28 Aprel 2024

Bazar, 18:53

"AZƏRBAYCANA GƏLDİYİMƏ GÖRƏ PEŞMAN DEYİLƏM"

Robert Prosineçki: "Azərbaycan millisinin futbolçuları təqdim olunduqları kimi zəif deyillər"

Müəllif:

07.02.2016

Bu ilin payızında start götürəcək 2018-ci il futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi əsas milli komandanın baş məşqçisi Robert Prosineçki üçün xüsusi əhəmiyyət daşıyır. Ötən il yığmanın sükanı arxasına keçən Prosineçkinin işi əsasən bu seçmə mərhələdə görünəcək. Gəncləşdirmə siyasətini davam etdirən xorvatiyalı mütəxəssis güclü komanda formalaşdırmaqla seçmə mərhələdə azarkeşləri sevindirməlidir. 

Sələfi Berti Foqtsdan fərqli olaraq, Azərbaycanda yaşayan Robert Prosineçki mütəmadi olaraq ölkə çempionatının matçlarını izləyir, yığmaya namizədlərin hazırlığıyla tanış olur. Robert Prosineçkiylə görüşən "R+" Azərbaycanda futbolun vəziyyəti və yığmanın martda Antalyada keçirəcəyi hazırlığın detallarını öyrənməyə çalışıb. 

- Söhbətə Antalyada izlədiyiniz 21 yaşlılarda ibarət Azərbaycan yığmasının oyunundan başlamaq istərdik. Gənclərdən ibarət yığma necə təsir bağışladı?

- "Antalya Cup" turniri çərçivəsində maraqlı oyunlar izlədik. Komandadan razı qaldım. Məni ən çox sevindirən Namiq Ələsgərovun uzunmüddətli zədədən sonra meydana qayıtması və yaxşı futbol sərgiləməsi oldu. Turnirdə iştirak edən bütün komandalar yaxşı heyətə malik idi. Bu üzdən də, yığmamızın sərgilədiyi oyuna və qazandığı nəticəyə sevinmək olar.

- Namiqin "Qarabağ"ı "Kəpəz"ə dəyişməsini necə qarşıladınız?

- O, ağıllı oğlandır. Namiqə daha çox oynaya biləcəyi, forma toplayacağı komanda lazımdır. Onu dəstəkləyirəm. Ukrayna ilə oyunda öz çıxışı ilə bir daha göstərdi ki, Azərbaycanın ən yaxşı futbolçularından biridir. Onun Maltaya qarşı Bakıda keçirilən oyundakı çıxışını da unutmuruq. O, həmin görüşdə də yaxşı çıxış etmişdi. Amma, təəssüf ki, zədələnmişdi.

- Bu il bəzi klublarımız maliyyə probleminə görə Antalyada hazırlıq keçə bilmədi. Onlar çempionatın qalan oyunlarına Bakıda hazırlaşdı. 

- Əlbəttə, Antalyada hazırlıq keçmək daha yaxşıdır. Bakıda qalan komandalar da mini turnirdə iştirak etdilər. Köməkçilərim həmin oyunları da izləyiblər və mənə məruzə ediblər. Bütün klubların hazırlığı ilə bağlı yetərincə məlumatım var. Ola bilər ki, Bakıda Antalyadakı kimi yaxşı hava şəraiti yoxdur. Amma Türkiyəyə gəlmək imkanı yoxdursa, vətəndə hazırlıq keçməyə məcbursan.

- Azərbaycan yığmasının oyunçuları barədə nə deyə bilərsiniz?

- Məşqlərdə və oyunlarda gördüklərimdən razıyam. Martda bizi Antalyada toplanış, eləcə də Qazaxıstanla yoxlama oyunu gözləyir. Maraqlı oyun olmalıdır. Ona qədər Premyer Liqada da bir neçə tur oynanılacaq. Ümid edirəm ki, həmin vaxta qədər futbolçular özlərini daha yaxşı hiss edəcəklər. Üstəlik, Münhen "Bavariya"sına yoxlama oyununda qol vuran Dmitri Nazarov var. Eddi İsrafilov təzə komandasında forma toplamağa başlayıb. Kamran Ağayev "İnter"ə qayıdıb. Artıq xaricdəki futbolçularımızın sayı elə də çox deyil. Bütövlükdə, yığma üzvlərindən razı olduğumu deyə bilərəm.

