumum Əli bəy Hüseynzadəyə baş çəkmişəm. 1921-ci ildən Fransada yaşamış, orada fransız dili təhsili almış, eyni zamanda türk və fars dillərini tədris etmişəm. 1927-ci ildə Y.K. universiteti (Yan Kazimej adına - Müəllif) tərəfindən dəvət alaraq Lvova yollanmışam. 1927-ci ilin fevralından Lvov Universitetində türk və fars dillərinin nəzəri və praktiki, ərəb dilinin isə qrammatik tədrisinə başlamışam".

Professor G.Abdullabəyovanın sözlərinə görə, Ağabəyzadə Lvov Universitetində çalışan zaman polyak dilində "Türk dili dərsliyi", "Fars dili dərsliyi", "Ərəb dilinin qrammatikası" kitablarını yazıb. O, daha əvvəl - Türkistanda xidmətdə olduğu 1904-cü ildə "Türkmən ləhcəsi dərsliyi - atalar misalları əlavələri ilə" kitabını yazıb. 1943-cü ildə M.Ağabəyzadə ağır xəstəliyə düçar olub və bir il sonra dünyasını dəyişib. O, Lvovda dəfn olunub. Onun qəbirüstü daşında türk və polyak dillərində bu sözlər yazılıb: "Burada general və professor Məhəmməd Sadıq bəy Ağabəyzadə (Ağabəyov) dəfn olunub". Lvovda küçələrin birinə onun adı verilib.

 

Bolşeviklərin "dəmir məntiqi" 

1920-ci ilin aprelində Azərbaycanda hakimiyyətə gələn bolşeviklər ilk gündən ölkəni tərk etmiş məşhur siyasi və ictimai xadimlərin respublikada qalmış ailə üzvlərinə, qohumlarına təzyiqlərə başlayıb. M.Ağabəyzadənin ailəsi də istisna olmayıb. 1920-ci il mayın 13-də Ali İnqilab Tribunalı (AIT) sədri Hacı İlyasın qərarı ilə Bakı şəhər fəhlə-kəndli milisinin rəisi R.Hüseynov Sadıq bəy Ağabəyovun qardaşı Rəhim bəy İsmayıl bəy oğlu Ağabəyovun və qardaşı oğlu Hüseyn bəy Rəhim bəy oğlu Ağabəyovun Bakı həbsxanasına salınması barədə hökm çıxarıb. Onlar "daxili işlər nazirinin keçmiş köməkçisi (müavini) Sadıq bəy Ağabəyovu gizlətməkdə" təqsirli bilinirdilər.

"Mənim qardaşımı yeni hökumətdən gizlətməyimə heç bir ehtiyac yoxdur. Aprelin əvvəlində o istefa verərək Batumiyə yollanıb. Məqsədi oradan müalicə üçün Almaniyaya yollanmaq olub. Bunu yoxlamaq çətin deyil. Biz Sadıq bəyin nəinki Bakıda, ümumiyyətlə, Azərbaycan Sovet Respublikası ərazisində olmadığına dair iltizamnamə yazmağa hazırıq. Bunun yalan çıxacağı təqdirdə buna görə qanunla cavab verməyə, ən sərt inqilabi cəzaya layiq görülməyə razıyıq", - deyə Rəhim bəy şəhər milisinin sədrinə bildirmişdi.

Bu zaman istintaq Ağabəyovlara qarşı yeni ittiham irəli sürdü - ata-oğul Sadıq bəyi gizlətməyiblər, "onun ölkədən qaçışını təşkil ediblər".

Şəhər milisinin rəisi eyni ittihamı Vladimir Fyodoroviç Kulaka (Rəhim bəy onun evində qalırdı), Rəhim bəyin tanışı Qriqori Samoyloviç Brodskiyə, həmçinin ev sahibi Sergey Osipoviç Dildarova qarşı da irəli sürmüşdü. R.Hüseynovun qənaətinə görə, bu şəxslər Sadıq bəyin ölkədən "qaçması"ndan xəbərdar olmağa borclu idilər və müvafiq olaraq yeni hakimiyyətə bu barədə məlumat verməli imişlər. Sadıq bəyin ölkədən çıxdığı zaman bu yeni hakimiyyətin hələ mövcud olmadığına isə diqqət yetirən olmayıb.

Milis rəisi öz "dəmir" məntiqinə əsaslanaraq, 1920-ci il mayın 17-də Kulak, Levit, Brodski və Dildarovu Bayıl həbsxanasına saldırır. "Ağabəyovun qaçışının təşkili" ittihamı ilə Sadıq dəyin daha bir qardaşı - Həzrət bəy də həbs olunur. Lakin tezliklə ona qarşı əks-inqilabi fəaliyyətilə bağlı ittiham irəli sürülür və onunla bağlı cinayət işinə ayrıca baxılmağa başlanır.

"Ağabəyovun qaçışı" ilə bağlı Sadıq bəy və Rəhim bəyin qardaşı oğlu, 13 yaşlı şagird Həsən Ağabəyov da dindirilir. O, əmilərinin evində yaşayırdı. "Mən 2-ci kişilər gimnaziyasının 5-ci sinfində oxuyuram. Əmim Rəhim bəy Ağabəyovun evində yaşayıram. Tətil başladığından bir neçə günlüyə atamın yanına - Ucar stansiyasına getmək qərarına gəlmişdim. Əmimin kommersiya və şəxsi işlərilə bağlı heç nə bilmirəm", - deyə o, istintaqa ifadəsində bildirmişdi.

