18 May 2024

Şənbə, 13:54

TƏLATÜMLÜ BUZ SƏHRASI

Arktika bir çox ölkənin xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilir

Müəllif:

01.04.2016

Hamının planetin mülayim, isti bölgələrində baş verən qaynar hadisələri diqqətlə izlədiyii bir vaxtda, Şimalda - Arktikada şiddətli dəyişikliklər küləyi əsir. Bu külək, əslində, digər bölgələrdə yaşananlardan daha az əhəmiyyət daşımır və artıq illərdir ki, maraqlı dövlətlərin gündəmindədir.

Arktika nadir geosiyasi əhəmiyyəti, ekoloji potensialı, hələ kəmiyyət və keyfiyyət baxımından iqtisadi əsaslandırılma zərurəti olan nəhəng təbii ehtiyatları üzündən, bir çox ölkənin xarici və daxili siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməkdədir. Beynəlxalq hüquq normalarına görə, onun şelfindən yalnız Arktikaya bilavasitə yaxın yerləşən, «Arktika klubu»nun üzvü olan 5 dövlət istifadə edə bilər: Danimarka (Qrenlandiya və Farer adaları sayəsində), Kanada, Norveç, Rusiya və ABŞ. Ümumilikdə, maraqlı tərəflərin Arktika şelfinin mənimsənilməsindəki rəqabəti, əsasən, ərazi, hərbi, elmi-tədqiqat və təbii ki, iqtisadi məqamlarla bağlıdır.

Ötən əsrin 80-ci illərinin əvvəllərinədək sahilyanı dövlətlərin materik hissəsindən Şimal qütbünədək bütün ərazi hər kəs tərəfindən qəbul olunmuş beynəlxalq hüquqa əsasən bölünmüşdü. Arktikanı buz səhrası hesab edən tərəflərin heç biri bu cür bölgünün əleyhinə deyildi. Bununla yanaşı, Sovet İttifaqı Arktika ərazisinin 44%-nə sahib olmaqla, ən böyük «gəlir götürən» idi.

Nisbətən yaxın keçmişdə Arktika hövzəsində nəhəng həcmdə faydalı qazıntıların, karbohidrogenlərin üzə çıxması isə bəzi ölkələri regionda milli maraqların müdafiəsi ilə bağlı yeni strategiyanın hazırlanmasına vadar edib. Artıq çoxdan bəllidir ki, bölgədə buzlaqlar sürətlə əriyir və iqlim dəyişikliyi şelfin ayrı-ayrı sektorlarının hüquqi statusuna da təsir göstərə bilər. Demək, Avropa ilə Amerika arasında il ərzində maneəsiz və daha qısa vaxtda üzmək imkanı genişlənəcək. Bu, sərhədyanı ölkələr üçün ciddi iqtisadi qazanc vəd edən perspektivdir.
Şimal regionunun istifadəsində əsas problem, şübhəsiz ki, Arktikanın hüquqi statusudur. Əksər dövlətlərin şelfin sərhədləri ilə bağlı təsəvvürləri üst-üstə düşmür və bu, dəniz sərhədlərinin delimitasiyası ilə bağlı mübahisələri artırır. Bu, həm də onunla bağlıdır ki, regiona son zamanlar artan maraq fonunda bəzi ərazi və su məkanlarının kimə mənsub olduğuna dair Arktikanın beynəlxalq-hüquqi rejiminə fərqli yanaşmalar mövcuddur. BMT-nin 1982-ci ildə qəbul etdiyi Dəniz Hüquqları Bəyannaməsi Arktikanın istifadəsi ilə bağlı beynəlxalq-hüquqi normaları tənzimləyən əsas sənəddir. O, regionun ilkin mərhələdəki bölgüsünə ciddi dəyişikliklər edib. Hazırda sahilyanı dövlətlərin ərazi yurisdiksiyası yalnız Müstəsna İqtisadi Zonaya (MİZ) aiddir. Bu, sərhəddən 370 kilometrlik ərazini nəzərdə tutur. Bu məsafədən sonrakı hissə beynəlxalq ərazi sayılır. Maraqlıdır ki, «Arktika klubu»nda təmsil olunan «dördlük» də daxil olmaqla, 50-dən artıq ölkənin ratifikasiya etdiyi bəyannaməni ABŞ qəbul etmir. Vaşinqton onu məhz ərazi iddiaları ilə əlaqədar rədd edir və sənədin ABŞ-ın suverenliyini məhdudlaşdırdığını bildirir.

