2 May 2024

Cümə axşamı, 02:49

ÖLÜM FABRİKİ

Dünyada terrorun kökünün kəsilməsi üçün Suriyada sülhə nail olunmalıdır

Müəllif:

01.04.2016

Martda Suriyada gedən vətəndaş müharibəsinin, düz, 5 ili tamam oldu. Suriyanın tarixindəki bu dəhşətli dönəmin başlanmasının səbəbləri haqqında çox danışmaq olar - «ərəb baharı», müxalifətin əməlləri, güclü quraqlıq, kənar müdaxilələr... Amma bu, heç nəyi dəyişmir və son 5 il, təxminən, 250 min insan həyatı, onlarca memarlıq abidəsinin dağılması, milyonlarla insanın qaçqın düşməsi bahasına başa gəlib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, münaqişə nəticəsində 6,6 milyon insan daxili köçkünə çevrilib, 4,8 milyon nəfər ölkəni tərk edib. 

«İslam Dövləti» (İD) terror təşkilatının Suriyada peyda olması ilə bu ölkədən əhalinin axını daha da artıb. Qaçqınların əksəriyyəti qonşu ölkələrdə - İordaniya, Türkiyə, Livan - məskən salıb, 100 minlərlə insan isə bütün mümkün yollardan istifadə etməklə, Avropaya üz tutub. Bu, öz növbəsində, ciddi miqrasiya böhranına yol açıb. Əvvəlcə qapılarını Yaxın Şərqdən olan qonaqların üzünə taybatay açan “Köhnə Qitə” zaman keçdikcə, bu sayda «yad»ı «həzm etməyin» çətinliyini anlamağa başlayıb. Müxtəlif terror təşkilatlarının, əsasən də “İD” üzvlərinin qaçqın adı altında Avropa İttifaqına axışmağa başlaması isə vəziyyəti daha da qəlizləşdirib. AR agentliyinin xüsusi xidmət orqanlarına istinadən verdiyi məlumata görə, “İD” Avropaya, təxminən, 400 yaraqlı göndərib. Ayrı-ayrı özəklər yaratmış həmin terrorçular terror hücumlarının təşkil olunacağı yerləri, vaxtı və hücum yollarını müəyyənləşdirməlidirlər. Bundan başqa, artıq Avropada məskən salmağa nail olmuş miqrant gənclərin bir hissəsi Suriya və İraqda təlim keçərək, hərbi təcrübə qazanmaq və yenidən geriyə qayıtmaq üçün «qaçqın dəhlizi»ndən istifadə etməyə başlayıblar. “DW” Teleradio Şirkəti xatırladır ki, 2015-ci ildə Fransa xüsusi xidmət orqanları tərəfindən həbs olunmuş cihadçılar Reda Hame və Nikolya Moro “İD”nin terror aktlarına hazırlaşdığına dair xəbərdarlıq etmişdilər. Bu islamçılar “İD”nin Suriyadakı düşərgələrində təlimlər keçərək, Fransaya qayıtmışdılar. Onlar Suriya təcrübəsini Avropaya hücuma hazırlaşan terrorçuların hazırlığı üçün «əsl fabrik» adlandırırdılar.

2015-ci il noyabrın 13-də Parisdə törədilmiş və 130 nəfərin həyatına son qoymuş terror aktlarında da bu izlər görünürdü. Eyni sözləri bu yaxınlarda - martın 22-də Brüsselin Zaventem aeroportunda və «Maalbek» metro stansiyasında baş vermiş, 35 nəfərin (Böyük Britaniya, İtaliya, Çin, Niderland, Fransa, Almaniya, İsveç və ABŞ vətəndaşları) ölümünə, 250 nəfərin yaralanmasına səbəb olmuş terror aktları haqqında da demək olar.

Brüssel və Paris terrorları bir-biri ilə sıx əlaqəlidir. Molenbek miqrantlar məhəlləsidir və Parisdə törədilmiş terror aktının təşkilatçısı, martın 18-də həbs olunmuş Salah Abdeslam məhz orada gizlənirmiş. Belçika KİV-in məlumatına görə, terrorçular partlayışları, əslində, martın 22-də yox, 28-də - Pasxa Bayramı günü törətməyi planlaşdırırmışlar. Lakin Abdeslamın saxlanılması onların planını dəyişib və terrorçular niyyətlərini daha tez həyata keçirmək qərarına gəliblər.