Lakin artıq mayın 22-də istintaq Rəhim bəy və Hüseyn bəy istisna olmaqla, bütün məhbusları azadlığa buraxmalı olub: Kulak və Dildarova qarşı irəli sürülmüş ittihamlar ləğv edilib, Levit və Brodski zaminə buraxılıblar. Üstəlik, Brodskiyə poçt və teleqraf xalq komissarı Cəmil Vəzirovla ədliyyə xalq komitəsi sədrinin müavini Apresov zamin durublar. 

 

Oğru hakimiyyət

Rəhim bəyə qarşı Sadıq bəyin gizlədilməsi və qaçışının təşkililə bağlı irəli sürülmüş ittihamların da əsassız olduğu üzə çıxmışdı. Demək, o, azadlığa buraxılmalı idi. Amma yox. İndi Rəhim bəy Ağabəyov... spekulyasiyada təqsirləndirilirdi. Məsələ ondadır ki, Rəhim bəy və oğlu Hüseyn bəyin həbsə atılmasından sonra onların Gimnaziya küçəsi - indiki Tolstoy küçəsi, 179 ünvanında yerləşən mənzilində axtarış aparılmışdı. Protokola əsasən, axtarış nəticəsində mənzildən "qızıl portsiqar, 6 qızıl qolbaq, 22 qızıl üzük, 14 qızıl saat, 6 yarlıqsız qolbaq zümrüddən medalyonu olan 1 qızıl boyunbağı, 1 brilyant üzük, 177 ədəd 20 qəpiklik, 95 ədəd 10 qəpiklik gümüş sikkə və 1 gümüş rubl" tapılmışdı.

Halbuki, Rəhim bəyin evində bu cür zinət əşyalarının olması tamamilə təbiidir. O, zəngin tacir idi: Rəhim bəyin dəyirmanı, Ucarda çəltiktəmizləyən və pambıqtəmizləyən zavodları var idi. Onun daha bir pambıq təmizləyən zavodu Göyçayda fəaliyyət göstərirdi. Bakıda isə yuxarıda adı çəkilən Levitlə şərik yağ və sabun zavodu var idi. Bu da son deyil. Rəhim bəy Göyçayda karvansaraya və hamama, həmçinin onlarca mağazaya sahib idi. 1918-1919-cu illərdə o, Nijnı-Novqorodda İranın Baş Konsulluğu yanında agent təyin edilmişdi.

Qohumlarının çoxsaylı müraciətlərindən sonra Hüseyn bəy iyunun 13-də azadlığa buraxılıb. Qeyd olunan hadisələrin yaşandığı vaxtda o, Bakı Dövlət Universitetinin tibb fakültəsinin birinci kursunda oxuyurdu. Təhsilini başa vurduqdan sonra Hüseyn bəyi universitetin mama-ginekologiya klinikası kafedrasında saxlayıblar. Orada o, dissertasiya müdafiə edib və professor adı qazanıb. Daha sonra kafedraya rəhbərlik edib, Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin dekanı olub. 1941-1942-ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib, iki dəfə kontuziya alıb. Müxtəlif orden və medallarla təltif olunub. 1956-cı ildə 58 yaşında vəfat edib.

İyulun 11-də Xalq Maarifi komissarı Dadaş Bünyadzadənin qərarı ilə Rəhim bəy Ağabəyov da azadlığa buraxılıb. 1921-ci il martın 14-də AIT Ağabəyovlarla bağlı işi dayandırmaq qərarına gəlib. Təqiblərin bitməsindən sonra Rəhim bəy Ağabəyov əlindən alınmış zinət əşyalarının miras olduğunu deyərək, onları geri qaytarmağa çalışıb. Amma onun bu cəhdləri nəticə verməyib. Qızıl portsiqar istisna olmaqla, bütün zinət əşyaları artıq dövlətin mülkiyyətində idi. 

 

Qızıl portsiqarın sirri

Mayın 15-də, yəni, Rəhim bəy Ağabəyovun mənzilində axtarışın aparılmasından və zinət əşyalarının götürülməsindən 1 gün sonra milis rəisinin müavini Çxeidze akt tərtib etmişdi: "15 may 1920-ci il. Mən, yoldaş Çxeidze, Bakı şəhərinin milis rəisinin müavini aşağıda göstərilən aktı tərtib edirəm: mənim yanıma MK-nın nümayəndəsi yoldaş Xutulaşvili gəldi (partiya ləqəbi Volodya) və Rəhim bəy Ağabəyovun evində aşkar edilmiş qızıl və brilyant əşyalar ona verildi. Bu zaman yoldaş Xutulaşvili (o zaman o, Azərbaycan Ordusunun bölmələrinə siyasi nəzarət üzrə xüsusi səlahiyyətli, 1920-ci ildən isə İnqilabi Hərbi Tribunalın kollegiya üzvü - Müəllif) qızıl portsiqarı tanıdı və bu əşyanın ondan 1919-cu ilin sonunda Həştərxandan Bakıya gəldiyi zaman Müsavat hakimiyyəti tərəfindən müsadirə edildiyini bildirdi. Mən qeyd olunan qızıl portsiqarı Yepifan Kvantalianinin (xalq hərbi və dəniz işləri komissarı Qarayevin birinci müavini - Müəllif) şahidliyi ilə cənab Xutulaşviliyə verdim". Akt imzalıdır.

Müstəntiq İzmaylov portsiqarın maddi sübut kimi işə əlavə olunması üçün geri qaytarılmasını dəfələrlə tələb etsə də, bu, nəticə vermədi və portsiqar "Müsavat hakimiyyətindən zərər çəkmiş" kommunistə qismət oldu.

P.S. Müəllif təgdim olunmush fotolara gorə Polsha Respublikasının Elmlər Akademiyası Krakov şöbəsının arxivinə minnətdarlığını bildirir.



MƏSLƏHƏT GÖR:

683