2 May 2024

Cümə axşamı, 10:28

ZƏRURİ İŞTİRAKÇI

Azərbaycan regional inteqrasiya mərkəzlərindən birinə çevrilir

Müəllif:

15.04.2016

Cənubi Qafqazda və Avrasiyanın kəsişməsində inteqrasiya prosesləri sürətlənir. Müxtəlif üçtərəfli formatlarda dövlətlərarası əməkdaşlığın fəallaşması bunun göstəricisidir. Bu proseslərin zəruri iştirakçısı isə Azərbaycandır. Bu, Azərbaycanın regional inteqrasiyada nə qədər əhəmiyyətli, bəzən isə aparıcı rol oynadığının göstəricisidir.

Son günlərdə üçtərəfli formatda iki vacib görüş keçirilib. Əvvəlcə İranın Rəmsar şəhərində Azərbaycan, Türkiyə və İranın XİN başçıları arasında baş tutmuş IV üçtərəfli görüşü qeyd edək.

Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif danışıqların yekununda birgə bə-yannamə qəbul ediblər. Sənəddə bildirilir ki, 3 ölkənin tarixi, dini və mədəni oxşarlığı onların arasında birliyin möhkəmləndirilməsi üçün xüsusi imkanlar açır. Bakı, Ankara və Tehranın regionda sülh, sabitlik və təhlükəsizliyin təmini sahəsində götürdükləri öhdəlikləri bir daha təsdiq edən XİN başçıları bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yolların axtarışına hazır olduqlarını vurğulayıblar. Söhbət, xüsusilə iqtisadi-ticari əməkdaşlıq, investisiya, enerji, nəqliyyat, telekommunikasiya sahələrində birgə layihələrin reallaşdırılmasından gedir. Azərbaycan, İran və Türkiyə İslam Birliyinin möhkəmləndirilməsi istiqamətində də üçtərəfli əməkdaşlığı artırmağa hazır olduqlarını vurğulayıb, regional və qlobal məsələlərin həllinə yönəlmiş əməkdaşlığın koordinasiya olunması üçün mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Beləliklə, Azərbaycan-Türkiyə-İran üstərəfli formatının regional təhlükəsizlik və əməkdaşlığın dayaqlarından biri kimi, möhkəmlənməsindən danışmaq olar. Lakin Azərbaycanın Cənubi Qafqaz siyasətindəki maraqları və rolu kontekstində diqqət çəkən daha bir məqam var: əgər Türkiyə Azərbaycanın ənənəvi müttəfiqi və tərəfdaşıdırsa, Bakı ilə Tehran arasında da əməkdaşlığın son zamanlar getdikcə genişləndiyini söyləmək olar. Azərbaycan Prezidenti İlham Əliyevin İrana bu yaxınlarda etdiyi və kifayət qədər uğurlu alınmış səfəri də Azərbaycan-İran tərəfdaşlığının gücləndiyinin təsdiqidir. Bakı ilə Tehran ikitərəfli siyasi və iqtisadi dialoqun genişləndirilməsinə qarşılıqlı maraq göstərir. Bu, başadüşüləndir: dünyada və regionda gərginliyin əhəmiyyətli dərəcədə artdığı bir vaxtda, Tehran üçün Bakının əhəmiyyəti artıb. Eyni zamanda, Tehranın da Bakı üçün önəminin artdığına şübhə yoxdur. Bakıda başqa üçtərəfli görüşün nəticələri də bunu təsdiqləyir. Söhbət Azərbaycan, İran və Rusiyanın XİN başçıları arasında görüşdən gedir.

Bakıda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev İran, Rusiya və Azərbaycan XİN başçılarının ilk üçtərəfli görüşünün regional əməkdaşlıq tarixində yeni səhifə açacağına əminliyini dilə gətirib. Onun fikrincə, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə olacaq.

Bakı görüşünün nəticələri həqiqətən də diqqətəlayiqdir və Azərbaycan Prezidentinin qiymətləndirməsinin nə qədər doğru olduğunu təsdiqləyir. Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Sergey Lavrovun iştirakı ilə keçirilmiş danışıqların yekununda qəbul olunmuş kommünikedə Azərbaycan, İran və Rusiyanın qarşılıqlı hörmət, tərəfdaşlıq, bir-birinin daxili işlərinə qarışmama əsasında əməkdaşlığın inkişaf etdirilməsi niyyəti, həmçinin beynəlxalq hüququn prinsip və normalarına əməl edilməsinə, regionda münaqişələrin həllinə sadiqlik də öz əksini tapıb. Üç ölkənin XİN başçıları regional təhlükəsizliyə qarşı yeni təhdidlərə müqavimət göstərilməsinin vacibliyini vurğulayıb, terrorçuluqla, ekstremizmlə, narkotrafiklə birgə mübarizəyə hazır olduqlarını təsdiqləyiblər. Bundan başqa, onlar Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə yönəlmiş səylərin davam etdirilməsinin vacibliyini də qeyd ediblər.

