14 May 2024

Çərşənbə axşamı, 21:52

MÜNHENDƏN İSMARIŞ

Qlobal bədbinliyi necə aşmalı?

Müəllif:

16.02.2016

52-ci Münhen Təhlükəsizlik Konfransının bir çox iştirakçısı və müşahidəçisi beynəlxalq siyasətin əsas aktyorlarının dialoqa hazır olmadığından, münaqişələrin siyasi yolla həlli cəhdlərinin əksər vaxt uğursuzluqla nəticələndiyindən, ideya çatışmazlığından və ikili standartlardan danışıblar. Konfransın gündəliyini əvvəlcədən planlaşdırmağa ehtiyac yox idi - gözlənildiyi kimi, 40-dan artıq ölkə nümayəndəsinin əsas müzakirə mövzusu Suriya, "İD" ilə mübarizə, miqrasiya böhranı, Rusiya-Qərb münasibətləri, Ukraynadakı vəziyyət və qlobal iqtisadi çağırışlar olub. Bu mövzular həqiqətən də, nikbinliyə əsas vermir.

"Bu konfransı açarkən dedim ki, mənzərə son dərəcə bədbindir və onun nəticələri təəssüf ki, bu fikrin inkar olunmasına imkan vermir. Ümid edirəm, Münhendən verdiyimiz ismarış dünyada vəziyyətin daha da ağırlaşmasının qarşısını alacaq", - deyə konfransın rəhbəri Volfqanq İşinger yekun çıxışında bildirib. İşingerin fikrincə, forum iştirakçılarının bədbin fikirlərini Putinlə Obama arasında baş tutmuş telefon danışığı "bir qədər neytrallaşdırıb". Bu iki lider Münhen konfransında şəxsən iştirak etməsə də, şübhəsiz, Suriya ilə bağlı danışıqların gedişini diqqətlə izləyiblər.

 

Suriya və Ukrayna

Söhbət konfransın başlamasından əvvəl keçirilmiş Beynəlxalq Suriyaya Dəstək Qrupunun (BSDQ) iclasından gedir. İclasda BMT TŞ-nin 2254 saylı qətnaməsinin prinsip və müddəaları təsdiq olunub, bütün ölkə ərazisinə humanitar yüklərin çatdırılması ilə bağlı problemin bir həftə ərzində həll edilməsinə dair qərar qəbul edilib. Toplantı iştirakçıları hərbi əməliyyatların dayandırılmasına dair detalları müəyyənləşdirməyə (bu atəşkəs terrorçu dəstələrə qarşı əməliyyatlara şamil edilməyəcək) çalışıblar.

Real siyasi prosesə başlanılması məsələsi müzakirə olunur, lakin o, məlum səbəblərdən yuxarıda qeyd olunan şərtlərdən asılı vəziyyətdədir. Bununla yanaşı, ABŞ və Rusiyanın XİN başçıları iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri arasında işgüzar əlaqələrin qurulması imkanlarından da danışıblar.

Lakin təəssüf ki, bədbinlik üçün əsas daha çoxdur və onlar əsasən Suriya münaqihşəsi tərəflərinin danışıqlardan bəhs etmələrinə rəğmən, bir-birinə tam zidd mövqedə dayanmaları ilə bağlıdır. Rusiya vahid antiterror cəbhəsinin yaradılmasında israr edir, Qərb isə Moskvanın Bəşər Əsəd rejimini dəstəklədiyi şəraitdə bunun mümkün olmadığını deyir. Suriya ərazisində baş verənlərin digər iştirakçıları da öz maraqlarını müdafiə edir; məsələn, Münhendə aparılan dialoqla paralel olaraq, Suriyanın şimalında vəziyyətin daha da gərginləşdiyinə dair xəbərlər gəlib. Orada Türkiyə Suriya kürdlərinin sərhəd boyunca yerləşən mövqelərini bombalamağa başlayıb. Türkiyənin baş naziri Əhməd Davudoğlunun sözlərinə görə, zərbələr "Demokratik ittifaq" partiyasının (PYD) hərbi qanadı olan Xalq Özünümüdafiə Dəstələrinin (YPG) mövqelərinə endirilir. 

Məlum olduğu kimi, Ankara PYD-ni Kürd Fəhlə Partiyasının (PKK) bir hissəsi sayır və onu terrorçuluqda günahlandırır. Eyni zamanda, Türkiyənin "İncirlik"dəki bazasına Səudiyyə Ərəbistanı HHQ-nin bir neçə qırıcısı gətirilib. Onların Suriyanın Rakka şəhərinə hücum edəcəyi guman olunur. Xatırladaq ki, Rakkanı "İD"nin paytaxtı adlandırırlar. Eyni zamanda, Suriya Ordusunun da Rakka əyalətinə doğru hərəkətə keçməyə hazırlaşdığı bildirilir. Türkiyənin isə yerüstü əməliyyatlara başlayacağını istisna etməyən Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ ilə eyni addımı atıb-atmayacağı bəlli deyil. Bu arada amerikalılar da bölgəyə əlavə quru qoşunlarının göndərilməsinin mümkünlüyünü bəyan ediblər. Odur ki, hələlik tam barışıq və ya hərbi əməliyyatların dayandırılması haqda danışmaq həddindən artıq nikbinlik olardı.

