4 May 2024

Şənbə, 02:59

BİRGƏ YAŞAMAQ BACARIĞI

Latviyanın sabiq prezidenti Valdis Zatlers: "Siz multikulturalizm nümunəsi olmağınızla fəxr etməlisiniz"

Müəllif:

07.02.2016

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu aprelin 25-27-də Bakıda keçiriləcək. Foruma dünya liderlərinin, o cümlədən BMT-nin baş katibi Pan Gi Munun qatılacağı gözlənilir.

Forumun keçirilməsi və dünyaya müxtəlif millətlərin və dinlərin sülh şəraitində bərabər yaşamasına dair Azərbaycan modelinin təqdim olunması ilə əlaqədar olaraq, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan edib.

Latviyanın sabiq prezidenti Valdis Zatlers "R+"a müsahibəsində Azərbaycanın multikulturalizm modelinin dünyaya yayılması zərurətilə bağlı fikirlərini bölüşüb.

- Nəzərə alsaq ki, hazırda dünyada vəziyyət yaxşı deyil, Azərbaycan Prezidentinin bu ili "Multikulturalizm ili" elan etməsini necə qiymətləndirirsiniz?

- Bu, tamamilə, vaxtında verilmiş doğru qərardır. Terrorçuluq, dini ədavət və müharibələr üzündən multikultural dialoqa edilmiş əvvəlki cəhdlərin nəticəsiz qala biləcəyi indiki kritik dönəmdə prezident Əliyev və Azərbaycan dünya birliyinə təslim olmaq istəmədiyini nümayiş etdirir. Bu, dünyaya ciddi bir mesajdır və mən Prezident Əliyevin bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Bu, sülh, multikultural anlaşma işində ən önəmli məsələdir. Bu istiqamətdə liderlik davranışına ciddi ehtiyac var.

- Azərbaycan hər il bu mövzuda müxtəlif beynəlxalq tədbirlər keçirir. Siz bu tədbirlərin fəal iştirakçılarındansınız. Bu cür konfransların effektivliyini necə qiymətləndirirsiniz?

- Gəlin, hər bir konfransdan, forumdan sonra qlobal dünyagörüşündə dərhal və ciddi dəyişikliklərin olacağını gözləməyək. Lakin əminəm ki, hər bir tədbirdən sonra kiçik, lakin aşkar irəliləyiş baş verir. İnsanlar evlərinə yeni ideyalarla qayıdırlar. İnsanlar multikultural icimaların bir-birini daha yaxşı anlaması üçün daha nə etməli olduqları ətrafında düşünməyə başlayırlar. Daha önəmlisi isə odur ki, tədbirin iştirakçıları yenidən görüşmək, həmin məsələləri müzakirə etmək istəyirlər. Demək, onlar dinc multikultural mövcudluq ideyasının fəal tərəfdarlarına çevrilirlər. Hər bir konfrans gələcəyin qurulması işinə qoyulan daha bir kərpicdir.

- Necə düşünürsünüz, Azərbaycanın təqdim etdiyi model dünyanın diqqətini çəkə bilərmi?

- Vacib olanı bir şeyi anlamaqdır - biz istər cəmiyyətdə, istərsə də qlobal miqyasda sülhə yalnız güclü, sabit dünyəvi dövlətlər qurmaqla nail ola bilərik. Demək, dövlətin ictimai, dünyəvi gücü və dinin mənəvi qüvvəsi insanlara xidmətdə bir-birini tamamlayır. Azərbaycan bu modelin çox gözəl nümunəsidir. Multikulturalizm artıq buradadır və o, daim inkişaf edir. O, dünyaya təqdim olunmalıdır. Siz bununla fəxr etməlisiniz.

- Ümumilikdə, multikulturalizm siyasəti kimə lazımdır?

