20 Aprel 2024

Şənbə, 16:47

SİYASİ QATIŞIĞI OLMAYAN QAZ

Azərbaycanın enerji siyasəti zamanın növbəti sınağından keçdi

Müəllif:

15.03.2016

Fevralın sonu, martın əvvəllərində regional miqyasda əsas mövzu qaz mövzusu oldu. Eyni vaxtda bir neçə hadisə diqqətləri məhz bu mövzuya çəkdi. Onların arasında "Cənub Qaz Dəhlizi" (CQD) Məşvərət Şurasının iclası, Azərbaycan qazının Gürcüstana nəqli ilə bağlı danışıqların başa çatması, həmçinin "Qazprom"un Cənubi Avropaya qaz tədarükünün yeni variantını elan etməsi də var idi.

CQD Məşvərət Şurasının Bakıda keçirilmiş ikinci iclası bu marşrutun Avropa üçün prioritet olduğunu bir daha təsdiqləyib. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycana ilk səfərini heç də əbəs yerə bu iclasa həsr etməmişdi.

"Buraya açıq, yaxşı müəyyən olunmuş bir mandatla gəlmişəm. Bu isə ondan ibarətdir ki, biz "Cənub Qaz Dəhlizi"nə ciddi şəkildə dəstək göstəririk və layihənin vaxtında tamamlanması, daha da irəliləməsi üçün hamımızın birgə hərəkətini təmin etməkdən ötrü üzərimizə düşən və xüsusilə şəxsən mənim üzərimə düşən öhdəliyi mümkün olduğu qədər yerinə yetirmək əzmindəyik", - deyə Mogerini bildirib.

Son zamanlar Avropaya enerji axınının şaxələndirilməsi üçün mümkün İran və İraq qazı da daxil olmaqla, bir neçə qaz mənbəyindən, o cümlədən ABŞ-ın şist qazından danışılsa da, hələlik, ən real olanı Azərbaycan qazıdır. "Cənub Qaz Dəhlizi" layihəsi məhz bu səbəbdən Avropanın enerji xəritəsini dəyişir və Azərbaycan Prezidenti İlham Əliyev də məhz bunu deyib.

"Azərbaycan qaydalarla, təcrübə və qanunvericiliklə tənzimlənən böyük bazarlara çıxış əldə edəcək. Avropa istehlakçıları etibarlı, dost mənbədən, yeni mənbədən qaz alacaqlar. Bu, elə mənbədir ki, onilliklərboyu etibarlı təchizatı təmin edə bilər", - deyə İ.Əliyev Məşvərət Şurasının toplantısındakı çıxışında bildirib.

Bu mənada, Maroş Şevçoviçin fikri də maraqlıdır: "Biz "Cənub Qaz Dəhlizi"ni Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirir".

Yeri gəlmişkən, Məşvərət Şurasının bu toplantısında maliyyə təşkilatlarının nümayəndələrinin də iştirak etmələri kifayət qədər maraqlıdır. CQD-nin bir hissəsi olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin tikintisinin maliyyələşdirilməsinə Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər qurumlar böyük maraq göstərir.

Nəzərə alsaq ki, TANAP layihəsində böyük pay SOCAR-a məxsusdur, onun tikintisinin maliyyələşdirilməsi o qədər də ciddi problem deyil. Bu səbəbdən, boru xəttinin tikintisi tam gücü ilə davam etdirilir. Plana görə, onun vasitəsilə Türkiyəyə qaz nəqlinə artıq 2018-ci ildə başlanılmalıdır.

Görünən odur ki, TAP-ın inşası ilə bağlı da ciddi problemlər yoxdur. Avropa Komissiyası TAP konsorsiumu ilə Yunanıstan hökuməti arasında vergi güzəştlərinə dair razılaşmanı təsdiqləyib və bu, boru xəttinin tikintisinə başlanılmasına imkan verir. TAP-ın icraçı direktoru Yen Bredşounun sözlərinə görə, boru xəttinin tikintisinə 2016-cı ilin yayında başlanılacaq. O zamanadək layihənin maliyyə məsələləri həllini tapmalıdır.

