6 May 2024

Bazar ertəsi, 21:06

MÜSƏLMAN İŞGÜZAR TƏRƏFDAŞLIĞI

Rusiyanın Müsəlman Sahibkarlar Assosiasiyasının rəhbəri Marat Kabayev «R+»a müsahibəsində azərbaycanlı biznesmenlərlə əməkdaşlıq perspektivlərindən danışıb

Müəllif:

01.04.2016

Müxtəlif məlumatlara görə, Rusiya əhalisinin 15-17%-ni müsəlmanlar təşkil edir. Ölkənin nəhəng biznesində onların payı, təxminən, 14%-dir. Orta və kiçik biznesdə isə bu rəqəm 2 dəfədən də artıqdır - 32%-dək. Bu məlumatlar Rusiya Federasiyası Müsəlman Sahibkarlar Assosiasiyasının (RF MSA) birinci Ümumrusiya Qurultayında səsləndirilib.

Qurumun prezidenti Marat Kabayev «R+» jurnalının əməkdaşı ilə söhbətində təşkilatın qarşısında duran vəzifələrdən danışıb.

- Marat Vazıxoviç, konfessional zəmində biznes cəmiyyətinin yaradılmasında məqsəd nədir?

- Rusiyanın müxtəlif bölgələrində xristianların, yəhudilərin biznes assosiasiyaları var. Bu, bəlkə də digər konfessiyalara da aiddir. Odur ki, burada qəribə heç nə yoxdur. Biz müsəlman iş adamlarını da birləşdirmək qərarına gəldik. Amma bu, bizim digərlərindən ayrılmağımız anlamına gəlmir. Bəli, təşkilatımıza yalnız müsəlmanlar üzv ola bilərlər. Lakin müxtəlif konfessiyaların təmsilçiləri ilə tərəfdaşlıq mümkündür. Bunun üçün onlar bizim tələblərimizə əməl etməlidirlər.

- Söhbət hansı tələblərdən gedir?

- İslamda qadağan olunmuş fəaliyyətlə məşğul olmayan istənilən təşkilatla tərəfdaşlıq mümkündür.

- Bəs, RFMSA-ya qoşulmaq istəyənlər qarşısında hansı tələblər qoyulur?

- Assosiasiya üzvləri üçün mütləq şərt İslamın biznes qaydalarına sadiqlikdir: halal olmayan hər hansı məhsulun alveri istisnadır; faizlə əməliyyatlar, pul, mülk verilməsi və alınması qadağandır; alkoqollu içkilərin, müsəlmanlar üçün qadağan olunmuş məhsulların alveri istisnadır.

Namizədlər üzvlüyə qəbul olunmaları üçün anket doldurmalıdırlar. Orada namizəd biznesi və həyat tərzi haqqında məlumat verir. Bundan başqa, 2 zaminin tövsiyəsi olmadan, yeni üzv qəbul edilmir. Bu, kiminsə xoşuna gəlməyə bilər: mən tanınmış şəxs, tanınmış biznesmenəm, siz isə mənə zamin tələb edirsiniz. Lakin qaydalar istisnasız olaraq, hər kəs üçün eynidir. Bundan başqa, daxil olmuş informasiyalar diqqətlə öyrənilir. Çünki elə hallar olub ki, radikallar, vəhhabilər assosiasiyamıza üzv olmağa çalışıblar. Onlardan uzaq durmağa çalışırıq. Lakin heç bir halda heç kəsi qovmuruq. İnsan islah oluna, həyata münasibətini dəyişə bilər.

- Assosiasiya 2011-ci ildə yaradılsa da, onun ilk qurultayı yalnız ötən ilin dekabrında keçirilib. Bu qədər uzun hazırlıq müddəti nəyə gərək idi?

