2 May 2024

Cümə axşamı, 20:13

RƏHBƏRDƏN DƏ MÜHÜM

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturunun ordinarisi Vladimir Feketenin "R+"a müsahibəsi

Müəllif:

16.02.2016

- Azərbaycan KİV-də Roma Katolik Kilsəsinin rəhbəri Roma Papası Fransiskin Bakıya səfər edəcəyinə dair xəbərlər yayılıb. Məlumat nə qədər əsaslıdır?

- Əlbəttə ki, biz Papanın Bakıya gəlişinə şad olardıq. Lakin hələlik, Papa Fransiskin Cənubi Qafqaza, o cümlədən də Azərbaycana səfər edəcəyinə dair heç bir rəsmi məlumat yoxdur. Hazırda pontifikin plana uyğun olaraq, Meksika və digər Latın Amerikası ölkələrinə səfəri başlayıb. Bu səfər əvvəldən nəzərdə tutulmuşdu. Vatikanın rəsmi mətbuat xidməti onun Cənubi Qafqaza səfər edəcəyinə dair heç bir məlumat yaymayıb. Azərbaycan KİV-də yer almış xəbərlər hansısa nüfuzlu dairələrə istinadla yayılıb. Papanın Tiflisdəki nunsisidən - o, Müqəddəs Taxt-Tacın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfiridir - öyrəndim ki, Vatikanda Papanın Azərbaycana və regionun digər respublikalarına mümkün səfəri müzakirə olunur.

Bizim mövqeyimizə gəlincə, Azərbaycan qonaqpərvər ölkədir və hər zaman qonaq qəbul etməyə hazırdır. Bu səbəbdən, düşünürəm, Papa Fransiskin səfərindən yalnız yerli katoliklər deyil, ümumilikdə, Azərbaycan ictimaiyyəti məmnun olardı. Papa II İohan Pavelin 2002-ci ildə Bakıya etdiyi uğurlu səfəri yaddaşımızdadır. Ümid edək ki, hazırkı pontifik də Azərbaycana gələcək.

Papa Fransisk Azərbaycan və Ermənistan prezidentlərindən rəsmən səfər dəvəti alıb. Lakin hələlik, bu səfərlərlə bağlı konkret heç nə məlum deyil.

- Ermənistanda istəyirlər ki, Papa Fransiskin səfəri İrəvanın aprelin sonunda qeyd edəcəyi "erməni soyqırımı"nın ildönümü vaxtına düşsün...

- Ermənistan mətbuatında Papa Fransiskin səfəri ilə bağlı bu cür xəbərlər hələ 2014-cü ilin payızında yer almağa başlayıb. Lakin məlum olduğu kimi, 2015-ci ildə bu səfər baş verməyib. Yanvarın əvvəlində mən Tiflisdə Vatikan nunsisi ilə görüşdə bu məsələni gündəmə gətirmişəm. Demişəm ki, erməni ictimaiyyəti Papanın İrəvana tezliklə səfər edəcəyini, bu səfərin İrəvandakı matəm gününün 101-ci ildönümündə baş tutacağını bildirir. Görünən odur ki, ermənilərin istəyi bu il də baş tutmayacaq. Səfər aprelə planlaşdırılsaydı, Vatikanın mətbuat xidməti artıq müvafiq məlumat yayardı.

Səfərə hazırlıq üçün zəruri vaxta uyğun olaraq, Roma Papasının səfəri ilə bağlı informasiya əvvəldən yayılır - səfərdən 4-6 ay əvvəl; məsələn, pontifikin Afrikanın 4 ölkəsinə səfər edəcəyi ilə bağlı məlumat 4 ay əvvəl açıqlanmışdı. Məlumatda səfər çərçivəsində hansı tədbirlərin keçiriləcəyi də qeyd olunur. Odur ki, Papa Fransisk Bakıya səfər edəcəksə, biz bu haqda iyunda xəbər tutmalı, səfəri isə sentyabrda gerçəkləşməlidir. Amma biz yenə də pontifikin Azərbaycan paytaxtına baş çəkəcəyinə çox ümid edirik. 

- Roma Papasının səfəri ətrafında bu cür ajiotaj nə ilə bağlıdır? Dünyanın heç bir aparıcı ölkəsinin liderinin səfəri mətbuatın diqqətini bu dərəcədə cəlb etmir, bu qədər şərhlərə, müzakirələrə səbəb olmur...

- Pontifik, sadəcə, xüsusi iqtisadi, siyasi və ya hərbi əhəmiyyət daşıyan kiçik dövlətin başçısı deyil. O, eyni zamanda, dünyaəhəmiyyətli dinlərdən birinin - katolik kilsəsinin lideridir. Roma Papasına adi ölkə rəhbərindən daha diqqətlə və daha hörmətlə yanaşılır. Çünki o, dini lider olaraq, öz davranışı ilə, öyüdləri ilə hər kəsin diqqətini bəşəriyyətin gələcəyi üçün vacib olan dəyərlərin dərk və qəbul olunmasına çəkir.

- Səfər baş tutarsa, pontifik Cənubi Qafqaz qədər narahat regiona hansı mesajla gələcək?

