17 May 2024

Cümə, 14:05

GEOSİYASİ DAVOS

Azərbaycan çoxqütblü dünya yolunda çoxşaxəli kursuna sadiqdir

Müəllif:

15.03.2016

Müharibə, terror aktları, qurbanlar, böhran... Bəlkə də dünyanın hansısa sakit nöqtəsində (düzü, indi belə nöqtələr tapmaq da çətindir) yaşayan insanlar bu vəziyyəti, günün əsas xəbər buraxılışlarının məğzini təşkil edən bu sözləri tam ciddiliyi ilə dərk etmirlər. Lakin bu gün qayğısız avropalıların onlardan xeyli uzaqda - Suriyada yaşanan müharibədən necə əziyyət çəkdiklərinə nəzər yetirsək, görərik ki, müasir dünyada təhlükəni "özününkü"nə, "yad"a bölmək mümkün deyil.

Təəssüf ki, müasir çağırışlara qarşı beynəlxalq əməkdaşlıq hələ ki, dünyanın güc mərkəzlərinin milli maraqlarına uduzur. Elə bu, sözün əsl mənasında, çoxqütblü dünyanın yaradılmasının aktuallığını daha da artırır. Bir sıra sabiq və indiki dövlət və hökumət başçılarının iştirakı ilə keçirilmiş IV Qlobal Bakı Forumu da elə bu məsələlərə həsr olunmuşdu.

"Siyasi cəhətdən, əsasən, 1990-cı illəri əhatə edən birqütblü perspektiv yeni, birgə çoxqütblü perspektivlə əvəzlənərək, daha çox ölkə arasında məşvərətçi qüvvələri genişləndirmək və "G7" və ya "G8" formulunu artırmaqla "G20"nin yaranmasının əsasını qoydu", - deyə forumu açan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin bildirib. Onun sözlərinə görə, çoxqütblü dünya bir çox qlobal çağırışlara sinə gərilməsi üçün geniş imkanlar yarada bilər. Serageldin belə çağırışlara misal kimi, 11 sentyabrda Nyu-Yorkda baş vermiş terror aktları ilə başlamış və "ərəb baharı"nın iflasından sonra daha geniş vüsət almış qlobal terroru göstərib. "Əl-Qaidə" və İŞİD terrorçuları islam uğrunda qəddar təşviqata başladıqlarına görə, həm əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə, həm də Qərbin özündə və islamın ikinci din olduğu Qərbi Avropa ölkələrində Qərb və müsəlman icmaları arasında artmaqda olan uçurum yaranır", - deyə Serageldin qeyd edib.

Bu mənada, Qlobal Bakı Forumunda yadlaşmanın aradan qaldırılması, plüralizmin təbliği və icmalar arasında körpülərin yaradılması işində dinlərarası dialoqun roluna xüsusi diqqət ayrılıb. Bu, təsadüf deyil.

"Bu il Azərbaycanda "Multikulturalizm ili"dir. Müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlərboyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşayıblar və biz bununla fəxr edirik. Fərəhlənirik ki, müstəqillik illərində bu müsbət meyil daha da güclənmişdir. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, bu, cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür. Bu isə çox vacibdir ki, həmin sahədə dövlət siyasəti və ümumi ab-hava bir-birindən fərqlənmir", - deyə Azərbaycan Pprezidenti İlham Əliyev Forumun açılışındakı çıxışında bildirib.

Dövlət başçısı 2008-ci ildə Azərbaycanın "Bakı prosesi"nə start verdiyini, bu proses çərçivəsində ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına dəvət olunduqlarını xatırladıb.

"Bakı prosesi" artıq bir reallıqdır. Biz Azərbaycanda multikulturalizm dəyərlərini təşviq edən çoxsaylı beynəlxalq tədbirlər keçirmişik. Dünya dini liderlərinin zirvə görüşü, bir neçə dəfə Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum təşkil etmişik. Təqribən, bir aydan sonra biz BMT-nin təşkilatçılığı ilə Azərbaycanda Sivilizasiyalar Alyansının 7-ci toplantısını keçirəcəyik", - deyə İ. Əliyev qeyd edib.

Ötən il birinci Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycanın gələn il keçiriləcək İslam Həmrəylik Oyunlarının da təşkilatçısı olması çox şeydən xəbər verir. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etmiş Bakı sonradan İslam Mədəniyyətinin paytaxtı elan edilib. Avropa Şurasının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlığ Təşkilatının fəal iştirakçısıdır.

