18 May 2024

Şənbə, 10:25

XƏRİTƏ AÇILIB

Azərbaycan hökuməti sənayeləşmənin yeni böyük planını işə salır

Müəllif:

01.04.2016

Bu gün dünyanın xammala əsaslanmış iqtisadiyyatlarının əksəriyyəti ixrac potensialı ilə qeyri-neft sənayesinin inkişafına üstünlük verərək, təkmilləşdirilmiş sıçrayış həyata keçirməyə can atırlar. Məhz bu yol – ötən ilin sonundan qanunvericilik və inzibati islahatların reallaşdırıldığı, habelə işgüzar mühitin optimallaşdırıldığı Azərbaycan üçün də əsasdır. Bu istiqamətdə növbəti addım Prezident İlham Əliyevin milli iqtisadiyyatın inkişafının yol xəritəsinin, o cümlədən xüsusi iqtisadi zonanın yaradılması barədə sərəncamları oldu.

Qeyri-neft sektorunun inkişafı üçün böyük potensialın olmasına baxmayaraq, hələ 15 il əvvəl ölkə bunun üçün zəruri maliyyə imkanlarına malik deyildi. Bu sektora xarici və yerli investorların cəlb olunmasında çətinliklər mövcud idi. Belə ki, Azərbaycan həmin dövrdə yüksəkriskli ölkələr siyahısına daxil idi. Bu şərait investisiyaları sabit likvidliyi və xarici bazarlarda satışı təmin edən, mədən və nəqliyyat sahələrinə diqqəti cəmləməyə vadar edirdi. Nəticədə, karbohidrogen xammalının ixracından əldə edilmiş, əvəziçıxılan yatırım və mənfəət milli qeyri-neft sektorunun köklü şəkildə təkmilləşdirilməsinə diqqət cəmləməyə imkan verdi. Düzünü desək, yeni sənayeləşmə proqramı de-fakto olaraq, 2009-cu ildə – ilk sənaye texnoparkları, aqrar sektorda isə iri emaledici və logistika müəssisələri formalaşarkən başlayıb.

Lakin indi, qlobal xammal bazarında sürəkli azalma şərtlərində dövləti təxirəsalınmaz vəzifəni həll etmək – qısa müddətdə iqtisadiyyatın real sektoruna investisiyaların cəlb olunmasını təmin etmək və yerli qeyri-xammal məhsullarının ixrac həcmini dəfələrlə artırmaq gözləyir.

Prezident İlham Əliyev və hökumətin, demək olar ki, bütün sonuncu qərarları məhz bu məqsədi güdür.

Belə ki, 2015-ci ilin oktyabr-dekabr aylarında biznesə qarşı bürokratik təzyiqin azadılması üçün səmərəli addımlar atıldı: sahibkarların yoxlanılma sayı minimuma endirilib, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların sayı azaldılıb və onların alınması prosesi sadələşdirilib. Artıq yeni ilin yanvar ayından isə investisiyaların təşviqi sertifikatlarının tətbiqinə başlanılıb - onlar bir sıra vergi və gömrük güzəştləri təqdim edilməklə, fiziki və hüquqi şəxslərə verilir. Martın əvvəlindən ölkədə qeyri-neft sektorunun ixracının subsidiyalaşdırılma mexanizmi tətbiq edilib – onun qüvvədə olma dövrü 2020-ci ilin sonuna kimi qalacaq. Əsasən, yerli istehsal olan qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsi hesabına (ixrac edilən əmtəənin gömrük dəyərinin 3%-i) subsidiya ödəniləcək. Yaxın gələcəkdə xaricdə sertifikat və patent əldə edən yerli şirkətlərin dövlət büdcəsi hesabına borclarının qismən ödənilməsi mexanizminin buraxılması, habelə ixrac üçün perspektivli olan bazarlarda logistika mərkəzlərinin yaradılma prosesinin sürətlənməsi, xarici bazarların marketinq tədqiqatını həyata keçirmək, o cümlədən “Made in Azerbaijan” brendini birgə irəli çəkmək nəzərdə tutulur.

İqtisadiyyatın təkmilləşdirilməsi, sahibkarlara və sərmayəçilərə dəstək üzrə kompleks tədbirlərin məntiqi davamı bu yaxınlarda Prezident İlham Əliyevin təsdiqlədiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sərəncamı oldu. Bu dərəcədə çətin vəzifənin reallaşdırılması iqtisadiyyatın cari vəziyyətinin dərin təhlilini və hökumətin həyata keçirdiyi iqtisadi islahatların uzunmüddətli baxışını təmin etmək iqtidarında olan, iqtisadi inkişafın yeni strategiyasının hazırlığını tələb edir.

Bu öhdəliklər dövlət başçısının İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əliyevin rəhbərlik edəcəyi xüsusi İşçi Qrupa tapşırılıb. Yaxın yarım ildə İşçi Qrup 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planını, həmçinin 2025-ci ilə qədər uzunmüddətli baxış layihəsi və daha uzun dövr üçün iqtisadiyyatın inkişaf hədəflərini hazırlamalıdırlar. Sərəncamda ölkə iqtisadiyyatının inkişafının uzunmüddətli strategiyasının işlənib-hazırlanmasına yerli və xarici ekspertlərin, mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların cəlb olunması nəzərdə tutulub.

Yol xəritəsində inkişafına daha böyük impuls veriləcək milli iqtisadiyyatın səkkiz prioritet istiqaməti qeyd edilib. Onların sırasında istehsal – neft-qaz və kimya sahəsi, kənd təsərrüfatı, istehlak mallarının buraxılışı, ağır sənaye və maşınqayırma var. Ayrıca blokda xidmət sahələri – ixtisaslaşmış turizm, logistika və ticarət birləşdirilib. Yeni strategiyada həmçinin sosial seqmentlərin inkişafı – uyğun qiymətə mənzillərin tikintisi, habelə peşəkar təhsil və iqtisadiyyat üçün kadrların hazırlanması da əhatə olunub.

