19 May 2024

Bazar, 16:29

LONDON HAMIYA QARŞI

Tuskun planı Böyük Britaniyanın Avropa İttifaqından mümkün çıxışının qarşısını alacaqmı?

Müəllif:

07.02.2016

Avropa Parlamentinin fevralın əvvəlində Strasburqda keçirilmiş sessiyasında Şengen zonasının xilası və Köhnə Qitə üçün ən ağrılı problem olaraq qalan miqrasiya böhranı müzakirə olunub. Üstəlik, sonuncu problemin nə qədər ciddi olduğunu Brüssel ilə London arasındakı ziddiyyət də təsdiqləyir - Böyük Britaniyanın miqrasiya probleminin həllilə bağlı öz baxışları var.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Niderlandın xarici işlər naziri Albert Jerar Kunders Avropa Parlamentinin sessiyasındakı çıxışında Aİ üçün ölkələr arasında sərbəst hərəkətə daxili maneənin yaradılmamasını nəzərdə tutan Şengen zonasının vahidliyinin qorunub saxlanmasının son dərəcə vacib olduğunu bildirib. Bununla yanaşı, o, bir məqamı da etiraf edib: miqrasiya böhranı şəraitində bu prinsipə əməl olunması yalnız Avropanın xarici sərhədlərinə nəzarətin gücləndirilməsilə mümkündür.

Hazırda Avropa İttifaqı daxilində ziddiyyətin əsas səbəbi məhz miqrasiya böhranıdır. Avropa Komissiyasının sədri Dan-Klod Yunkerin də dediyi kimi, "qaçqınlarla bağlı böhran getdikcə Avropada həmrəylik böhranına çevrilir". O, Aİ üzvlərini qaçqınların qəbulu və paylanması ilə bağlı öhdəliklərə əməl etməyə çağırıb.

Böyük Britaniya miqrasiya böhranı ilə bağlı xüsusi mövqe ortaya qoyur. O, tələblərinə əməl olunmayacağı təqdirdə, Aİ-ni tərk edəcəyini belə, istisna etmir. Ötən ilin noyabrında Birləşmiş Krallığın baş naziri Devid Kemeron Londonun ümumavropa qanunvericiliyilə bağlı islahatların aparılması haqda tələblərini açıqlayıb. Orada avrozonaya daxil olmayan dövlətlərin hüquqlarının qorunması, hədsiz immiqrasiyanın qarşısının alınması kimi məqamlar var. Kemeron hökuməti hesab edir ki, ölkəyə gələn qaçqınlar Britaniya adasında yalnız 4 il yaşadıqdan sonra müavinat almalıdırlar. Amma gələcəkdə Avropanın inteqrasiyası üçün daha ciddi problem Londonun Aİ-nin dövlətüstü strukturlarının səylərini, yəni Aİ-nin "Avropa Birləşmiş Ştatları"na çevrilməsini qəbul etməməsi ola bilər. Britaniya Aİ daxilində avronun vahid valyuta olmasını da qəbul etmir. Bundan başqa, britaniyalıların fikrincə, Aİ-yə üzv ölkələrə qərarların qəbuluna veto qoymaq hüququ verilməlidir.

Aİ isə Londonun tələblərinə qarşıdır. Qurumda hesab edirlər ki, britaniyalıların tələbləri birliyə təhlükədir. Bununla yanaşı, Brüssel Böyük Britaniya ilə razılığa gəlinməsinin vacibliyini də dərk edir. Brüsseldə bilirlər ki, bu razılaşma olmazsa, Aİ Avropanın ən güclü siyasi və iqtisadi mərkəzini itirə bilər. Bu səbəbdən də, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Xüsusi razılaşma layihəsini hazırlayıb. Layihədə, ilk növbədə, milli parlamentlərin ümumavropa qanun layihələrinə yenidən baxması mexanizminin yaradılması nəzərdə tutulur. Bundan başqa, Avropa Parlamentinin qərarı Aİ-yə üzv dövlətlərin milli parlamentlərinin 55% tərəfindən "milli suverenliyin məhdudlaşdırılması" kimi dəyərləndirildiyi təqdirdə, bu qərar "dondurula" bilər. Tuskun planına görə, Böyük Britaniyaya birliyə daha dərin siyasi inteqrasiyadan çəkinmək hüququ verilir. Buraya avrozonadan və Şengen zonasından kənarda qalmaq da daxildir. Bu cür yanaşma, əslində, Aİ-nin multivalyuta ittifaqı statusunu saxlaması və təşkilat daxilində siyasi inteqrasiyanın dayandırılması deməkdir.

