19 May 2024

Bazar, 13:13

İLHAM ƏLİYEV: "ƏN ÖNƏMLİSİ SÜLHDÜR"

Suriya böhranının siyasi həll prosesi sürətləndirilməzsə, fövqəldövlətlər arasında hərbi qarşıdurma qaçılmaz olacaq

Müəllif:

07.02.2016

Suriya probleminin həllilə bağlı Cenevrədə aparılan sülh danışıqlarının faktiki olaraq pozulması (danışıqlar rəsmi olaraq fevralın 25-dək dondurulub) Yaxın Şərqdə gərginliyin daha da artdığını göstərən bariz nümunədir. Rusiya ilə Türkiyə arasında bombardmançı təyyarənin vurulması ilə əlaqədar gərginliyin yaranmasından sonra Suriyada hərbi əməliyyatlar, belə demək olarsa, sanki qrafikləşdirilib. Lakin Cenevrə danışıqlarının fiaskoya uğraması, sadəcə, fırtına öncəsi səssizlik sayılmalıdır. İndi əksər ekspertlər yaxın zamanlarda Suriyada fövqəldövlətlər arasında ciddi hərbi qarşıdurmanın başlaya biləcəyini düşünür. Bu ssenari gerçəkləşərsə, onun nə ilə nəticələnəcəyini düşünmək belə, insanda vahimə yaradır. Suriyanın parçalanacağını da istisna etmək olmaz. Bu variant çoxdan gündəmdədir. İstənilən nəticənin əsas qurbanı isə yerli dinc əhali olacaq. Prinsipcə, onlar artıq çoxdan humanitar böhran şəraitində yaşayırlar.

 

Görüşmədən ayrıldılar

Suriya müxalifətinin danışıqlar üzrə ali komitəsinin rəhbəri Riyad Hicab Cenevrəni ölkədə vəziyyət düzələnədək danışıqlar masası arxasına qayıtmayacaqlarını deyərək tərk edib. Müxalifət "Suriya xalqının humanitar tələbatının ödənilməsini" - saxlanılanların azadlığa buraxılmasını, şəhərlərin mühasirəsinə son qoyulmasını, həmçinin Rusiyanın avialentlərinin dayandırılmasını tələb edir.

Tərəflər arasında danışıqların dayandırılmasını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da müxalifət qüvvələrin Rusiya aviasiyası tərəfindən bombalanması ilə əsaslandırıb. ABŞ-ın dövlət katibi Con Kerri isə Suriya hakimiyyətinin münaqişəni hərbi yolla çözmək cəhdləri göstərdiyini bildirib. O, Rusiya və İranı suriyalı müxalifətçilərə də hərbi zərbələri dayandırmağa, Dəməşqi isə hücumlara son qoymağa çağırıb. Məsələyə Fransanın XİN başçısı Loran Fabius da bənzər münasibət bildirib. O, Dəməşqi və "müttəfiqlərini" sülh danışıqlarına mane olmaqda ittiham edib. Nazir Suriya ordusunun Hələbdə həyata keçirdiyi hücumlarını pisləyib.

Bundan başqa, bir sıra nüfuzlu KİV, məsələn, "The Financial Times" belə qənaətə gəlib ki, danışıqların iflasa uğraması Əsəd ordusunun Rusiya aviasiyasının dəstəyilə Hələbdə apardığı əməliyyatlarla bağlıdır. Böyük Britaniyanın xarici işlər naziri Filip Xemmond isə Rusiyanın Suriyaya endirdiyi aviazərbələrin münaqişənin həllinə mane olduğunu bildirib. Onun fikrincə, bu əməliyyatlar "koalisiyanın səylərini heçə endirir", həmçinin suriyalıları Avropaya qaçmağa məcbur edir. Türkiyə hökuməti də Rusiyanın Suriyadakı əməllərinin miqrasiya böhranını dərinləşdirdiyini bildirir.

