28 Aprel 2024

Bazar, 14:26

«YENİ SƏLİB ƏHLİ»

Fransa Milli Müsəlmanlar Federasiyasının prezidenti Məhəmməd Bəşəri: «Yaxın gələcəkdə Avropada islamofobiya, antimüsəlman əhvalı artacaq»

Müəllif:

01.04.2016

Bu yaxınlarda «Valday» Beynəlxalq Diskussiya Klubunun Moskvada keçirilmiş toplantısında Yaxın Şərqdə qlobal və regional fövqəldövlətlərin əməkdaşlıq imkanları müzakirə olunub. Toplantıda dünyanın bir çox ölkəsindən olan alimlər, siyasətçilər və diplomatlar bu qeyri-sabit regiondakı münaqişələrin həlli yollarını axtarıblar. Fransanın Milli Müsəlmanlar Federasiyasının prezidenti Məhəmməd Bəşərinin fikrincə, Yaxın Şərqdə yaşananlar hər şeydən əlavə, Avropada islamofobiyanın güclənməsinə ciddi təsir göstərir. O, «R+»a müsahibəsində əksər Avropa ölkələri başçılarının radikalların əlində alətə çevrilməsindən narahatlığını ifadə edib.

- 2005-ci ildə aparılmış sorğu zamanı, Fransa sakinləri onlar üçün insan haqları məsələsinin hər şeydən öndə olduğunu bildirmişdilər. O zaman milli mənsubiyyət məsələsi bu sırada yalnız 12-ci yerdə idi. Keçən müddət ərzində nəsə dəyişibmi?

- Əvvəlcə onu qeyd etmək istərdim ki, Fransaya hər il daimi yaşayış hüququ almaq üçün istər Avropadan, istərsə də ondan kənardan insanlar axışırlar. Hazırda ölkədə 66 milyondan artıq insan yaşayır. Bu əhalinin hər 4 nəfərdən 1-i əcnəbidir. Fransada 7-8 milyon müsəlman var. Yəni, ölkənin ictimai həyatında onların çəkisi kifayət qədər çoxdur. Fransanın müsəlman əhalisinin ilk nəsli hələ Birinci və İkinci Dünya müharibələrində iştirak edib. Onlar həmin müharibələrdən sonra, Fransanın bərpasında da fəal olublar. Hazırda ölkədə müsəlmanların ikinci, üçüncü nəsli böyüyür və indi ölkə birdən-birə görür ki, onlar hicab geyinmək, məscidlərə üz tutmaq istəyirlər. Bu, bir çox fransızda milli ruhun oyanmasına səbəb olub. Nəticədə, ölkədə millətçi cərəyanlar yaranıb - lap elə deyək, yeni səlib əhli. İndi onlar Fransada əhali strukturunun öz-özlüyündə təhlükə olduğunu deyirlər. Onların fikrincə, Fransada müsəlmanların sayının getdikcə artması Yaxın Şərqdəki vəziyyətlə, ərəb-İsrail müharibəsi ilə bağlıdır. Hazırda Fransanın, təxminən, 4,5 milyon seçicisi müsəlmandır. Onlar ölkədə siyasi qərarların qəbuluna ciddi təsir göstərirlər. Artıq Fransada parlament üzvü, Ədliyyə naziri, Milli Təhsil naziri postlarını tutmuş müsəlmanlar var. Bir çox bələdiyyələrə də müsəlmanlar başçılıq edirlər. Başqa sözlə, müsəlmanlar ölkənin siyasi-ictimai, iqtisadi, elmi və mədəni həyatında fəal iştirakçıya çevriliblər. Bütün bunlar millətçi cərəyanlarda müsəlmanlara, İslama nifrət yaradır. Üstəlik, bu, daim deyil, dalğavari baş verir.

- Yenə də Avropanın digər ölkələri ilə müqayisədə, Fransada gəlmələrin yerli cəmiyyətə assimilyasiyası daha yüksək səviyyədədir...