- Papa Fransisk 2016-cı ili bütün katoliklər üçün mərhəmət ili elan edib. Bu il biz bir-birimizi bağışlamağa çalışmalıyıq ki, Haqq-Təala bizi bağışlasın. Düşünürəm, dünyada baş verən amansız müharibələr, terrorçuluq fonunda Papa Fransiskin əsas mesajı hər kəsə mərhəmət göstərilməsi olardı. Bu, insanın keçmişi bağışlaması və yeni həyata başlaması deməkdir - gələcək həyatın qurulması naminə keçmişin bağışlanması. 

- Bu yaxınlarda iki dünyamiqyaslı dinin təmsilçiləri - Papa Fransisk və İran Prezidenti Ruhani arasında görüş olub. Bununla yanaşı, Yaxın Şərqdə, Mərkəzi və Cənub-Şərqi Asiyada münaqişlər davam edir və münaqişə iştirakçılarının dediklərinə görə, burada dini səbəb də var...

 - Bu yaxınlarda biz Qafqaz Müsəlmanları İdarəsinin hörmətli sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və digər dini icmaların nümayəndələri ilə birlikdə böyük bir tədbirdə iştirak edirdik. Orada bu cür problemlər müzakirə edilirdi. Məsələnin kökünə baxsaq, xristianlıq, İslam və iudaizm kimi konfessiyalar insana hörmət ehtiva edir, çünki biz hamımız Allah tərəfindən yaradılmışıq. Təəssüf ki, Haqq-Təalaya yarınmaq istəyən insanların hisslərindən sui-istifadə etməyə çalışan siyasi, bəlkə də dini cərəyanlar var. Onlar insanlara Yaradana doğru sitayiş yolunu göstərmək əvəzinə, əsl dinlə heç bir əlaqəsi olmayan işlərə təhrik edirlər.

Daha bir problem ondadır ki, inanclı insanlar, xüsusilə gənclər dini bilikləri o qədər də doğru olmayan mənbələrdən alırlar. Bəli, tarixdə dini amillərlə bağlı müharibələr, savaşlar, nifrət olub. Lakin bütün dini liderlər keçmişdə olanları pisləyiblər. Bu hallara haqq qazandırmaq yox, onlara görə üzr istəmək lazımdır. Papa II İohan Pavel katoliklərin törətdiklərinə görə üzr istəyib. İndi qarşılıqlı sevgi, hörmət mühiti yaradılmalıdır və bu işdə din son dərəcə müsbət rol oynaya bilər. Əlbəttə ki, fanatizm toxumu əkən sektalar, cərəcəyalar var. Bu, dindən sui-istifadə etmədir.

- Azərbaycanda katoliklərin vəziyyəti necədir?

- Azərbaycanda katoliklər çoxsaylı, nüfuzlu dini icma olmasa da, bizi tez-tez hökumət görüşlərinə və tədbirlərinə dəvət edirlər. Bu, hökumətin və digər dini icmaların katoliklərə hörmətinin göstəricisidir. Bizim tədbirlərimizdə tez-tez digər konfessiyaların nümayəndələri də iştirak edirlər. Bu məni və bizim kilsəyə gələnləri çox sevindirir. Çalışırıq ki, Azərbaycandakı katolik icması digər dinlərə hər zaman hörmətlə yanaşsın. Dini liderlər dini icmalar arasında hörmət atmosferi yaratmalıdırlar. Biz sizin dini baxışlarınızı bölüşməyə bilərik. Lakin əminik ki, siz bizim qardaşlarımızsınız. Və bu, birgə layihələr və əməkdaşlıq üçün meydan yaradır.

- Vatikanın dövlət katibi kardinal Pietro Parolin özünün "Dünyanın Papası" kitabında yazır ki, Papa Fransisk sülhün bərqərar olmasına töhfə verəcəyinə əmin olarsa, sülhməramlı səfərlərə çıxmağa hazırdır. Kardinal konkret hansı regional problemləri nəzərdə tutduğunu deməyib. Bu cür sülhməramlı missiya Qarabağ, gürcü-rus münaqişəsinin mövcud olduğu regionda reallaşa bilərmi?

- Nəzərə alsaq ki, Papa, sadəcə, Allah adamı yox, həm də siyasi xadimdir, əminəm ki, onun səfəri, çıxışı regionda sülh və inamın yaranmasında müsbət rol oynaya bilər. Əsas odur ki, pontifikin nəsihətləri görüşdə iştirak edənlərə müsbət təsir göstərə bilər; məsələn, bu, qəddar qüvvələrin təsiri altında olan insanları hansısa əməldən çəkindirə bilər. Dünyada pontifikin baş çəkmədiyi bir çox katolik ölkəsi var. Onun Azərbaycana səfəri ciddi nailiyyət olar, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına müsbət təsir göstərərdi. Papa II İohan Pavelin Bakıya səfəri zamanı burada katolik kisəsi də yox idi. Bu, Vatikanın Azərbaycan dövlətinə hörmətinin göstəricisidir. 


MƏSLƏHƏT GÖR:

536