Brüsseldə törədilmiş terror aktlarında ölənlərin sayı Parisdəki qədər çox olmasa da, onun mənəvi zərbəsi daha böyükdür. Axı, bu dəfə zərbə Avropanın ürəyinə - Aİ institutlarının yerləşdiyi məkana və ilk dəfə Avropa aeroportuna vurulub. Bununla yanaşı, istisna etmək olmaz ki, terrorçuların hədəfi daha böyük olub - yerli AES.

Bu hadisə Avropanın təhlükəsizlik xidmətinin imicinə də ciddi zərbə vurub. Hər halda, onlar partlayışların qarşısını ala bilməyiblər. Halbuki, bütün kamikadzelərin və şübhəlilərin indiyədək dəfələrlə qanunla problemləri olubmuş. Amma onlar, nədənsə, diqqətdənkənar qalıblar; məsələn, qatillərdən, ən azı, biri Belçikada saxta pasportla yaşayırmış. Bundan başqa, Türkiyə mətbuatının məlumatına görə, rəsmi Ankara ehtimal olunan kamikadzelərin birindən şübhələndiyi haqqında Belçikaya xəbərdarlıq edibmiş - ötən ilin iyununda o, Türkiyə-Suriya sərhədi yaxınlığında saxlanılaraq, Niderlanda deportasiya olunubmuş.

Xüsusi xidmət orqanları heç də Alp dağlarında deyil, onların, az qala, gözləri qarşısında - Brüsselin Molenbek adlanan miqrantlar məhəlləsində gizlənmiş Abdeslamı da uzun müddət tapa bilməyib.

Bu, yalnız Belçikanın problemi deyil. Avropanın bir çox paytaxtlarında «Molenbek»lər var (Brüssel yaxınlığında Skarbek, Paris ətrafında Sen-Deni, Berlində Noykyoln, Stokholmda Rinkebyu və Xusbyu, Kopenhagendə Tinqberq və s.). Hər yerdə də yerli polis həmin bölgələrin təhlükəli, sosial etirazların baş verə biləcəyi məkan olduğundan, oradan uzaq qaçır. Hər kəs 2005-ci ildə Fransada polisin təqib etdiyi iki yeniyetmə miqrantın ölümü üzündən baş qaldırmış miqrant iğtişaşlarını yaxşı xatırlayır. Yeri gəlmişkən, saysız-hesabsız miqrant məhəllələri çoxdan formalaşıb və avropalılar onları özlərinin müstəmləkəçi keçmişinə görə, bir növ, qaçılmaz cəza kimi qəbul edirlər.

Belçika pasportunu və müavinətlərini çoxdan əldə etmiş miqrantlar öz kommunalarında yaşayır, hakimiyyətə can atmır, müəyyən partiyalara səs verirdi və bu, hər kəsi qane edirdi. Amma o zaman Avropaya indiki kimi qaçqın axını yox idi, Suriya dinc ölkə idi, “İD” indiki formasında deyildi. Bu gün isə Suriyaya döyüşməyə yollanan yaraqlıların adambaşına düşən sayına görə, Belçika Avropa ölkələri arasında ilk yerdədir. Ötən ilin noyabrında hücuma məruz qalmış Fransa da bu göstəricidə qonşusundan o qədər də geri qalmır.

Bir sözlə, Suriya və İraqın Avropadan çox uzaqda yerləşməsinin heç bir köməyi yoxdur - terror problemi avropalıların evinə gəlib çatıb və aydındır ki, indi onlar bu problemi yalnız öz xüsusi xidmət orqanlarının köməyi ilə həll etmək iqtidarında deyillər. Təəssüf ki, bu işdə, məsələn, tolerantlıq kimi ənənəvi Avropa dəyərləri də işə yaramır. Avropanın memarlıq rəmzlərinin, yaxud sosial şəbəkələrdə avatarların zərərçəkmiş ölkənin bayrağının rəngləri ilə bəzəməsi də köməyə gəlmir. Baş verənlərə etinasız qalmayan vətəndaşların müxtəlif yürüşlərindən də bir şey çıxmaz. Üstəlik, Belçikada yerli sakinlərin qorxuya qarşı keçirmək istədikləri yürüş təhlükəsizlik baxımından təxirə salınıb. Yəni, qorxuya qarşı keçirilməli olan yürüş elə qorxu üzündən baş tutmayıb. Təəssüf ki, yalnız bir çıxış yolu var. Avropalıların öz evlərində - teatrlarda, aeroportlarda, stadion və kafelərdə partladılmamaları üçün terrorçuluğu Yaxın Şərqdə məhv etmək lazımdır. Bunun üçün isə, ən azı, Suriyada sülh əldə edilməlidir.