- Biz buna qarşı deyilik axı. Biz müsbət assimilyasiya istəyirik. Mən Fransa vətəndaşıyam və bununla fəxr edirəm. Lakin eyni zamanda, müsəlmanam və müsəlman olmağımla da qürur duyuram. Bu, digər dinin nümayəndələrinə də aiddir.

- Demək istəyirəm ki, Avropanın müxtəlif ölkələrində vətəndaşlığın qəbulu problemi müxtəlif cür həll olunur; məsələn, Böyük Britaniyada muxtar, milli-dini anklavlar var və uzun müddətdir, ümummilli eyniliyin yaradılmasının vacibliyinə dair müzakirələr gedir. Almaniyada bu ölkədə ikinci, üçüncü nəsil yaşayan insanlara vətəndaşlığın verilməməsi halları çoxdur. Fikrinizcə, hansı model daha üstündür?

- Fransa gəlmələrin cəmiyyətə inteqrasiyası siyasəti ilə fərqlənir. Bu, milli, gender və ya dini əsasla bağlı deyil. Avropanın əksər ölkələrində isə bu, əsasən, ictimaiyyətdən təcrid durumunda yaşayan hansısa kommuna, icma səviyyəsində baş verir.

İndi isə son dövrlərin problemlərinə baxın - İŞİD, terrorçuluq, minarələrin ucalığı, hicab, ümumilikdə, Avropada millətçiliyə yol açıb. 28 dövlətdən 22-nin hökuməti bu əhval-ruhiyyənin təsiri altında hərəkət edir. Məni qorxudan hansısa radikal sağçı, millətçi dairələr yox, mühafizəkar sağçıların, hətta solçuların arasında ekstremizmin baş qaldırmasıdır. Söhbət, məsələn, Fransa hökumətinin bu yaxınlarda terrorçuluqda təqsirli bilinənlərin vətəndaşlıqdan məhrum edilməsinə dair qəbul etdiyi qərardan gedir. Əvvəllər bu cəza yalnız ikili vətəndaşlığı olanlara qarşı tətbiq olunurdu. Və bu qərarı solçu hökumət, sosialistlər qəbul edirlər. Yəni, artıq onlar da radikal sağçıların daşıdığı ideyalardan çıxış etməyə başlayırlar.

Düşünürəm, yaxın gələcəkdə Avropada islamofobiya, anti-müsəlman əhvalı artacaq. Üstəlik, söhbət həm də ekstremist xarakterli əməllərdən gedir: məscidlərin yandırılması və sair kimi. Bununla yanaşı, sosial ədalətin tərəfdarı kimi çıxış edən ağıllı, ləyaqətli insanlar da var.

- Amma bu yaxınlaradək Avropa İttifaqı Afrika və Yaxın Şərqdən gələn qaçqınların qəbulu kvotasının artırılmasını lazım bilirdi. İndi isə bir çox Avropa ölkələrinin təzyiqi ilə əks-tendensiya müşahidə olunur. Fikrinizcə, hadisələr hansı istiqamətdə inkişaf edəcək?

- Avropa, əlbəttə ki, bütün dünyada yoxsulluqdan əziyyət çəkənlərin hamısını qəbul edə bilməz. Bu, aydındır. Lakin aydın olan digər məsələ də var. Biz siyasi qaçqınları, yaxud öldürülmək təhlükəsi ilə üzləşmiş insanları niyə qəbul etmirik? Bu diskussiya getdikcə qızışır. Siyasi qaçqınlarla Avropaya iş dalınca üz tutanları bir cərgəyə qoymaq olmaz.

- Siz islamofobiyanın mümkün artımı risqindən danışırsınız. Avropada fəaliyyət göstərən müsəlman təşkilatlarının buna reaksiyası necə olacaq?

