27 Aprel 2024

Şənbə, 23:39

"SƏUDİYYƏ ƏRƏBİSTANI TƏLƏSKƏNLİYƏ YOL VERDİ"

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin "R+"a müsahibəsi

Müəllif:

02.02.2016

-Bütün dünyanın hələ də müzakirə etməkdə olduğu Səudiyyə Ərəbistanı Krallığında 47 nəfər barəsində verilən edam hökmünə İran sərt reaksiya verdi və şiə ruhanisi Nimr ən-Nimrin edamı hər iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb oldu. Ümumiyyətlə, bu gərginliyin kökündə nə durur? 

- Ayətullah Nimr Ərəbistanda tanınmış şiə alimi idi və Ərəbistanda az adam tapılar ki, onu tanımasın. O, nəinki bir din alimi, eləcə də insan hüquqları sahəsində aktiv bir siyasətçi idi. Sünni və şiə olmasından asılı olmayaraq, bütün Ərəbistan əhalisinin hüquqlarının müdafiəsi üçün çalışırdı. Onun və digər şiələrin heç kimə ziyanı dəyməmişdi. Onların mübarizəsi dinc surətdə, zorakılıqdan və silahlı müqavimətdən kənar idi. Onları terrorçuluqda ittiham etmək doğru deyil və bu, saxta bir ittihamdır. 

Səud rejimi İŞİD-in tətbiq etdiyi metodla, yəni boynunu arxadan vurmaqla bu görkəmli şiə alimini edam etdi. Ərəbistanın bu hərəkətini nəinki İran və digər müsəlman ölkələri, eləcə də bir çox insan hüquqları təşkilatları pislədilər. Ərəbistan da ictimai rəyi çaşdırmaq üçün özünün İranla əlaqələrini kəsdi. Bizim əqidəmizə görə, bu mübariz ruhaninin edam olunması öz ölkəsində islahatlar etmək və parlamentli demokratiya sistemi qurmaq niyyətyində olan xalqın dinc mübarizəsinə hörmətsizlikdir. Şeyx Nimrin edamı Səud şahzadələrinin qurduğu bir tamaşa idi ki, bu vasitə ilə bu ölkədə, hətta digər müsəlman ölkələrində məzhəb və qəbilə ixtilaflarını qızışdırsınlar. 

Ərəbistan bu ölkənin səfirliyi qarşısında baş verənləri bəhanə edərək, İranla diplomatik əlaqələrini kəsməklə öz ölkəsində və regionda törətdiyi insan hüquqlarına zidd əməlləri gizlətməyə çalışır. Ümumilikdə, region xalqları Ərəbistanın bu hərəkətinə görə narahat və narazıdırlar.

- Səudiyyə Ərəbistanı İranı terroru dəstəkləməkdə günahlandırır... 

- Dünya əhalisinin çoxu, xüsusilə ekspertlər şübhə etmirlər ki, "Əl-Qaidə" və İŞİD kimi terrorçu qruplar bəzi Qərb ölkələri tərəfindən və Ərəbistanın maliyyə və silah dəstəyi ilə yaradılıb. Son illərdə ər-Riyad regiondakı terrorçuluğun, yəni İŞİD-in, "Əl-Qaidə"nin və hətta Yəmən xalqını al-qana boyayan dövlət səviyyəsində terrorun əsas himayəçisidir. Bu gün İran regionda terrorizmlə mübarizənin bayraqdarı və bu bəla ilə mübarizə aparan Suriya və İraq kimi ölkələrin əsas dəstəyidir. Ərəbistanın İranı ittiham etməsi ictimai fikri çaşdırmaq məqsədilə ortaya atılan saxta və əsassız ittihamlardır.    

- Ötən il Həcc ziyarəti zamanı İran zəvvarları qəzaya uğradı və çox keçmədi ki, İran Həcc ziyarətindən imtina etdiyini açıqladı. Hadisələrin Məkkə ətrafında cərəyan etməsi, minlərlə müsəlman farsın ziyarətinə sədd çəkilməsi və s. bir sözlə, hadisələr hara gedir? 

- Ərəbistanın məsul şəxslərinin səhv idarəçiliyi nəticəsində baş verən Mina faciəsində, təqribən, 5 000 hacı, o cümlədən, 500-ə qədər iranlı zəvvar şəhid oldu. Beynəlxalq hüquq normalarına əsasən, bir xarici vətəndaşın digər ölkədə malik olduğu ən əsas hüququ mütləq şəkildə can təhlükəsizliyidir. Ev sahibliyi edən ölkə xarici vətəndaşların təhlükəsizliyini ən yüksək səviyyədə qorumağa borcludur. Hətta əgər ev sahibi olan ölkə fövqəladə vəziyyətlərdə bu təhlükəsizliyi qoruya bilmədikdə, beynəlxalq aləmə kömək üçün müraciət etməlidir. Lakin Mina faciəsində İran rəsmiləri dəfələrlə Ərəbistana kömək təklif etsələr də, bu ölkənin məsul şəxsləri qəbul etmədilər. İranla Hicaz və Nəcd arasında 1803-cü ildə bağlanan və hələ də qüvvədə olan dostluq müqaviləsinə əsasən, Ərəbistan iranlıların Həcc ziyarətini problemsiz yerinə yetirmələri üçün şərait yaratmağa borcludur. Həmçinin bu müqaviləyə əsasən, Ərəbistan iranlı hacıların təhlükəsizliyini və asayişini təmin etməlidir. Mina faciəsi barədə Ərəbistan dövləti tərəfindən müqəssirin tapılması üçün məsuliyyətin qəbul edilməməsi beynəlxalq hüquq baxımından, Ərəbistanın beynəlxalq məsuliyyətinin təsirini azaltmır. Ərəbistan dövlətinin xarici vətəndaşlar, o cümlədən bu ölkənin ərazisinə qanuni şəkildə daxil olmuş iranlılar qarşısında öhdəliyi insan hüquqları öhdəliyidir ki, beynəlxalq məsuliyyət sistemində xüsusi yerə malikdir. Çünki onların çoxu insan hüquqları öhdəlikləridir. 

