4 May 2024

Şənbə, 18:00

DÜYMƏSİZ GEYİMDƏ

Modelyer Saltanat BAYMUXAMEDOVA: "Şərq qadını "parlaq nəyisə" almaq niyyətindədirsə, nəticədə, daha bir qara don alır"

Müəllif:

15.04.2016

Saltanat Baymuxamedova - Qazaxıstanın fashion-seqmentində olduqca tanınmışlardan biri - SALTA brendinin təsisçisidir. Bu, Şərq çalarları ilə Avropa brendi kimi səciyyələndirilə bilən müasir moda markasıdır. Saltanat təkcə ideyalar yaradan və sonsuz olaraq onlar barədə danışa bilən rəssam deyil. O, istehsalatın bütün texniki incəliklərini bilir. Bu yaxınlarda moda dizayneri Bakıda olub. Onun Azərbaycanın paytaxtına qısamüddətli səfəri zamanı "R+" modelyerlə danışmağa müvəffəq olub.  

Saltanat, feşn-sənayesinə necə gəldiniz?

- Mən Almatı Yüngül və Qida Sənayesi Texnoloji İnstitutunu tikiş məmulatları modelyer-konstruktor-texnoloq ixtisası üzrə bitirmişəm. Tikiş fabrikində eksperimental sexdə usta köməkçisi kimi başlamışam. Bütün mərhələləri keçdim, gənc dizaynerlər üçün düşə biləcəyim bütün müsabiqə və festivallarda iştirak etmişəm. Son-ra da öz emalatxanamı, daha sonra isə mağaza və SALTA markasını açmaq qərarına gəldim. Həmişə öz markamı yaratmaq istəmişəm. Başlanğıc mərhələ 2008-ci ildə "Trend&Tendance" agentliyinin köməyi ilə öz arzumu - Parisdə ilk kolleksiyamın nümayişini reallaşdırmağım oldu. Bir neçə ay sonra, Almatıda ilk özəl butikim açıldı. O vaxtdan SALTA brendi "Kazakhstan Fashion Week"də iştirak edir, həmçinin perspektivli gənc dizaynerlərlə müştərək kapsul kolleksiyalarının hazırlanması ilə məşğul olur və əlbəttə, bizdə hər yeni mövsüm üçün yeni kolleksiya çıxır. 

- Bir çox məşhur modelyerlər etiraf edirlər ki, ilk şedevrlərini məhz kuklalar üçün hazırlamağa başlayıblar. Sizinlə də belə olub?

- (Gülür) Elədir ki, var. Uşaqlıqda kuklalarım üçün geyimlər tikirdim. Donlar üçün yeni biçimlər uydururdum, kuklalara qeyri-adi saç düzümləri edirdim. Bir az böyüyüb, özüm üçün tikməyə başladım. Həmin vaxt hamı eyni paltarda gəzirdi, mənsə seçilmək istəyirdim. Sonra rəfiqələrim və tanışlarım üçün tikməyə başladım. Düşünürəm, dizaynerlərin böyük əksəriyyəti öz brendlərinin yaradılmasında eyni yolu keçir. 

- Yüngül sənayenin inkişafının dayandığı postsovet ölkəsində öz xəttinin istehsalına başlamaq çətin idi?

- Çox çətin. İlkin mərhələdə logistika, gömrük rəsmiləşdirilməsi ilə və öz geyim xəttimin istehsal prosesində digər mühüm mərhələlərlə bağlı problemlər yaranırdı. Lakin çox şeyin öhdəsindən gəlməyə müvəffəq oldum. Bilirsiniz, işini sevəndə istənilən sərhədləri və əngəlləri dəf edə bilirsən. Bəlkə də bu, mənim işimdə ən əsas olanlardır - sevmək və inanmaq...

- Bakıya nə ilə gəlmisiniz? Sizcə, bakılı dəbbazları nə ilə maraqlandırmaq olar?

