17 May 2024

Cümə, 11:52

"XARİC BİZƏ KÖMƏK EDƏCƏK"

Ermənistanda bu tezis həm iqtisadiyyata, həm də daxili siyasətə aid edilir

Müəllif:

15.03.2016

Ermənistanda növbəti daxili siyasi səs-küy müşahidə olunmaqdadır. Prezident Serj Sarqsyan hakim koalisiyanın "yenidən formalaşdırılmasına" başlayıb və indi orada daşnaklar da təmsil olunacaq. Hakim Respublikaçılar Partiyası ilə bu yaxınlaradək müxalifətdə olan "Daşnaksutyun" Erməni İnqilabı Federasiyası arasında əməkdaşlıq sazişinin imzalanması ənənəvi təntənə ilə, Ermənistan prezidentinin iqamətgahında baş tutub. Respublikaçılar Partiyasından sənədi partiya sədrinin müavini Armen Aşotyan, "Daşnaksutyun"dan isə partiyanın Ermənistandakı ali orqanının sədri Aqvan Vardanyan imzalayıblar. Bundan az sonra məlum olub ki, imzalanmış razılaşma iki postun daşnaklara verilməsini nəzərdə tutur. Söhbət Araqasot və Şirak vilayətlərinin qubernatoru vəzifələrindən gedir. Bundan başqa, "Daşnaksutyun" 3 nazir postuna da yiyələnib: iqtisadiyyat naziri Arsvik Minasyan, ərazi idarəetmə naziri David Lokyan, elm və təhsil naziri isə Levon Mkrtçyan təyin olunublar.

Bu da son deyil. Prezidentin sərəncamı ilə Maliyyə Nazirliyi yenidən formalaşdırılıb - Dövlət Xərcləri Komitəsi nazirlikdən ayrılıb və Prezidentin Nəzarət Xidmətinin başçıçı Ovik Ovsepyan ona rəhbər təyin edilib. Energetika və təbii resurslar naziri Yervand Zaxaryanı isə Nəzarət Palatası sədrinin müavini Levon Yolyan əvəzləyib. Bundan əvvəl baş prokuror Georgi Kutoyan Milli Təhlükəsizlik Xidmətinin direktoru, ədliyyə nazirinin müavini Arman Tatoyan isə Ermənistan Ombudsmanı postunu tutmuşdular.

İrəvanın müxalifətçi analitikləri isə bu hadisələrin real siyasi nəticələr verəcəyini düşünmürlər; məsələn, "İrs" partiyası sədrinin müavini Armen Martirosyan hökumətdəki son dəyişikliklərə bu acı sözlərlə reaksiya verib: "Sovet maşını "Jiquli" hansı rəngdə boyanırsa-boyansın, "Mersedes"ə çevrilməyəcək. Bütün bu yerdəyişmələr 2017-ci ildə keçiriləcək parlament seçkisi ərəfəsində rahat konfiqurasiyadır. Bütün bunlar Serj Sarqsyanın başçılıq etdiyi rejimin "təkrar istehsalına" yönəlib".

KİV-də artıq belə ehtimallar irəli sürülür ki, daşnakların hökumətə dəvət olunması, əslində, eks-prezident Robert Koçaryanın mövqelərinin zəiflədilməsinə edilən cəhdlərdir. Xatırladaq ki, onun Ermənistan prezidenti postunu tutduğu zaman hakim partiya rolunu məhz "Daşnaksutyun" oynayırdı. Halbuki, Koçaryan formal olaraq bu partiyann üzvü deyildi. Bu gün Sarqsyan daşnakları öz tərəfinə çəkirsə, bu, çox şeydən xəbər verir. Əksər hesablamalarda, proqnozlarda müəlliflər Sarqsyana əsas rəqib kimi, Ter-Petrosyanı, Raffi Ovannisyanı və ya Zarui Postancyanı yox, məhz Koçaryanı görürlər. Analitiklər bu fikirlərini kifayət qədər arqumentləşdirə bilirlər. Robert Koçaryan təcrübəli və zirək siyasətçidir. O da Serj Sarqsyan kimi, "Qarabağ klanı"nı təmsil edir və hazırkı dövlət başçısının arxalandığı ağır fiqurları asanlıqla öz tərəfinə çəkə bilər. Koçaryanın əsas "kozır"ı isə Moskva ilə əlaqələridir. Doğrudur, "Ayrapetyan işi"nin qızğın vaxtında Koçaryanın Moskva üfüqündəki ulduzunun söndüyünə dair fikirlər formalaşmışdı. Lakin indi Levon Ayrapetyanın həbsdən azad edilərək ev dustağına çevrilməsi, onun "Sistema" biznes imperiyasının digər rəhbərlərinin isə Rusiya hüquq-mühafizə orqanlarını o qədər də maraqlandırmaması Koçaryan tərəfdarlarının dərindən nəfəs almasına imkan verib.

