5 May 2024

Bazar, 22:14

DAR GÜNDƏ TANINANLAR

İlham Əliyevin Türkiyəyə səfəri regional geosiyasətdə əlamətdar hadisəyə çevrildi

Müəllif:

01.04.2016

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə bu yaxınlarda etdiyi səfər iki ölkə arasındakı münasibətlər tarixində xüsusi yer tutacaq. Bu səfər son dövrlərdə ardarda terror hücumuna məruz qalan türk xalqının ağır günündə Bakı ilə Ankaranın strateji birliyinin sarsılmazlığını bir daha nümayiş etdirdi.

Ankarada fevralın 17-də, martın 13-də törədilmiş və çoxsaylı insan tələfatına səbəb olmuş miqyaslı terror aktları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfərini təxirə salması ilə nəticələnmişdi. O, Bakıya Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün gəlməli idi.

Yeri gəlmişkən, bəzi ekspertlər, məsələn, Ankaranın Qazi Universitetinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Mehmet Seyfəddin Erol Türkiyə paytaxtında qanlı partlayışların məhz Ərdoğanın Bakıya səfəri öncəsi törədilməsini təsadüf saymır. Erolun fikrincə, terror aktları «strateji məqsədlər güdüb və bu məqsədlərdən biri də Türkiyə ilə Azərbaycan arasındakı çoxşaxəli münasibətləri korlamaq idi». Ekspert hesab edir ki, qanlı partlayışların arxasında dayanan qüvvələr «ilk növbədə, Azərbaycana mesaj verərək, onu Türkiyə ilə birgə layihələrdən çəkindirməyə çalışıblar».

Bu versiyanın tərəfdarları diqqəti hər iki terror aktının Ərdoğanın Bakıya səfərinə çox az müddət qalmış törədildiyinə çəkir.

Bütün bunların fonunda Azərbaycan Prezidenti çox əhəmiyyətli bir jest etdi - ikinci terror aktından sonra, o özü Türkiyəyə yollandı və bununla da nəinki qardaş xalqa dəstəyini göstərdi, həm də Azərbaycan-Türkiyə müttəfiqliyini istəməyənlərin bu münasibətin zəifləyəcəyinə olan ümidlərini tam öldürdü. Əliyev aydın şəkildə göstərdi ki, Azərbaycan bundan sonra da qardaş Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş strateji kursu davam etdirəcək. Səfər zamanı o da aydın oldu ki, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü, sadəcə, iki dövlət başçısı arasında təmas deyil.

«Təsadüfi deyil ki, keçən ilin noyabr ayında Türkiyə “Böyük İyirmilik”ə ev sahibliyi edib. Bizi fərəhləndirən məsələ ondan ibarətdir ki, Türkiyə bu mötəbər tədbirə Azərbaycanı da dəvət edib. Türkiyə yalnız bir ölkəni dəvət edə bilərdi, o ölkə də Azərbaycan oldu», - deyə Azərbaycanın dövlət başçısı mətbuat üçün bəyanatında bildirib.

Əliyevin Ankarada səmimi qəbulu, səfərin KİV-in obyektivindən yayınmayan, protokol qaydalarından kənara çıxan təsirli məqamları iki ölkə arasında münasibətlərin əsl mahiyyətini bir daha nümayş etdirib.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında İlham Əliyev Ankarada törədilmiş amansız terror aktlarını bir daha pisləyib, Türkiyə dövlətinə və xalqına qarşı törədilən bu cür cinayətlərin «heç bir nəticə verməyəcəyinə» əminliyini dilə gətirib.

Azərbaycan liderinin mövqeyi Türkiyə rəhbərliyi və ictimaiyyəti tərəfindən layiqincə qiymətləndirilib. «Mən bu səfəri, bu gün burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını həm bu hadisə ilə bağlı birlikdə gücümüzü, həmrəyliyimizi, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirirəm», - deyə Azərbaycan liderinə jestinə görə minnətdarlıq edən Ərdoğan bildirib: «Mən burada verilən mesajın, əslində, hamı tərəfindən diqqətlə oxunmasını arzu edirəm. Terrora dəstək verməyi, terrorçuya pərdə olmağı azadlıq deyə təqdim edənlər, cənazələrimiz dəfn olunmamış siyasi maraq güdənlər bu qardaşlıq mesajından lazımi dərs çıxarmalıdırlar».

Bakı ilə Ankaranın dostluq və müttəfiqlik münasibətlərini daha da gücləndirmək cəhdləri özünü konkret əməllərdə də göstərir. Yalnız Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının yekununda tərəflər arasında əməkdaşlığa dair 6 sənəd imzalanıb. Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli əməkdaşlığı genişləndirməyə hazır olduqlarını ifadə edərək, 2023-cü ilə qardaş ölkələr arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması məqsədinin qüvvədə olduğunu təsdiqləyiblər. Üstəlik, ticarət dövriyyəsinin artırılmasına yalnız TANAP enerji layihəsinin reallaşdırılması və Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi hesabına nail olunması nəzərdə tutulmur.

Qeyd etmək lazımdır ki, Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarının birləşdirilərək istismara verilməsi bu ilin sonuna planlaşdırılır. Bu layihə sonda Londonla Pekin arasında birbaşa yerüstü əlaqənin yaranmasına imkan verəcək. Reallaşdırılmaqda olan «Cənub Qaz Dəhlizi» layihəsinin vacib hissəsi olan TANAP isə 2 ildən sonra istismara verilməlidir. Bunu prezidentlər Əliyev ilə Ərdoğan da təsdiqləyiblər.