Rusiya və ABŞ-ın təşəbbüsü ilə Suriyada fevralın 27-dən etibarən atəşkəs razılaşması qüvvədədir. Problemin həlli üçün Suriyaya Beynəlxalq Dəstək Qrupu da ciddi cəhdlər göstərir. Əsas ümidlər isə əlbəttə ki, martın 14-24-də Cenevrədə aparılmış danışıqlaradır. BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura növbəli şəkildə həm Dəməşq nümayəndələri, həm də müxtəlif müxalifət qruplarının təmsilçiləri ilə görüşüb. Müşahidəçilərin sözlərinə görə, müxalifətçilər bu görüşlərdə kifayət qədər geniş tərkibdə təmsil olunublar. Sonda tərəflər arasında müəyyən məsələlərdə ortaq məxrəcə gəlinib. Bundan sonra söhbət hakimiyyətin siyasi yolla ötürülməsinin konkret şərtlərindən və yeni Konstitusiyadan gedəcək.

Ən maraqlısı və ən çətini də bundan sonra başlayır. Düşünmək olardı ki, Rusiyanın əsas qüvvələrini Suriyadan çıxarmasından sonra Bəşər Əsədin danışıqlardakı mövqeləri laxlayacaq. Belə bir fikir də var idi ki, Hələbə hücum zamanı Suriya ordusunun imkanlarının nə qədər məhdud olduğu üzə çıxıb. Lakin Cenevrə danışıqlarının növbəti raundunun başa çatmasından bir neçə gün sonra, Suriya ordusu ölkədə qalmış Rusiya aviasiyasının dəstəyi ilə qədim Palmira şəhərini yaraqlılardan azad edib. Xatırladaq ki, “İD” yaraqlıları bu şəhəri hələ ötən ilin mayında nəzarətə götürmüşdülər. Bu, son 2 ildən artıq müddətdə “İD”nin ən böyük məğlubiyyəti sayılır. Onun rəmzi mənası da var. Əsəd və Moskvanın «reklam kampaniyası» da öz yerində.

Bütün bunların fonunda Suriyanın gələcəyi ilə bağlı sövdələşmələr davam edir. Martın əvvəlində MKİ-nin direktoru Con Brennan, ayın sonunda isə ABŞ-ın dövlət katibi Con Kerri Moskvaya səfər ediblər. Bu səfər müəmmalı qırmızı çamadan (onun içərisində ya qiymətli məlumatlar var idi, ya hədiyyə, ya Putinin zarafat etdiyi kimi, «sövdələşmə üçün pul», ya da Rusiya sosial şəbəkələrində müzakirə olunduğu kimi, hansısa kompromat), tərəflərin anlaşılmaz zarafatlarları və eyhamları ilə yadda qalıb. Görüşün nə ilə nəticələnəcəyini yaxın gələcək göstərəcək, lakin Putin və Lavrovun da iştirak etdiyi dördsaatlıq danışıqlardan dərhal sonra, Kerri Suriya böhranının həllində Moskva-Vaşinqton əməkdaşlığının ciddi nəticələr verdiyini söyləyib. Putin isə deyib ki, Rusiya Suriyada əldə etdiyi bütün uğurlara görə, ABŞ-ın mövqeyinə borcludur.

Moskva-Vaşinqton münasibətlərinin soyuq mərhələsində «ququ quşunun xoruzu tərifləməsi» diqqəti çəkməyə bilməz. İki ölkə arasında Suriyanın gələcəyi ilə bağlı əsas fikir ayrılığı qalmaqdadır və bu, əsasən, Bəşər Əsədin taleyi ilə bağlıdır; məsələn, Kerrinin Moskva səfərindən sonra ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bildirib ki, Əsədin rəhbərlik etdiyi Suriya Ordusu ölkəyə sülh gətirə bilməz.

