3 May 2024

Cümə, 01:39

DÜNYA KUBOKUNDA 4 MEDAL

Azərbaycanlı gimnast Oleq Stepko Bakıda keçirilən turnirdə qızıl, gümüş və bürünc medallar qazanıb

Müəllif:

01.03.2016

Bakıda ilk dəfə idman gimnastikası üzrə təşkil olunan Dünya Kuboku Azərbaycan idmançıları üçün uğurlu nəticələrlə yadda qaldı. Mötəbər yarışın yüksək səviyyədə təşkil olunmasına nail olan Azərbaycan Gimnastika Federasiyası 3 gün ərzində idmansevərlərə əsl bayram bəxş etdi. 19 ölkənin təmsilçiləri dünya standartlarına cavab verən arenada məharətini nümayiş etdirməklə yanaşı, həm də azarkeşlərin dəstəyini hiss etdi. 

Azarkeşlər eyni zamanda məşhur idmançılara - üç qat dünya çempionu Kenzo Şirai kimi idmançıya qonaqpərvərliyimizi nümayiş etdirdi. Yarış vaxtı hər idmançının çıxışının ölkəsinin musiqisiylə müşayiət olunması tamaşaçılara xüsusi zövq verdi. 

Dünya Kubokundakı nəticələrimizə gəlincə, Milli Gimnastika Arenasına gələn hər bir azarkeş qazanılan mükafatlardan razı qaldı. Azərbaycan gimnastı Oleq Stepko paralel qollar üzərində finalda tamaşaçıların ondan gözlədiyi nəticəni göstərdi. O, 15.550 xal toplayaraq, qızıl medala layiq görüldü. Fəxri kürsünün 2-ci pilləsinə Türkiyə təmsilçisi Ferhat Arican (15.350), 3-cü pilləsinə isə Yaponiya gimnastı Kaya Kazuma (15.250) yüksəldi.

Dayaqla tullanmada isə Oleqin çıxışı hakimlər tərəfindən 14.650 xalla dəyərləndirildi. Belə də ilk Avropa Oyunlarının qalibi gümüş medalla kifayətləndi. Bu alət üzərində hərəkətlərdə yarışların qalibi Yaponiya gimnastı Kenzo Şirai (14.975), bürünc medala isə Türkiyə idmançısı Ahmet Öndər (14.400) sahib oldu. Oleqin bir dəst medalını tamamlayan alət isə halqalar oldu. Bu alət üzərində o, 14.700 xal toplayaraq bürünc medal qazandı. 

Azərbaycanın qadın idman gimnastikasının nümayəndəsi Marina Nekrasovanın sərbəst hərəkətlərdə uğurlu çıxışı ona yarışların bürünc medalını (13.200) gətirdi. Bu baxımdan, Nekrasovanın üçüncü yer tutması Azərbaycan qadın idman gimnastikasına olan marağı artıracaq. 

Azərbaycan idmançılarından Dünya Kubokunun qalibi Oleq Stepkonun yüksək peşəkarlıq nümayiş etdirdiyini vurğulamaq lazımdır. Stepko ilk Avropa Oyunlarında olduğu kimi yenə də paralel qollarda uğur qazandı. Sürət və cəldlik sayəsində hərəkətləri səhvsiz yerinə yetirən təmsilçimiz hakimlərdən ən yüksək xalla qiymətləndirildi. Sözsüz ki, bu Stepko üçün Rio-de-Janeyroda baş tutacaq lisenziya xarakterli turnir ərəfəsində yaxşı motivasiya rolunu oynayacaq. Braziliyadakı yarışda Stepkoyla yanaşı, komandamızın digər üzvü Dünya Kubokunda 6-cı olan Petro Paxnyuk da iştirak edəcək. 

"R+"a müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Dünya Kubokunun nəticəsindən razı qaldığını bildirib: "Ən əsası odur ki, Milli Gimnastika Arenasında Azərbaycan himni səsləndi. Bizim növbəti gimnastika bayramımız baş tutdu. Azərbaycanın Birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Bütün azarkeşlərə, Təşkilat Komitəsinə, bu günün belə yaxşı keçməsi üçün əlindən gələni əsirgəməyərək əmək sərf edən hər kəsə təşəkkür edirəm. KİV əməkdaşlarına da təşəkkürümü bildirirəm ki, bu hadisəni belə gözəl işıqlandırdılar".

Altay Həsənovun sözlərinə görə, Təşkilat Komitəsi əlindən gələni etdi və hamı tariximizdə ilk dəfə olaraq idman gimnastikası üzrə Dünya Kubokunun ən yüksək səviyyədə keçdiyinin şahidi oldu: "Biz də, idmançılar da səylə hazırlaşmışdıq. Bura gələn bütün qonaqlar, idmançılar, məşqçilər və idman rəsmiləri təşkilati səviyyədən çox razı qaldılar. Demək istəyirəm ki, biz də təşkilati işlərin öhdəsindən uğurla gəldiyimiz və bununla yanaşı, nəticələr əldə etdiyimiz üçün çox məmnunuq. Əlbəttə ki, Oleq Stepkodan yaxşı nəticələr gözləyirdik".

