5 May 2024

Bazar, 18:00

STRATEJİ DİALOQ BƏRPA OLUNDU

Bakı ilə Vaşinqton münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazır olduqlarını nümayiş etdirdilər

Müəllif:

15.04.2016

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət başçısı Barak Obamanın dəvəti ilə növbəti Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 31-dən aprelin 1-dək Vaşinqtonda səfərdə olub. Dünyada nüvə materialları və texnologiyalarının geniş yayılması, AES və onların təhlükəsiz istifadəsi, nüvə silahlarının yayılmasının qarşısının alınması, nüvə materiallarının terror qruplaşmalarının əlinə keçməsi təhlükəsi, nüvə obyektlərində texnogen və təbii fəlakətlərin önlənilməsi son dövrlərdə böyük aktuallıq qazanıb. Bütün bunlar sammitin gedişində müzakirə mövzusu olub.

Sammitə toplaşmış dünyanın 60-dan artıq ölkəsinin dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri qarşısında çıxış edən ABŞ Prezidenti Barak Obama hər kəsi nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi işində əməkdaşlığa çağırıb. Azərbaycanla bağlı Obama bunları deyib: "Elə ölkələr var ki, potensial olaraq nüvə materiallarının qaçaqmalçılığında tranzitə çevrilə bilər və bu baxımdan, sərhədlərə nəzarət məsələsində bizimlə işləyirlər. Azərbaycan coğrafi mövqeyinə görə, bu prosesdə son dərəcə vacib tərəfdaşdır". ABŞ Prezidentinin birbaşa deməsə də, Azərbaycanın Rusiya ilə İranın arasında yerləşdiyinə eyham vurduğu bəllidir. Məlum olduğu kimi, bu ölkələrin nüvə sahəsində iddiaları uzun müddət dünya birliyində böyük narahatlığa səbəb olub. Azərbaycan isə həm də ABŞ-ın ciddi texniki və maddi yardımı sayəsində, həmçinin müvafiq informasiya mübadiləsi vasitəsilə öz hava, quru və su sərhədlərinə tam nəzarət edir. Bu, nüvə təhlükəsizliyi kontekstində önəmli töhfədir.

Vaşinqtonda keçirilmiş nüvə sammitinin yekununda qəbul olunmuş kommünikedə bildirilir ki, dünyada nüvə terroru təhlükəsi artır və bu, beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdən biridir. Sənəddə deyilir ki, "nüvə və radioaktiv terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığa, o cümlədən hər ölkənin qanunvericiliyinə, prosedurlarına uyğun informasiya mübadiləsinə ehtiyac var".

Sammit iştirakçılarının beynəlxalq nüvə təhlükəsizliyi üçün daha etibarlı arxitekturanın qurulmasında əməkdaşlığı gücləndirmək niyyətini bu cümlə də təsdiqləyir: "Biz beynəlxalq aləmdə nüvə terroru təhlükəsinin azalması, nüvə təhlükəsizliyin güclənməsi hesabına sülh və sabitliyin təmininə yardım etmək öhdəliyi götürürük".

Rusiya Nüvə Təhlükəsizliyi Sammitində iştirakdan imtina etmişdi. O, bu qərarını belə əsaslandırmışdı ki, Vaşinqton sammitin gündəliyini və qəbul olunması planlaşdırılan sənədləri Moskva ilə əvvəlcədən razılaşdırmayıb. Nəzərə alsaq ki, Rusiya dünyada nüvə silahı ehtiyatına, həmçinin nüvə texnologiyaları və materiallarının istehsalı, istifadəsi və ixracına görə aparıcı fövqəldövlətdir, onun sammitdə iştirakdan imtinası orada qəbul olunmuş qərarların effektivliyini azaldır. Qazaxıstan və Belarusun yüksəkrütbəli təmsilçilərinin də Vaşinqtona yollanmamaları, yəqin ki, Moskva ilə həmrəylik nümayişi idi. İran Prezidenti isə ABŞ-a dəvət olunmamışdı.

Sammitdə Azərbaycan Prezidentinin iştirakını və onun səfər çərçivəsində keçirdiyi görüşləri isə vacib və faydalı saymaq olar.

İlham Əliyev ABŞ-a səfərindən tanınmış siyasətçilər, işgüzar dairələr, Amerika ictimaiyyətinin nümayəndələrilə fəal ünsiyyətin qurulması baxımından yaxşı istifadə edib. O, Vaşinqtonda bir sıra konqresmenlə, həmçinin "Armitage International" Şirkətinin prezidenti Riçard Armitac, "Karnegi" Fondunun prezidenti Uilyam Börns, "Export-Import Bank"ının prezidenti Fred Xokberq, Amerikanın "General Electric" Şirkətinin vitse-prezidenti Con Rays, ABŞ-ın eks-prezident aparatının keçmiş rəhbəri Con Sununu, Amerikanın əsas yəhudi təşkilatlarının (CPMAJO) liderləri və digərləri ilə görüşüb.