Yeri gəlmişkən, Münhendə Ukrayna ilə bağlı da danışıqlar aparılıb. Ukrayna problemi Suriya münaqişəsi və Avropadakı miqrasiya böhranı fonunda Qərb üçün üçüncü plana keçsə də, onun hər an partlaya biləcəyi hər kəsə məlumdur. "Normand formatı" ölkələrinin (Ukrayna, Rusiya, Almaniya və Fransa) XİN başçıları "Minsk-2" razılaşmasının reallaşdırılmasına başlanılması haqda razılığa gəlməyə çalışsalar da, bu cəhdlər nəticə verməyib. Münaqişə, əslində, dondurulub, amma təmas xəttində müntəzəm olaraq atışmalar baş verir. Humanitar vəziyyət isə getdikcə pisləşir. Qərb dövlətləri əvvəlkitək Ukraynanı dəstəkləsə də, onun iqtisadi siyasəti tez-tez tənqid olunur.

 

Üçüncü dünya silkələnməsi?!

Bütün bunların fonunda Rusiyanın Baş naziri Dmitri Medvedevin Münhendə Rusiya-NATO münasibətlərinin yeni "soyuq müharibə" dövrünə qədəm qoyduğunu söyləməsi, həmkarlarından "Üçüncü dünya silkələnməsinə ehtiyac varmı?" soruşması konfransda emosiyalara, müxtəlif fikirlərə yol açıb. Qərb müşahidəçilərinin sözlərinə görə, çıxışının əvvəlində Vladimir Putinin məşhur "anti-Qərb Münhen çıxışı"nı xatırladan Medvedev öz prezidentinin üslubunu və tonunu təkrarlamağa çalışıb. Lakin Medvedev yalnız 2007-ci ildən bu tərəfə vəziyyətin çox pisləşdiyini xatırlada bilib. Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer Rusiya Baş nazirinin sözlərini dünya birliyinə "bizi "soyuq müharibə"yə aparan vəziyyətdən qaçmağın vacibliyi" haqqında xəbərarlıq kimi qiymətləndirib. ABŞ-ın dövlət katibi Con Kerri və ya Litva prezidenti Dalya Qribauskayte isə melanxolik şəkildə bildiriblər ki, "soyuq müharibə" artıq çox "qaynardır". Yeri gəlmişkən, Qribauskayteni başa düşmək çətin deyil. Britaniyanın BBC telekanalında bu günlərdə nümayiş olunmuş "sənədli" filmdə Üçüncü Dünya müharibəsinin Rusiyanın qonşu Latviyaya hücumu ilə başlayacağı bildirilirdi.

 

Su - təcavüz vasitəsi kimi

Münhendə yalnız siyasi və hərbi təhlükəsizlik məsələləri yox, əhəmiyyətinə görə onlardan heç də geri qalmayan qlobal miqyaslı digər təhlükələr də müzakirə edilib. Söhbət ilk baxışdan o qədər də sərt görünməyən, lakin uzaq perspektivdə bəşəriyyət üçün Yaxın Şərqdəki indiki durumla müqayisədə daha ciddi problemlər yarada biləcək məsələlərdən gedir. Bu cür qlobal miqyaslı problemlər arasında iqlim problemləri, enerji təhlükəsizliyi və resursların çatışmazlığı daha kəskin xarakter alıb. Məhz konfransın keçirildiyi günlərdə "Nyu-York tayms" qəzetində Niderlandın Tvente Universitetinin alimləri tərəfindən aparılmış araşdırmaların nəticələrinin dərci təsadüf deyil. Araşdırmalar göstərir ki, su çatışmazlığı ilə əlaqədar problemlərlə mütəmadi olaraq (ən azı, ildə 1 ay) dünya əhalisinin, təxminən, dörddəüçü qarşılaşır. Bu problem əsas şirin su təminatını Kür və Araz çaylarından götürən Azərbaycan üçün də yad deyil.