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti vurğulayıb ki, Oleq Stepkonun əsas idman aləti paralel qollardır və o, bu növdə qızıl medal qazanmağı bacardı. Eyni zamanda Marina Nekrasova da yaxşı çıxış etdi.

Altay Həsənovun sözlərinə görə, yarışların ilk günü olduqca çətin keçdi: "Azarkeşlərimiz idmançılarımıza elə fəal azarkeşlik edirlər ki, bəzən onlara çıxış etmək çətin olur. Doğma divarlar arxasında çıxış etmək, həm asandır, həm də böyük məsuliyyət tələb edir. Ona görə də ilk gün Oleq Stepkonun işləri çox da yaxşı getmirdi, lakin sonra o, özünü toparladı və yaxşı çıxış etdi, hətta üç medal qazandı. İnşallah bizim hələ qələbələrimiz çox olacaq".

Altay Həsənov nəticələrdən məmnun qaldığını vurğuladı: "İndi hazırlıq dövrüdür, bütün iş və qələbələr hələ qabaqdadır. Ümid edirəm ki, Oleq Stepko daha da çox çalışacaq və Rio-de-Janeyro Olimpiadasında uğurlu çıxış edəcək. Lakin medallar barədə heç nə deyə bilmərəm. Medal qazana bilməyənlər də çox səy göstərdi. Unutmayaq ki, hazırda ilin əvvəlidir və uğurlar hələ qabaqdadır".

Federasiyanın vitse-prezidenti Təşkilat Komitəsinin işini də vurğulayıb: "Təşkilat Komitəsinin əməyini çox tərifləmək istəmirəm, lakin onların uğurlu işi göz qabağındadır. Bu bizim üçün idman gimnastikasında ilk belə təcrübədir. Bədii gimnastikada yüksək səviyyəli turnirlərin keçirilməsində təcrübəmiz var. İdman gimnastikasında bu, ilk təcrübədir və bu alındı. Beynəlxalq Gimnastika Federasiyası, Texniki Komitənin rəsmi şəxslərinin rəyləri əsasında deyə bilərəm ki, onlar məmnun qalıblar. Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Morinare Vatanabe Kubokun təşkilini çox yüksək qiymətləndirdi və bunu başa düşənlər, hiss edənlər görürlər ki, Bakıdakı Dünya Kuboku Dünya Çempionatı səviyyəsində təşkil edilib. Biz də yarışların belə yüksək səviyyədə keçməsindən çox razıyıq. Nəticələr də bizi qane edir. Bir sözlə, bayram baş tutdu. Bizim gimnastika bayramımızda iştirakınıza görə sizə təşəkkür edirəm".

Dünya Kubokunda üç medal qazanmaqla Azərbaycan azarkeşlərini sevindirən Oleq Stepko turnir ərəfəsində qarşıya qoyulan məqsədə nail olduğunu dedi. Onun fikrincə, bu medallar idman gimnastikasına olan marağı artıracaq: "Qarşıda Olimpiadaya qədər hələ çox turnirlər olacaq. Biz səhvlərimizi bilirik, onların düzəldilməsi və başqa dünya kuboku yarışlarında nəticələrimizi yaxşılaşdırmaq üzərində işləyəcəyik. Bakıdakı yarış üçün qarşıya qoyulan məqsədə nail olduq. Bütün azarkeşlərə təşəkkür edirəm. Onlar bizi qələbəyə doğru səsləyirdi".

Stepko yarışlardakı nəticələrindən razı qaldığını bildirb: "Bir şey deyə bilərəm ki, nəyin üzərində işləyirsənsə, nəyə doğru can atırsansa, ona da nail olursan. Bu gün nəticələrimdən məmnunam, eyni zamanda bilirəm hansı səhvlərimi düzəltməliyəm. Düşünürəm yarışa 70 faiz hazır idim, ilk növbədə, hazırlaşdığım tapşırıqlara düşmədim. Bəli, halqalarda və turnikdə finala düşdüm, halbuki sərbəst hərəkətlərdə və gimnastika atında finala düşməli idim. Bir aydan sonra Qətərdə yarışlar başlayır, bütün səhvlərimizi düzəltməyə çalışacağıq".

Qeyd edək ki, martın 5-6-da Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur. Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda 18 ölkəni təmsil edən 78 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq. Bunlardan 46-sı kişi, 32-si isə qadındır. Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, İlk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda Açıq Azərbaycan Çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitri Fedorovski və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.



MƏSLƏHƏT GÖR:

464