Moskva isə bütün bu tənqidlərə heç bir reaksiya vermir. Rusiya xarici işlər nazirinin müavini Gennad Qatilov bildirib ki, danışıqların humanitar məsələlərlə əlaqələndirilməsi dialoqun pozulmasına cəhddən başqa bir şey deyil. O, fikrini belə əsaslandırıb: "BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı 2254 saylı qətnaməsində humanitar problemlərin həlli ilə danışıqlar prosesinin başlaması arasında heç bir əlaqə nəzərdə tutulmur". Müxalifətçilərin mövqelərinin bombalanmasına gəlincə, Moskva onları əvvəlkitək terrorçu adlandırır. Yəni Cenevrədəki cəhdlərə baxmayaraq, Suriya böhranının həllində irəliyə doğru bir addım belə, atılmayıb. Problem də elə əvvəlkidir və yeri gəlmişkən, məhz o, Cenevrə görüşünün iştirakçıları ilə bağlı razılığa gəlinməsinə imkan vermirdi. Tərəflər danışıqlarda iştirak edəcək heyəti çətin müzakirələrdən sonra razılaşdıra biliblər. Əsas arqument onların terrorçu saydıqları qüvvələrin siyahıdan çıxarılması ilə bağlı tələb idi. Bu məsələdə tərəflərin mövqeləri üst-üstə düşmür. Suriya hökumətinin nümayəndə heyəti bütün müxalifəti terrorçu sayır və onun "İslam Dövləti" (İD) ilə əlaqədə olduğuna əmindir. Suriya XİN-in Dəməşqin cənubunda yerləşən Səid Zeynəb rayonunda bu yaxınlarda törədilmiş partlayışlarla bağlı mövqeyi qətidir: terror aktlarının təşkilində məqsəd "Suriyadaxili dialoqu lap başdan pozmaq olub".

Rusiya və Suriya hökumətinin nümayəndə heyəti "Ceyş əl-İslam" və "Əhrar ən-Şam" qruplaşmalarının təmsilçilərinin Suriya müxalifətinin danışıqlar üzrə ali komitəsinə daxil edilməsinə ilk andan etirazlarını bildiriblər. Moskva və Dəməşq bu qruplaşmaları mötədil müxalifət saymır. Rusiya mətbuatının yazdığına görə, bu iki qruplaşma ekstremist ideologiyanın daşıyıcısıdır. KİV yazır ki, hər iki qruplaşma Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən dəstəklənir. Lakin Ankara ilə Ər-Riyad bu qruplaşmaları və digər müxalifət qüvvələrini terrorçu saymır. Onlar üçün bu qruplaşmalar, sadəcə, Əsədə qarşı olan qüvvələrdir. Türkiyənin baş naziri Əhməd Davudoğlu Səudiyyə Ərəbistanına səfərindən sonra hər iki ölkənin Cenevrə danışıqlarında iştirak edən Suriya müxalifətini qeyd-şərtsiz dəstəklədiyini bildirib. Səudiyyə Ərəbistanı XİN-in açıqlamasında isə bildirilir ki, "Cenevrə danışıqları nəticəsiz bitərsə", krallıq Suriya müxalifətçilərinə hərbi dəstəyi davam etdirəcək.

