3 May 2024

Cümə, 20:11

"İRAN GERÇƏK ÜZÜNÜ GÖSTƏRDİ"

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim Əs-Süleyminin "R+"a müsahibəsi

Müəllif:

02.02.2016

-Bütün dünyanın hələ də müzakirə etməkdə olduğu Səudiyyə Ərəbistanı Krallığında 47 nəfər barəsində verilən edam hökmünə İran kəskin reaksiya verdi və şiə ruhanisi Nimr ən-Nimrin edamı hər iki ölkə arasında münasibətlərin daha da kəskinləməsinə səbəb oldu. Ümumiyyətlə, bu gərginliyin kökündə nə durur? 

- Bildiyiniz kimi, bu hadisələr ondan başladı ki, Krallıqda terrorçular barəsində icra olunan şəriət hökmləri barədə İran rejimi aqressiv açıqlamalar verdi və ardınca isə ölkəmizin Tehrandakı səfirliyi və Məşhəddəki Baş Konsulluğu təcavüz aktlarına məruz qaldı, onların binalarına od vuruldu, əmlakı talan edildi. 

Birincisi, qeyd edim ki, İran rejiminin qeyd edilən açıqlamaları onun terroru dəstəkləyən gerçək üzünü göstərir və onun region dövlətlərində sabitlik və təhlükəsizliyi pozmaq siyasətinin bir davamı hesab olunur. İran rejimi terrorçuların əməllərini müdafiə edib, ona haqq qazandırması ilə onların cinayətlərinə şərik sayılır və özünün təhrikedici və gərginlik yaradan siyasətinə görə tam məsuliyyət daşıyır. 

İkinci məsələyə gəlincə, Krallığın səfirlik və konsulluğuna edilən təcavüz və hücumlar beynəlxalq norma və qanunların kobud surətdə pozulmasıdır, diplomatik nümayəndəliklərin, xarici konsulluqların və onların əməkdaşlarının olduqları ölkədə toxunulmazlıq, sağlamlıq və təhlükəsizliklərinin təmin edilməsini tələb edən beynəlxalq konvensiya və sazişlərin ən sadə qaydalarına belə uyğun gəlmir. 

- Ötən il Həcc ziyarəti zamanı İran zəvvarları qəzaya uğradı və çox keçmədi ki, İran Həcc ziyarətindən imtina etdiyini açıqladı. Hadisələrin Məkkə ətrafında cərəyan etməsi, minlərlə farsın ziyarətinə sədd çəkilməsi, bir sözlə, hadislər hara gedir? 

- Krallıq iranlı zəvvarların Məkkə və Mədinə şəhərlərində istər Həcc, istərsə də Ümrə ziyarəti yerinə yetirmələrinə müsbət yanaşır. İranla əlaqələrin kəsilməsinə baxmayaraq, Krallıq iranlı Həcc və Ümrə ziyarətçilərini qəbul etməyə etiraz etmir. Sözsüz ki, hər bir müsəlman dini mərasimləri yerinə yetirmək üçün Krallıq ərazisinə daxil olmaq haqqına malikdir. O ki qaldı İran rejiminin öz ölkə vətəndaşlarını Həcc ziyarətini yerinə yetirməyə qadağa qoymasına, bu işdə qəribə heç bir şey yoxdur. Çünki bundan öncə o, siyasi, mədəni, milli azadlıqları qadağan etmişdir. İndi isə buraya dini azadlıqlar da əlavə edildi. 

- Bəziləri neftin ucuzlaşmasını Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərdəki gərginliklə bağlayırlar. Bu ucuzlaşmaya səbəbkar, doğrudanmı, Səudiyyə Ərəbistanıdır? Bəlkə əsl səbəbkarlar başqalarıdır? 

- Şübhəsiz, dünyadakı neft qiymətləri bəzi siyasi amil və hadisələrdən təsirlənə bilər. Amma ümumilikdə götürdükdə, neft üçün optimal qiyməti bazardakı tələb və təklif amilləri müəyyən edir. Krallıq dünyada ən böyük neft istehsalçısı kimi istəyir ki, digər istehsalçılarla birlikdə işləyərək, qiymət sabitliyini təmin etsin. Bu, həm neft istehsal edən, həm də onu istehlak edən ölkələrin mənafeyi üçün və ümumilikdə, neft sənayesi üçün xeyirlidir. Çünki dünyada baş verən kəskin qiymət dəyişkənliyi istər neft istehsalçısı olan ölkələrə, istərsə də neft istehlakçısı olan ölkələrə ciddi zərər vurur. Məhz bu zərurətdən çıxış edərək, neft istehsalçısı və istehlakçısı olan dövlətlərin marağını qorumaq və onlar arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə Səudiyyə Ərəbistanının paytaxt ər-Riyad şəhərində Beynəlxalq Enerji Forumu təsis edilmişdir. Ümumiyyətlə, Krallıq neftlə bağlı mötədil və düşünülmüş siyasət yeridir. Bu siyasətin əsasını isə tələblə-təklif arasında mütənasibliyin qorunması yolu ilə neft bazarında sabitlik yaratmaq, bütün tərəflərin ümumi marağını gözləmək, eləcə də indiki dövrlə gələcək arasında balans yaratmaq prinsipləri təşkil edir. Bütün bu faktorlar neftin əhəmiyyət və aktuallığını artıracaq, ona əsas enerji mənbəyi kimi fəal rol oynamaq imkanı verəcək, onu firavanlıq və iqtisadi inkişaf üçün dünyanın əsaslanacağı mühüm bir vasitəyə çevirəcək.  