Donad Tuskun Londonda apardığı danışıqların yekununda faktiki olaraq, Böyük Britaniyanın əmək miqrantlarını ölkənin sosial sisteminə buraxmasını 4 il müddətinə təxirə salması razılaşdırılıb. Üstəlik, sosial ödəmələrin və güzəştlərin həcmi konkret miqrantın Birləşmiş Krallıq ərazisində nə qədər qalmasından və orada vergi ödəməsindən asılı olacaq. Baş nazir Kemeronun Tuskun planını Londonu narahat edən məsələlərin həllində real irəliləyiş kimi qiymətləndirməsi təəccüblü deyil. Onun sözlərindən belə çıxıb ki, Brüsselin güzəştləri Britaniya hökumətinə krallıqda Aİ-ni tərk etməyin əleyhinə səs verilməsi üçün təbliğat aparılmasına imkan verəcək. Qeyd edək ki, bu məsələ artıq bu ilin yayında referenduma çıxarıla bilər. Bununla yanaşı, Brüsselin mövqeyində 2 vacib məqam var və bu, mübahisəli məsələlərin Londonla razılaşdırılmasına mənfi təsir göstərə bilər. Birincisi, Aİ Böyük Britaniyanın ittifaqı tərk etməsinin qarşısını almaq üçün "ağıllı" güzəştlərə gedə biləcəyini göstərsə də, Avropa ölkələrində işçilərin sərbəst hərəkəti və onların hüquqlarının qorunması kimi fundamental prinsiplərdə güzəştin olmayacağını nümayiş etdirir.

İkincisi, Brüssel Londonla razılaşmanın Aİ-nin bütün üzvlərilə müzakirə edilməsini lazım bilir. Lakin Avropa İttifaqı rəhbərliyinin Londonla razılaşmasının ayrı-ayrı ölkələr tərəfindən qəbul edilməyəcəyi riski böyükdür.

Məsələ ondadır ki, Britaniyanın miqrasiya probleminin həllinə yanaşması yalnız müharibələrin tüğyan etdiyi müsəlman Şərqindən Avropaya üz tutmuş qaçqınların deyil, Aİ üzvü olan digər ölkələrdən olan miqrantların da maraqlarına ziddir. Bu, ilk növbədə, "Vışeqrad dördlüyü" ölkələrinə - Polşa, Çexiya, Macarıstan və Sloveniya - aiddir. Onlar Böyük Britaniyaya əsas işçi qüvvəsi tədarükçüsü sayılırlar. Bu səbəbdən də, onlar artıq Brüssel ilə London arasında mümkün razılaşmaya "veto qoymaq" niyyətlərini açıqlayıblar. Bu, xüsusilə Şərqdə Avropanın əsas ölkəsi olaraq geosiyasi iddiaların daim ortaya qoyan Polşaya aiddir. Polşa hökuməti Böyük Britaniyaya Aİ-nin digər ölkələrindən olan əmək miqrantlarının güzəştlərdən məhrum edilməsi planını dəstəkləməyəcəyinə dair xəbərdarlıq edib. "Bu təklif xoşuma gəlmir", - deyə Polşanın baş naziri Beata Şidlo açıq şəkildə bildirib. Onun sözlərinə görə, Polşa hökuməti Böyük Britaniyada işləyən polyakların maraqlarını ardıcıl şəkildə müdafiə edəcək. Şidlo Varşavanın prioritetləri arasında olan bir məqamı açıq şəkildə dilə gətirib: "Sosial təminat sistemində dəyişiklik hazırda Böyük Britaniyada leqal şəkildə yaşayan və çalışan 700 min polyaka təsir etməməlidir".