Əvəzində Türkiyə və Səudiyyə Ərəbistanı Suriya kürdlərinin danışıqlar prosesində iştirakına qəti etiraz edir. Həm Ankara, həm də Ər-Riyad Suriya kürdlərini terrorçu sayır. Türkiyə dəfələrlə bəyan edib ki, o, istər Suriya, istərsə də qonşu İraqda yeni kürd dövlətinin yaranmasına imkan verməmək üçün lazımi addımları atmağa hazırdır və atmaqdadır. Bütün bunların fonunda Rusiya kürdlərin Suriya müxalifətinin önəmli bir hissəsi olduğunu düşünür. Moskva bu mövqeyini "kürdlərin Suriya ərazisinin əhəmiyyətli bir hissəsinə nəzarət etməsi, ciddi siyasi nüfuza malik olması" ilə əsaslandırır. Daha bir maraqlı məqam ABŞ-ın kürdlərlə bağlı mövqeyidir. Vaşinqtonun kürdləri hər zaman dəstəklədiyi məlumdur. Amma eyni zamanda o, müttəfiq Türkiyəni də dəstəkləyir. Amerikalılar kürdlərlə bağlı heç zaman birmənalı mövqe ortaya qoymayıb, sanki hər dəfə bu məsələni sonraya saxlayıblar. Lakin kürd məsələsi Vaşinqton-Ankara münasibətlərində dəfələrlə problemlər yaradıb. İndi bu işə Rusiya da qarışıb. Yəqin ki, ABŞ prezident administrasiyasının xüsusi nümayəndəsi Brett Makqerkin Suriya Kürdüstanına, Kobaniyə fevralın əvvəlində etdiyi səfər də bununla bağlı olub. Bu, Amerika səfirinin Dəməşqi tərk etməsindən sonra bu dərəcədə yüksəkrütbəli ABŞ rəsmisinin Suriyaya ilk rəsmi səfəri idi.

Ümumilikdə isə ABŞ münaqişədə Əsədə qarşı olan tərəfi dəstəkləyir. Lakin burada "Ən-Nusra" və İD istisna təşkil edir.

Lakin bu "münaqişə tərəfləri" son zamanlar Əsəd ordusu qarşısında ard-arda məğlubiyyətə uğrayırlar və bu, heç də İD ilə effektiv mübarizəyə kömək etmir. Odur ki, son zamanlar ABŞ-ın Suriyada yerüstü əməliyyatlara başlayacağına dair fikirlər artmaqdadır. Halbuki Birləşmiş Ştatların prezidenti Barak Obama İD ilə mübarizədə ABŞ-ın quru qoşunlarından istifadə edilməyəcəyini dəfələrlə dilə gətirib. Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden isə Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra bildirib ki, problemin həllində siyasi üsullarla arzulanan nəticə əldə olunmazsa, Vaşinqtonla Ankara Suriyada İD ilə mübarizədə "hərbi həll variantlarının" axtarışına başlamağa hazırdırlar. ABŞ-ın müdafiə naziri Eşton Karter də bənzər fikir səsləndirib. Onun sözlərinə görə, koalisiyanın İD ilə mübarizə prosesini sürətləndirməsi üçün quru qoşunları da bu işə cəlb oluna bilər. Məsələ ondadır ki, ABŞ bunu birbaşa edəcək, yoxsa regiondakı müttəfiqləri vasitəsilə?

Hər halda, Ər-Riyaddan aydın mesajlar gəlməkdədir: əgər ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada quru əməliyyatlarına başlamağı lazım bilərsə, Səudiyyə Ərəbistanı ordusunu oraya göndərməyə hazırdır. "The Guardian" yazır ki, Ər-Riyad İD ilə mübarizə məqsədilə öz qoşunlarını Suriyaya göndərə, bunu fəaliyyətini Türkiyə ilə koordinasiya edərək gerçəkləşdirə bilər. Guya Ər-Riyadla Ankara bir neçə həftə əvvəl hətta müvafiq ikitərəfli orqan belə, yaradıblar. Pentaqon rəhbəri Eşton Karter Ər-Riyadın bu bəyanatını alqışlayıb, məsələni müzakirə etməyə hazırlaşdığını bildirib. ABŞ Dövlət Departamentinin rəsmisi Con Kibri isə koalisiyanın, ümumilikdə, iştirakçıların İD ilə mübarizənin gücləndirilməsi niyyətini dəstəklədiyini söyləyib. Bu arada Ankara Rusiyanın "Açıq səma haqqında müqavilə"yə əsasən onun ərazisindən müşahidə uçuşları keçirməsinə icazə verməyib. Bu, Moskvada Türkiyənin mümkün hərbi planları ilə bağlı şübhələrini artırıb. Qeyd edək ki, həmin uçuşlar vasitəsilə Rusiya ilə sərhəd rayonların və NATO aviasiyasının yerləşdiyi aerodromun müşahidə olunması nəzərdə tutulurdu. Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov bildirib ki, Moskvanın "Türkiyənin Suriyaya hərbi müdaxilə ilə bağlı intensiv hazırlıq gördüyündən şübhələnməsi üçün ciddi əsasları var".

