28 Aprel 2024

Bazar, 00:06

BİR PİANOÇUNUN RONDOSU

Nərgiz ƏLİYAROVA: "İşğaldan azad olunmuş Şuşada solo konsert verməyi arzu edirəm

Müəllif:

01.03.2016

"Musiqinin məqsədi - insanların qəlblərinə toxunmaqdır" - İohann Sebastyan Bax belə deyirdi. Bu fikirlər istər-istəməz Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə doktoru Nərgiz xanım Əliyarovanın fortepianoda möhtəşəm musiqisini dinləyərkən yaranır. Şopenin bu cür sərbəst, dinamik və ilhamlanmış interpretasiyasını, bəlkə də, heç yerdə dinləməzsən. Əbəs yerə deyil ki, Şopenin musiqi irsinin təşviqinə görə Nərgiz xanım Polşa Mədəniyyət və Milli İrs Nazirliyinin diplomuna layiq görülüb. 2015-ci ildə isə Hollandiyanın aparıcı "Etcetera" səsyazma şirkəti tərəfindən Nərgiz Əliyarovanın ifasında Şopenin əsərlərindən ibarət kompakt disk buraxılıb. Gərgin iş qrafikinə baxmayaraq, Nərgiz xanım özü və konsert fəaliyyəti barədə danışmağa vaxt tapıb.

- Ailənizdə, deyəsən, musiqiçi olmayıb...

- Tamamilə doğrudur: anam jurnalist, atam kompüter üzrə mütəxəssisdir. Mən isə öz gələcəyimi ancaq pianoçu rolunda təsəvvür edirdim, musiqi ilə beş yaşımdan məşğul olmağa başlamışam. Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində təhsil almışam, doqquz yaşında Aktyorlar Evinin səhnəsinə çıxmışam və Bethovenin "Baqateli"sini ifa etmişəm. Amma o zaman xoşagəlməz təsadüf baş verdi - səhnəyə royalı, lazım olduğu kimi, arxadan deyil, qabaqdan keçdim və ona görə suflyor üçün ayrılan yerə yıxıldım. Lakin özümü itirmədim, ordan çıxdım və əsəri ifa etdim. Artıq uşaqlıqdan qətiyyətli idim. Gələcəkdə də ilk dəfə maşın sükanı arxasında oturarkən və dəfələrlə digər ölkələrdə böyük səhnə qarşısına çıxarkən, özümə hər dəfə deyirdim - mən bacararam, mən bunu edə bilərəm!

İndi də tələbələrə bunu öyrədirəm. Konservatoriyada mən professor Elmira xanım Səfərovanın məktəbində oxumuşam, sonra kamera ansamblı üzrə Vladimir Anşeleviçin sinfində assistentura-təcrübəyə daxil oldum. Birinci dəfə Vladimir Tsesareviçin sinfinə hələ gənc vaxtlarımda, səkkizinci sinifdə oxuyarkən daxil oldum, sonra konservatoriyada onun sinfində təhsilimi davam etdirdim. Assisentura-təcrübəyə daxil olandan bir il sonra, Anşeleviç İsrailə miqrasiya etdi. Getməmişdən öncə o, bütün sinfini mənə verdi. Çünki əmin idi ki, onun müəllim prinsiplərini və ənənələri davam etdirə biləcəyəm. Hələ gənc idim, hətta bəzi tələbələr, xüsusi ilə qiyabi oxuyanlar məndən böyük idilər, lakin bu, məni qorxutmurdu. İkinci ili mən professor Azər Rzayevin sinfində davam etdirdim.

- Sizə Niyazinin rəhbərliyi altında da ifa qismət olub, təəssüratlarınız necədir?

- Konsertdən sonra o, məni təbrik etdi və öpdü. Belə şeyləri o, nadir hallarda edərdi. O vaxt hələ səkkizinci sinifdə oxuyurdum. Maestro məşqlər öncəsi bütün ifaçıları dinləyərdi. Hamı dahi musiqiçi qarşısında, həqiqətən, həyəcanlanırdı. Sonra orkestrlə məşqlər başlayırdı. Heç vaxt görmədim ki, bəzən dirijor qışqırıqla əldə edə bilmədiyi nəticələrə sükutla nail olsun. O, sadəcə dayanırdı, dirijor çubuğunu kənara qoyub, səhv edən adama baxırdı. Tam sakitlik çökürdü. Musiqiçi də dahi dirijorun şiddətli iti baxışlarından qaçmağa yer tapmırdı. Mənim İtaliyada ikinci yer tutduğum və medal qazandığım beynəlxalq müsabiqədə çıxışım taleyüklü olub.

- Siz Şopenin əsərlərinin ifasında bu cür zirvələrə necə nail olduz, çünki bütün dünyanın bu dahi bəstəkarı ifa etdiyi şəraitdə bu elə də asan deyildi?

