5 May 2024

Bazar, 22:47

"BAKINI QƏLƏBƏ İLƏ YADDA SAXLAYACAĞAM"

"Formula-1" üzrə ikiqat dünya çempionu Fernando Alonso Bakı virajından gözləntilərini "R+" ilə bölüşüb

Müəllif:

15.03.2016

"Formula-1"in azarkeş ordusu Fernando Alonsonu yaxşı tanıyır. İkiqat dünya çempionu, Avropa "Qran-pri"sinin ulduz elçisi seçilən Alonso Bakıda səfərdə oldu və yarışın keçiriləcəyi Bakı Şəhər Halqası ilə və şəhərimizin tarixi yerləriylə tanış oldu. İspan pilot Hökumət Evinin qarşısında paddok və pit-stop binasının tikintisi ilə bağlı həyata keçirilən işlərlə, İçərişəhər divarlarının ətrafından keçən trekin ensiz yoxuş hissəsi ilə, Dənizkənarı Milli Park boyunca uzanan və finiş xəttinə doğru avtomobillərin saatda 340 kilometr sürət yığa biləcəyi sürətlənmə xəttinə baxış keçirib.

Üçgünlük səfər müddətində "Formula-1" azarkeşləri ilə görüşən Fernando Alonso "R+"a eksklüziv müsahibə verməyə də imkan tapdı. 

- İlk öncə "R+"a vaxt ayırdığınız üçün təşəkkür edirik. Siz Bakıda gördüklərinizdən razı qaldınız?

- İki-üç günə Azərbaycan paytaxtını tanımaq çətindir. Qonaq olduğum müddətdə Bakı haqqında çoxlu məlumat topladım. Növbəti səfər zamanı daha çox informasiya əldə edəcəyəm. Burada çoxlu sayda məni sevənlərin olmasına şad oldum. "Formula-1" Azərbaycan üçün yeni idman növüdür. Onu bir qədər tanımaq lazımdır. Sonra sevəcəyinizə əminəm.

- Ötən mövsüm sizin üçün uğurlu olmadı. Səbəb nədir?

- Çox çətin mövsüm keçdi. Qələbə qazanmaq üçün şansımız olmadı. Yarışın sonuna qədər bolidin müəyyən problemlərlə üzləşəcəyini bilirdik. Turnir vaxtı bəzi problemlər istəyimizə mane oldu. Hazırda yolun yarısındayıq. Yeni komandamızda qələbə əzmi daha çoxdur. Bu mövsüm iddiamız artır. Sözün əsl mənasında, uğur üçün darıxmışıq.

- Fernando Alonso karyerasını başa vurmaq barədə düşünmür?

- Son illər uğurlu olmasa da, insanların mənə inamı artıb. Çoxlu sayda müxtəlif fikirlər var. Hamısında özümə dəstək hiss edirəm. Belə dəstək olduğu halda, idmanı tərk edə bilmərəm. On altı ilimi "Formula-1"ə həsr etmişəm. Daha 16 il çıxış etmək istərdim. Hazırda bu barədə düşünmürəm. Formadayam, yarış üçün darıxmışam. Deməli, son barədə fikirləşməyə vaxt yoxdur.

- Hazırkı bolidləri bəyənirsiniz?

- O qədər də yox. Çünki maşınlar elə də sürətli deyil. Bolidlərin çəkisi 720 kilodan artıqdı. Təbii ki, belə vəziyyətdə maşın sürətlə hərəkət edə bilməz. "Formula-1" təkcə pilotların yarışı deyil. Əgər çempion oluramsa, bu, həm də mühəndisin uğurudur. Axı, maşını mühəndis düzəldib. "Formula-1" həm də ən yaxşı mühəndislərin yarışıdır. Pilotun işi düzgün idarəetmə ilə finişə birinci çatmaqdır. 

- "Ferrari"dən niyə ayrıldınız?

- Hiss etdim ki, getmək vaxtıdır. "Maklaren"ə keçməsəydim, karyeram zərbə alacaqdı. Çünki "Ferrari"də təzyiq hiss edirdim. Təzyiq olanda rahat mübarizə aparmıram. Hər zaman liderlik tələb olunur və hər dəfə bunu sənin yadına salırlar. 

- Fernando Alonsonun istirahət etməyə vaxtı olur?

- İl ərzində 70-75 gün dincəlirəm. Çox az vaxtım olur. Bildiyiniz kimi, son iki ildə Dubayda yaşayıram. Orada mənim üçün hər şey idealdır. Hazırlıqla bağlı dünyanın bir çox şəhərlərinə getməli oluram. Dubaydan hər yerə hava uçuşları həyata keçirilir. Bəzən istirahət vaxtı da "Formula-1"i düşünürəm. Yaxşı dincələndən sonra yarışda da yaxşı çıxış edirəm.

- Hazırda "Formula-1"in ən yaxşı pilotu kimdir?

- Qalib olan idmançı ən yaxşı pilotdur. Kim udursa, o da güclüdür. Sözsüz ki, hazırda, yəqin ki, Hamilton ən güclülərin arasında liderdi.

- "Formula-1"i çoxlarına Mixail Şumaher sevdirib. Onun vəziyyəti ilə maraqlanırsınızmı?

- Şumaher özü elə "Formula-1" deməkdir. O, bu idmanın əfsanəsidir. Onunla baş verən xəbərə çox üzüldük. İnanırıq ki, tezliklə sağalacaq. Şumaher böyük idmançıdır. Məhz buna görə onun bu vəziyyətdən çıxacağına inanırıq. "Formula-1"i onsuz təsəvvür etmək mümkün deyil.

- Bakı Şəhər Halqası haqqında danışaq. Sizcə, bu trassdakı mübarizə maraqlı olacaqmı?