Suriya münaqişəsinə cəlb olunmuş tərəflər arasında danışıqlar Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlunun görüşündə də davam etdirilib. Onunla, demək olar ki, eyni vaxtda Suriyadakı durumu Rusiya və İran prezidentləri Vladimir Putin ilə Həsən Ruhani telefon vasitəsilə müzakirə ediblər.

Amma tərəflər hələ «kürd məsələsi»ni də həll etməlidirlər - kürdlər Cenevrə danışıqlarında iştirak etməsələr də, ölkə daxilində ciddi qüvvə olaraq qalırlar. Onlarla hesablaşmamaq çətindir. “WSJ” yazır ki, Brüsseldə törədilmiş terror aktlarından sonra ABŞ “İD”nin Suriyanı Türkiyə vasitəsilə tərk etdiyi son dəhlizin bağlanılması üçün Ankaraya təzyiq göstərməyə başlayıb. Özü də amerikalılar bu dəhlizi məhz kürd döyüşçülərin əli ilə bağlamaq istəyir. KİV-də yer almış məlumata görə, Suriya Kürdüstanında fəal şəkildə Amerika hərbi obyektləri yaradılır. Bu, tamamilə məntiqlidir. Ətraf rayonlar Əsədin və Rusiyanın nəzarətindədirsə, ABŞ-a «Suriyadan və regiondan çıxış» lazımdır. Bu ssenari isə demək olar ki, reallaşıb. Amma bu vəziyyət, çətin ki, İranı, xüsusilə də Türkiyəni qane etsin. Yeri gəlmişkən, Ankara Aİ ildə miqrantlarla bağlı apardığı danışıqlarda Suriyanın şimalında «təhlükəsizlik zonası»nın yaradılmasının vacibliyini bildirib. O, bunun qaçqınların, həmçinin “İD” və digər terror təşkilatları ilə əlaqəli olmayan dost müxalifət qüvvələrinin sığınması üçün vacib olduğunu düşünür.

Eyni zamanda, İraq hərbçilərinin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya aid təyyarələrin dəstəyi ilə çoxdan gözlənilən əməliyyatlara başladığı da məlum olub. Söhbət “İD” yaraqlılarının, təxminən, 2 il əvvəl nəzarətə götürdükləri, İraqın böyüklüyünə görə ikinci şəhəri olan, paytaxt Bağdadın 360 kilometrliyində yerləşən Mosulun geri qaytarılması əməliyyatından gedir. Suriyada olduğu kimi, İraqda da terrorçular əllərində olan əraziləri, nəzarət məntəqələrini və maliyyə mənbələrini itirməkdədir. Bu, təbii ki, sevindirici haldır. Lakin müşahidəçilərdən xəbərdarlıqlar da gəlir - məğlubiyyət yaraqlıları yeni terror aktlarına əl atmağa vadar edə bilər. Bu terror aktlarının harada baş verəcəyini proqnozlaşdırmaq isə çətindir.

“Sky News” telekanalı kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən xəbər verir ki, “İD” Türkiyədəki yəhudi məktəblərinə, uşaq bağçalarına və gənclər mərkəzlərinə qarşı terror planı hazırlayıb. Onların əsas hədəflərindən biri İstanbulun Bəyoğlu rayonunda yerləşən sinaqoqdur. Qeyd edək ki, bu sinaqoqun nəzdində məktəb və mədəniyyət mərkəzi də fəaliyyət göstərir.

Bundan əvvəl ABŞ-da da terror aktlarının mümkünlüyünə dair məlumat yayılmışdı.

Müharibə davam edir və təəssüf ki, yeni qurbanlar qaçılmazdır. Lakin deyəsən, dünya birliyi nə qədər bölünmüş halda olsa da, vəziyyətdən çıxmaq üçün onun Suriya ilə bağlı necəsə razılığa gəlməkdən, Yaxın Şərqdə terrorla mübarizəyə başlamaqdan başqa yolu yoxdur. Ona dünyanın digər bölgələrində də yalnız bu yolla qalib gəlmək olar.

 



MƏSLƏHƏT GÖR:

386