- Mən Şopeni 2010-cu ildə bəstəkarın 200 illiyinin qeyd olunduğu və Bakıda bu tarixə həsr olunan konsertlərin keçdiyi dövrdə "kəşf" etdim. Polşalı pianoçi Stanislav Deya ilə biz Şopenin "İki fortepiano üçün rondosunu" ifa etdik. Bizdə ahəngdar ansambl alındı, sanki illərlə birlikdə məşq edirdik. Sonra "Trio Pruzinovski" Polşa folklor ansamblının iştirakı ilə konsert baş tutdu. Şopenin valsları və mazurkalarını çalırdım, məndən sonra isə ansambl fasiləsiz olaraq bir-birinə yaxın Polşa milli melodiyasını ifa edirdi. İkinci hissəsində onlar artıq Alim Qasımovla çıxış edirdilər və təsəvvür etmək mümkün deyildi, lakin Azərbaycan və Polşa musiqilərinin sintezi baş verirdi. Muğamdan Polşa folkloruna möhtəşəm keçidlər olurdu. Mən Şopeni çox çalmağa və dinləməyə başladım. Fəxr edirəm ki, bu konsertlərin nəticələrinə görə "Şopenin irsinin təşviqində nəzərəçarpan töhfəsinə görə" diplomuna layiq görüldüm. Bu gün o, mənim ən sevdiyim və mənə yaxın olan bəstəkarlardandır.

- Ümumilikdə nə qədər konsert vermisiniz?

- Təxminən, 200. Bu, həm Rauf Abdullayevin rəhbərliyi altında Çaykovskinin ilk konserti və Vena Kamera Orkestrinin solistləri ilə Avstriyada konsert və Teymur Göyçayevin rəhbərliyi altında Azərbaycan Dövlət Kamera Orkestri ilə fortepiano və truba üçün Şostakoviçin konserti və Parisdə Senat zalında konsertdir. Və bir çox başqaları: konsertlər - nəhəng gündəlik işdir.

- Hazırda konsert həyatınızda nə yeniliklər baş verir?

- Mən hər şeydə yeniliyi xoşlayıram - yeni ölkələri səyahət etməyi, yeni yeməklərin dadına baxmağı, yeni dillər öyrənməyi, yeni əsərlər bəstələməyi sevirəm. Bu yaxınlarda dahi Qara Qarayevə həsr olunan və maestro Teymur Göyçayevin rəhbərliyi altında kamera orkestri ilə birgə konsertim baş tutub. Mənə Qarayevin müasiri, belçikalı bəstəkar Vili Ostinin "Konsertştükü"nü ifa etmək təklif ediləndə, məmnuniyyətlə razılaşdım. Bu əsərin notlarını biz internetdən götürdük, mən yaxından məşq etməyə başlayanda, xeyli səhv və qeyri-dəqiqliklər aşkar etdim. Konsertə iki həftə qaldığına görə çıxışımı ləğv edə bilməzdim, səhvlərlə çıxış etməyə isə peşəkarlıq imkan vermirdi. 

Mən internetdə Belçikada fəaliyyət göstərən yeddi konservatoriyanın ünvanını tapdım və əsərin notlarını tapmaqda kömək üçün xahiş etdim. Ancaq Antverpendən cənab Devayldın kitabxanasının müdirindən cavab aldım. O, mənə "konsertştükün" yerləşdiyi digər sayta baxmağı məsləhət gördü. Çox təəssüf ki, bu, başqa sayt olsa da, musiqi mətni eyni idi, cavabda yazdığım səhvlərlə. Mən artıq ümidimi itirmişdim, lakin gözlənilmədən bəstəkarın əlyazmalarının skan edilmiş surətlərinin 49 səhifəsini göndərən cənab Devaylddan məktub aldım. Bir neçə gündən sonra onun dayısının əsərlərini ifa etdiyim üçün mənə təşəkkür edən bəstəkarın bacısı oğlu cənab Jan Pyer Ostindən məktub aldıqdan sonra, mənim təəccübümü təsəvvür edin. Məlum oldu ki, cənab Devayld ona xahişimi çatdırıb və Jan Pyer bu əsərin əlyazmasını skan edib, onları kitabxanaya göndərib ki, onlar da öz növbəsində notları mənə göndərsinlər. Mənə yardım əllərini uzadan bu insanlara çox minnətdaram.

- Evdə nə qədər çalışmalı olurduz? Deyilənə görə ifaçılar bəzən ev tapşırıqlarına sutkada 8-10 saat sərf edirlər.

- Yeni əsəri öyrənərkən, musiqi alətinin arxasında çox oturmalı olursan, orta hesabla, gündə 2-5 saat məşğul oluram. Ona görə də hobbi üçün vaxtım qalmır. Təsərrüfat üzrə köməkçim var və ailəmizin rifahını təmin edən ərim sayəsində özümü sevdiyim işə həsr edə bilirəm. Əks halda məişət bütün vaxtımı "yeyərdi". Üç uşağımız var. Böyük qızımın 18, balaca qızımın 14 yaşı var. Onlar İngiltərədə oxuyurlar. Oğlumun isə cəmi 6 yaşı var.

- Dövlət triosu tərkibində konsertləriniz nə qədər müntəzəm keçir?

