28 Aprel 2024

Bazar, 04:02

ÇOX MARAQLI İNTRİQA

Amerikalı politoloq Nikolay Zlobin: «Bu, çağdaş Amerika tarixində ən qəribə seçki kampaniyası olacaq»

Müəllif:

01.04.2016

ABŞ-da davam etməkdə olan prezident seçkisi yarışında, deyəsən, əsas liderlər müəyyənləşib: Demokratlar Partiyasının namizədi - sabiq dövlət katibi Hillari Klinton, respublikaçılarınkı isə Donald Trampdır. Müasir dünyanın hərbi-siyasi və maddi-iqtisadi baxımdan, ən güclü dövlətinə qarşıdakı 5 ildə məhz onlardan biri başçılıq edəcək. 

Məlum olduğu kimi, dünyanın valyuta-maliyyə sisteminin əsas karkasını məhz ABŞ-ın milli valyutası təşkil edir.

Amerikalı politoloq Nikolay Zlobin «R+»a müsahibəsində qarşıdan gələn seçkidən nələrin gözlənildiyi, ABŞ-ın xarici siyasətində hansı dəyişikliklərin baş verə biləcəyi haqqında danışıb.

- Kimin prezident olmaq şansı daha çoxdur - Hillari Klintonun, yoxsa Donald Trampın?

- Hələlik, seçki prosesində namizədlərin öz siyasi partiyalarından dəstək almaları uğrunda mübarizə gedir. Hillari Klinton və Donald Trapm öz partiyaları daxilində liderlik uğrunda mübarizə aparırlar. İndi onlar demokratlara və respublikaçılara Ağ evdə onların maraqlarını başqalarından daha yaxşı qoruya biləcəklərini sübut etməyə çalışırlar. Hillari Klinton, şübhəsiz, demokratlar arasında liderdir və partiyanın prezidentliyə namizədinin məhz Klinton olacağı daha çox ehtimal ediləndir. Trampa gəlincə, onunla bağlı vəziyyət, hələ ki, tam aydın deyil. Çünki birincisi, respublikaçılarda onunla rəqabət apara biləcək digər namizədlər də var; ikincisi, Respublikaçılar Partiyasının isteblişmentinin müəyyən hissəsi Trampa qarşıdır. Bir çox respublikaçılar onu bəyənmir. O, həqiqətən də respublikaçılar üçün ənənəvi namizəd deyil və partiya funksionerlərinin bir hissəsi Trampın qarşısını kəsmək istəyir.

ABŞ-ın seçki sisteminin xüsusiyyəti ondadır ki, namizədliyə iddialılar ilkin seçki vasitəsilə müəyyənləşir. Yəni, sıravi respublikaçılar Trampa səs verərlərsə, funksionerlər onun namizədliyini ləğv edə bilməzlər. Bu mənada, ABŞ-ın seçki sistemi daha az idarəolunandır. Bununla yanaşı, Donald Tramp Respublikaçılar Partiyasında müqavimətlə üzləşib və rəqibləri onun qarşısını kəsmək üçün mümkün hüquqi imkanlar axtarır. Amma onlar istəklərinə, çətin ki, nail olsunlar. Namizədlər tam dəqiqləşən kimi, vəziyyət kəskin dəyişəcək. Bütün demokratlar Klintonu dəstəklədiklərini nümayiş etdirən kimi, yəqin ki, respublikaçıların əksəriyyəti Trampa dəstək verməyə başlayacaqlar. Çünki respublikaçıların əsas hədəfi Ağ evə rəhbərliyi geri qaytarmaq, demokratların məqsədi isə prezidentliyi əldən verməməkdir. Yəni həmin mərhələdə partiya maraqları arxa plana keçəcək. Donald Tramp seçkidə qələbə qazanarsa, ABŞ tarixində nadir görünən hal yaşanacaq: Respublikaçılar Partiyası həm Ağ evə, həm də çoxluğa malik olduğu ABŞ Konqresinə nəzarət edəcək. Yox, seçki Klintonun qələbəsi ilə bitərsə, bu halda tez-tez təkrarlanan situasiya yaşanacaq: Ağ evdə demokrat prezident, Konqresdə isə respublikaçıların nəzarəti.

Bu vəziyyətə münasibətlər ziddiyyətlidir. Bəziləri belə hesab edir ki, bu, ABŞ-ın siyasətinə əngəl olacaq. Amma belə vəziyyəti ABŞ tarixi üçün daha məhsuldar hesab edənlər də var.

- Bəs, prezident seçkisinin özü necə keçəcək? Respublikaçıların namizədi həddindən artıq emosional, qalmaqallı, tezcoşandır. Belə insanın qarşısını heç nə kəsə bilməz. O, qələbə naminə opponentinin hörmətdən salınmasına belə, gedəcək.