Varşavanın mövqeyi göstərir ki, Britaniyanın baş naziri Kemeron Aİ-nin fevralın 18-nə planlaşdırılan sammiti ərəfəsində Avropa İttifaqında islahatların aparılması və miqrasiya probleminin həllilə bağlı planın razılaşdırılması üçün əməlli-başlı tər tökməli olacaq. O, Polşa paytaxtına da, bu səbəbdən, tələm-tələsik səfər edib: Kemeron Şidlonu əmək miqrantlarına güzəştlərin 4 il müddətinə dayandırılmasına dəstək verməyə razı salmağa çalışıb. Həmkarını razı salmaq üçün o, vasitələrdən biri kimi, sırf ingilis siyasi gedişindən istifadə edib.

"Biz Polşa ilə tam strateji tərəfdaşlıq istəyirik. Çünki xüsusilə Rusiya tərəfindən gələn təhlükəni nəzərə alsaq, bizim təhlükəsizlik və müdafiə sahəsində ümumi maraqlarımız var", - deyə Britaniyanın baş naziri Varşavada verdiyi açıqlamasında bildirib. Bununla o, əslində, Polşanın "Şərqi Avropada rus işğalı" qarşısında nə qədər zəif olduğunu, Varşavanın Böyük Britaniya kimi qüdrətli müttəfiqin dəstəyinə ehtiyac duyduğunu ifadə edib. Kemeronun növbəti fikri də bunu təsdiqləyir: "Böyük Britaniya Polşanın NATO-nun şərq cinahının güclənməsinə yönəlmiş cəhdlərini dəstəkləyir".

Kemeronun Varşavanın mövqeyində qismən də olsa dəyişikliyə nə dərəcədə nail olduğu yaxın zamanlarda, xüsusilə Aİ-nin sammitində məlum olacaq. Beata Şidlo miqrasiya məsələsində Londonun tələblərini qəbul edəcəklərini göstərən bir kəlmə belə, söyləməyib. O, sadəcə, "Böyük Britaniyanın Avropa İttifaqından çıxacağını təsəvvür etmədiyini" deyib. Şidlo bildirib ki, Polşa iqtisadiyyatı və siyasəti üçün Böyük Britaniyanın Aİ-də qalması vacibdir.

Bu arada qitədə ənənəvi olaraq Britaniyanın hegemonluq iddialarına rəqib olan dövlətin başçısı Londonun Aİ-də islahatların aparılması ideyasına qarşı çıxıb. Fransa prezidenti Fransua Olland Londonun tələbilə Aİ-də islahatların aparılmasına dair hər hansı danışıqlara qəti etirazını bildirib. Ollandın fikrincə, Tuskun planı kompromis variantdır və Böyük Britaniya bu plana hörmətlə yanaşmalıdır. Fransa liderinin bu sözləri, əslində, açıq çağırışdır - London Brüsseldən yeni siyasi və iqtisadi imtiyazların alınmasına yönəlmiş addımlar atmamalıdır.

Beləliklə, Aİ daxilində, güman ki, yalnız miqrasiya deyil, birliyin iqtisadi və sosial gələcəyinə aid məsələlərlə bağlı da ciddi mübarizə davam edəcək. Avropanın inteqrasiya tərəfdarı olan Fransa və Almaniya kimi nəhəng ölkələrində olduğu kimi, Aİ rəhbərliyində də belə bir fikir var ki, Londonun tələblərinə əməl olunması Avropanın digər ölkələrini İttifaqa öz şərtlərini diktə etmək həvəsi yarada bilər. Bu isə Aİ-nin mövcudluğuna birbaşa təhlükə deməkdir. Üstəlik, Aİ üzvü olan bir sıra ölkələrdə avroskeptiklərin mövqeləri güclənməkdədir.



MƏSLƏHƏT GÖR:

444