- Uzun düzlükdə sürəti maksimum artırmalısınız və sonra qəfil sərt döngəyə daxil olmalısınız. Bu, pilotlar üçün çox böyük çağırış olacaq. Yüksəksürətli hissələrdən sonra gələn döngələr pilotlar üçün ən çətin hissələr sayılır. 11-18-ci sektorlarda yolun daralmasını müşahidə edirik. Bu, şəhərin tarixi hissələridir. 13, 14 və 15-ci sektorlarda hərəkət yoxuş üzrə olduğundan, bolidlərə yük düşəcək. Bu da asan olmayacaq. Bunun öhdəsindən gəlmək üçün Bakı Şəhər Halqasında bir neçə dəfə hərəkət etmək lazımdır. Sözsüz, bu trek bizim üçün böyük adrenalin olacaq. Bəlkə də sürəti saatda 340 km-ə qədər artıra biləcəyik.

- Bakıdakı trasın tarixi ərazilərindən keçən hissəsində qala divarlarının zədələnmək ehtimalı var. Bu barədə nə deyə bilərsiniz?

- Təşkilatçılar bu məsələyə daha yaxşı cavab verə bilərlər. Şəxsi fikrimdir ki, bununla bağlı narahat olmağa dəyməz. Heç bir problem olmayacaq. Bir çox sürətli yarışlarda iştirak etmişəm. Hazırda "Formula-1"də şəhərdaxili yarışların sayı artıb. Hər şey çox gözəl hesablanır və nizamlanır. Təşkilatçılar daim ərazinin və azarkeşlərin təhlükəsizlik məsələsinə çox diqqətlə yanaşır.

- Artıq test yürüşləri başlayıb. Ötən mövsümlə müqayisədə, "Maklaren"in hazırkı bolidi daha etibarlı və dözümlü görünür. Bəs, sürət baxımından inkişaf varmı? Sizi bu mövsüm çempionluq mübarizəsində görəcəyik?

- Son iki həftədə sınaq yürüşləri keçirdik. Bu testlər maşınımızın potensialını üzə çıxardı. Komandamız son 3-4 ayda böyük iş gördü. Ötən mövsüm yaranmış bəzi problemləri həll etdik. Bolid bu il daha yaxşıdır. Etibarlılıqla yanaşı, idarəetmə sarıdan da irəliləyiş əldə etmişik. Hələ bəzi işlər də görüləcək və Bakıda keçiriləcək yarışda mövsümün ilk "Qran-pri"si ilə müqayisədə daha sürətli bolidlə çıxış edəcəyik.

- Hər zaman ən güclü komandada olmağı arzulamısınız. Hazırda bu komanda "Mersedes"dir. Son 2 ilin çempionu ilə anlaşa bilərsinizmi?

- Bura növbəti dəfə çempion olmaq üçün gəlmişəm. "Maklaren"in böyük potensialı var. Ötən il komandamız yeni heyətlə çıxış edirdi və bu üzdən bizim üçün ağır mövsüm oldu. Amma bu il daha əzmlə irəliləyirik. Gücümüzü bərpa edəcəyimizi düşünürəm. Əvvəllər "Red Bull" öndəydisə, indi "Mersedes" dominantlıq edir. Amma biz də həmişə ön sıralarda olmuşuq. "Maklaren"i siyahıdan silmək olmaz. Qələbə ruhumuzu itirməmişik. Bu mövsüm də istisna olmayacaq.

- Sizcə, "Formula-1" tarixində ən yaxşı maşınlar hansı dövrə aiddir?

- 2003-2005-ci illərə. Bütün dövrlərin maşınları haqqında danışa bilmərəm. Lakin mənim karyeram vaxtı ən yaxşılar 2003-2005-ci illərə aiddir. O zaman tez sürət yığırdıq. Məsafəni indikindən çox tez qət edirdik. Sonradan bəzi qaydalar dəyişildi. Maşınların hazırlanmasında müəyyən şərtlər çox vacibdir. O dövrün maşınları, məncə, pilotlar üçün daha yaxşı idi.

- İmkan olsaydı, "Formula-1"də hansı qaydanı dəyişərdiniz?

- Sürəti artırardım. Daha çox sürətə imkan verərdim. Sözsüz, təhlükəsizlik çox vacibdir. Pilotlar həyatları ilə risk etməməlidirlər. Amma sürət artarsa, manevr imkanı yüksələcək. Yarış daha maraqlı olacaq. 

- Həyatda kumiriniz kimdir?

- Uşaqlıqdan futbola baxmışam. Zidanı çox bəyənirəm. Basketbolçulardan Maykl Cordanın adını çəkə bilərəm. Hər zaman qibtə etdiyim məşhur idmançılar olub. Yəqin ki, "Formula-1" pilotlarını da özünə kumir seçənlər var. İnsanları bu idman növünə həvəsləndirə bilsəm, bundan yalnız məmnunluq duyaram.

- Arda Turan haqqında nə düşünürsünüz?

- Ardanı İspaniyada çox sevirlər. Əvvəllər "Atletiko"da oynayırdı. Hazırda "Barselona"nın formasını geyinir. Mən isə "Real" fanatıyam. Ona görə Ardanın oyununu bəyənə bilmərəm (gülür). Bu zarafatdır, Arda çox istedadlı futbolçudur. "Real"a keçsə, çox sevinərəm.

- Bakı nə ilə yaddaşınızda qalacaq?

- Gülərüz insanlar və qonaqpərvərlik. Amma istərdim ki, yayda gələndə çempionluqla yadda qalsın. Qələbə qazansam, Bakını heç vaxt unutmayacağam.



MƏSLƏHƏT GÖR:

453