- Bakıya Elnarə Bakirin dəvəti ilə gəlmişəm. Bakılı xanımların kolleksiyamla tanış olmaları üçün son moda seriyalarından biri və sevimli modellərimin kiçik parçalarını gətirmişəm. Bakıda olduğum bir neçə gün ərzində buradakı dəbbazların necə model və üslublar bəyəndikləri barədə özümdə fikir formalaşdıra bilmişəm. Vəziyyət doğma Almatıdakı kimidir. Komfortlu, hərəkətə maneə olmayan və fərdiliyi vurğulayan rahat geyimləri bəyənirlər. Maraqlıdır ki, nəsə yeni və özünü "parlaq və qarderobda gözəl olan nəyisə" almağa kökləyən, demək olar ki, bütün Şərq qadınları, nəticədə, daha bir qara don və ya qara kostyum alır. Qara rəngi sevirəm, çünki bu, bəlkə də ən dəbli və ultramüasir rəngdir. Qara həmişə klassika olacaq. 

- SALTA geyim xətti kimlər üçün nəzərdə tutulub?

– Müştərilər müxtəlifdir, lakin əsasən, 35-40 yaşlı qadınlardır. Prinsipcə, mənim geyimlərim hamı üçündür. Eyni model bədən quruluşu və boydan asılı olaraq tamamilə fərqli görünə bilər. Bizim kolleksiyada ziyafət geyimləri, gündəlik və ofis üçün nəzərdə tutulmuş geyimlər tapmaq olar. Qadınlar üçün casual üslubunda olan müasir geyim xətti ev və şəhər gəzintiləri üçün ən müxtəlif əşyaların böyük çeşidlərini təklif edir. Yaz-yay kolleksiyamda parlaq yay çalarları və xüsusi zəriflik var. Əşyalar təbii materiallardan hazırlanıb, son dərəcə komfortlu və praktikdir. Kolleksiyamda boz yekrəng ofis dress-koduna fərqli baxmağa imkan verən işgüzar ge-yimlər üçün də yer ayrılıb. Yeri gəlmişkən, geyimlərimizin böyük üstünlüyü onların çox gözəl keyfiyyəti, istehsalatda yeni texnologiyalardan istifadə, habelə buraxılan məhsulun praktikliyi və komfortluluğundadır. 

- Sizin modellərinizdə çillər və printlər yoxdur. Monoxrom tərəfdarısınız?

- Printləri sevmirəm, xallar və gül rəsmlərini, parıltını, dalğaları və naxışların bolluğunu sevmirəm. Düşünürəm, bunların hamısı artıqdır və diqqəti yayındırır. Təmiz, monoxrom rəngləri, dəqiq xətləri və qüsursuz biçimləri sevirəm. Üslubda əsas kredom - Avropa minimalizmi, yüksək şəkildə ideal biçimli və klassik Şərq motivləridir. 

- Rənglərin sevimli uyğunluğunu nəzərdə tutursunuz?

- Şəxsən mən sadə biçim və baza rənglərin - ağ, qara, bejin uyğunluğunu sevirəm. Bu üç kitlər kolleksiyamın əsasıdır. Onları, adətən, hansısa parlaq çalarla qarışdırıram. Ayaqqabılardan danışsaq, mənim üçün rahatlıq önəmlidir, ona görə də nadir hallarda hündürdaban geyinirəm.

- Aksessuarlara necə önəm verirsiniz? Kolleksiyalarınızda onlardan istifadə edirsiniz?

- Kolleksiyalarımda imkan daxilində aksessuarlardan istifadə etməyə çalışıram, çünki məhz onlar ümumi üslub və fərdilik yaradır. Məncə, aksessuarlar geyimdən daha çox şey deyə bilər. Mənə gəldikdə isə əvvəllər aksessuarlardan çox istifadə edərdim, indi az taxmağa çalışıram.

- Bakıda kolleksiyanızdan təqdim etiyiniz ən zəhmətli model...

- ...Süni ağ və qara xəzdən olan Şərq motivli qara-ağ kürk. Yəni kürkün tərs üzünü çevirəndə o, ya ağ, ya da qara olacaq, necə deyərlər, ikisi birində. Olduqca dəbli geyimdir və hətta soyuq havada belə isti saxlayır. Belə Şərq kürkcəsi...