Üstəlik, İrəvan şəraitində söhbət yalnız Koçaryanın (yaxud Sarqsyanın) Moskva ilə əlaqələrindən getmir. Bu məsələdə erməni siyasi isteblişmentinin həddindən artıq böyüdülmüş ölməz "Xaric bizə kömək edəcək" tezisinə münasibəti daha önəmlidir. Məhz bu məqama daha ətraflı nəzər yetirmək lazımdır.

Yazıçı, "Terror haqqında həqiqət: erməni terroru - mənbələr və səbəblər" kitabının müəllifi Erik Fayql boşuna yazmırdı ki, "yalnız Kilikiya ermənilərində yox, bütün ermənilərdə könüllü şəkildə böyük siyasətə qoşulmaq həvəsi" var. Hələ XIX-XX əsrlərdə, Birinci Dünya müharibəsi ərəfəsində "Qnçak" partiyasının fəalları Londonla fəal şəkildə əlaqələr yaradır, daşnaklar isə rus şəhərlərinin küçələrində silsilə siyasi qətllər törətmələrinə rəğmən, Rusiyada havadar axtarırdılar... 

Rəsmi versiyaya görə, bu "oyunlar"da məqsəd Türkiyənin Şərqi Anadolu bölgəsində "Qərbi Ermənistan"ın yaradılması idi. Reallıqda isə siyasi işbazlar, sadəcə, özlərinə biznes qurmaqla məşğul idilər.

Məlum olduğu kimi, həmin siyasətin nəticəsi ermənilər üçün faciəvi olub. Sonralar ekspertlər "Nemezida" erməni terror təşkilatının rəhbəri Şagen Natalinin 20-ci illərdə gənc türklərin hökumət üzvlərinə, müstəqil Azərbaycanın dövlət xadimlərnə qarşı qətliamlardan sonra həmin siyasi oyunların nəticələrinə münasibətini dəfələrlə xatırladacaqdılar: "Ruslar bizi satdılar. İngilislər də satdılar. Fransızlar bizim silahlarımız, qanımız hesabına Kilikiyanı geri aldılar, sonda bizi türklərin qarşısına silahsız buraxdılar. İtalyanlar yunanların İzmirdən qovulması üçün türkləri silahlandırdılar və bizi şəhərlə birlikdə yandırdılar. Amerikalılar xoş sözlərlə başımızın altına yastıq qoydu, sonda bizi bir neçə neft quyusuna dəyişdilər".

Tanınmış norveçli tədqiqatçı, Nobel Sülh Mükafatı laureatı, XX əsrin əvvəllərində erməni qaçqınlara yardım üçün fəal kampaniya təşkil etmiş Fritof Nanses deyirdi: "Avropa siyasətinə cəlb edilmiş erməni xalqı bədbəxtdir! Heç bir avropalı diplomatın ermənilərin adını bir dəfə də olsun, dilə gətirməməsi onlar üçün daha yaxşı olardı".

O vaxtdan 1 əsr keçib. Erməni isteblişmenti isə, deyəsən, eyni səhvi təkrarlamağa hazırdır. Hər halda, yerli siyasi spektr açıq-aydın "rusiyapərəst" və "qərbpərəst" siyasi qüvvələrə bölünüb. Dəhşətli olanı Ermənistanın Aİİ-yə qoşulması tərəfdarlarının (bu, əsasən, hakimiyyətdə olan qüvvələrdir) Rusiya haqqında düşüncələridir: Moskva siyasi müttəfiqlərinin hakimiyyətdə qalmasına kömək etməlidir. Demək, bu müttəfiqlərin ağıla gələn və gəlməyən bütün problemlərini Moskva çözməli, üstəlik, bunu öz hesabına etməlidir; məsələn, Ermənistan büdcəsindəki dəliyi yamamalı (Moskvanın öz iqtisadi problemləri az olmasa da), Ermənistanın elektrik enerjisi şəbəkəsinin borclarını bağlamalı, İrəvanın şıltaqlıqları qarşısında qazın qiymətini aşağı salmalı və s.