- 2014-cü ilədək assosiasiya yalnız Tatarıstanda işləyirdi. Ona Radik Qafurov kifayət qədər uğurla rəhbərlik edirdi. 2014-cü ildə mənə assosiasiyaya rəhbərlik etmək təklif olundu. Təklifi dərhal qəbul etmədim. Tatarıstan müftisi Kamil həzrət Samiqullinlə şəxsi görüşüm zamanı isə məndə təşkilatın ümum-Rusiya səviyyəsinə qaldırılması, beynəlxalq arenaya çıxarılması ideyası «alovlandı». Beləliklə, təklifi qəbul etdim.

İlk addım kimi, mənə 5 min insan üçün iftar süfrəsi açılması təklif edilmişdi. Ötən ilin yayında «Kazan Arena» stadionunda bunu təşkil etdik. Allaha şükürlər olsun ki, hər şey yaxşı keçdi. İftar süfrəsində Tatarıstan Respublikasının birinci şəxsləri, Rusiyanın müxtəlif regionlarından və xarici ölkələrdən qonaqlar da iştirak edirdi. Dəvətlilər arasında yardıma ehtiyacı olanlar - çoxuşaqlı və aztəminatlı ailələr, əlillər, yetim uşaqlar, eyni zamanda, biznesmenlər və siyasətçilər var idi.

Daha sonra sentyabrda Moskvada xeyriyyə məqsədilə futbol matçı təşkil etdik. Orada da müxtəlif millətlərin və konfessiyaların nümayəndələri iştirak edirdilər. Futbolçuların geyimi üzərində şüar bu cür idi: «Mehriban Rusiya - güclü dövlətdir». Qarşılaşma 3:3 hesabı ilə - heç-heçə başa çatdı.

Bunlar bizim miqyaslı aksiyalarımızdır. Necə deyərlər, onlar vasitəsilə biz imkanlarımızı ortaya qoyduq, özümüzü təqdim etdik. Əsas işimiz isə ölkənin müsəlman biznes dairələri ilə gündəlik ciddi fəaliyyətdir. Bu işdə də artıq ciddi nailiyyətlər əldə etmişik. İlin əvvəlindən MSA «Aeroflot»un təyyarələrinə halal qidalar tədarük edir. Yaxın zamanlarda Moskvada ölkənin bütün növ nəqliyyat sərnişinləri üçün halal qida istehsalı ilə məşğul olacaq zavodun açılması planlaşdırılır. Söhbət istər aviasiya, istər çay, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının sərnişinlərindən gedir.

Fəaliyyətimizin əsas istiqaməti isə maarifçilikdir. Assosiasiya «Müsəlman sahibkar məcəlləsi» hazırlayıb. Orada biznesmenin gündəlik fəaliyyətində əməl etməli olduğu norma və qaydalar göstərilib. Məcəllədə sahibkarlığın dini əsasları ilə bağlı bölmələr var: özünüinkişaf etdirmə uğurlu sahibkarlığın əsası kimi; sahibkarlığın biznes tərəfdaşları, tədarükçülər, istehlakçılar, həmçinin muzdlu işçilərlə münasibətləri; xeyriyyəçilik; dövlətə münasibət və vətənpərvərlik.

Bizim İslam Biznes Məktəbimiz var. O, arzulayan hər kəsə marketinq, vergi və digər sahələrdə biliklər verir.

- Məktəb hansı şəhərdə fəaliyyət göstərir?

- Kazanda. Lakin dinləyicilərin oraya yollanması vacib deyil. Dərslər «skayp» vasitəsilə keçilir.

Sahibkarlıq fabriki də var. Orada təcrübəli müəllimlər gənclərə sahibkarlığın əlifbasını öyrədir. Xüsusilə kiçik biznes nümayəndələri üçün pulsuz konsultasiyalar təşkil edirik. Bütün bu layihələr obrazlı şəkildə desək, biznesə yeni başlayan şəxslərə balıq deyil, tilov vermək, onlara balıq tutmağı öyrətmək məqsədi daşıyır. Bizə iş axtaranlar da tez-tez müraciət edir. Boş iş yerləri ilə bağlı məlumatlar bazamız var. İnsanlara faydalı işlə məşğul olmaq imkanı verilməlidir. Axı, bu, gecə klublarını dolaşmaqdan daha yaxşıdır.