Enerji resurslarının qiymətinin aşağı olduğu, neft-qaz şirkətlərinin kapital qoyuluşlarında azalmalar olduğu indiki şəraitdə CQD layihəsinin maliyyələşdirilməsnə olan maraq bu marşrutun əsas oyunçular üçün vacibliyini göstərir. Maroş Şevkoviçin sözlərinə görə, belə şəraitdə layihə üzrə işlərin sürətləndirilməsi də ləngimələr kimi, lazımsız xərclərə yol aça bilər. Bu baxımdan, o, İtaliyanın cənubunda yerləşən Apuliya əyaləti rəhbərliyi və ictimaiyyətinin narahatlığına mümkün qədər tez sona qoyulmalı olduğunu bildirib: "TAP konsorsiumu layihənin nə ətraf mühitə, nə turizm sənayesinə zərər vuracağını nümayiş etdirməyə hazırdır. Əksinə, layihə yeni iş yerlərinin açılmasına, regionun biznes imkanlarının artmasına yol açacaq. Ümid edirik ki, bu məsələ qrafikə, layihənin ilkin konsepsiyasına heç bir dəyişiklik edilmədən çözüləcək".

Daha bir maraqlı məqam CQD Məşvərət Şurasının iclasından bir neçə gün əvvəl Rusiyanın "Qazprom" Şirkətinin Avropaya yeni qaz tədarükü marşrutu haqqında açıqlamasıdır. Fevralın 24-də "Qazprom", İtaliyanın "Edison" və Yunanıstanın DEPA şirkətləri arasında Rusiyadan Aİ-yə Qara dənizin dibi ilə qaz nəqlinə dair memorandum imzalanıb. Bu məqsədlə tərəflər "Edison" və DEPA-nın ITGI Poseidon layihəsi çərçivəsində həyata keçirdiyi işlərin nətiələrindən istifadə etmək niyyətindədir.

Qeyd edək ki, vaxtilə bu layihəyə Azərbaycan qazının nəql olunacağı "Cənub Qaz Dəhlizi"nin bir hissəsi kimi baxılırdı. Lakin sonda üstünlük TAP-a verildi. İlkin mərhələdə layihə Türkiyə vasitəsilə Yunanıstana çıxışı, oradan İon dənizi vasitəsilə İtaliyaya keçidi nəzərdə tuturdu. Bu halda isə "Qazprom" Bolqarıstan vasitəsilə Rumıniyaya çıxış üçün layihənin dəniz hissəsindən yararlanmağı düşünür. Bunun üçün o, Rusiyanın Qara dəniz sahillərinədək uzanan "Cənub Axını" infrastrukturundan istifadə etmək niyyətindədir.

Lakin burada maneə yalnız "Qazprom"un maliyyələşdirmə arzusu və imkanları yox, həm də Aİ-nin dəstəyi ilə bağlıdır. Vaxtilə Rusiya qazının Bolqarıstan vasitəsilə Aİ-yə daşınmasını nəzərdə tutan "Cənub axını" layihəsinin üzərindən məhz Avropa Komissiyasının mövqeyi xətt çəkib. Rusiyanın yeni layihəsinə də eyni münasibətin göstəriləcəyini istisna etmək olmaz. Hər halda, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevkoviç Aİ-nin yeni layihənin effektivliliyini və məqsədəuyğunluğunu qiymətləndirməli olduğunu bildirib. Onun sözlərinə görə, bu layihənin reallaşdırılması üçün nəhəng infrastruktur obyektlərinin tikintisi zərurəti yaranarsa, mövcud infrastrukturun yalnız 50%-dən istifadə olunduğu unudulmamalıdır: "Bu amili nəzərə alsaq, layihənin effektivliyi artıq şübhə doğurur".

Belə olan təqdirdə, Aİ Rusiya qazının Ukrayna vasitəsilə nəqli variantına sadiqdir. Rusiyanın yeni qaz xətti layihələrində məqsəd də Ukraynanı kənarda qoymaqdır. "Hesab edirik ki, ölkənin şərq sərhədlərində geosiyasi gərginlik olsa da, Ukrayna son 2 ildə etibarlı tranzit ölkə olduğunu təsdiqləyib. Biz gələcəkdə də bu marşrutdan istifadə etmək istəyirik", - deyə Şevkoviç qeyd edib.