Bakı görüşünün kvintessesiyası isə "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasına başlanılması haqqında prinsipial razılığın əldə olunmasıdır. Qeyd edək ki, bu dəhliz Şimali Avropanı Rusiya, Azərbaycan və İranın dəmir yolu vasitəsilə Cənub-Şərqi Asiya ilə birləşdirməlidir. Marşrut Xəzər dənizinin qərb sahilləri ilə Rusiyadan Azərbaycan vasitəsilə İrana uzanmalıdır.

"Rusiya ilə İran arasında dəmir yolu əlaqəsi XIX əsrdən mövcuddur: yüklər heç bir problem olmadan Azərbaycan ərazisindən daşınıb, Naxçıvandan keçməklə maneəsiz şəkildə Fars körfəzinədək gedib", - deyə üçtərəfli görüşdə Azərbaycanın Xarici İşlər naziri E.Məmmədyarov bildirib: "Bu gün ölkələrimizi birləşdirən dəmir yolu yenidən dirçəlir və kommunikasiyaların işini vahid mexanizm kimi təmin etmək vacibdir". Qeyd edək ki, maraqlı tərəflərin son illərdə bu və ya digər dərəcədə daim barəsində danışdıqları "Şimal-Cənub" layihəsinin reallaşdırılması yalnız İranın beynəlxalq sanksiyalardan xilasından sonra mümkün olub. Güman edilir ki, Rusiya, Azərbaycan və İranın işə salacaqları nəqliyyat dəhlizi 7 000 kilometrdən artıq məsafədə uzanaraq, Peterburqu Hindistanın Mumbai şəhəri ilə birləşdirəcək. Onun məqsədi Hindistandan yüklərin İrana və Fars körfəzinin digər ölkələrinə Rusiya vasitəsilə daşınması, oradan isə Şimali və Qərbi Avropaya göndərilməsidir.

Rusiya üçün "Şimal-Cənub" layihəsinin reallaşdırılması son dərəcə vacibdir. Məsələ ondadır ki, hazırda Hindistandan Rusiyanın Avropa hissəsinə yüklər yalnız dəniz yolu ilə daşınır. Yüklər Sankt-Peterburqdan Avropanın qərb hissəsinə gedir, "Köhnə Qitə"dən keçərək, Süveyş kanalı vasitəsilə Hindistan sahillərinə çatır. Bu yolla yüklər mənzilbaşına 40 sutkaya çatır. Dəniz, dəmir yolu və avtomobil nəqliyyatını nəzərdə tutan yeni marşrut isə Sankt-Peterburqdan Moskvaya, oradan Həştərxan, Bakı, İranın Bəndər-Abbas limanına uzanacaq. Bu, yüklərin Mumbaiyə çatdırılma müddətini, ən azı, 2 dəfə azaldacaq. Bundan başqa, yeni nəqliyyat dəhlizi ilə daşımalar əvvəlkindən xeyli ucuz başa gələcək - Süveyş kanalı vasitəsilə daşımalar son dərəcə bahalı olmaqla yanaşı, həm də çox yüklənir.

«Şimal-Cənub» dəhlizinin İran üçün dəyəri, ilk növbədə, onun Rusiya ilə ticarət dövriyyəsini artırmaq marağından irəli gəlir (ən azı, ona görə ki, Tehran Rusiyadan taxıl almalıdır). Üstəlik, Avrasiyanın tranzit ölkəsnə çevrilmək İslam Respublikasına şöhrət də qazandıracaq.

Avrasiyadakı inteqrasiya layihələrinin əlaqələndirici bəndlərindən biri olmaq, şübhəsiz ki, Azərbaycanın da maraqlarına cavab verir. Prezident İlham Əliyev ötən ilin sonunda "Şimal-Cənub" dəhlizi infrastrukturunun yaradılması işlərinin sürətləndirilməsi haqqında sərəncamı əbəs yerə imzalamayıb. Söhbət dəhlizin Azərbaycan hissəsindən gedir. Beləlikə, Astara stansiyasından İran sərhədinədək olan 8,5 kilometrlik məsafədə dəmir yolunun inşasına başlanılıb.

Bu ilin fevralında Bakı ilə Moskva arasında Azərbaycan və Rusiya dəmir yoluna Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu üzrə iki istiqamətdə daşımaların hesabına yük cəlbi haqqında razılığa gəliblər.

"Şimal-Cənub" nəqliyyat ləhlizinin bir hissəsini də Qəzvin (İran)-Astara (Azərbaycan) dəmir yolu təşkil etməlidir. Onun Qəzvin-Rəşt hissəsinin inşası 2015-ci ildə başa çatdırılıb. Rəşt-Astara hissəsi isə son zamanlaradək yalnız layihə şəklində mövcud idi. Aprelin 20-də Azərbaycanla-İran arasında dəmir yolu körpüsünün açılışı baş tutmalıdır. Bu, "Şimal-Cənub" layihəsinin Azərbaycan hissəsinin reallaşdırılmasında dönüş nöqtəsi olmalıdır. Bu barədə danışan Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və İran dəmir yollarının artıq 2016-cı ildə birləşdirilməsi nəzərdə tutulub.

