6 May 2024

Bazar ertəsi, 16:41

PARADOKSAL REFERENDUM

Hollandların Ukraynaya "yox" demələrinin səbəbi nədir?

Müəllif:

15.04.2016

Hollandiyada keçirilmiş "konsultativ", yəni, nəticəsinin icrası məcburi olmayan referendumda hollandiyalıların yarıdan çoxu (61%) Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişin imzalanmasının əleyhinə çıxıb. Səsverməyə seçicilərin, təxminən, 32,1%-i qatılıb. Referendumun nəticəsinin Ukrayna ilə razılaşmaya hansı təsiri göstərəcəyi hələ ki, bilinmir. Amma belə görünür ki, referendumun əsas nəticəsi bu, deyil.

 

"Yeni radikallar"

Hollandiya Aİ liderlərinin Ukrayna ilə 2014-cü ildə imzaladıqları razılaşmanı ratifikasiya etməmiş son Avropa İttifaqı ölkəsi idi. Bunun üçün Aİ-nin digər 27 ölkəsində olduğu kimi, parlamentdə adi səsvermə tələb olunurdu. Elə həmin səsvermədə sənəd təsdiqlənmişdi də. Lakin 300 min holland məsələnin referenduma çıxarılmasına dair petisiyanı imzalamaqla, istəklərinə nail olublar. Qeyd edək ki, Hollandiyada 2014-cü ildə qüvvəyə minmiş icrası məcburi olmayan xalq plebisitləri ilə bağlı qanuna görə, münasibətin birmənalı olmadığı istənilən məsələ ümumxalq səsverməsinə çıxarıla bilər. Bunun üçün təşəbbüsün müəyyən sayda vətəndaş tərəfindən dəstəklənməsi lazımdır. Beləliklə, Hollandiya vətəndaşları məhz Ukrayna ilə assosiasiya haqqında sazişin imzalanmasını "münasibətin birmənalı olmadığı məsələ" hesab ediblər.

Bəs, Niderland hökuməti referendumun nəticəsini nəzərə alacaqmı? İlyarımdan sonra ölkədə parlament seçkisi keçirilməlidir. Odur ki, hökumət bu sayda vətəndaşın onun mövqeyinə zidd iradəsini belə, nəzərə almaya bilməz. Baş nazir Mark Ryuttenin rəhbərlik etdiyi hazırkı sağ-mərkəzçi koalisiya miqrasiya böhranı fonunda kifayət qədər zəifləyib və o, populyarlığını Gert Vildersin sağçı Azadlıq Partiyasının xeyrinə itirməkdədir. Yeri gəlmişkən, anti-İslam ritorikası sayəsində populyarlaşmış Vilders miqrasiyaya və Türkiyənin Aİ-yə qəbuluna qəti etiraz edir. Son olaraq isə siyasətçi Ukrayna ilə bağlı referendumun keçirilməsini dəstəkləyib. Qərbin aparıcı KİV-i tərəfindən "sağçı populist", "millətçi" adlandırılan Vilders özü bu fikirləri qəbul etmir. O, məsələn, fransız Mari Le Penlə müqayisə olunmaqdan qaçmağa çalışır, siyasi kumirinin Marqaret Tetçer olduğunu deyir.

Maraqlıdır ki, referendumu Sosialist Partiyası da dəstəkləyib. Bu, bir daha göstərir ki, Avropada ənənəvi sağçı, solçu və mərkəzçi bölgüsü dağılır. Mərkəzçilər işlərinin öhdəsindən gəlmir, solçularla-sağçılar isə klassik imiclərindən uzaqlaşır, siyasi eklektik ritorikaya keçir, rəqiblərdən ən vacib və sərfəli olanları götürür, nəticədə, bir-biri ilə ümumi dil tapırlar. Daha bir maraqlı məqam ondan ibarətdir ki, hər iki tərəfin bu "yeni radikallar"ı, məsələn, elə miqrantlara qarşı dözüm-süzlüklərini etnik və ya dini nifrətlə deyil, Avropa tolerantlığını qoruyub-saxlamaq istəkləri ilə əsaslandırırlar. Söhbət gey, feminist, ateist olmaq hüquqları kimi dəyərlərdən, yəni, yadların heç cür qəbul etməyəcəkləri məqamlardan gedir. Demək, onlardan qorunmaq lazımdır. Paradoksdur.