Məsələ ilə bağlı daha sərt mövqeyi ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Xoşteyn ifadə edib. O, "IGI Poseidon" layihəsinin qaz mənbələrinin şaxələndirilməsi siyasətinə cavab vermədiyini bildirib. "Enerji təhlükəsizliyinin təmini üçün yeganə yol şaxələndirmədir. Eyni mənbədən eyni qazı eyni istehlakçılara yeni boru xəttilə olsa belə, daşımanı nəzərdə tutan digər layihələr enerji təhlükəsizliyinə töhfə verməyəcək", - deyə o, qeyd edib: ""Cənub axını", "Türk axını", "Şimal axını" və digər axınlar sadəcə yenidən təqdim olunan siyasi layihələrdir. Onların iqtisadi dəyəri xüsusilə bazar şəraitində şübhəli görünür".

Onun fikrincə, neft-qaz sahəsində investisiya yatırımlarının azaldığı şəraitdə, Avropa diqqəti eyni qazın daşınmasını nəzərdə tutan layihələrin müzakirəsinə deyil, "Cənub Qaz Dəhlizi" kimi yeni mənbələrin maliyyələşdirilməsinə yönəltməlidir.

Aİ-nin CQD-yə xüsusi marağı yalnız Azərbaycan qazının Avropaya daşınması imkanları ilə bağlı deyil. Bu, həm də Türkmənistan, İran, İraq, hətta bu yaxınlarda ehtiyatlarını aşkara çıxarmış İsrail qazının Avropaya yolunu aça bilər.

Aİ diqqəti, ilk növbədə, Türkmənistanın CQD layihəsinə cəlb olunmasına yönəldib. Şevkoviç "Trend" agentliyinə müsahibəsində bildirib ki, Türkmənistan qazının Avropaya nəqlilə bağlı aparılan danışıqlarda ciddi irəliləyişlər var: "İstanbulda işçi qrupun növbəti iclası keçirilib. İclasda Türkmənistan qazının Avropaya nəqlilə balı iki variant nəzərdən keçirilib. İndi bu variantların bütün hökumətlər tərəfindən qiymətləndirilməsi lazımdır. Ümid edirik, tezliklə bu məsələnin müzakirəsinə qayıdacağıq". Şevkoviç bildirib ki, İraqda, İranda, Şərqi Aralıq dənizində yaşananlar da yeni poensial mənbələrdən qaz alınması imkanını ortaya çıxarır: "Sonda hər şey Avropada qaza ümumi təlabatın nə qədər olacağından asılıdır. Bugünkü proqnozlara görə, 2030-cu ildə bu, ildə 380-450 milyard kubmetr təşkil edəcək. Eyni zamanda, bu qazın Avropaya hansı yolla daşınmasının qiymət baxımından daha effektiv olduğunu müəyyənləşdirmək, bunun üçün CQD-dən necə istifadə edilməli olduğunu bilmək lazımdır. Bəlkə mayeləşdirilmiş təbii qaz kimi alternativlərdən istifadə daha effektiv olar?".

Yeri gəlmişkən, CQD Məşvərət Şurasının iclasında Gürcüstanın qazla təmini məsələsi də yekun həllini tapıb. Toplantıda iştirak edən Gürcüstan Baş nazirinin müavini Kaxa Kaladze Azərbaycandan qaz tədarükünün artırılması və qiymətə yenidən baxılması ilə bağlı danışıqların yekunlaşdığını bildirib. Tərəflər arasında bilavasitə razılaşma isə artıq Tiflisdə, SOCAR prezidenti Rövnəq Abdullayevin Gürcüstana səfəri zamanı imzalanıb.