Bakının mədəniyyətlərarası dialoqa böyük diqqət göstərməsi təbiidir. Azərbaycan bu prosesin inkişafı üçün maksimum səy göstərir. Çünki o, müharibə və terrorun bütün ağır fəsadlarını şəxsən yaşayıb: ölkə ərazisinin 20%-i qonşu Ermənistanın işğalı altındadır, Azərbaycan şəhərlərində, kəndlərində etnik təmizləmə aparılıb, 1 milyondan artıq azərbaycanlı doğma torpaqlarından qovulub.

Lakin bu məsələlərin həllində beynəlxalq səylər faktiki olaraq, nəticəsiz qalır. Güc mərkəzləri, sadəcə, imitasiya ilə məşğuldurlar. "Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq 20 il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür", - deyə Azərbaycan Prezidenti bununla bağlı bildirib.

Yəni, faktiki, çoxqütblü dünyanın mövcud olmadığı şəraitdə onun BMT, "Böyük səkkizlik", "Böyük iyirmilik" və s. kimi mexanizmləri belə, güc mərkəzləri tərəfindən öz iddialarını gerçəkləşdirmək vasitəsi kimi istifadə olunur. Sonda isə bu, bumeranq kimi, elə onların özlərinə zərbə vurur.

"Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil. Yəni, məsafə insanların sığınacaq tapmaq və öz ailələrini xilas etmək naminə oralara üz tutmasının qarşısını almır. Odur ki, multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla, bu dəyərlərin təşviqi hamımıza yardımçı olar. Çünki gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz", - deyə İlham Əliyev bildirib.

Beləliklə, Azərbaycan, ən azı, xalqlar, dinlər və mədəniyyətlər arasında yadlaşmanın qarşısının alınması cəhdlərində ardıcıllıq nümayiş etdirir. Qlobal Bakı Forumu belə problemlərin həlli üçün güclü meydanlardan birinə çevrilir.

İstənilən beynəlxalq forumun nüfuzu, ilk növbədə, onun iştirakçıları ilə ölçülür. IV Qlobal Bakı Forumunda Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan və digər ölkə başçıları ilə yanaşı, 53 ölkədən 300-dən artıq nümayəndə, o cümlədən 27 sabiq prezident və 23 keçmiş baş nazir iştirak edib.

Daha bir vacib məqam, bu qədər nümayəndənin qatıldığı forumun formatının qeyri-formal olmasıdır. Bu, iştirakçılara qlobal gündəmə siyasi maraqlarla məhdudlaşmayan yanaşma ortaya qoymaq imkanı verir.

Qlobal Bakı Forumunun işində gələcəkdə dünyanın məsuliyyətini daşıyacaq gənclərin iştirak etməsi də önəmli məqamdır.

Azərbaycana mədəniyyətlərarası dialoq məsələlərində moderator rolu oynamaq imkanını onun Şimalla Cənubun, Qərblə Şərqin kəsişməsində yerləşməsi, eyni zamanda ölkənin transmilli layihələrin təşəbbüskarı olması imkan verir. Digər tərəfdən, Azərbaycan hər zaman sivilizasiyaların kəsişmə mərkəzi olub.

"Biz "Bakı təşəbbüsü"nü münaqişələrin sülh yolu ilə həlli yanaşması kimi qiymətləndirə bilərik. Amma mən bu forumun əhəmiyyətindən söz açmaq istərdim. "Multikultural dünyaya" - çox vacib tezisdir. Bu, keçən forumlarla müqayisədə yeni tezisdir. Bu, bizim birqütblü dünyadan uzaqlaşmaqda olduğumuzun etirafıdır. Biz multikultural dünyaya doğru gedirik. Lakin hələlik onun hansı şəkildə olacağı tam aydın deyil. Sual bundadır: o, hansı ölkələrdə mövcud ola biləcək? ABŞ, Çin, Rusiya, Avropa İttifaqı ölkələri? Axı, hər bir ölkənin iqtisadi qüdrətilə yanaşı, həm də hərbi-siyasi gücü var. Amma eyni zamanda, mənəvi amillər də var. Bu çoxqütblü dünyada mənəvi paytaxta çevrilə biləcək nüfuz mərkəzləri mövcuddur. Bu mövzuda forumun məhz Bakıda keçirilməsi çox vacibdir. Çünki Azərbaycan, məsələn, ABŞ və ya Çin qədər iqtisadi və hərbi qüdrətə malik olmasa da, özünə mənəvi nüfuz qazana bilib. Azərbaycan düşmən tərəfləri dostlaşdırmağa, məsələləri sülh yolu ilə çözməyə qadirdir", - deyə tanınmış rusiyalı şərqşünas Dmitri Mosyakov "Moskva-Baku" portalına müsahibəsində bildirib.