Nəzərə alsaq ki, hazırda Avropa üçün son dərəcə aktual olan miqrant problemi ilə bağlı avropalıların mövqeyini hər hansı bir formada soruşan olmayıb, bu məsələ ilə bağlı heç bir referendum keçirilməyib. Belə qənaətə gəlmək olar ki, hollandlar bunun "əvəzini" Ukraynadan "çıxmaq" qərarına gəliblər. Hər halda, adi hollandların Kiyev ilə Assosiasiya Haqqında Sazişin onlara nə vəd etdiyini düşünməyə vaxt tapdıqlarına inanmaq çətindir. Axı,    1 000 səhifədən artıq olan bu sənəd ən müxtəlif terminlərlə doludur. Bunu əhalinin 70%-nin səsverməyə qatılmaması, Aİ-nin yerdə qalan 27 ölkəsində vətəndaşların bu sənədin onlara nə vəd etdiyi haqqında düşünməməsi də bunu dolayısı ilə təsdiqləyir. Bu mənada, "Washington Times" qəzetinin referendumöncəsi kampaniya haqqında yazdıqlarına nəzər salmaq yerinə düşər: "Ultrasağçıların tərəfdarları razılaşmaya etiraz mitinqinə Fələstin bayraqları ilə çıxıblar. Ultrasağçı partiyalar diqqəti müsəlman miqrantlara yönəldiblər. Müxtəlif partiyaların təbliğat kampaniyalarını subsidiyalaşdırmaq məcburiyyətində olan Hollandiya hökuməti tualet kağızının üzərinə Ukraynanın milli rəmzlərini həkk edən qruplara, həmçinin heyvanların hüquqlarını müdafiə edənlərə və atom enerjisinin əleyhdarlarına maliyyə vəsaiti ayırıb". Yəni, hər şey bir-birinə qarışıb və faktiki olaraq, etirazın nəyə qarşı yönəldiyi artıq o qədər də aydın deyil. 

 

Avropa İttifaqının taleyi

Bəs, fitnəkar rolunda niyə məhz hollandlar, 1957-ci ildə Aİ-nin mənbəyində dayanmış ölkə vətəndaşları çıxış edib? Yəqin ki, 2005-ci ildə Avropanın vahid Konstitusiyasına qarşı məhz onlar (fransızlarla birgə) çıxdıqları üçün. Yəni, bu sualın cavabı, sadəcə, yoxdur. Niyə? Elə!

Avropalı analitiklər və politoloqlar isə bir-bir əzab-əziyyətlə həqiqəti üzə çıxarmağa çalışırlar. Halbuki, həqiqət bəlkə də onlara o qədər də sərf etmir. Axı, Niderlandda keçirilmiş referendumun nəticəsi bir çox avropalı müşahidəçini daha çox Ukraynanın deyil, Aİ-nin gələcəyi ilə bağlı düşünməyə vadar edib. Avropadan olan bir çox müşahidəçi və siyasətçi belə qənaətdədir ki, hollandlar, əslində, vahid Avropa ideyasının, Aİ-nin dövlətüstü strukturlarında qərarların qəbulu mexanizminin əleyhinə səs verib, səslərinin Brüsseldə heç də hər zaman eşidilmədiyini göstərməyə çalışıblar. Bu, əlbəttə ki, reprezentiv demokratiyanın zəif tərəflərini göstərir. Əslində, bu zəif tərəfləri Qərbdə də gözəl bilirlər, sadəcə, yalnız üstünlükləri qabartmağa çalışırlar. Maraqlıdır, görəsən, indi Avropanın digər ölkələrində analoji referendumların nəticəsi necə olardı? Və söhbət daha çox onların Ukraynaya yox, Avropa institutlarına münasibətindən gedir.

Litva Prezidenti Dalya Qribauskaytenin dediyi kimi, "referendumun nəticəsi Niderland vətəndaşlarının Aİ-də dəyişikliklər, onu daha açıq görmək istəyinin göstəricisidir". Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker isə hətta "kontinental böhran"dan ehtiyatlanır. O, niderlandların referendumda Ukrayna ilə sazişə "yox" deyəcəkləri təqdirdə, bu cür böhranın yaşana biləcəyini düşünürdü. Bu narahatlığı xüsusilə indi - Parisdə və Brüsseldə törədilmiş terror aktlarından sonra, miqrant böhranının həll edilməmiş qaldığı, iqtisadi çətinliklərin davam etdiyi, ən başlıcası, Britaniyanın iyunun 23-də keçirəcəyi Brexit üzrə referenduma hazırlaşdığı dövrdə başa düşmək asandır.