Yeni razılaşmaya əsasən, Azərbaycan qonşu ölkəyə ildə əlavə olaraq 500 milyon kubmetr qaz ixrac edəcək. Bununla da, Gürcüstana ümumi qaz tədarükü 3 milyard kubmetrə çatacaq. R.Abdullayevin sözlərinə görə, bu, Gürcüstanın, ən azı, 2030-cu ilədək "mavi yanacaq"la tam təmin olunmasına imkan verəcək. Müqavilədə qiymətin dünya bazarlarındakı qiymətinə əsasən, hər 6 aydan bir avtomatik baxılma ilə müəyyənləşdirilməsi də nəzərdə tutulub. Abdullayevin fikrincə, bu, dünya təcrübəsinə uyğundur. "Vaxt var idi ki, dünyada qazın qiyməti Gürcüstana satdığımız qazın qiymətindən yüksək idi. İndi qiymətlər çox düşüb. Odur ki, Gürcüstan tərəfinin qiymətə yenidən baxılmasında israr etməsi normal idi. Biz dünya təcrübəsindən istifadə edərək, ayrıca formula müəyyənləşdirmək qərarına gəldik", - deyə R.Abdullayev ANS telekanalına müsahibəsində bildirib.

Maraqlıdır ki, Azərbaycan tərəfi Gürcüstana nəql olunan qazın həcmini artırmaq üçün əlavə imkanlar ortaya qoydu. Halbuki, cəmi bir neçə ay əvvəl Kaxa Kaladze Azərbaycanın imkanlarının məhdud olduğunu əsas gətirərək, Rusiyadan və ya İrandan qaz alınmasının vacibliyini deyirdi. Bundan başqa, Kaladze "Qazprom"un Ermənistana qaz tranzitinə görə pul ilə ödənişə keçilməsini tələb etdiyini də söyləyirdi. Xatırladaq ki, bunadək Gürcüstan həmin tədarükün 10%-ni tranzithaqqı kimi əldə edirdi. Gürcüstan hökuməti Rusiya qazının alınması zərurətini məhz bu həcmin 300 milyon kubmetr civarına düşməsi və qaza tələbatın artması ilə əsaslandırırdı. SOCAR ilə razılaşmanın imzalanmasından sonra isə Kaladze İran qazının bahalığını əsas gətirərək, ondan imtina etdiklərini açıqlayıb. "Qazprom"a gəlincə, Gürcüstan onunla da qısa zamanda tranzitin əvvəlki şərtlərlə davam etdirilməsinə dair razılığa gəlib. Söhbət Ermənistana nəql olunan qazın 10%-nin Gürcüstana verilməsindən gedir.

"R+" bundan əvvəl də yazmışdı ki, Azərbaycan Gürcüstana təbii qazı ən sərfəli şərtlərlə nəql edir və bu baxıman onunla nə Rusiya, nə də İran rəqabət apara bilər. Gürcüstanın azərbaycanlı, rusiyalı və iranlı tədarükçülərlə apardığı danışıqların yekun nəticələri də bunu bir daha təsdiqləyib.

Prinsipcə, Tiflisin qazın qiymətində endirimə nail olmaq istəyi aydın və təbii idi. Və neftin ucuzlaşdığı indiki şəraitdə qazın qiymətinin müəyyənləşdirilməsi üçün formulun seçilməsi ən yaxşı variantdır. Bəs, neftin qiymətinin artacağı təqdirdə Gürcüstan bu formula sadiqlik nümayiş etdirəcəkmi?

İstənilən halda, Gürcüstan ilə Azərbaycanın münasibətlərinin etibarlı tərəfdaşlıq münasibətləri olduğu bir daha təsdiqlənib. Türkiyəyə qaz tədarükü məsələsində də eyni yanaşma ortaya qoyulur. Rəsmi Bakının Avropaya qaz ixracında da yalnız iqtisadi effektivliyi əsas götürəcəyinə şübhə yoxdur. "Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda biz uğur qazana bilərik", - deyə İlham Əliyev CQD Məşvərət Şurasının iclasında bildirib. Onun sözlərinə görə, Azərbaycan öz enerji siyasətinə sadiqdir, "hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edir".

Azərbaycanın bu mövqeyi avropalı tərəfdaşlar tərəfindən də qiymətləndirilir.

"Cənub Qaz Dəhlizi" layihəsi bizim üçün enerjinin şaxələndirilməsindən daha böyük anlam kəsb edir, eyni zamanda, bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyindən daha böyükdür. Bu layihə daha geniş regionda onun icrasına töhfə verə bilən bir sıra tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsi və dərinləşməsindən ibarətdir", - deyə Federika Mogerini Bakıda bildirib.



MƏSLƏHƏT GÖR:

576