İrəvanın "qərbpərəst" qüvvələri isə, deyəsən, "narıncı texnologiyalar", keçmiş SSRİ respublikalarında "rəngli inqilablar" törətməklə öz adamlarını hakimiyyətə gətirən "dayılar" haqqında söhbətləri çox ürəklərinə salıblar. Onlar inanıblar ki, "Avropa seçimi"nə sadiqliyi nümayiş etdirməklə, belə "dayılar" peyda olacaq, müttəfiqlərinə "narıncı texnologiya"ları öyrədəcək, nəticədə, hakimiyyət korrupsiya sxemi ilə birlikdə çökəcək.

Bu yerdə 2016-cı il martın 1-də baş verənlər kifayət qədər düşündürücüdür. Həmin gün Ermənistanın siyasi səhnəsində 2 hadisə gündəmdə idi: Avropa diplomatiyasının başçısı Federika Mogerininin İrəvana səfəri və prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxmış insanların güllələnməsinin 8-ci ildönümü. Xatırladaq ki, 2008-ci il martın 1-də polis günlərlə davam edən dinc mitinqə müdaxilə edib, əvvəlcə Teatr meydanı təmizlənib, sonra Qarabağdan tələm-tələsik paytaxta gətirilmiş xüsusitəyinatlılar yeni aksiya iştirakçılarını güllələməyə başlayıb. Nəticədə, 8 mitinq iştirakçısı və 2 polis həlak olub, onlarca insan yaralanıb. O zaman sanki hadisə ilə bağlı araşdırmalara başlanılmışdı. Lakin məsələ hələ də dondurulmuş vəziyyətdədir.

Elə alınıb ki, Federika Mogerininin İrəvana səfəri ərəfəsində yerli müxalifət "öz gücünü nəzərdən keçirib". Altı müxalifət təşkilatı martın 1-də İrəvanın mərkəzi küçələri ilə yürüş keçirib, 8 il əvvəl əsas hadisələrin baş verdiyi yerə - Myasnikyanın abidəsi önünə gül qoyub. Müxalifətçilərin bəyanatında bildirilir ki, "erməni ictimaiyyətinin və beynəlxalq təşkilatların ardıcıl tələblərinə baxmayaraq, ötən 8 ildə həmin cinayətə görə heç kəs məsuliyyətə cəlb olunmayıb və cəzalandırılmayıb". Onların fikrincə, 2015-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilmiş referendumun nəticələrinin saxtalaşdırılması, ondan sonra isə etiraz aksiyası iştirakçılarına təzyiqlər hakimiyyətin hələ də 1 mart məntiqi ilə işlədiyini təsdiqləyib. Mitinqdə müxalifət liderləri martın 1-nin dövlət terroru qurbanlarının xatirəsinin anım günü elan olunması tələbini irəli sürüblər. Onlar Avropa İttifaqı və Avropa Parlamentini Ermənistanın hazırkı rəhbərliyinə sanksiyalar tətbiq etməyə də çağırıblar.

Bunun ardınca Mogerini Ermənistan paytaxtına gəlib. Onun Ermənistan rəsmiləri ilə bağlı qapılar arxasında apardığı danışıqların detalları haqqında nəsə söyləmək məlum səbəblərdən çətindir. Lakin Mogerininin ictimaiyyətə açıqlamalarında Ermənistanın siyasi meydanındakı tərəflərdən hər hansına dəstək eyhamı sezmək mümkün olmayıb. Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyan isə EADaily-nin müxbiri ilə söhbətində açıq şəkildə deyib: "Biz Aİ nümayəndə heyəti rəhbərlərinin dilindən müəyyən çağırışları, məsləhətləri və tövsiyələri hər zaman eşidirik. Lakin buradakı proseslərə bilavasitə müdaxilənin olacağını düşünmürəm. Fikrimcə, Ermənistanın Aİİ-yə üzvlüyündən sonra, Avropa İttifaqının Ermənistana marağı bir qədər azalıb".

Erməni "qərbpərəst"lərin bu marağı bərpa etmək üçün hansı kələklərə əl ata biləcəklərini isə yalnız təsəvvür etmək olar.



MƏSLƏHƏT GÖR:

425