4 May 2024

Şənbə, 10:31

QADINLARIN SSENARİSTİ

Təhminə Rafaella CƏBRAİL: "Boş oturmaq və nə vaxt şansının gətirəcəyini gözləmək olmaz. Hərəkət etmək və məqsədə doğru irəliləmək lazımdır"

Müəllif:

01.04.2016

Aktrisa və ssenarist Təhminə Rafaella Cəbrayıl həyatdan nə istədiyini bilir və məqsədinə doğru irəliləməkdən qorxmur. "Həqiqətən, xoşbəxt olmaq üçün əsl məqsədini tapmaq, arzularını reallaşdırmaq və özündə böyük əksəriyyətin fikrinə qarşı çıxmağa hazır olan güclü şəxsiyyəti tərbiyə etmək lazımdır", - qız deyir. Aktrisa hesab edir ki, bu, xüsusən qadınlara aiddir. Axı, məhz onlar bizim gələcək nəsli tərbiyə edir və bütöv bir millətin möhkəm təməlini yaradırlar. Təhminə Rafaellanın ssenarisi əsasında rejissor İlqar Safatla çəkdiyi "İçəri şəhər" yeni bədii film də bu barədədir. Ağlın hisslərlə mübarizə apardığı barədə hekayənin premyerası bu yaxınlarda "Nizami" kino mərkəzində baş tutub.

- Təhminə, siz ABŞ-da yaşayır və işləyirsiniz. Azərbaycandan bu qədər uzaq ölkəyə necə düşdüyünüz barədə danışa bilərsinizmi?

- Ora arzumun arxasınca getmişdim. Hələ uşaqikən aktrisa olmaq istəyirdim, amma onda hələ bilmirdim ki, bu, heç də hobbi deyil, ciddi işdir. 15 yaşımda özümə dedim ki, həyatımı məhz bu peşəyə bağlayacağam. Həmin vaxt İsveçrədə oxuyurdum. Bir dəfə müəllimimiz elan etdi ki, məktəbdə "Titanik" filmində çəkilən məşhur Hollivud aktyoru Bulli Zeynin ustad-dərsləri keçiriləcək. Məmnuniyyətlə onun ustad-dərslərinə getdim. Aktyorluq peşəsi barədə, necə deyərlər, özündən öyrənmək maraqlı idi. O, işi barədə xeyli maraqlı məqamlar danışdı və bütün suallarımıza cavab verdi. Düşünürəm, bu görüş həlledici və mənim aktyorluq sənətimdə təhsil almaq qərarıma təkan oldu. Bakıya qayıdanda, dərhal valideynlərimə dedim ki, aktyorluq sənətini öyrənmək üçün ABŞ-a getmək niyyətindəyəm. Əvvəlcə anam və atam bu niyyətimə qəti şəkildə qarşı idilər. Həddi-buluğa çatmamış qızın yad ölkədə sərbəst yaşayacağı harada görülüb. Razılaşın ki, cəmiyyətin yazılmamış qayda və qanunlarına görə, yaşlı azərbaycanlılar üçün – bu, son dərəcə qaba hərəkətdir. Məni okeanın o yanına buraxmazdan öncə, valideynlərimi uzun müddət yola gətirməli olmuşam. Valideynlərimə söz verdim: heç nəyə baxmayaraq, ali təhsil alacağam. Beləcə, 17 yaşımda Los-Ancelesə düşdüm. "Film studies and creative writing" kursunu öyrənməyə başladığım “Pepperdine University”yə qəbul oldum. Eyni zamanda, Los-Ancelesdə aktyorluq məharəti məktəbində də təhsil alırdım.

- Atası yaşında kişiyə aşiq olan Arzu adlı qızın hekayəsi də o zaman yarandı? "İçəri şəhər" filminin ssenarisi necə yazılıb?