Arktika ilə bağlı hər kəs mübahisə edir. Hamı tərəfindən qəbul olunmuş beynəlxalq normalara baxmayaraq, Arktika ilə həmsərhəd olmayan ölkələr - Böyük Britaniya, Almaniya, İslandiya, Fransa, İsveç, Yaponiya, hətta Çin - bu zonanın işlənməsi hüququna malik olduğunu bildirir. Regionun hüquqi statusuna dair ciddi mübahisələr fonunda Danimarka, Kanada və Rusiyanın kontinental şelflərinin genişləndirilməsi ilə bağlı iddiaları xüsusi nəzərə çarpır. Üstəlik, onlar bu yaxınlarda aşkarlanmış Lomonosov silsiləsi uğrunda da mübarizə aparırlar. Bu konteksdə Kanada ilə ABŞ arasında Şimal-Qərb keçidinin hüquqi statusu və Bofort dənizindəki kiçik ərazi (bu ölkələrlə müqayisədə) ilə bağlı fikir ayrılıqlarını da xatırlatmaq lazımdır.

Rusiya rəhbərliyinin əsas səyləri ölkənin kontinental şelfinin 370 kilometrlik ərazidən qütbə tərəf genişləndirilməsinə yönəlib. Lakin bunun üçün o, BMT-nin Kontinental Şelf Sərhədləri Komissiyasına bir məqamı sübut etməlidir: şelf Lomonosov və Mendeleyev silsilələrinin (onlar Şimal Buzlu okeanı Kanadadan tutmuş, Rusiyaya qədər Şimal qütbündən keçir) təbii davamıdır. Artıq belə presedent var - Norveç komissiyanın kontinental şelf sərhədləri ilə bağlı müsbət rəy verdiyi ilk ölkədir. Bu, 2009-cu ildə baş verib. Lakin təbii ki, Kanada və Danimarka Rusiyanın özünə aid sektoru artırmasına qarşı çıxır.

ABŞ-a gəlincə, o, BMT-nin Dəniz Hüquqları Bəyannaməsini ratifikasiya etmədiyindən, kontinental şelfin genişləndirilməsi tələbini irəli sürə bilmir. Amma bu, Vaşinqtonun Arktikanın mənimsənilməsində fəal iştirakına mane olmur. Bu məqsədlə böyük həcmdə büdcə vəsaitləri ayrılır, lazım gəldikdə, yeni federal, regional və elmi agentliklər yaradılır. Lakin bu məsələdə də maraqların toqquşmasından qaçmaq mümkün deyil; məsələn, rəsmi Ottava, əsasən, Kanada arktik arxipelağının hüdudlarında yerləşən Şimal-Qərb keçidini özünün daxili suları sayır. Demək, Kanada lazım gəldikdə, oradan gəmilərin keçidini qadağan edə bilər. ABŞ və Aİ-nin bəzi üzvləri oranı «beynəlxalq boğaz» saydıqlarından, hesab edirlər ki, Kanadanın yurisdiksiyasına yalnız balıqçılıq, ətraf mühitin mühafizəsi, brakonyerliklə mübarizə, gəmiçiliyin təhlükəsizliyi aid olmalıdır. Onların fikrincə, Kanadanın keçidin bağlanması səlahiyyətlərinə malik olması yolverilməzdir.