Bəs, bu halda Kreml necə davranacaq və İran hansı addımları atacaq? Əslində, burada iki variant qalır - ya Əsəd ordusunun indiyədək ələ keçirdiyi ərazilərdən necə geri çəkildiyini müşahidə etmək, ya da Türkiyə (oxu: NATO) və Səudiyyə Ərəbistanı qüvvələrinə müqavimət göstərmək. Regionda Suriya münaqişəsinə cəlb olunmuş bütün ölkələrin apardıqları fəal danışıqlar bu variantın istisna olmadığını göstərir. 

 

Humanitar böhran

Bütün bunların fonunda yarımçıq kəsilmiş Cenevrə danışıqlarına yönəlmiş diqqət elə həmin gün Londona istiqamətlənib. Məsələ ondadır ki, həmin gün Londonda "Suriyaya və regiona dəstək" konfransı keçirilirdi. Məqsəd donor ölkələrin Suriyadakı vəziyyətə təsir etmək gücündə olan dünya liderlərilə görüşün davam etdirilməsi idi. Tədbiri Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT təşkil etmişdi. Təşkilatçıların dəvətilə tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də qatılmışdı.

London kofransında iştirak edən ölkələr suriyalılara yardım məqsədilə 10 milyard dollardan artıq vəsaitin toplanması haqda razılığa gəliblər. Bu vəsait Suriyaya birbaşa humanitar yardımların göstərilməsinə, ölkənin inkişafı ilə bağlı müxtəlif layihələrin reallaşdırılmasına, həmçinin İordaniya, Türkiyə və Livan kimi 4,5 milyon suriyalı qaçqına qucaq açmış qonşu ölkələrə yardıma xərclənəcək.

Belə qənaətə gəlmək olar ki, Suriya böhranının siyasi həllini tapa bilməyən dünya gücləri, heç olmasa, humanitar böhranı bir qədər nəzarətə götürmək fikrinə düşüblər. Lakin liderlərin görüşündə İlham Əliyevin bir daha xatırlatdığı kimi, əsas şərt Suriya probleminin siyasi həllinə nail olunmasıdır. Azərbaycan Prezidenti nə dediyini yaxşı bilir. Hər halda, təəssüf ki, qaçqın problemlərinin həllində Bakının böyük təcrübəsi var. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu, dünyada adambaşına düşən qaçqınların sayına görə ən yüksək göstəricilərdən biridir. İlham Əliyev Azərbaycana çətin anlarda yardım göstərmiş beynəlxalq humanitar təşkilatlara, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarlıq edib. O, bu gün Azərbaycanın özünün donor ölkəyə çevrildiyini, suriyalı qaçqınlar da daxil olmaqla, maliyyə yardımı göstərdiyini xatırladıb. Bununla yanaşı, Əliyev bildirib ki, "ölkə yalnız sabitlik və sülh şəraitində inkişaf edə və böyük çətinliklərin öhdəsindən gələ bilər".

"Ən önəmlisi sülhdür. Buna görə də Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir. Əminəm ki, bu gün apardığımız müzakirələr həmin siyasi həllin tapılmasında öz vacib rolunu oynayacaq. Bu gün Azərbaycan əsaslı maliyyə və iqtisadi potensialı olan bir ölkə kimi buna sülh deyil, yalnız atəşkəs şəraitində nail ola bilib", - deyə prezident Əliyev dünya liderlərinin Londonda keçirilmiş toplantısında bildirib.

Lakin hələlik Suriya üçün atəşkəs razılaşması belə, faktiki olaraq qeyri-real işə çevrilib. Bu Yaxın Şərq ölkəsi dünyanın aparıcı oyunçularının maraqlarının kəsişməsindədir. Bu savaşın nə ilə bitəcəyi, hələ ki, məlum deyil. Elə Suriyanın taleyi də.



MƏSLƏHƏT GÖR:

431