- Bəli. Həmişə ictimai fikrə qarşı durmağa çalışan və sosiumun qanunlarına zidd yaşayan gənc azərbaycanlı qızlar barədə yazmaq istəyirdim. Azərbaycanda Şərq və Qərb heyrətamiz şəkildə birləşib. Biz Qərbə, mövhumatdan uzaq həyata can atırıq və eyni zamanda, bizi əhatə edən insanların qınağından qorxuruq. Biz, onların fikrincə, ədəb çərçivələrindən çıxan hər şeyə tabu qoyan cəmiyyətdə yaşayırıq. Cəmiyyət nəyin "yaxşı", nəyin "pis" olduğunu diqtə edir. Bu, cəmiyyətin özünün qaydalarına görə, qadına çox şey qadağan edilib. O, hökmən əvvəlcə atasına və qardaşına, sonra da ərinə tabe olmalıdır. Onun öz fikirləri və arzuları olmamalıdır. Bu, yazılmamış qanunlara qarşı çıxmağa cəsarət etsən və tabunu qırsan - səni qınayacaqlar və qanadlarını sındıracaqlar. "İçəri şəhər" filminə ssenari yazanda göstərmək istəyirdim ki, ürəyinin arxasınca getmək və digərlərindən fərqlənərək, qəribə biri olmaq nə dərəcədə çətindir.

- Lakin bununla belə, "İçəri şəhər" filminin finalı heç də nikbin deyil. Arzu ictimai rəy naminə sevgilisindən ayrılır. Belə çıxır ki, sosium sevgi və arzulara qalib gəlir?

- Heç də yox. Arzu anası ilə tamamilə fərqli insanlar olsalar da, onu olduqca çox sevir. O, çox məsuliyyətli və yaxşı insandır. O, anlayır ki, qızını seçimi üçün həyatına sui-qəsdə cəhd edən anasını itirə bilər. Arzu seçimini edir və sevdiyi kişidən ayrılır. O, hesab edir ki, fiziki ayrılıq heç bir məna kəsb etmir. Qəlbi və ruhu ilə daim Rafaellə qalacaq.

- Təhminə, sizcə, balansı qorumaq olarmı?

- Dünyaya açıq olmaq lazımdır. Bizim insanlar qadağalar və tabularla dolu öz dünyalarına o qədər qapılıblar ki, başqa cür düşünməkdən və hər şeyə zidd getməkdən qorxurlar. Düşünürəm, hər bir insan anlamalıdır ki, başqa həyat olmayacaq, deməli, o, burada və indi xoşbəxt olmalıdır. İnsanlarla ünsiyyət saxlamaq, səyahət etmək, yaxınlarına böyük zaman ayırmaq və sevimli işinlə məşğul olmaq lazımdır. Sən həqiqətən də öz işinə aludə olursansa, qeybətə və özgələrinin həyatını eşələməyə vaxtın qalmır. Heç vaxt heç kimi qınamaq və ittiham etmək lazım deyil.

- "İçəri şəhər" filminə aktyorlar necə seçilib?

- İlqar Safat ssenarini oxuyan kimi dərhal dedi ki, baş qəhrəman Arzunun anası rolunda aktrisa Mehriban Zəkini görür. Biz Arzunun sevgilisi, Qarabağ müharibəsi veteranı Rafaelin rolu üçün aktyor tapa bilmirdik. İlqar Firdovsi Atakişiyevi dəvət etməyincə, uzun və səmərəsiz kastinq keçmişdi. Çəkiliş müddətində biz yaxşıca işlədik və əsl ailəyə çevrildik. Onunla işləmək mənə asan və komfortlu idi. Komandamızın beynəlmiləl olmasına baxmayaraq, bir-birimizi dərhal anlayırdıq: operator - italiyalı, onun köməkçisi - fransız, səs rejissoru - Sankt-Peterburq və Gürcüstandan, aktyorlar isə Azərbaycandan olublar.

- Siz qəhrəmanınız Arzuya bənzəyirsiniz? Ortaq nəyi bölüşürsünüz?

- Təkcə incəsənətə məhəbbət və xoşbəxt olmaq, ətrafdakıların fikirlərindən asılı olmamaq üçün son dərəcə güclü istək. Bəlkə də, oxşarlıq elə bundan ibarətdir. O, qapalı və təmkinlidir, mən isə emosional və ünsiyyətciləm.