Uzun-uzadı qarşılıqlı hədə və danışıqlardan sonra, nəhayət, 80-ci illərin sonlarında sanki məsələ diplomatik həllini tapmışdı - ABŞ keçiddən keçmək üçün əvvəlcədən icazə alacağına dair öhdəlik götürmüş, Kanada isə Amerika tərəfinə müvafiq icazəni verəcəyini bəyan etmişdi. Lakin Rusiyanın artan nüfuzu və Arktika buzlaqlarının sürətlə əriməsi təhlükəsi qarşısında ABŞ narahatlığını dilə gətirir: Kanadaya Şimal-Qərb keçidini xarici gəmilərin üzünə bağlamaq kimi suveren hüququn verilməsi kontinental Çin ilə Haynan adası arasındakı Hörmüz və ya Tsyunçjou boğazları üçün presedent yarada bilər.

Sahilyanı ölkələrin regionda hərbi mövcudluğunu artırmaları xüsusilə pis qarşılanır. SSRİ-nin dağılmasından və müvafiq olaraq «soyuq müharibə»nin bitməsindən sonra, Arktikanın hərbi-strateji əhəmiyyəti xeyli azalıb. Lakin region istər Rusiya, istərsə də ABŞ üçün son dərəcə əhəmiyyətli bölgə olaraq qalır - Kola yarımadasında Rusiyanın Şimal donanması yerləşir, Birləşmiş Ştatlar isə Arktika hövzəsini Rusiyanın hərbi-siyasi nüfuzunu azaldan və Rusiyanın strateji aktivlərinə çıxış imkanı verən potensial dəniz və hava yolu hesab edir. Həqiqətən də, düşündürücü məqamlar var: Barens dənizinin şimal-şərqində dislokasiya olunmuş, ballistik raketlərlə təchiz edilmiş müasir atom sualtı qayıqları bütün dünyada saysız-hesabsız nəhəng strateji obyektlərin vurulmasına imkan verir.

Onu da nəzərə almaq lazımdır ki, nəhəng fövqəldövlətlər şimalda sualtı nüvə donanmasının yerləşdirilməsi, dənizdə HHM sisteminin qurulması ilə bağlı konkret mövqeyə malikdirlər. Ümumilikdə, Rusiya ilə NATO arasında qarşıdurma «soyuq müharibə» dövrü ilə müqayisədə bir qədər yumşaq olsa da, davam edir. Beləliklə, Arktika dövlətlərinin regionda hərbi mövcudluqlarını artıracaqlarını, orada hərbi infrastrukturun inkişaf edəcəyini gözləmək olar.

Böyük Britaniya, Almaniya, Çin və Yaponiya, həmçinin dənizin dibinin öyrənilməsi və istifadəsi üzrə texnologiyalara malik bəzi digər inkişaf etmiş ölkələr üçün Arktikada 1982-ci il bəyannaməsinin norma və prinsiplərinin qəbulu vacibdir. Bu, təbii resursların sənayedə istifadəsi hüququna da aiddir. Qlobal istiləşmə və buzlaqların əriməsi nəticəsində karbohidrogenlərlə zəngin Arktika enerji və bioresurslar anbarına çevrilə bilər. Bundan başqa, tədricən yeni nəqliyyat yollarının istifadəyə verilməsi imkanları da artır. Misal kimi, SSRİ-nin dağılmasından sonra faktiki olaraq istifadəsiz qalmış Şimal dəniz yolunu, həmçinin Qlenlandiya ilə Kanada arasında, hələlik, buz altında olan keçidi göstərmək olar. Bu cür yolların istifadəyə yararlı olması gəmilərin Şimali Atlantikadan Şərqi Asiyaya Panama kanalı vasitəsilə keçidlə müqayisədə, daha tez çatmasına imkan verəcək.

Bir sözlə, Arktika hələ çox sürprizlər vəd edir. Şübhəsiz ki, arktik zonanın istifadəsində uğur Arktikanın hüquqi statusu ilə bağlı yığılıb-qalmış problemlərin həllindən asılıdır. Onun xüsusi coğrafi mövqeyini nəzərə alsaq, bu məsələdə sahilyanı ölkələrin qarşılıqlı güzəştlərə getməyə nə dərəcədə hazır olmaları böyük rol oynayacaq.



MƏSLƏHƏT GÖR:

425