TANAP layihəsinin reallaşdırılmasında Azərbaycan ilə Türkiyənin əhəmiyyətini İlham Əliyev kifayət qədər birmənalı ifadə edib. O deyib ki, əgər 2012-ci ildə bu 2 dövlət layihəyə start verməsəydi, «Bu gün biz «Cənub Qaz Dəhlizi» layihəsini reallaşdıra bilməzdik».

«Bu gün bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, bu transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək», - deyə İ.Əliyev qeyd edib.

Bununla yanaşı, aydındır ki, Türkiyənin TANAP qaz kəmərinin tezliklə istismara verilməsinə marağı daha da artıb. Bu, Ankara ilə Moskva arasında yaranmış gərginliklə bağlıdır. Məhz bu səbəbdən, Ankara Moskvadan enerji asılılığının azaldılması üçün bütün imkanlardan istifadə etməyə çalışır. O, Azərbaycan və Türkmənistan qazının öz ərazisindən tranzitini həyata keçirməyi də düşünür.

Lakin Bakı ilə Ankaranın ikitərəfli müttəfiqliyi genişləndirmək səyləri yalnız nəhəng iqtisadi layihələrin uğurla reallaşdırılması istəyi ilə bağlı deyil. Söhbət iki ölkənin siyasi əməkdaşlıq və təhlükəsizlik sahəsindəki strateji maraqlarının üst-üstə düşməsindən də gedir.

Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfərinin yekunlarına nəzər salarkən, bir məqamı da qeyd etmək vacibdir: bu nəticələr təkcə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini deyil, həm də regional önəmini də açıq şəkildə üzə çıxarır. Hər şeydən öncə Azərbaycan ilə Türkiyə Cənubi Qafqazda tezliklə sülh və barışın bərqərar olmasında maraqlıdırlar. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair ədalətli tələbinin Ankara tərəfindən dəstəklənməsi də bununla bağlıdır. Türkiyənin İşık Universitetinin professoru Həmzə Güngörmüşün fikrincə, «Azərbaycan Prezidentinin Ankaraya səfəri ciddi önəm daşıyır. O, xarici qüvvələrin dəstəyi ilə Azərbaycan ərazilərinin işğalını davam etdirən ermənilərə də mesajdır».

Bu konteksdə Bakı ilə Ankara arasında genişlənməkdə olan hərbi əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Yeri gəlmişkən, martın 9-25-də Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə HHQ «TURAZ Şahini-2016» birgə taktiki-uçuş təlimləri keçirib. Təlimlər illik ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq təşkil olunub.

Prezident İlham Əliyevin də Ankaraya səfəri zamanı söylədiyi kimi, hərbi sahədə əməkdaşlıq iki ölkəni birləşdirən məqamlardandır.

«Bizim hərbçilərimiz bu yaxınlarda birgə təlimlər keçiriblər. Bu da gözəl ənənəyə çevrilib. Hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Biz artıq Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir», - deyə İlham Əliyev qeyd edib.

Diqqətçəkən daha bir məqam Azərbaycanla Türkiyə arasındakı strateji ittifaqın hər hansı üçüncü ölkəyə qarşı yönəlməməsidir. Bakı ilə Ankaranın səyləri regional sabitlik və təhlükəsizliyə nail olunmasına yönəlib. Bu mənada, Azərbaycanın Türkiyə ilə Rusiya arasında mümkün vasitəçiliyi məsələsinin Rusiyanın informasiya məkanında da geniş müzakirə olunması nümunəvi sayıla bilər. İlham Əliyevin Ərdoğanla Moskva-Ankara münasibətlərinin normallaşdırılması perspektivlərini müzakirə etdiyi ehtimalı da irəli sürülür. Bu baxımdan, rusiyalı ekspertlər Türkiyə ilə Rusiya arasında yaxın zamanlarda müşahidə oluna biləcək mümkün müsbət siqnallarda İlham Əliyevin rolunu istisna etmirlər.

Görünən odur ki, Bakı Ankara-Moskva münasibətlərinin normallaşdırılması üçün həqiqətən də səylər göstərir. Bir məqamı xatırlatmaq yerinə düşər : İlham Əliyev hələ ötən ilin noyabrında Azərbaycana səfər edən Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu ilə görüşündə Bakının Rusiya-Türkiyə probleminin həllində vasitəçiliyə hazır olduğunu bildirmişdi. O, Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə tarixən bağlı olduğunu demiş, «bu ölkələr arasında yaranmış gərginliyin bizdə təəssüf və narahatlıq yaratdığını» söyləmişdi.

Beləliklə, İ. Əliyevin Türkiyəyə səfəri, şübhəsiz ki, regional geosiyasətdə əlamətdar hadisə sayılmalıdır. İki qardaş ölkənin Cənubi Qafqazda, demək olar ki, bütün istiqamətlərdəki ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqları üst-üstə düşür. Lakin bundan da vacib başqa məqamdır: Azərbaycan ilə Türkiyə iki xalqın ən ağır dönəmlərində bir-birlərinin yanında olduqlarını bir daha sübut etdilər. Bu mənada, İlham Əliyevin Vətənə qayıtma anı da nümunəvi sayıla bilər. Ərdoğan faktiki olaraq beynəlxalq təcrübədəki diplomatik protokol qaydalarını pozaraq, Əliyevi təyyarənin göyərtəsinədək şəxsən yola saldı. Prezident İlham Əliyev isə öz növbəsində, daha da irəli gedərək, Ərdoğanı təyyarəsinin göyərtəsində çay süfrəsinə dəvət etdi. İlham Əliyevin Ankaraya, sözün əsl mənasında, əlamətdar səfərinin yekun müzakirələri də bu çay süfrəsi arxasında keçdi.



MƏSLƏHƏT GÖR:

472