 

Kiyevdən-Haaqayadək

Ukraynalılar üçün isə avropalıların bu qorxusu Kiyevdən-Haaqayadək olduğu qədər uzaqdır. Əksər ukraynalılar üçün Niderlandda keçirilmiş referendum, sadəcə, hansısa səsvermə yox, Ukraynada 2013-2014-cü il hadisələrinin rəmzinə çevrilmiş razılaşma üzrə səsvermədir. Həmin hadisələr bu gün də Avromaydan adı ilə xatırlanır. Axı, Ukraynada vətəndaş müharibəsinə, Donbasda silahlı toqquşmalara və çox sayda insan tələfatına məhz həmin hadisələr yol açmışdı. "İnsanlar buna görə ölümə gedirdilər", - deyə Maydanın fəallarından olmuş şəxsin sözləri KİV-də tirajlanmaqdadır.

Poroşenko Ukraynanın "istənilən halda Assosiasiya haqqında Sazişin həyata keçirilməsini davam etdirəcəyini, Aİ ilə dərin və hərtərəfli azad ticarət zonanın yaradılacağını" deməklə, həmvətənlərini ürəkləndirib. O, fikrini belə əsaslandırıb: "Çünki bu, Ukrayna dövlətçiliyinin müasirləşdirilməsinə, onun müstəqilliyinin möhkəmləndirilməsinə aparan yoldur".

Lakin fakt faktlığında qalır. İndi Qərb KİV-də Ukrayna daha çox demokratiyaya can atan dövlət kimi deyil, zəif iqtisadiyyata malik korrupsiyalaşmış ölkə kimi təqdim olunur. Bundan başqa, ölkədə növbəti iqtisadi böhranın konturları getdikcə daha aydın görünür. Artıq Baş nazir Arseni Yasenyuk vəzifəsindən istefa verib. O hesab edir ki, ölkədəki siyasi böhran süni yaradılıb. İndi Yasenyuk Baş nazirdən daha yüksək postu tutmağa iddialı olduğunu gizlətmir. Elə bu yerdə daha bir paradoks özünü göstərir: saziş müəllifləri hesab edirlər ki, bu sənət ukraynalılara korrupsiya və böhranlarla mübarizədə kömək etməlidir...

 

...və Londondan-Vaşinqtonadək

Bütün bunlarla yanaşı, referendum, güman ki, razılaşmaya ciddi təsir göstərməyəcək və o, müəyyən dəyişikliklərlə, Niderland üçün bəzi güzəştlərlə olsa belə, ratifikasiya ediləcək. Üstəlik, artıq onun tətbiqinə başlanılıb. "Düşünürəm ki, bu problemi digər çətin məsələləri həll etdiyimiz şəkildə çözmək olar. Bu işi niderlandlıların və Avropa institutlarının ixtiyarına buraxaq", - deyə Angela Merkel qeyd edib.

Əslində, buna heç kəsin şübhəsi yoxdur. Axı, Avropanın rədd edilmiş Konstitusiyası yenə də Lissabon razılaşması şəklində qüvvədədir. Bu razılaşma da işləyəcək. Əslində, avropalılar üçün bu sənəd o qədər də önəmli deyil. Onlar üçün artıq qeyd etdiyimiz Brehit referendumunun nəticələri daha ciddi əhəmiyyət daşıyacaq. Yeri gəlmişkən, onun təşəbbüskarı olan Naycel Farac Niderlandda keçirilmiş plebisitdən sonra, "demokratiyanın vacib qələbəsi" münasibətilə hamını təbrik edib.

"Növbəti seçkidə respublikanın başçısı mən seçilərəmsə, fransız xalqının dəstəkləyəcəyi təqdirdə, Fransa üçün Frehit təşkil edəcəyəm", - bunu isə Marin Le Pen bildirib.

Amma bu da son deyil - usanmaz niderlandların təşkil edəcəkləri növbəti referenduma Aİ ilə ABŞ arasında ticarət və investisiyalar sahəsində tərəfdaşlığa dair Trans-Atlantik Saziş çıxarıla bilər. Bax bu, daha maraqlıdır. Çünki zaman və məna baxımından, tamamilə fərqli siyasi hadisələr gözümüz önündə qəfildən bir-biri ilə uzlaşdırılmağa başlanır. Amma bu fərqlilik və gözlənilməzlik ilk baxışdan belə görünür. Əslində, bunlar bir-biri ilə çox bağlı məsələlərdir.



MƏSLƏHƏT GÖR:

387