- Mən Azərbaycan dövlət fortepiano triosunun solistiyəm və ayda bir dəfə müxtəlif proqramlarla Kirxada çıxış edirik.

- Siz daha çox necə solo çıxış etmək xoşlayırsız - orkestrin müşayiətiylə, yoxsa trio tərkibində ifa etmək?

- Orkestr ilə çalmaq daha məsuliyyətlidir - dirijora tabe olmaq və digər musiqiçiləri diqqətlə dinləmək lazımdır. Tək isə daha sərbəst ifa etmək və hər dəfə ifaya nə isə yenilik qatmaq üçün daha çox imkan var.

- 1992-ci ildən siz Bakı Musiqi Akademiyasında tədris edirsiniz. Hazırda xüsusi "Fortepiano" kafedrasının və "Kamera ansamblı" kafedrasının professorusunuz. Tədris konsert fəaliyyətinizə mane olmur ki, vaxtınızı almırmı?

- Əksinə, tələbələrlə dərslər sanki mənim ifaçılığımı cılalayır. Mən tez-tez tələbələrimə iradlarımı bildirirəm, eyni əsərləri ifa etməklə özümün də edə biləcəyim səhvləri əyani şəkildə görürəm. Ən əsası isə ifaçı olanda, alətin arxasında tələbədə alınmayan çətin fraqmentləri nümayiş etdirə bilərəm. Bəzən klaviaturadan asılı olmamaq üçün bağlı gözlərlə məşq etməyi xoşlayıram.

- Güclü tələbələr var? Çünki belə tələbələr sizin pedaqoji fəaliyyətinizin göstəriciləri ola bilərlər?

- Bəli yaxşı tələbələr var, məsələn, ikinci kursda oxuyan Nərmin Qurbanova. Bu yaxınlarda Rusiyada keçirilən beynəlxalq müsabiqənin artıq ikinci dəfə laureatı oldu.

- Səsyazma ilə bağlı daha nə yenilik gözlənilir?

- Ötən il diskimi buraxan Belçikanın "Etcetera" şirkəti mənim ifamda Azərbaycan bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Aqşin Əlizadə, Firəngiz Əlizadə, Vaqif Mustafazadə, Fərəc Qarayev, Cavanşir Quliyevin musiqisini yazmağı təklif edib. Bu yaxınlarda isə - ötən ilin mayında Almaniyada Ostenbrüx şəhərində studiyada mən Vyana musiqiçiləri - Qaydn, Motsart, Bethovenin əsərlərini yazdım. Xaricdə işimdə mənə ingilis və fransız dillərini bilməyim kömək edir. İfaçının əhvali-ruhiyyəsini və əsərin aurasını qeydə alan səsyazmaları reallaşdırmağa başladıqdan sonra, istədim ki, hər yeni ifa peşəkarcasına yazılsın, o, öz sərbəst həyatı ilə yaşasın. Müxtəlif mövzu ilə bağlı ildə bir disk buraxmaq pis olmazdı. Mənim birinci diskim konsertdən yazılıb. Orada mən Motsartın 15-ci və Bethovenin 3-cü konsertini ifa edirəm. İkinci diskdə Azərbaycan müəlliflərinin əsərlərini ifa edirəm. Ümid edirəm ki, ildə bir dənə disk yazmağa gücüm çatar.

- Şəkilləriniz olan jurnallara baxanda, çox üzr istəyirəm, sizi fotomodel bildim. Şövqlü simanıza baxanda isə anladım ki, qarşımdakı incəsənət adamıdır.

- Hər bir qadın yaxşı görünmək istəyir...

- Konsert təcrübənizdən məzəli hadisə xatırlayırsız.

- Zalda səmimi gülüşə səbəb olan suflyor üçün yerlə bağlı hadisədən başqa? (gülür). Bir dəfə, konservatoriyanın Böyük zalında Zaqafqaziya (Cənubi Qafqaz) müsabiqəsi üçün seçmə mərhələsində ifa edərkən, səhnəyə pişik çıxdı. Hələ də bilmirəm o, hardan çıxmışdı? O, gəzməyə və ayağıma sürtünməyə başladı. Zalda gülüş səsləri eşidilirdi, mən sağ ayağımla pedalı tuturdum, sol ayağımla isə pişiyi qovmağa çalışırdım. Yaxşı ki, özümü saxladım və axıra qədər ifa etdim. 

- Özünüzü xoşbəxt qadın sayırsınızmı və ən xoşbəxt gününüz hansıdır?

- Əlbəttə ki, mənim ən xoşbəxt günüm sabahkı gündür, çünki mən yenə də səhər yaşaya, ailəmin qayğısına qala və sevdiyim işimlə məşğul ola bilərəm. Bu, xoşbəxtlik deyil? Bir də, xoşbəxtliyim ondadır ki, mənim istedadım işimlə üst-üstə düşür.

- Sizin ən böyük arzunuz nədir?

- İşğaldan azad olunmuş Şuşada solo konsert verməyi arzu edirəm. Və orada mənim bütün uşaqlarım və tələbələrimin iştirak etməsini istərdim.



MƏSLƏHƏT GÖR:

460