Azərbaycan Prezidenti İlham Əliyev "İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?" mövzusunda keçirilən panel-müzakirədə çıxışı zamanı bildirib ki, bu mənada Azərbaycan üçün əsas təhlükə ölkəni su ilə təmin edən çayların mənbəyini qonşu ölkələrdən götürməsindədir. Onun sözlərinə görə, xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. "Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun, Ermənistan bu siyasəti davam etdirir. Biz iyirmi ildən artıqdır ki, təcavüz və işğaldan əziyyət çəkirik. Ərazilərimizin 20 faizi işğal altındadır. İnsanların əziyyət çəkməsindən savayı, təbiətimiz də əziyyət çəkir. Çünki hər hansı beynəlxalq nəzarət altında olmayan bu ərazilərdə çoxlu qeyri-qanuni fəaliyyət, xüsusilə meşələrin qırılması baş verir. Çünki bu ərazilər öz qədim ağac və meşələri ilə çox məşhurdur. İndi isə bu meşələr kommersiya məqsədləri üçün kəsilir", - deyə İlham Əliyev bildirib. O, xatırladıb ki, bu yaxınlarda Avropa Şurası Parlament Assambleyası qonşu regionlara suyun təchizatında problem törətdiyinə görə Ermənistanı pisləyən qətnamə qəbul edib.

Müzakirələrdə iştirak edən Ermənistan XİN təmsilçiləri isə əsaslı ittihamlara cavab verməkdənsə, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı danışmağa başlayıblar. Lakin İlham Əliyev regionda insan haqlarını pozan varsa, bunun rəsmi İrəvan olduğunu, bununla bağlı BMT də daxil olmaqla, bir sıra beynəlxalq təşklatlarda qətnamələrin qəbul edildiyini xatırladıb.

"Ermənistan Avropa Şurası, Avropa Parlamenti tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasına, prezident və parlament seçkilərinin saxtalaşdırılmasına və hökumətinizin törətdiyi bir çox digər işlərə görə tənqid edilir. Biz Ermənistanı işğala görə günahlandırırıq və bunu təkcə biz etmirik. Bunu ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımına görə günahlandırırıq və bu soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınır. Biz Ermənistanı öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünlərimizin iztirabına görə günahlandırırıq. Onların 40 mini Dağlıq Qarabağdandır, 750 mini Azərbaycanın digər işğal olunmuş rayonlarındandır, 200 mini isə Ermənistandan qovulub və etnik təmizləməyə məruz qalıb. Bütün bunlar sizin işğalınızın nəticəsidir. Bu, sizin qonşu ölkəyə qarşı yürütdüyünüz siyasətin nəticəsidir və işğala son qoyulmalıdır. Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir", - deyə Azərbaycan Prezidenti bildirib.

 

Real çağırış

Azərbaycan Prezidenti Münhen konfransı çərçivəsinə enerji təhlükəsizliyinə dair "dəyirmi masa"da da çıxış edib. Söhbət "Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələlər üzrə enerji təhlükəsizliyi" 

mövzusunda keçirilmiş "dəyirmi masa"dan gedir. İlham Əliyevin bu toplantıdakı çıxışının əsas hissəsi enerji resurslarının qiymətinin kəskin ucuzlaşmasından sonra bir sıra çağırışlarla qarşı-qarşıya qalmış Azərbaycan iqtisadiyyatının durumuna həsr olunub. Bu, ilk növbədə, ixrac potensialının şaxələndirilməsidir ki, bunun üçün iqtisadi islahatlar davam etdirilməli, özəl sektor üçün ən yaxşı şərait yaradılmalı, nəhəng investisiyalar cəlb olunmalı, miqyaslı özəlləşdirmə proqramının reallaşdırılmasına başlanılmalıdır.

"Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq. biz postneft dövrünə 2030-cu ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlayıb və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə olan maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik", - deyə Azərbaycanınr dövlət başçısı qeyd edib. 

 

Yekunda

1963-cü ildə NATO-ya üzv ölkələrin müdafiə idarələri rəhbərlərinin toplantısı şəklində əsası qoyulmuş konfrans bu gün ən vacib beynəlxalq diskussiya forumu, dünya arenasındakı əhvalın əsas barometrlərindən biridir. Bu əhval isə tam əsaslı olaraq, ciddi narahatlıqlar yaradır. İşingerin də qeyd etdiyi kimi, bu gün siyasi və iqtisadi böhranlar daha mürəkkəb və proqnozlaşdırılması çətin olan şəkil alır. Bundan başqa, son zamanlar dünyada diplomatiyaya inam itib. Diplomatların gücsüz olduğu şəraitdə isə oyuna hərbçilər qoşulur. İndi hər kəs var gücünü sərf edərək və beynəlxalq hüquq normalarına əsaslanaraq, buna qarşı birgə çıxış etməlidır. 

Yeri gəlmişkən, İlham Əliyev Münhendə bu məsələyə də bir neçə dəfə diqqət çəkib. Bəs, qlobal bədbinliyi necə aradan qaldırmaq olar? Ümid edək ki, 2017-ci il fevralın 10-da başlayacaq təhlükəsizlik məsələləri üzrə 53-cü Münhen Konfransınadək beynəlxalq gərginlik az da olsa, səngiyəcək. 



MƏSLƏHƏT GÖR:

520