"Şimal-Cənub" nəqliyyat dəhlizinin inşasının tam başa çatdırılması 2017-ci il üçün nəzərdə tutulub. Bu marşrutun istifadəyə verilməsi ilə Azərbaycan ərazisindən yükdaşımaları həcminin ilkin mərhələdə 6 milyon tona çatacağı gözlənilir. Gələcəkdə bu həcmin 15-20 milyon tona çatacağı istisna deyil.

Qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi Rusiyanın Baş naziri Dmitri Medvedevin Bakı səfəri zamanı da geniş müzakirə olunub; məsələn: Rusiyanın əczaçılıq şirkətlərinin Azərbaycanda istehsala başlayacağı elan edilib. Medvedev bildirib ki, Rusiya ilə Azərbaycan iqtisadiyyatın müxtəlif sektorlarında, həmçinin yanacaq-enerji kompleksi və infrastruktur sahəsində də əməkdaşlıq edir.

"Dilə gətirməkdən son dərəcə məmnun olduğum tamamilə başqa istiqamətlər də var; məsələn, bu gün biz Azərbaycanla əczaçılıq sahəsində əməkdaşlıq edirik. Bu, Azərbaycanda istehsala başlamağa hazır olan Rusiya əczaçılıq şirkətlərinin iştirak etdiyi layihələrdir. Bu, bizə öz texnologiyalarımızın tətbiqi ilə müəssisələr yaratmaq imkanı verəcək, Azərbaycan bazarında isə yaxşı keyfiyyətli dərmanlar peyda olacaq. Azərbaycan vətəndaşları onları öz valyutaları ilə əldə edə biləcəklər", - deyə Medvedev qeyd edib. Beləliklə, Azərbaycan Avrasiyada inteqrasiyanın əsas moderatorlarından biri kimi, mövqeyini möhkəmləndirir. Onun müxtəlif üçtərəfli əməkdaşlıq formatlarında fəal iştirakı həm də bununla bağlıdır. Nazirlər Kabinetinin 2016-cı ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair genişləndirilmiş iclasında Azərbaycan Prezidenti İlham Əliyev də Bakının iştirakı ilə üçtərəfli əməkdaşlıq formatlarının inkişafını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Rusiya kimi formatlar "regionda təhlükəsizliyin təmini və əməkdaşlığın dərinləşdirilməsi baxımından çox vacibdir. Gördüyünüz kimi, Azərbaycan bütün formatlarda iştirak edir".

Şübhəsiz ki, dövlətimizin Azərbaycanın Avrasiyada inteqrasiyanın əsas mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş səyləri ölkənin iqtisadi müstəqilliyinin təmini baxımından da böyük əhəmiyyət daşıyır. İlham Əliyevin də dediyi kimi, bu, ölkənin siyasi müstəqilliyinin şərtidir.

 

 

"REGİON"dan BAXIŞ

Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının hansısa üçüncü ölkəyə, konkret desək, Türkiyəyə qarşı yönəldiyi haqqında deyilənlər əsassızdır. Birincisi, Azərbaycanla-Türkiyə arasında strateji ittifaq, qardaşlıq münasibətləri o qədər güclü, sarsılmazdır ki, apriori Bakının hansısa anti-Türkiyə formatına qoşulmasından söhbət gedə bilməz. İkincisi, Azərbaycanın özü "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak etməkdə son dərəcə maraqlıdır. Bu, onun regiondakı mövqeyini gücləndirir, eyni zamanda, təcavüzkar, Azərbaycan ərazilərini hələ də işğal altında saxlayan Ermənistanın təcrid durumunu daha da ağırlaşdırmağa imkan verir.

Nəhayət, Rusiyanın özü kifayət qədər ciddi amildir. O, Ankara ilə bitmək bilməyən qarşıdurma halında olsa da, özünün "Şimal-Cənub" layihəsində iştirakına Türkiyəyə pislik etmək yox, sırf milli iqtisadi maraqları prizmasından yanaşır. Hər halda, artıq qeyd edildiyi kimi, yüklərin Azərbaycan ərazisindən keçməklə, İran vasitəsilə daşınması Moskvaya istər coğrafi, istər maddi baxımdan sərf edir. "Şimal-Cənub" layihəsində iştiraka ümidini illərdir dilə gətirən Ermənistana gəlincə, onun ərazisi tranzit kimi, Rusiyanın marağını cəlb etməyib. Bir yandan alternativ kimi, Cənubi Qafqazın iqtisadi və siyasi lideri olan Azərbaycan var, digər tərəfdən, Rusiya ilə Ermənistan arasında Moskvaya dost olmayan Gürcüstan kimi bir bənd mövcuddur.



MƏSLƏHƏT GÖR:

427