Sadalanan hər bir istiqamət üçün cari vəziyyətin təhlili və diaqnostikası da daxil olmaqla, ayrıca hesabat, həm də yol xəritəsinin hazırlanması nəzərdə tutulub. İqtisadiyyatın digər sahələrinin inkişafına dəstək göstərmək məqsədilə üç sahədə infrastrukturun optimallaşdırılması tələb olunur: maliyyə xidmətləri, telekommunikasiya və kommunal xidmətlər. Bu sferalar qismən əhatə olunub və onların dəstəklənməsi iqtisadiyyatın prioritet sektorlarının inkişaf layihələri çərçivəsindən irəli gəlir. Qarşıda maliyyə, telekommunikasiya və kommunal sektorları sağlamlaşdırmaq və onların sonrakı özəlləşdirməyə hazırlığını təmin etmək durur.

Yol xəritəsinin üç mərhələdə reallaşdırılması tələb edilir:

birinci – tam diaqnostika və SWOT-аnaliz;

ikinci – milli iqtisadiyyatın və sektoral yol xəritəsinin baxışı;

üçüncü – Baş Planın hazırlanması və onun reallaşdırılması.

Planın həyata keçirilməsi üçün idarəetmə strukturu müəyyən ediləcək, səfərbəretmə, sindikatlaşdırma və kommunikasiya platforması yaradılacaq və s. Strateji və sektoral sənədlərin hazırlanması zamanı əsas məqsədlər nəzərə alınacaq – ixrac rəqabətqabiliyyətliliyinin artırılması və xarici investisiyaların birbaşa genişləndirilməsi, idxalın əvəz olunması və xarici bazarda istehsalın səmərəliliyinin yüksəldilməsi.

Yeni sənaye strategiyasının ən mühüm elementləri sırasında çoxprofilli texnoparkların mərhələli şəkildə genişləndirilməsi, yüksək ixrac potensialı ilə müasir sənaye müəssisələrinin konsentrasiyasının son dərəcə effektli üsulu qeyd edilir. Sahibkarlar üçün əlavə stimul qismində texnoparklar üçün bir sıra üstünlükləri nəzərdə tutan Vergi və Gömrük Məcəlləsində dəyişikliklər oldu.

Yeni yol xəritəsinin əsas vəzifələrindən biri ölkəyə xarici investorların cəlb olunmasıdır – sənaye sahəsində nou-hou və ixracyönlü istehsalın təşkili üzrə beynəlxalq təcrübəyə malik şirkətlər az əhəmiyyət kəsb etmir. Eyni zamanda, Azərbaycanda bu məqsədə dünyada daha səmərəli və bəyənilmiş alət vasitəsilə nail olmağa ümid edirlər – regional nəqliyyat habının və azad iqtisadi zonanın funksiyalarının birləşdirilməsi. Diqqətəlayiqdir ki, hələ yeddi il əvvəl Azərbaycanda “Xüsusi iqtisadi zonalar haqqında” qanun qəbul edilib. Ehtimal edilirdi ki, XİZ “Yeni Bakı” limanının yanında yaradılacaq və onun rezidentlərinə böyük vergi və gömrük güzəştləri təqdim olunacaq. Bu cür layihələrin böyük əksəriyyətinin əsas inkişaf nöqtəsi nəql edənlər üçün yüklərin maksimal sadələşdirilmiş keçmə proseduru ilə səmərəli logistika zəncirinin yaradılması, habelə liman və dəmir yolu tarifləri üzrə müxtəlif güzəştlərin təqdim olunması hesab edilir.

Bununla belə, son dövrlər ölkə XİZ-in yaradılmasında Birləşmiş Ərəb Əmirliklərinin təcrübəsinin, xüsusən Dubayın Azad İqtisadi Zonasında tətbiq edilən, gömrük idarəedilməsi və logistika zəncirinin yaradılması modelinin həyata keçirilməsində maraqlarını büruzə verirlər. Bu model gələcəkdə Ələt limanının tranzit potensialının inkişafı üçün nümunə ola bilər.

Bütün bunlara əsasən, bu layihə reallaşma mərhələsinə cari ildə daxil olacaq. Bu günlərdə Prezident İlham Əliyev Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, azad ticarət zonası tipli XİZ-in yaradılması barədə sərəncam imzalayıb. İqtisadiyyat Nazirliyi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birlikdə altı ay müddətində qeyd olunmuş zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri ilə bağlı təklifləri hazırlamalıdır. Qurumlar beynəlxalq məsləhətçi şirkət cəlb etməli, xüsusi iqtisadi zonalara dair qanunvericiliyi təkmilləşdirməlidirlər. Qeyd edilən dövrdə, həmçinin həmin ərazinin torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısını tərtib edərək, XİZ-in dəqiq sərhədlərini müəyyənləşdirmək, habelə maddi və əmək resurslarına, kommunikasiyalar və digər infrastrukturla təminat imkanlarını nəzərə almaqla, zonanın iqtisadi, sosial və ekoloji şəraitinin təhlili aparılmalıdır. 

Strateji yol xəritəsinin qeyri-neft sektoruna sərmayələr və nou-hou cəlbinə kömək edəcəyinə, o cümlədən azad iqtisadi zonaların yaranmasına səbəb olacaq; bununla da, yerli ixracın uzunmüddətli rəqabətqabiliyyətliliyinin təminatına ümid etmək qalır.



MƏSLƏHƏT GÖR:

431