- İnsanların əksəriyyəti müharibəni sevmir. Müharibəni siyasətçilər başlayır, insanlar başa çatdırır. Əgər siyasətçilər insanları qorxudur, sonradan onları hərbi yollar da daxil olmaqla, bütün vasitələrlə müdafiə edəcəyinə söz verirsə, bu, asanlıqla müharibəyə aparıb çıxara bilir. Əgər insanlar gündəlik həyatlarında özlərini azad, təhlükəsizlikdə hiss edirlərsə, müharibəyə başlamaq mümkün deyil. Lakin əgər ilk güllə atıldısa, bu, itkilərə, iztirablara, ağrı və nifrətə aparıb çıxaracaq. Münaqişədən sonra sülh bütün cəhdlərə rəğmən, hələ bir neçə nəsil üçün çox zəif olur.

- Dünyada, xüsusilə Avropada mədəniyyətlərarası böhranın səbəbləri nədir?

- Hazırda Avropada ara qarışıb. Bu qədər köçkünü lazımi səviyyədə qəbul etmək mümkün deyil. Avropa öz dəyərləri, prinsipləri sayəsində sülh şəraitində yaşayırdı. Lakin onda bir qədər özündən razılıq, lovğalıq və bir qədər də zəiflik yarandı. Mənim multikulturalizmlə bağlı tərifim belədir - bu, hökumətin uğurlu inteqrasiya siyasətinin nəticəsidir. Demək, onların işi olmalı, onlar yerli dili, ictimaiyyət arasında özünü aparmağın yollarını bilməli, eyni zamanda öz dininə asanlıqla ibadət etməyi, ailə ənənələrini yaşatmağı bacarmalıdır. Bu iki məqam multikultural cəmiyyətin əsasını təşkil edir. Ən vacibi isə insan ləyaqətidir. Əsas odur ki, insanlar bir-birlərilə xoş məram dilində danışsınlar. Biz bu dildəki sözlərin qiymətini bilməliyik. Mən hər zaman, hər yerdə bunu edirəm. Hər dəfə şans qazandıqda xalqımla söhbətləşir, dünya ilə xalqım haqda danışıram. Bu, anlaşmaya, kooperasiyaya aparan yeganə yoldur.

- Ölkənizin multikulturalizm siyasətini necə qiymətləndirirsiniz?

- Biz latviyalılar multikultural cəmiyyətin qurulmasında uğur əldə etmişik və bununla fəxr edirik. Latviyada əhəmiyyətli rus icması yaşayır. Onların sayı Sovet işğalı dövründə 8% idisə, indi 28%-dir. Azadlıq, demokratiya, qanunun aliliyi uğurlu birgə yaşayışın açarıdır. Bütün sakinlər azadlığı, təhlükəsizliyi və dövlət tərəfindən qorunduğunu hiss edir. Etnik azlıqların uşaqlarını onlar üçün nəzərdə tutulmuş və tədrisin qismən doğma dildə təşkil olunduğu məktəblərdə oxuda bilirlər. Bu, onlara multikultural cəmiyyətdə öz mədəni ənənələrini qoruyub saxlamaq imkanı verir. İnsanlar azad şəkildə dini seçim edə bilir. Dünyəvi dövlətdə bütün kilsələrə bərabər münasibət qanunla təmin olunur. Onların arasında rəqabət yoxdur. Latviya, bəlkə də, katolik və pravoslav baş keşişinin eyni kilsədə ibadət etdiyi, hər bir konfessiyanın əlamətdar tədbirlərinə müntəzəm sürətdə baş çəkdikləri yeganə ölkədir. Multikultural icmalar bir şəhərdə yaşaya, eyni zamanda özlərini bir-birlərindən ayrı, təcrid olunmuş hiss edə bilərlər. Lakin birgə yaşayırıqsa və bundan həzz alırıqsa, bu, daha yaxşıdır. Keçmişdən qalma bəzi sarsıntılardan qurtulmaq, hətta fikir ayrılıqlarının olduğu mövzularda bir-birimizlə açıq danışa bilmək, özümüzə və digərlərinə qarşı dürüst olmaq çox vacibdir. Mən Azərbaycan vətəndaşlarına uğurlar arzulayıram. Doğru ideyaların irəli çəkilməsi işində heç zaman təslim olmayın və biz sizin səylərinizin nəticələrinə birlikdə şahidlik edəcəyik. 


MƏSLƏHƏT GÖR:

512