- Səudiyyə Ərəbistanı ilə Qərb ən yaxın müttəfiqlərdir. Bu gərginlikdə Qərbin maraqlı olduğunu düşünmək mümkündür? 

- Bilirsiniz, aqressiv bəyanatlar və açıqlamalar verən, xarici səfirlik və konsulluqlara hücum edən Qərb deyil, İran rejimidir. Həmçinin İraq, Yəmən, Livan, Suriya və Bəhreyn kimi region dövlətlərinə açıq müdaxilələr və oradakı terrorçuları dəstəkləmək Qərbin işi deyil, əksinə, İranın işidir. Krallığın dünyanın müxtəlif ölkələri ilə əlaqəsinə gəlincə isə, demək istərdim ki, Krallıq beynəlxalq əlaqələrdə böyük güclərlə daim bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışır. Həmin güc mərkəzləri ilə qurduğu əlaqələr çoxşaxəli maraqlara söykənir və onun Ərəb və İslam dünyasında artan əhəmiyyətli rolunu əks etdirir. Bu əlaqələr vasitəsilə Krallıq beynəlxalq münasibətlərdəki fəaliyyət dairəsini genişləndirməyə çalışır. Ona görə də Krallıq beynəlxalq siyasətdə təsir və güc mərkəzləri ilə əlaqələr quran zaman, qeyd edilən siyasətdən doğan nəticələri və məsuliyyətləri göz önünə alır. 

- Şiə-sünni məzhəbini bu qədər qabartmaq müsəlman dünyasının zəifləməsinə yönələn bir siyasət kimi qəbul edilə bilərmi? 

- Şiə-sünni məzhəb amilini qabartmaq İran rejiminin həyata keçirdiyi məzhəbçilik siyasətinin özülünü təşkil edir və bu yolla o, region və qonşu ölkələrin daxili işlərinə qarışır. Əgər siz region ölkələrində gedən vətəndaş müharibələri və məzhəbçilik zəminindəki münaqişələrin səbəblərinə nəzər yetirsəniz, görərsiniz ki, onun əsas qızışdırıcısı İran rejimidir. Şübhəsiz, onun bu siyasəti müsəlman dünyasını zəiflədir. Bunun baş verməməsi üçün İran öz məzhəbçilik və qızışdırıcılıq siyasətindən əl götürməlidir. 

- Bəzi ekspertlər İranla-Səudiyyə Ərəbistanı arasında baş verənləri müsəlman dünyasına liderlik uğrunda mübarizəsi kimi də xarekterizə edirlər... 

- Bütün ölkələr müxtəlif sahələrdə liderliyə can atır. Eləcə də Krallıq. Yarandığı gündən bu yana müsəlmanlara kömək etmək, onların problemlərinin həllində onları müdafiə etmək, harada olmasından asılı olmayaraq, müsəlman toplumlarına maddi və mənəvi yardım etmək işində müsəlman dünyasına lider olmağa çalışır. Daha bəzi ölkələr kimi, İslamdan danışıb, müsəlman ölkələrin ərazisini işğal edən dövlətləri dəstəkləmir. 

- Səudiyyə Ərəbistanı terrorçuluğa qarşı mübarizə üçün İslam ölkələrindən ibarət müdafiə xarakterli koalisiya yaratdığını bəyan edib. Ayrı-ayrılıqda antiterror koalisiyalarının yaranması problemin həllinə nə dərəcədə təsir edə bilər? Yoxsa əksinə, dünyada vahid bir antiterror qurumun olması daha effektli olardı? 

- Beynəlxalq qurumların mövcud olması, regional qurumların mövcudluğunu istisna etmir; məsələn, Birləşmiş Millətlər Təşkilatının olması İslam Əməkdaşlıq Təşkilatının olmamasını tələb etmir. Belə ki, regional qurumlar region ölkələri arasında daha effektiv əməkdaşlıq və koordinasiyaya imkan verir. Çünki həmin dövlətlər öz problemlərinə daha çox bələddirlər, bu problemlərdən əziyyət çəkirlər və onların həll edilməməsinə görə birbaşa məsuliyyət daşıyırlar. Bu koalisiyanın təşkili hər şeydən öncə onu göstərir ki, müsəlman dünyasının bir çox dövlətləri hadisələrə yalnız seyrçi və passiv reaksiya mərhələsindən, aktiv fəaliyyət mərhələsinə keçib, təhlükə və təhdidlərin artdığı müasir dünyada təşəbbüsü ələ alaraq, əməli işə qədəm qoyublar. 

- Səudiyyə Ərəbistanı Azərbaycanı da koalisiyaya dəvət edib. Rəsmi Bakının məsələ ilə bağlı hələ ki mövqeyini bildirməməsini necə izah edərdiniz? 

- Əksinə, Azərbaycan bu koalisiyaya müsbət mövqe bildirən ilk dövlətlərdən olmuşdur. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü bəyan etmişdir ki, hazırda məsələyə baxılır və terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır. Həmin bəyanatda qeyd olunurdu ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkənin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının bu sahədə zəngin təcrübəsi vardır. Belə ki, onun hərbi qüvvələri sülhməramlı əməliyyatlarda və terrorla mübarizədə fəal iştirak ediblər. Bu təcrübə Terrorizmə Qarşı İslam Koalisiyasının işində faydalı olacaqdır.


MƏSLƏHƏT GÖR:

488