- Biz bu problemə ölçülü-biçili yanaşmanın ortaya qoyulmasını vacib sayırıq. Müxtəlif din təmsilçiləri arasında dialoq, həmkarlar ittifaqı təşkilatları, siyasi partiyalarla birlikdə ictimai həyatda fəal iştirak lazımıdır. Lakin vəziyyət kritik həddə çatarsa, məsələyə məhkəmə qarışmalıdır. Yekun qərarın çıxarılması hüququ yalnız onlardadır.

- İŞİD-in sıralarına qoşulan könüllülər sırasında avropalılar da az deyil. Belə bir fikir formalaşıb ki, bunun əsas günahkarı Avropanın müsəlman ruhaniləridir. Bu fikri doğru sayırsınızmı?

- Hazırda İŞİD sıralarında Avropadan, təxminən, 12 min adam var. Onların 5 mini Rusiyadandır. 25%-i İslamı qəbul etmiş avropalı, 20%-i qızlardır. Onların İŞİD-in nəzarətində olan ərazilərə üz tutmalarına səbəb, oranı ideal dövlət, ideal İslam kimi görmələridir. İŞİD-ə qoşulanların heç də hamısı yoxsul, rifahı aşağı olan ailələrin üzvləri deyil. Onları cahil adlandırmaq olmaz. İŞİD-ə qoşulanların sırasında kifayət qədər tələbə, alitəhsilli şəxslər var. Yəni, burada söhbət dərrakə, psixi pozğunluqdan gedir. Dini doğru anlamama da var. Odur ki, bizim - Avropanın müsəlman təşkilatlarının vəzifəsi gənclərin İslamın mahiyyətini doğru anlamasına kömək etməkdir.

- Bu vəzifənin öhdəsindən gələ bilirsinizmi?

- Xeyr. Çalışırıq.

- Proqnozunuz necədir? İŞİD-ə qoşulanların sayı artacaq?

- Bəli. Düşünürəm, onların sayı artacaq. Çünki gənclərin İŞİD-ə üz tutmasının səbəbləri aradan qaldırılmayıb. İnsanlar zülmə məruz qalırlar. Bundan başqa, İslamın yanlış anlaşılması, ideoloji baxımdan qeyri-kamillik də var. Sosial şəbəkələr də onların cəlbində böyük rol oynayır. Hər gün İŞİD-i 100 min tvit və YouTube portalında 50 min videoçarx reklam edir.

Bu vəziyyətlə mübarizədə hansısa dövlətə və ya insan qrupuna qarşı ittihamlar irəli sürmək olmaz. Bundan başqa, ortada bir paradoks var - İŞİD-lə mübarizə onun tərəfdarlarında haqlı olduqlarına əminliyi daha da artırır. Məscidlərin, ictimai təşkilatların, KİV-in fəaliyyətini daha yüksək səviyyəyə qaldırmaq lazımdır. Siyasətçilər də doğru qərarlar qəbul etməlidirlər.

- Siyasətçilər dedikdə, ölkə rəhbərliyini nəzərdə tutursunuz? Onlar sizinlə əməkdaşlıq edirmi? Əlaqə yaradır, kiməsə yardım göstərirlərmi?

- Bəziləri bizimlə əməkdaşlıq edir. Avropa hazırda son dərəcə ciddi sosial böhran yaşayır. Cəmiyyətin sosial əsasları - ailə, böyük nəslə hörmət - dağılır. Odur ki, hakimiyyətə gələn hər kəsə zəifi incitmək asanlaşır. Amma təbii ki, müdrik insanlar da var və biz onlarla əməkdaşlıq edirik.

- Fikrinizcə, Avropanın hansı ölkələri bu məsələdə daha çox uğur qazanıb, hansılarsa əksinə? 

- Biz istərdik ki, ümumilikdə, Avropada bu sahədə irəliləyişə nail olaq.


MƏSLƏHƏT GÖR:

415