- Axı, siz özünüzdə biznesmenləri birləşdirirsiniz. Onlar onsuz da işsiz deyillər...

- Biz axı, əsasən, xırda bizneslə bağlıyaq.

- Bəs, nəhəng bizneslə bağlı vəziyyət necədir?

- Biz artıq onlarla da ünsiyyətə girəcək səviyyəyə yüksəlmişik. İndi onlar bizi tərəfdaş kimi görə bilərlər.

- Yəni, onlar əvvəl sizə diqqət yetirmirdilər?

- Biz özümüz də dərhal onlara çıxış əldə etməyə çalışmamışıq. Bu, düzgün olmazdı. Özündən başlamalısan.

- Assosiasiyanın fəaliyyət istiqamətlərindən biri kimi, dövlət strukturları ilə işi göstərirsiniz. Bu, nədən ibarətdir? Assosiasiya üzvlərinin hakimiyyət strukturlarının səlahiyyətində olan hansısa məsələlərinin həllində yardım edirsinizmi? Ehtiyac olduqda onları müdafiə, vəkillə təmin edirsinizmi? Ümumiyyətlə, belə hallar olubmu?

- Əlbəttə ki, bizm vəkillərimiz də var və onlar kifayət qədər səviyyəli hüquqşünaslardır. Bir misal gətirim. RF MSA-nın nümayəndəsi Ruslan Nağıyev ötən ilin sentyabrında Saxalin Vilayət Məhkəməsinə apelyasiya şikayəti ilə müraciət edərək, Quranın bəzi surə və ayələrinin faktiki olaraq ekstremist fikirlər sayılmasına dair qərarının ləğvini tələb etmişdi. Biz Çeçenistandan olan hüquqşünaslarla birlikdə işi udduq. Sahibkarlara gəlincə, onlar heç də hər zaman haqlı olmurlar. Odur ki, biz kiməsə kömək etməzdən əvvəl işi dəqiqliklə öyrənirik.

- Bu, aydındır. Bəs, biznesmen haqlıdırsa, assosiasiya ona necə yardım edir?

- Nümayəndəliyimizi açdığımız hər bir regionda ilk işimiz region rəhbərliyi ilə - qubernator, respublikanın başçısı - münasibətlər qurmaq olur. Nümayəndəmiz lazım gəldikdə bu inzibati resursdan istifadə etmək imkanı qazanır; məsələn, yerli biznesmenin əli yüksəkrütbəli məmura çatmırsa, onun hansısa vacib işinə baxılması uzanırsa və s. Federal səviyyədə isə Prezident Administrasiyası, parlament, XİN ilə daim əlaqə saxlayırıq. Nümayəndələrimizi bələdiyyələrə namizəd irəli sürməyi, regional və federal hakimiyyət orqanlarında yerləşdirməyi planlaşdırırıq. Bu, müsəlman sahibkarların maraqlarının lobbiçiliyini təşkil etmək üçün lazımdır.

- MSA üzvlərinin maraqlarının müdafiəsi ilə yanaşı, onlara daha hansı yardımları göstərirsiniz?

- İstər ölkə daxilində, istərsə də xaricdə əlaqələrin qurulması; məsələn, yüksəkkeyfiyyətli qablaşdırma məhsulu istehsal edən “Danaflex” şirkətinin prezidenti Ayrat Bəşirova bu işdə kömək etmişik. Bundan başqa, diod lampa istehsal edən zavod üçün Əmirlikdə tərəfdaş tapmışıq və sair.

- Birləşmiş Ərəb Əmirliyində də nümayəndəliyiniz var?