- Modellərinizdə düymələrdən istifadə etmirsiniz. Bu adət edilmiş furniturdan məqsədli imtinadır? 

- Düymələri sevmirəm. Onlar hamının eyni geyim və ayaqqabıda gəzdiyi Sovet İttifaqının uniformalarını xatırladır. Modellərimdə geyimə yenilik gətirən, onu xüsusi edən, başqalarından fərqləndirən tikilmiş basmadüymələr və müxtəlif bağlardan istifadə edirəm. 

- Kolleksiyanız üçün tekstili haradan sifariş edirsiniz?

- Tekstil və furnituru İstanbuldan gətirirəm. Orada olduqca keyfiyyətli parçalar seçmək olar. 

- SALTA üçün dünya bazarına çıxmaq nə dərəcədə önəmlidir?

– Brend son dərəcə gəncdir, dünya moda sənayesi nöqteyi-nəzərindən hələ çox az tanınır və böyük reklam kampaniyaları və düzgün marketinqə ehtiyacı var. Məşhur moda evləri və kuturyerləri ilə gələcək əməkdaşlığımıza çox ümid edirəm... Düşünürəm ki, yaxşı çalışsaq, strategiya üzərində işləsək və qeyri-adi nəsə fikirləşsək, çox tezliklə dünya bazarına çıxa bilərik. 

- Moda dünyasında kumirləriniz?

- "Kenzo"nun kolleksiyalarını məmnuniyyətlə izləyirəm. Keçmiş kreativ direktor Antonio Marrasın dövründə xüsusilə yaxşı idilər. O, özündə rəssamlıq, qədim mədəniyyət, retro üslub və parçaların qeyri-adi işlənməsi motivlərini birləşdirən əsl kuturye şedevrləri yaradırdı. Con Qalyano və Viviyen Vestvuda da xüsusi həyə-canla yanaşıram. Onlar, sadəcə, dahidirlər! Favoritlər siyahımda işləri maraqlı və qeyri-adi olan bir neçə az tanınmış çinli modelyer də var. 

- XXI əsrin geyimi. Sizcə, o, necə olmalıdır?

- İlk növbədə, rahat, komfortlu və praktik. Əlbəttə ki, onu geyinən şəxsin fərdiliyini də göstərməli və vurğulamalıdır.

- Nəyi heç vaxt geyinməzdiniz? Ultraqısa şortlar, losinlər, yoxsa açıq topu?

- Yağ ləkəsi olan geyimi heç vaxt geyinmərəm. Şortlar, losinlər və s. Geyimdə özümə qadağalar qoymuram. Hər şey vəziyyət, hadisə və əhvalımdan asılıdır. 

- Hər bir qadının qarderobunda nə olmalıdır?

- Ümumiyyətlə, qarderobda dəbdən heç vaxt çıxmayacaq əşyalardan ibarət baza olmalıdır. Çox vaxt onları klassik adlandırırlar, lakin bütün mahiyyəti bir-biri ilə uyğunlaşdırmağın hədsiz imkanlarından ibarətdir. İdeal seçilmiş geyimlərdə həmişə fərqli görünə-cəksiniz. Bu, cins, ağ köynək, jaket, kardiqan, qələm-ətək və istənilən vəziyyətdə xilas edən kiçik qara dondur. Belə don bir çox obrazlar üçün özüldür və hər yerdə və həmişə münasibdir.

- Öz geyim markasını yaratmağı arzulayan gənc və yeni başlayan modelyerlərə nə məsləhət görürsünüz?

- Ən əsası, peşəkarlıqdır. Peşəkarlara hər yerdə dəyər verilir. Bir də öz işini sevməlisən. İnsanın maaşa görə işləməməsi, daxilində ehtirasın olması çox vacibdir. Öz istedadını inkişaf etdirməyi də öyrənmək lazımdır. Bizim işdə əsas məsələ təcrübədir. Mənim halımda məhz təcrübə peşəkarlığımda mühüm rol oynayıb.



MƏSLƏHƏT GÖR:

455