- İndi nəyin üzərində işləyirsiniz?

- Bu yaxınlarda tezliklə ekranlaşdırılacaq qısametrajlı filmin ssenarisi üzərində işimi yekunlaşdırmışam. Rejissoru Mariya İbrahimova olacaq yeni kinonun çəkilişləri yayın əvvəlində başlayacaq. Bu, özündən bir neçə yaş böyük oğlana aşiq olmuş 12 yaşlı Məryəm adlı qıza həsr edilmiş filmdir. Oğlan gənc qonşusunun hisslərini paylaşmır. Həmin oğlan da öz növbəsində sevgisini və diqqətini həddən ziyadə arzuladığı gənc qadından xoşlanır. Və Məryəm oğlanın sevgilisinin ədalarını, qamətini və üslubunu təqlid edərək, ona bənzəməyə çalışır. Bu hekayənin necə bitəcəyini deməyəcəyəm... Ancaq deyim ki, filmin əsas ideyası ondan ibarətdir ki, başqalarının xətrinə dəyişməyə dəyməz. Özünü olduğun kimi sevmək və qiymətləndirmək lazımdır. Hazırda, həmçinin gənc azərbaycanlı Əminə haqqında tammetrajlı filmin ssenarisini də yazıram. Əminə keçmişini anlamağa və Vətəni ilə itirdiyi əlaqələri bərpa etməyə çalışır. O, nə vaxtsa Rusiyaya köçməli və öz köklərini unutmalı olub. Qəfildən atası rəhmətə gedir və qadın dəfn üçün Bakıya gəlir. Burada o, keçmiş qorxularını yada salır və burada yaşamasına və müstəqillik hiss etməsinə nəyin mane olduğunu anlayır. Bu müddət ərzində qadın bütün diqqətini keçmişinin əksinə o qədər cəmləmişdi ki, Azərbaycan ənənlərinin və adətlərinin gözəlliyini və müdrikliyini qətiyyən sezməmişdi.

- Təhminə, ssenarilər üçün hekayələr necə yaranır?

- Bunlar əsas məni əhatə edən insanların talelərini müşahidələrimdir. Haradansa əhvalat eşidirəm, kimsə öz tanışı və ya qonşusunun həyatından hansısa bir hadisəni danışır... Qorxularını və cəmiyyətin anlaşılmazlığını dəf edən, ətrafdakıların əlində alətə çevrilməyən qadınlardan yazmağı xoşlayıram. Mən öz xoşbəxtliyini və sevgisini müdafiə edən, ruhən güclü qadınları sevirəm.

- Asudə vaxtlarınızda hansı kinolara baxırsınız? Sevimli rejissorlarınız kimlərdir?

- Mən iranlı rejissor Asqar Farhadinin filmlərini sevirəm. Onun "Nader və Simin. Boşanma" filminə baxdıqdan sonra, uzun müddət emosional sarsıntı içində idim. Farhadi əla aktyor ansamblı və filmin qəhrəmanlarının canlı, geniş obrazlarını yarada bilib. Nader və Siminin balaca qızları Termex boşanmadan sonra, valideynlərindən hansı ilə yaşayacağına dair seçim etməlidir. Onun xoşbəxtliyi üçün anası Qərbə köçmək istəyir, atası isə vətənində qalır. Və bu, təkcə valideynlər arasında seçim deyil, bu həm də adətlər və gələcək arasında, qanun və mərhəmət arasında seçimdir. Bu mənada, bir ayrılıq hekayəsi itki və eynilik axtarışları barədə əhvalata çevrilir. Tamamilə universal, mahiyyətcə, Azərbaycanda da baş verə biləcək hekayədir... Terrens Malikin də filmlərinə böyük məmnuniyyətlə baxıram; məsələn, onun 5 il əvvəl Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülmüş "Həyat ağacı" filmi. "Həyat ağacı" filminin süjeti əsasında, əslində, filmin ilk kadrlarından müəllifin verdiyi köhnə sualdır: insanın gedə biləcəyi iki yol var - bütün ehtirasları ilə insan təbiətinin yolu və yaxın adama olan sevgi və bağışlanma ilə ilahi lütf yolu.