- Xeyr. Lakin bu istiqamətdə işləyirik. Hələlik, Küveytdə nümayəndəliyimiz fəaliyyət göstərir. İrandan, Birləşmiş Ərəb Əmirliklərindən, Banqladeşdən və digər ölkələrdən çoxsaylı təkliflər alırıq. İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkənin hər birində nümayəndəlik açmağı planlaşdırırıq.

- Bildiyimə görə, MSA artıq Rusiyanın bir çox bölgələrində nümayəndəlik açıb. Nümayəndəlik rəhbərlərini necə seçirsiniz?

- MSA-nın ölkə regionlarında açılan nümayəndəliyinin rəhbəri postuna namizədləri müəyyənləşdirən zaman, onun regionun biznes dairələri ilə münasibətləri, hökumət və ruhanilərlə münasibətləri mütləq öyrənilir. Bu, nümayəndəliyin hər məsələ ilə bağlı bizə müraciət etməməsi, problemi yerində çözə bilməsi üçün vacibdir. Namizədlər, əsasən, regionun nəhəng və orta biznes nümayəndələri arasından seçilir. Lakin kiçik biznes təmsilçisinin təyinatı halı da olur. Namizəd bütün meyarlara uyğundursa, onu assosiasiyanın rəsmi nümayəndəsi kimi, qubernatora və ya respublika başçısına təqdim edirik.

- Ötən ilin yayında Bakıda oldunuz. MSA-nın Azərbaycanın biznes dairələri ilə əlaqələri varmı? Assosiasiyanızın üzvləri arasında azərbaycanlı sahibkarlara rast gəlinirmi?

- Bakıya Avropa Oyunlarının açılışına gəlmişdim. Gördüklərimə heyran qalmışdım - parlaq, miqyaslı, baxımlı! Bakını çox bəyəndim. Çoxdan idi orada olmurdum. İlk dəfə Bakıya 1976-cı ildə gənclər arasında keçirilən futbol turniri zamanı gəlmişdim. Onda Rusiya yığmasının şərəfini qoruyurdum.

- Qalib kim olmuşdu?

- Xatırlamıram. O vaxtdan çox keçib. Yalnız o yadımdadır ki, qalib biz olmadıq. Amma o zaman tanış olduğum uşaqlarla hələ də dostluq edirik.

- Bəs, səfəriniz zamanı işgüzar görüşlər keçirdinizmi?

- Əlbəttə. Bakıya Sankt-Peterburqdan olan azərbaycanlı iş adamı Rəfael Nuri ilə birlikdə gəlmişdik. Onun təklifi ilə Azərbaycan biznesmenləri ilə tanış oldum, Azərbaycanda açacağımız gələcək nümayəndəliyin rəhbəri postuna mümkün namizədlərlə görüşdüm.

- Rəfael Nuri də assosiasiyanın üzvüdür?

- Xeyr. Amma o, tədbirlərimizdə daim iştirak edir, Kazanda təşkil olunmuş iftar süfrəsinə də gəlmişdi. Assosiasiyada azərbaycanlılar da var; məsələn, Rusiyada, Türkiyədə və Azərbaycanda biznesi olan Fərid Novruzi. Bizdə Moskvadan, Permdən və Rusiyanın dgər şəhərlərindən olan azərbaycanlı biznesmenlər var. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun sədri Elşad İsgəndərovla əməkdaşlıq edirik.

- Ölkədəki iqtisadi böhran assosiasiyanın fəaliyyətinə necə təsir göstərir?

- Açığı, elə alındı ki, bizim formalaşmağımız böhranla üst-üstə düşdü. Bizə deyirdilər ki, işimiz asan olmayacaq, çünki işə uğurlu vaxtda başlamamışıq. Amma yaşananlara nikbin yanaşıram. Boş oturmaqdan, məyus olmaqdansa, işləmək, resursları səfərbər etmək lazımdır. Bu, yalnız sağ qala bilmək üçün yox, həm də inkişaf - iqtisadi, mənəvi və zehni inkişaf üçün vacibdir.


MƏSLƏHƏT GÖR:

497