- Hələlik, görünən odur ki, Hillari Klinton Donald Trampa asanlıqla qalib gələ bilər. Bu, respublikaçıların problemlərindən biridir: onlar Klintona qalib gələ biləcək namizəd tapa bilmirlər. Lakin bu vəziyyətin nə qədər davam edəcəyini söyləmək çətindir. Respublikaçılar, ənənəvi olaraq, demokratlara səs verən kütləni öz tərəflərinə çəkməyin yolunu tapmalıdırlar: etnik qruplar, mühacirlər, gənclər, qadınlar və sair. Versiyaların

 birinə görə, Trampın qeyri-adi davranışları bu kateqoriyadan olan seçicilərin cəlbinə imkan verəcək. Amma onun davranışları əksinə, Latın Amerikasından olanları, ərəbləri və digərlərini respublikaçılardan döndərir. Ümumiyyətlə, ABŞ-da Trampın təhqir etmədiyi seçici kateqoriyası qalmayıb. Vəziyyət bu səbəbdən qeyri-müəyyəndir.

Hillari Klintonun da öz problemləri var. Demokratlar gənclərin səsini ala bildikdə qələbə qazanırlar. İndi isə Klintonun demokrat gəncləri, həmçinin orta sinfi öz tərəfinə çəkə biləcəyinə birmənalı əminlik yoxdur. Məsələ ondadır ki, o, 1990-cı illərə aid siyasi isteblişmentin nümayəndəsi kimi assosiasiya olunur. Bununla yanaşı, qadın təşkilatlarının, feministlərin, vətəndaş cəmiyyəti üzvlərinin və digərlərinin də Klintona münasibəti birmənalı deyil. Yəni, demokratların ənənəvi elektoral bazasını səfərbər edə biləcəklərinə əminlik yoxdur. Vaxtilə Barak Obama buna «Bəli, biz bunu bacaracağıq» şüarı ilə nail olmuş, böyük sayda gəncləri onu dəstəkləməyə cəlb edə bilmişdi. Məhz gənclərin dəstəyi sayəsində Obama qələbə qazanmışdı. Lakin son 8 ildə gənclər Vaşinqtonun siyasətindən çox məyus olublar. Belə olan təqdirdə, Klintonun gənclərdə yeni ruh yüksəkliyi yaradacağına inanmaq çətindir.

Bundan sonra Klintonla Tramp arasında seçici uğrunda maraqlı mübarizə gedəcək. Klinton, ənənəvi olaraq, Amerikanın siyasi sinfini təmsil edir; o, dünyada yaxşı tanınır və son dərəcə təcrübəli siyasətçidir. Kifayət qədər xarizmatik olan Tramp isə həyatda hər şeyə özü nail olub, çoxlu pulu var və uğur qazanacağına inanır. Eyni zamanda, Amerika isteblişmentində, investorlarda Trampa bir inamsızlıq var. Onun xarici siyasətdən, ümumiyyətlə, siyasətdən başı çıxmır. Əvəzində, Tramp ictimai əhvalı əla duyur. Şübhəsiz, bu, ABŞ-ın müasir tarixində ən qəribə seçki kampaniyası olacaq. ABŞ tarixində bu cür seçki kampaniyası tapmaq çətindir; məsələn, Donald Tramp heç zaman siyasətdə olmayıb, amerikalılar isə təcrübəsizləri sevmir. Hillari Klintona gəlincə, o, Nyu-York ştatından senator və ABŞ-ın dövlət katibi olub, lakin qubernator postunu tutmayıb. Əksər amerikalılar isə üstünlüyü məhz sabiq qubernatorlara verirlər. ABŞ tarixində indiyədək qubernator postunu tutmadan prezident seçilə bilmiş 2 nəfər olub: Con Kennedi və Barak Obama. Bu yarışdan Klinton qalib çıxarsa, bu, üçüncü belə hal olacaq. Yox, Tramp qələbə qazanarsa, o, siyasətdə olmayaraq, ABŞ prezidenti seçilmiş ilk şəxs kimi tarixə düşəcək. İntriqa bundadır.

- Hazırkı prezident Barak Obama üçün xarici siyasət prioritet olmayıb. O, əsas diqqəti daxili siyasətə yönəldib. İndiki namizədlərdən hər hansının qələbəsindən sonra, ABŞ-ın xarici siyasəti, məsələn, Cənubi Qafqazla bağlı siyasəti necə olacaq?

- Namizədlər heç zaman seçkiyə xarici siyasət şüarları ilə getməyib. Onlar üçün hər zaman ən vacibi daxili siyasi şüarlar olub.