Mina faciəsi xüsusunda İrandan əlavə digər müsəlman dövlətləri də ziyan gördülər. Hətta digər dövlətlər və ümumilikdə, beynəlxalq aləm, ən azı, BMT və ya İƏT beynəlxalq hüquq barəsində öhdəliklərinə əsasən bu məsələyə müdaxilə etməlidirlər. Ərəbistan dövləti beynəlxalq hüquq normalarına əsasən, Mina faciəsinin baş verməsinə görə məsuliyyət daşıyır. İran və bu faciədən ziyan görmüş digər ölkələr siyasi və hüquqi yollarla, o cümlədən, müzakirə və vasitəçilik yolu ilə İƏT-ə və ya BMT-yə, yaxud beynəlxalq məhkəməyə müraciət etməklə faciə nəticəsində həyatlarını itirmiş şəxslərin hüquqlarının qorunmasını təmin və Ərəbistan dövlətinin məsuliyyət daşıdığını sübut etməlidirlər.

- Bəziləri neftin ucuzlaşmasını da Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərdəki gərginliklə bağlayırlar. Bu ucuzlaşmaya səbəbkar, doğrudanmı, Səudiyyə Ərəbistanıdır, yoxsa əsl səbəbkarlar başqalarıdır? 

- İranla-Ərəbistan arasında ixtilafın yaranmasının əsas səbəbkarı ər-Riyadın səhvləri, xüsusilə bu ölkənin regionda sabitliyi pozmaq üçün terrorizmə dəstəyidir. Bizim əqidəmizə görə, Səudiyyə Ərəbistanı terroristlərlə əlaqələri kəsmək və onları dəstəkləməkdən çəkinməklə özünün keçmiş səhvlərini düzəltməli və yalnız bundan sonra başqa ölkələrlə, o cümlədən, İranla əlaqələrini gücləndirməyə çalışmalıdır. 

- Səudiyyə Ərəbistanı ilə Qərb ən yaxın müttəfiqlərdir. Bu gərginlikdə Qərbin də marağı olduğunu düşünmək olar?

- Özlərini İsrailin təhlükəsizliyinin təminatçısı hesab edən bəzi Qərb ölkələri İslam ölkələri arasında ixtilaf və qarşıdurma yaratmağa çalışırlar və Ərəbistan bu ölkələrin əlaltısı olaraq, onların hədəflərinin gerçəkləşməsi üçün öz missiyasını yerinə yetirməkdədir. 

- Şiə-sünni məzhəbini bu qədər qabartmaq müsəlman dünyasının zəifləməsinə yönələn bir siyasət kimi qəbul edilə bilərmi? Və Səudiyyə Ərəbistanı bu prosesdə İranı günahlandırır... 

- Şiə və sünnilər terrorizmin əleyhinədirlər. İŞİD və "Əl-Qaidə" kimi terror təşkilatlarının yaranmasının əsas ideoloji bazası İslama zidd olan vəhhabilik təfəkkürüdür ki, bu təfəkkür də Ərəbistan tərəfindən dəstəklənir. İslam sülh dinidir və əsla İŞİD və "Əl-Qaidə" kimi terrorçu dəstələrin cinayətlərini təsdiqləmir.

- Bəzi ekspertlər İranla-Səudiyyə Ərəbistanı arasında baş verənləri müsəlman dünyasına liderlik uğrunda mübarizə kimi də xarakterizə edirlər... 

- Bizim Ərəbistanla hər hansı mübarizəmiz yoxdur. Səudiyyə Ərəbistanı İranla əlaqələrini kəsməkdə tələskənliyə yol verdi. Bu ölkə terrorçuları dəstəkləməkdən əl çəkməli və öz keçmiş səhvlərini düzəltməlidir. Hal-hazırda bu ölkə iki seçim qarşısındadır: ya terrorçu qruplaşmalara dəstəyini davam etdirməli, ya da region ölkələri ilə münasibətlərini qaydaya salmalıdır. Əgər bu ölkə öz rəftarını düzəltsə, İranla dostluq edə bilər.

- Səudiyyə Ərəbistanı terrorçuluğa qarşı mübarizə üçün İslam ölkələrindən ibarət koalisiya yaratdığını bəyan edib. İranın bu koalisiyanı tənqid etməsini necə izah edərdiniz? 

- Özü terrorun əsas himayəçisi və İŞİD kimi terrorçu qruplaşmanın meydana gəlməsinin əsl səbəbkarı olan bir dövlətin terrorizmlə mübarizə aparmaq üçün koalisiya yaratması heç bir işə yaramayacaq. Buna görə də dünya ölkələri bu koalisiyaya ciddi yanaşmadılar. İran terrorizmlə mübarizə üçün formal olaraq yaradılan koalisiyalara qoşulmağa ehtiyac duymur. Ölkəmiz hələ çoxdan və bu kimi koalisiyalar yaranmazdan əvvəl terrorizmlə əməli mübarizəyə başlayıb və bu zəmində təsirli işlər görüb. Bu gün Suriya, İraq və Yəmən terrorizmlə mübarizə aparırlar və İran terrorizmlə mübarizədə bu ölkələrin yanındadır.


MƏSLƏHƏT GÖR:

514