Azərbaycan Prezidenti Vaşinqtonda hazırkı ABŞ administrasiyasının aparıcı nümayəndələri ilə də məhsuldar görüşlər keçirib: Ticarət naziri P.Pritsker, Dövlət Katibi C.Kerri və vitse-prezident C.Bayden. İlham Əliyev bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik tarixi var və bu münasibətlər strateji xarakter alıb. Onun sözlərinə görə, ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə qoyub. Amerikanın dəstəyi ilə Xəzər və Aralıq dənizlərini birləşdirən neft kəmərlərinin çəkilişi kimi önəmli layihələr həyata keçirilib, hazırda isə "Cənub Qaz Dəhlizi" layihəsi üzərində iş gedir. Prezident İlham Əliyev bildirib ki, ABŞ-ın dəstəyi olmasaydı, bu la-yihənin reallaşdırılmasına daha çox vaxt və zəhmət tələb olunardı. O, Azərbaycan ilə ABŞ-ın regional təhlükəsizlik məsələlərində tərəfdaş olduqlarını söyləyib: "Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, ərazimiz üzərindən aparılan uçuşlara və yerüstü daşımalara şərait yaradır. Həmçinin bizim NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət göstərən 100-ə yaxın hərbçimiz var".

ABŞ-ın vitse-prezidenti C.Bayden isə öz növbəsində, ABŞ hökumətinin bundan sonra da Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyinə əminliyini ifadə edib. O, ölkəsinin iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu söyləyib. Tərəflər iqtisadi münasibətlərin inkişafından, Azərbaycanın, xüsusilə Əfqanıstanda terrorçuluqla mübarizə aparan beynəlxalq koalisiyada iştirakından məmnunluqlarını dilə gətirib. Bayden iki ölkənin müdafiə sahəsində əməkdaşlığını və hərbi tərəfdaşlığını xüsusi vurğulayıb.

Azərbaycan liderinin ABŞ-a uğurlu səfəri fonunda Ermənistanın dövlət başçısı Serj Sarqsyan Vaşinqtonda sanki diqqətdən kənarda qalıb. Ermənistan Prezidentinin mətbuat xidməti onun vitse-prezident C.Bayden və dövlət katibi C.Kerrinin iştirakı ilə protokol söhbətindən başqa heç bir önəmli görüşü haqda məlumat yaymayıb. Bunun əvəzində S.Sarqsyan martın 30-da Harvard Universitetinin Kennedi adına İdarəetmə Məktəbində mühazirə (?) oxuyub. Doğrudan da gülməlidir.

İngilis dilini bilmədiyindən, tərcüməçi vasitəsilə oxuduğu mühazirəsində o, Azərbaycan haqqında ənənəvi sərsəm fikirlərini dilə gətirib. Əslində, aydındır ki, Rusiyanın forpostu olan, bərbad iqtisadiyyata, dalan sayıla biləcək coğrafiyaya malik ölkənin əyalət prezidentinin Amerika ziyalılarına deyəcək sözü yoxdur. O, Xocalıda azərbaycanlılara qarşı soyqırımını necə təşkil etdiyindən, onun rəhbərliyi altında Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilmiş talançılıqdan, Ermənistanda Koçaryan ilə birlikdə yaratdığı kriminal-oliqarx rejimdən, digər böyük və kiçik cinayətlərdən danışmayacaq ki...

İlham Əliyevə gəlincə, onun ABŞ-a səfəri Amerika KİV tərəfindən geniş işıqlandırılıb. Məlumatlı, ixtisaslı ekspert, ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu səfərlə bağlı şərhində Azərbaycan liderinin ABŞ səfərini forma və məzmunca əhəmiyyətli hadisə adlandırıb. Bu səfər Azərbaycan-Amerika münasibətlərində yeni səhifə aça bilər. Bu münasibətlər indiyədək yüksəliş və tənəzzül dövrlərini yaşayıb. Lakin ümumilikdə, o, hər zaman qənaətbəxş səviyyədə olub. Xüsusilə təhlükəsizlik və enerji sahəsində intensiv dialoq hər zaman davam edib. Bununla yanaşı, münasibətlərin daha yüksək, strateji səviyyəyə qaldırılması üçün ciddi potensial var. Hər halda, Azərbaycan dünyəvi dövlət və cəmiyyəti olan, müasirlik yolu ilə gedən azsaylı müsəlman ölkələrindəndir. Bu mənada, onun problemlərinin, çətinliklərinin daha yaxşı başa düşülməsinə və dəstəyə ehtiyacı var. Üstəlik, zəngin resurslara, kifayət qədər savadlı, təhsilli əhaliyə malik Azərbaycanın müstəsna əlverişli coğrafi mövqeyi də bu cür tərəfdaşlığı hər iki tərəf üçün sərfəli edir. ABŞ-ın bir çox "müştəri"lərindən fərqli olaraq, Azərbaycan maddi yardım üçün ona yalvarmır və məhz tərəfdaş olmağa hazırdır.

Bütün sadalananları ümumiləşdirərək demək olar ki, ABŞ-a Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün yollanmış Prezident İlham Əliyevin bu səfərinin əsas nəticəsi Vaşinqtonla dialoqun bərpası, tərəflərin münasibətləri inkişaf etdirmək istəyinin ortaya qoyulmasıdır. 

Beləliklə, Azərbaycanın "beynəlxalq təcridi" və ölkə rəhbərliyinin "cəzalandırılacağı" ilə bağlı proqnozlar verən bir sıra daxili və xarici bədxahlar, sadəcə, rüsvay oldular.



MƏSLƏHƏT GÖR:

423