Bu seçki digərlərindən bu mənada da fərqlənir. Məsələ ondadır ki, ABŞ iqtisadiyyatı kifayət qədər uğurla inkişaf edir və artıq 70 həftədir ki, iqtisadi inkişaf qeydə alınır, işsizlik Rusiyada olduğundan aşağı həddədir, investisiyalar gəlir, inflyasiya, demək olar ki, yoxdur. Fundamental mənfi trendlər var. Lakin ümumilikdə, iqtisadiyyatda işlər qaydasındadır. Bu mənada, Barak Obamanın iqtisadi siyasətini tənqid etmək çox çətindir. Seçici üçün bu, maraqlı deyil. O, iqtisadiyyatda hər şeyin qaydasında olduğunu görür. Odur ki, bu səbəbdən, özləri üçün də gözlənilməz olaraq, Klinton ilə Tramp Amerika administrasiyasının xarici siyasətini şərh etmək məcburiyyətində olurlar. Namizədlərin buna hazır olmadıqları xüsusilə seçki kampaniyasının əvvəlində hiss olunurdu. Sabiq dövlət katibi Klintonda bu, müəyyən qədər alınsa da, Trapm sırf improvizə, ekspromtla məşğul idi. Bu gün onların heç birinin xarici siyasi proqramı yoxdur. Onların danışdıqları anlıq xarakter daşıyır. Tramp qələbə çalarsa, Cənubi Qafqazın ABŞ-ın xarici siyasətində yer almayacağına şübhə yoxdur. Respublikaçıların Cənubi Qafqazda maraqları yoxdur. Trampı yalnız Rusiya, Türkiyə və İran maraqlandıra bilər. O, məhz bu ölkələri tanıyır və onlarla işləyəcək. ABŞ-ın ikinci plandakı müttəfiqləri İsrail, Səudiyyə Ərəbistanı və Qətərdir - orada ABŞ-ın nəhəng hərbi bazaları var. Digər dövlətlərlə bağlı, ən azı, ilk ildə Trampın heç bir siyasəti olmayacaq. Sonradan olub-olmayacağını da söyləmək çətindir.

Klintona gəlincə, o, şübhəsiz ki, Cənubi Qafqazla bağlı daha çox məlumatlıdır. Bu təcrübəli diplomat uzun illər xarici siyasətlə məşğul olub. Klinton Cənubi Qafqaza Rusiya və Türkiyəyə təsir baxımından vacib region kimi yanaşacaq. Onun Rusiya ilə bağlı planlarında prioritetlərdən çox şey asılı olacaq. Görünən odur ki, Klinton böyük ehtimalla, Moskvaya münasibətdə son dərəcə aqressiv mövqe tutacaq. Bu halda, Cənubi Qafqaz Rusiyaya təzyiq meydanlarından biri ola bilər. Belə olarsa, Cənubi Qafqaz Vaşinqtonun xarici siyasətində xüsusi əhəmiyyətli bölgə olacaq; məsələn, Azərbaycan vasitəsilə Türkyə ilə münasibətlərin balanslaşdırılmasına cəhdlər ediləcək.

- ABŞ-da keçiriləcək prezident seçkisi birjalarda qiymətlərə, xüsusilə dünya bazarında neftin qiymətinə necə təsir göstərə bilər?

- Seçkinin neftin qiymətlərinə hansısa təsir göstərəcəyini düşünmürəm. Neftin ucuzlaşmasından ABŞ-ın fond bazarı da zərər görüb. 2016-cı ilin ilk 2 ayında Amerikanın fond bazarı tarixinin ən uğursuz dönəmini yaşayıb. ABŞ-ın əlində qlobal neft və qaz bazarına təsir üçün əhəmiyyətli alət var. Amerikalılar neftin bahalaşmasında maraqlı deyillər və onu özləri üçün arzulanan 45-50 dollar səviyyəsində saxlamağa çalışırlar. Əgər bu gün şist nefti və qaz sahəsində çalışan şirkətlər qazancsızlıq üzündən bağlanırsa, qiymətlər artmağa başlayaraq müəyyən həddə çatarsa, onlar yenidən açılacaq və qiymətlən yenidən düşməyə başlayacaq. Nəzərə almaq lazımdır ki, Obama qaz ixracı və neft-qaz sahəsində böyük həcmdə investisiyaların yatırılmasına dair qərar qəbul edib. Bu qərarı həm demokratlar, həm də respublikaçılar dəstəkləyiblər. Demək, hakmiyyətə kim gəlirsə-gəlsin, bu siyasət davam edəcək.

- Donald Tramp Rusiya ilə münasibətləri bərpa edə bilərmi? 

- Yox. Düşünürəm ki, ABŞ-Rusiya münasibətlərində fundamental, sistemli ziddiyyətlər var. Bu, şəxsi münasibətlərdən daha öndədir. Putin ilə Obama münasibətlərin xarakterini dəyişməyə cəhd etsələr də, bu, hər dəfə iflasa uğrayıb. Məsələ prezidentlərdə yox, iki ölkənin razılaşdırılmış milli maraqlarının olmamasındadır. Hələlik, Amerika Prezidentinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaqla çözəcəyi heç bir problem yoxdur. Əksinə, Moskva ilə münasibətlərin yaxşılaşdırılması Amerika isteblişmentinin müəyyən hissəsində narazılığa səbəb ola bilər. Odur ki, ABŞ-Rusiya münasibətləri, hələ ki, mənfi istiqamətdə inkişaf edəcək.



MƏSLƏHƏT GÖR:

495