- Hansı filmin qadın qəhrəmanı sizə oxşayır?

- Düşünürəm bu, britaniyalı jurnalist Linn Barberin yazdığı, eyniadlı avtobioqrafik memuarlara əsaslanmış rejissor Lone Şerfinqin "Hisslərin tərbiyə olunması" filmindəki Cennidir. Süjetə görə, Cenni böyük səhv edir, lakin onu dərk edərək, səy göstərir və ayağa qalxır. Cenninin cümləsi yadınızdadır? "Xarakter hərəkətlə müəyyənləşir. Düşünürəm, bu, biz heç nə etməsək belə, heç kim də olmayacağıq deməkdir" (gülür). Mən də belə hesab edirəm. Boş oturub, nə vaxt bəxtinin gətirəcəyini gözləmək olmaz. Hərəkət etmək və irəli getmək lazımdır. Məqsədlərə doğru irəliləmək lazımdır. Biz bu dünyanı dəyişmək, xoşbəxtliyə mane olan təməlini yenidən qurmaq və "məhdudlaşdırılmış" cəmiyyətə qarşı getmək əzmindəyik.

- Özünüz bütün dünyaya qarşı çıxa bilərdinizmi?

- 17 yaşımda ABŞ-a təhsil almağa gedərkən, bunu müəyyən dərəcədə artıq etmişəm. Bəxtim gətirdi - ailəm məni həmişə dəstəkləyib və başa düşüb. Mənim xoşbəxtliyim onlar üçün başqalarının fikirlərindən daha vacib olub. Onlar, əlbəttə, “qızı evdən buraxmaq olmaz!” kimi ətrafdakılarından "tövsiyə" və "məsləhətlər" dinləməli olublar. Ələlxüsus da, aktrisa olmaq üçün okeanın o tayına getmək! Qız sakit və görünməz olmalıdır. Qız evdə oturmağa borcludur. Qızın borcudur... borcudur... borcudur... Mən isə düşünürəm ki, qız heç kimə heç nə borclu deyil. O, sadəcə, xoşbəxt olmağa borcludur: sevimli işi ilə məşğul olmaq, sevdiyi insana ərə getmək və özünü şəxsiyyət kimi reallaşdırmaq.

- Təhminə, kişilər barədə filmə ssenari yazsaydınız, film nə barədə olardı?

- (Fikrə gedir) Mən cəmiyyətimizin kədərli reallığını göstərərdim. Gənc kişilər - ətrafdakıların və qohumlarının fikirlərinə baxmadan sərbəst yaşaya bilmirlər . Böyük əksəriyyəti bir qızla görüşür, lakin valideynlərinin seçdikləri qızla evlənirlər. Mən ancaq hamıya qarşı çıxmaqdan qorxduğun üçün həyatındakı vacib insanı buraxmağın necə asan olduğu barədə yazardım ...

- Siz, sanki, məşhur rejissor Rasim Ocaqovun "Təhminə" filmini yenidən danışdınız ...

 

- Bilirsiniz, mənə, axı, bu filmin qəhrəmanının şərəfinə ad veriblər. İkili adı - Təhminə Rafaella adını mənə sevimli babam qoyub. Onun adı Rafael idi (gülür). "Təhminə" filminin sonunu yenidən yazmaq imkanım olsaydı, baş qəhrəmanı başqa bir qismətlə mükafatlandırardım. Mənim Təhminəm hər kəsin və hər şeyin əksinə olaraq, onu xoşbəxt edəcək əsl kişiyə rast gələrdi mütləq. O, Təhminənin güclü və azad ruhunu qiymətləndirərdi. Çünki hər bir qadın sevilən və bəxtiyar olmalıdır. Zaur isə ömrünün sonuna qədər öz itkisindən peşman olar və günlərini heç vaxt sevməyəcəyi biri ilə keçirərdi...



MƏSLƏHƏT GÖR:

487