8 May 2024

Çərşənbə, 03:00

İRƏLİLƏYİŞ

Azərbaycana 3 gün kifayət etdi ki, Ermənistana işğal etdiyi torpaqların geri qaytarılmasının qaçılmaz olduğunu göstərsin

Müəllif:

15.04.2016

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki aprel gərginliyi, hətta həmin günlərdə Vaşinqtonda keçirilən nüvə sammitini belə, kölgədə qoydu. Beynəlxalq diqqət baxımından, Suriya, Ukrayna, Türkiyə, Rusiya, hətta Avropaya başıbəlalı miqrant axını belə, Qarabağın kölgəsində qaldı. Qarabağda şiddətli döyüşlərin hələ aprelin 5-də dayandırıldığına baxmayaraq, beynəlxalq mətbuatın ön səhifələrində informasiya savaşı bu gün də davam edir. Bəziləri baş verənlərin günahkarını axtarır, digərləri olaylardan nəticə çıxarıb təhlil aparmağa çalışır. Bəs hadisələrin sonrakı inkişafı necə olacaq? 

 

İrəliləyiş

Beləliklə, erməni tərəfinin 22 illik atəşkəs dövründə ənənəyə çevrilmiş təxribatı bu dəfə şiddətli döyüşlərə yol açdı və bu, sonda düşmənin 90-cı illərdə işğal etdiyi ərazilərin bir hissəsinə nəzarəti itirməsi ilə nəticələndi. Azərbaycan Talış kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikləri, Tərtər rayonunun Seysulan kəndini, Füzuli və Cəbrayıl rayonları istiqamətində Lələtəpə yüksəkliyini geri qaytardı. Bununla Azərbaycan Silahlı Qüvvələri işğal altındakı Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir addımlığına çatdı, ən azı, bu rayonlardakı düşmən qüvvələrinə nəzarət etmək imkanı qazandı. Üstəlik, Goranboy, Tərtər və Füzuli rayonlarının cəbhəyanı kəndlərində əhalinin qeyd olunan yüksəkliklərdən mütəmadi atəşə tutulmasına da son qoyuldu.

Əlbəttə ki, bütün bunlar itkisiz olmadı: Azərbaycan tərəfindən onlarca ölən və yaralanan, Ermənistan tərəfindən isə 200-dən çox ölən və yüzlərlə yaralı qeydə alındı. Bundan başqa, Azərbaycan toqquşmalarda 1 tank və 1 vertolyotunu itirdi. Qarşı tərəfin itkiləri isə onlarca tank, zirehli texnika və artilleriya qurğusu idi. Hər iki tərəfdə dinc əhali arasında da tələfat oldu. Və bütün bunlar Qarabağda barışıq illərində görünməmiş gərginliyin ən acı dərsləri idi.

Azərbaycanın bu hadisələr zamanı sürətlə irəliləməsi Ermənistan ordusunun nə qədər geri qaldığını göstərdi. Yeri gəlmişkən, elə həmin günlərdə Amerikanın "Global Fire Power" Araşdırma Mərkəzi 2016-cı il üçün dünyanın ən güclü ordularının siyahısını müəyyənləşdirib. Si-yahıdakı ilk 100 ölkə arasında Azərbaycan Silahlı Qüvvələri 60-cı, Ermənistan ordusu isə 94-cü yerdə qərarlaşıb.

Azərbaycan əsgərlərinin qaçmaqda olan erməni təxribatçılarını təqib edərkən, tərifli "Seyran Ohanyanın müdafiə xətti"ni yarması üçün 3 gün kifayət edib. "Azərbaycanlılar göstərdilər ki, onlar döyüş meydanında təşəbbüsü tam ələ alıblar - istədikdə sərhədi yarır və dayaq nöqtələrini ələ keçrir, lazım olanda geri çəkilirlər. Onlar müdafiə qurğularının qarşısını ala bilmədiyi “Cəhənnəm atəşi” kimi çox təhlükəli silah növlərini nümayiş etdirdilər. Nəticədə, ermənilər, sadəcə, geri çəkilməli oldular. İsrail istehsalı olan pilotsuz zərbə aparatları kimi, bir neçə digər silah növünün tətbiqi isə ümumiyyətlə, gözlənilməz sayıla bilər. Çünki Azərbaycan Ordusunun bu silahlara malik olduğunu çox az adam bilirdi", - deyə rusiyalı politoloq Andrey Yepifantsev "Vzqləd" qəzetinin saytında dərc olunmuş "3:1 Azərbaycanın xeyrinə" adlı məqaləsində bildirir. 