- Gördüklərinizdən sonra Azərbaycan yığmasının gələcəyi haqda nə düşünürsünüz?

- Ölkədə yaxşı futbolçular az deyil. Sadəcə, əksəriyyətin yaşı azdır. Yəni onların gələcəyi qarşıdadır. Gənc futbolçu üzərində daha çox işləməklə inkişaf etməlidir. Geriyə getməməlidir. Yığmaya namizəd futbolçularla bağlı köməkçilərimlə məsləhətləşmə aparmışıq. Fikrimcə, martdakı hazırlıqda yığmada yeni adlar olacaq. Seçmə mərhələdəki rəqiblərimiz zəif deyil, o mənada bizi çətin oyunlar gözləyir. Qazaxıstanla keçiriləcək yoxlama görüşü bir çox suallara aydınlıq gətirəcək. Məqsədimiz seçmə mərhələdə uğurlu çıxış etməkdir.

- Azərbaycan millisində işləməyə razılıq verdiyinizə görə peşman deyilsiniz?

- İlk olaraq, dəvət alanda beynimdə müəmma var idi. Hara gəldiyimi, kimlərlə işləyəcəyimi bilmirdim. Ona görə düşünmək lazım idi. Geriyə baxanda düzgün qərar qəbul etdiyimi düşünürəm. Yaxşı infrastruktur var, azarkeşlər futbolu sevir. Bizim işimiz, sadəcə, millinin səviyyəsini artırmaq üçün işləməkdir.

- Sizcə, qısa müddətdə Azərbaycan millisində nə dəyişdi?

- Bu barədə siz danışa bilərsiniz. Mənim deməyim düzgün qəbul edilməyəcək. Sözsüz ki, görüləsi işlərimiz çoxdur. Amma unutmayaq ki, Azərbaycan millisinə ardıcıl məğlubiyyətlərdən sonra gəlmişəm. Elə bir vaxt idi ki, yığma heç bir xal qazana bilməmişdi. Ötən müddətdə irəliləyişə nail olduq. Futbolçular təqdim olunduqları kimi zəif deyillər. Potensialı kifayət qədər olan oyunçulardır. Mənim əsas vəzifəm odur ki, futbolçulara daha artığını etməyə qadir olduqlarını inandırım. Bunun üçün əsas var. Azərbaycan döyüş növlərində yaxşı ənənələrə malikdir. Bu isə onların çox aqressiv və döyüşkən olmaları anlamına gəlir. Onlar üçün əsas məsələ üstünlüklərini meydanda göstərməkdir. 

- Berti Foqtsdan sonra Azərbaycan millisində işləmək çətin olmadı?

- Həmkarım kifayət qədər tanınan insandır. Onun işi haqda danışmaq istəməzdim. Məşqçinin həmkarının işi haqda rəy verməsi düzgün deyil. Hər bir kəs çalışdığı dönəmdə ən yaxşını etməyə çalışır. Ola bilər nəsə alınsın, nəsə alınmasın.

- Bakı 2020-ci ildə keçiriləcək Avropa Çempionatının 4 oyununa ev sahibliyi edəcək. Sizcə, Azərbaycan millisi həmin turnirdə iştirak etmək hüququ qazanacaq?

- Qarşıda bizi Dünya Çempionatının seçmə mərhələsi gözləyir. Ondan sonra biz artıq Avro-2020 haqda düşünəcəyik. Sözsüz ki, Azərbaycan millisinin Avropa Çempionatına vəsiqə qazanması azarkeşlər üçün böyük bayram olacaq. Nəzərə alsaq ki, Avro-2020-nin oyunları Bakıda keçiriləcək o zaman bu məqsəd uğrunda maksimum güclə çalışmaq gərəkdir. Hazırda AFFA ilə olan razılaşmam 2017-ci ilin sonuna qədər nəzərdə tutulub. Amma nə bilmək olar, bəlkə, Azərbaycan yığmasını Avro-2020-yə mən hazırlaşdırdım.

- Siz müqaviləni artırmaq istəyərdiniz?

- Bu sualın mənə ünvanlanması doğru deyil. Təklif olsa düşünürəm. Fikrimcə, Azərbaycanda işləmək mənə maraqlıdır. O zaman niyə daha müqaviləni artırmaq barədə fikirləşməli deyiləm. O vaxta hələ var, ona görə, gəlin, 2016-cı ildə bizi gözləyən işlərimizi düşünək. 


MƏSLƏHƏT GÖR:

500