O, diqqəti Bakı Forumuna münaqişələrin hələ də səngimədiyi Balkan dövlətlərinin nümayəndələrinin də qatılmalarına çəkib. Bakıda onlar bir-birləri ilə dialoqa açıqdırlar. Yəni, Azərbaycan dünyanı narahat edən problemlərə vahid yanaşmanın formalaşdırılması üçün rahat beynəlxalq platforma yaradıb. Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya jurnalistlərə açıqlamasında Qlobal Bakı Forumunu, hətta "geosiyasi Davos" adlandırıb.

Həqiqətən də, martın ilk yarısında sanki bütün dünya Bakıya axışıb. Söhbət heç də yalnız bu forumun iştirakçılarından getmir. Azərbaycan Prezidentinin qəbul etdiyi yüksəkrütbəli qonaqlar arasında Macarıstanın Baş naziri Viktor Orban, Qətər dövlətinin əmiri Tamim bin Həməd Al Tani, Rusiya baş nazirinin müavini Dmitri Roqozin, BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Xarris və bir sıra dgər şəxslər də olub.

Bu konteksdə Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyovun fikirləri maraqlıdır: "İlin əvvəlindən heç bir ölkə prezidenti nə Ermənistana, nə də Gürcüstana səfər edib. Azərbaycana isə Macarıstanın Baş naziri və Qətər əmirindən başqa, yalnız Qlobal Bakı Forumunda iştirak etmək üçün 7 hazırkı, 27 eks-prezident, saysız-hesabsız sabiq hökumət başçıları, nazirlər və digər nüfuzlu şəxslər gəliblər. Əlbəttə ki, bu, Azərbaycana diqqəti ciddi şəkildə artırır, biz qlobal mövzuların müzakirəsi zamanı öz problemlərimizdən danışmaq, onları beynəlxalq gündəmə çıxarmaq imkanı qazanırıq".

Son iki həftədə Bakıya səfər etmiş yüksəkrütbəli qonaqların tərkibi də diqqət çəkir. Bu, Azərbaycana etibarlı tərəfdaş kimi beynəlxalq inamın artdığını göstərir. Bu, həm də Bakının elan etdiyi dəyərlərə, çoxqütblü dünya yolunda çoxşaxəli kursa sadiqliyini təsdiqidir.

 

 

"Dördüncü Qlobal Bakı Forumu çox gözəl bir təşəbbüsdür. Bu təşəbbüs nəticəsində, beynəlxalq ictimaiyyət bir araya gəlib, dünyada olan çağırışlara ən yaxşı şəkildə necə cavab vermək, hansı lazımi tədbirləri görmək üçün konsensusu - bu gözəl platformanı yaradır".

Devid KEMERON, Böyük Britaniyanın Baş naziri

 

"Bu tədbir çox böyük bir imkandır ki, millətlər, xalqlar arasında dialoq yaradılsın, beynəlxalq aləmdə etik qaydalar müəyyən edilsin. Bizi bir dünya kimi birləşdirən amillərdən, eyni zamanda, bizi ayırmaq üçün istifadə olunmasın".

 

Castin TRYUDO, Kanadanın Baş naziri

 

"Dünya dəyişib, meyillər də sanki çoxqütblü bir konfiqurasiyaya keçib. Amma sual ondan ibarətdir ki, artmaqda olan güclər nə dərəcədə müttəfiqlik yaratmaq və baş verən məsuliyyəti paylaşmaq iqtidarına malikdirlər? Bu sual müzakirə olunmalı və öz həllini tapmalıdır".

Buyar NİŞANİ, Albaniya Prezidenti

 

"Bu gün Avropa görür ki, Suriyada, Əfqanıstanda, İraqda baş verənlər bizim həyatımıza necə təsir göstərir. Sərhədlərə təsir göstərilir. Berlin divarlarının dağıdılmasından sonra, 40-dan çox ölkə öz sərhədlərində qonşuları ilə 60-dan çox divar tikməli olmuşdu. Dünya bu gün tarazlaşdırmadan uzaqdır, tarazlı şəkildə inkişaf etmir. Yeni yollar tapılmalıdır".

Rosen PLEVNELİYEV, Bolqarıstan Prezidenti



MƏSLƏHƏT GÖR:

417