7 May 2024

Çərşənbə axşamı, 13:36

QADINLARIN BAYRAMI

Zərif cinsin nümayəndələri Avropa Çempionatının iki qızılı ilə güləş üzrə Azərbaycan millisinin şöhrətini qoruyublar

Müəllif:

15.03.2016

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa Çempionatı Azərbaycan yığmasının 8 medal qazanması ilə əlamətdar oldu. Bununla belə, qitə birinciliyi yığmada olan problemləri üzrə çıxardı. Azərbaycan millisinin əldə etdiyi hər iki qızıl zərif cinsin nümayəndələrinin adına yazıldı.

Latviyadakı Avropa Çempionatı xanım güləşçilərimizin benefisi ilə yadda qaldı. Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik növbəti dəfə Avropa çempionu olmaqla, 48 kq-da ona rəqib olmadığını sübut etdi. Stadnik əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya güləşçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəldi. Finalda güləşçimizin rəqibi Rumıniya idmançısı Emilia Vucça qarşı 4 fənd işlədərək, qızıl medal qazandı. Mariya bugünədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu olub. 

"Qadınların bayramında özümə qızıl medal hədiyyə etdim. Xoşbəxtəm ki, yenidən Azərbaycan Himnini səsləndirdim. 5-ci dəfə Avropa çempionu olmaq mənim üçün beşqat sevindiricidir. Yeganə arzum olimpiada ilə bağlıdır. Rioda da qızıl medal qazanmaq istəyirəm", - deyərək Stadnik bildirib.

Millinin qazandığı ikinci qızıl medal 58 kq-da mübarizə aparan Nataliya Sinişinin adına yazıldı. İlk görüşdə belaruslu Veranika İvanova ilə üz-üzə gələn güləşçi gərgin keçən döyüşdə qələbəyə sevindi - 4:2. O, ardınca Anna Vasilyenko (Ukrayna) və Elin Yohanna Nilssonla (İsveç) dueldən qalib ayrıldı. Həlledici görüşdə Qrays Yakob Bulleni (Norveç) 3:1 hesablı ilə üstələyən Sinişin karyerasında ilk dəfə qitənin ən güclüsü adını qazandı.

60 kq-da yarışan dünya və Avropa çempionumuz Yuliya Ratkeviç 1/4 finalda bolqarıstanlı Canan Manolovanı yarışdan kənarlaşdırdı. Lakin yarımfinalda Ukrayna idmançısı Oksana Herhelə uduzan Radkevin çempionluq şansını itirib. Bürünc medal uğrunda döyüşdə norveçli Şarlotta Skauenla qüvvəsini sınayan təmsilçimiz təmiz qələbə qazanaraq, çempionatı bürünc medalla tamamlayıb. 

Sərbəst güləşçilər Avropa Çempionatında onlara bəslənən ümidi doğrultmadı. Olimpiya çempionu Şərif Şərifovun zədə səbəbindən son anda xalça üzərinə çıxmaqdan imtina etməsi məşqçilərin planını pozub. Digər idmançılarımız isə səviyyələrindən aşağı çıxış edib. Sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev finala qədər bütün rəqiblərindən üstün olub. Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb, güləşçimiz Avropa Çempionatını gümüş medalla başa vurub.

İkiqat dünya çempionumuz Hacı Əliyev (61 kq) litvalı Şarinas Yurkisə və bolqarıstanlı Vladimir Dubova 11:0 hesabı ilə qələbə qazanıb. Təmsilçimiz yarımfinalda Vladimir Xinçeqaşviliyə (Gürcüstan) uduzub. O, bürünc medal uğrunda ermənistanlı Valodya Franqulyanla qarşılaşıb. Güləşçimiz rəqibini 7:0 hesabı ilə darmadağın edərək, bürünc medal qazanıb.

İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov Yakob Maxaraşvilini (Gürcüstan), Giya Çixladzeni (Ukrayna) və Miroslav Kirovu (Bolqarıstan) mübarizdən kənarlaşdırıb. Qızıl medal uğrunda görüşdə isə Sönər Dəmirtaşa (Türkiyə) 1:2 hesabı ilə uduzan pəhləvanımız ikinciliklə barışmalı olub.

Yunan-Roma güləşçilərimizə Avropa Çempionatından xatirə kimi 2 bürünc qismət oldu, bunları da Kamran Məmmədov (66 kq) və Həsən Əliyev qazandı. Avropa Çempionatının artıq üçüncü bürünc mükafatını qazanan Kamran Məmmədov üçün bu nəticə məğbul sayılsa da, dünya və Avropa çempionu Həsən Əliyevdən gözləntilər daha artıq idi. 

"Beynəlxalq yarışlarda ilk dəfə 71 kq çəki dərəcəsində güləşirdim. Bu səbəbdən, rəqiblərim barədə ətraflı məlumatım yox idi. Avropa çempionatında hamı dilxordu, mən 3-cü yeri tutmuşam, sevinmirəm. Çünki komandada finalçı yoxdur. Çıxışımdan razı qalmadım. Ola bilər, gələcəkdə çəkimi 66 kq-a salım. Bütün qərarları məşqçilər verəcəklər. Əsas lisenziyanı əldə etməyimizdi", - deyərək H.Əliyev bildirib.

Ümumilikdə, 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında üçüncü pillədə qərarlaşdılar. Avropa Çempionatında 2 qızıl və 1 bürünc medal qazanan qadın güləşçilərimiz isə komanda hesabında 4-cü yeri tutdu. Çempionatı 2 gümüş və 1 bürünc medalla tamamlayan sərbəst güləş yığmamız isə komanda hesabında 5-ci oldu.

Qadın güləşçiləri Avropa Çempionatında çıxışına görə alqışlamaq olar. İki qızıl medal qazanan milli, sözün əsl mənasında, Riqada rəqib tanımadı. Yığmanın lideri Mariya Stadnik bütün görüşlərini yüksək səviyyədə keçirdi. Amma bu xoş sözləri sərbəst və yunan-Roma güləşçiləri haqqında söyləmək mümkün deyil. Olimpiya çempionu Toğrul Əsgərovun yoxluğunda Şərif Şərifovun zədələnməsi məşqçilər üçün ciddi siqnal sayılmalıdır. Bərabərsəviyyəli görüşlərdə çoxlu sayda səhvə yol verən pəhləvanlar Olimpiada ərəfəsində bütün fikrini hazırlığa yönəltməlidir. Yunan-Roma güləşçilərinin çıxışını da qənaətbəxş saymaq olmaz. Sabiq Avropa çempionu Həsən Əliyevin bürünc medalla kifayətlənməsini 71 kq-da ilk dəfə çıxış etməsi ilə əlaqələndirmək mümkündür. Bununla belə, bu çəkidə Rəsul Çunayevin Rioya getmək şansı daha çoxdur. Elvin Mürsəliyev, Rafiq Hüseynov, İslam Abbasov qitə birinciliyində layiqli çıxış etmədiyinə görə cəzalanmalıdırlar. 

Qeyd edək ki, qarşıda güləşçilərimizi daha 3 beynəlxalq turnir gözləyir. Bundan sonra isə Rioya yollanacaq heyət elan olunacaq və Olimpiadaya xüsusi plan üzrə hazırlıq başlayacaq.



MƏSLƏHƏT GÖR:

564