 

Müharibədən-müharibəyə fərq var

"Üçgünlük müharibə" göstərdi ki, burada söhbət daha çox ən müasir silahların mövcudluğundan deyil, tərəflərin məqsədlərindən və müharibəyə yanaşmasından gedir. Ermənilər məktəbləri, evləri, yarımstansiyaları və digər mülki obyektləri hədəfə alırdılarsa, Azərbaycan Ermənistan generalitetinin olduğu komanda-qərargah məntəqəsinə sarsıdıcı zərbələr endirirdi.

Erməni əsgərləri cəbhədən qaçırdılarsa, Azərbaycan gəncləri əksinə, cəbhəyə can atırdılar. Ermənistanın İnternet resursları könüllülərin - Birinci Qarabağ müharibəsi iştirakçılarının orduya çağırışı ilə bağlı kadrlar nümayiş etdirirdisə, Azərbaycan Silahlı Qüvvələri könüllülərin xidmətindən imtina edirdi. "Döyüşə yalnız qocalar gedir!" şüarı altında vətənpərvərlik şousu erməni «rembo»su üçün ölümlə nəticələndi. Onlar dislokasiya nöqtəsinə belə, yetişə bilmədilər: Sünikdən yola düşmüş avtobus işğal altındakı ərazidə Azərbaycana məxsus pilotsuz-kamikadze vasitəsilə məhv edildi.

Azərbaycanla-Ermənistanın Qarabağdakı müharibəyə yanaşmasındakı fərq özünü döyüşlərin dayandırılmasından sonra da göstərir. Azərbaycan ictimaiyyəti uğurlu hücumun davam etdirilməsini tələb edirsə, Ermənistanda valideynlər övladlarını, özlərinin də etiraf etdiyi kimi, yad torpaqlarda xidmət çəkməyə göndərmək istəmir və bunu açıq şəkildə bəyan edirdi. Xatırladaq ki, son illər Ermənistanda bu zəmində əsgər analarından ibarət böyük bir hərəkat yaranıb. Onlar mütəmadi olaraq, övladlarının Azərbaycanın işğal olunmuş torpaqlarında hərbi xidmətə göndərilməsinə qarşı çıxırlar. Erməni ictimaiyyətinin əhvalını sosial şəbəkələr də aydın şəkildə ortaya qoyur: insanlar Azərbaycan torpaqlarında erməni gənclərinin ölümünə görə, Ermənistan hakimiyyətini söyürdü. 

 

Ermənistan Qarabağın girovudur

Etiraz edən Ermənistan vətəndaşlarını anlamaq olar. Ölkədə hakimiyyəti qəsb etmiş Qarabağ klanının girovuna çevrilən insanlar övladlarını yad torpaqda ölümə göndərməyə məcburdurlar. Bunu son döyüşlər zamanı erməni tərəfindən ölənlərin siyahısı da təsdiqləyir. Erməni tərəfdən ölmüş əsgərlərin, demək olar ki, hamısı Ermənistandan olan çağırışçılardır. Amma hətta bundan sonra belə, erməni tərəfi dünyaya yalan danışmaqda davam edir: guya, Azərbaycan əraziləri Ermənistan tərəfindən deyil, Qarabağın dağlıq hissəsindəki hansısa tanınmamış qurum tərəfindən işğal olunub.

Bununla əlaqədar olaraq, politoloq Fuad Axundov diqqəti İrəvanın Ermənistanla "DQR" arasında qarşılıqlı hərbi yardım haqqında müqavilənin imzalanması niyyətinə çəkib: «Azərbaycanla cəbhə xəttində vəziyyəti gərginləşdirən Ermənistan növbəti dəfə Qarabağ ermənilərini dünyaya Ermənistan-Azərbaycan münaqişəsində tərəf kimi təqdim etməyə çalışır. Lakin Sarqsyan bu işə qanuni don geyindirməyə çox gecikib. Qarabağda münaqişənin silahlı mərhələsi 25 ildən artıqdır davam edir və dünya çoxdan anlayıb ki, əhalisi 100 mindən bir qədər artıq olan kiçik bir vilayət 9 milyon əhaliyə malik dövlətin ərazisinin 20%-ni işğal edə bilməz", - deyə F.Axundov "İnterfaks-Azərbaycan" agentliyinə açıqlamasında bildirib.

İrəvan öz əməlləri ilə özünü ifşa etdiyini anlamır. Lakin Ermənistan dünyanı sırf öz gücünə aldatmağa çalışsaydı, dərd yarı idi. Məsələ ondadır ki, Azərbaycanın Ermənistanla yox, "DQR müdafiə ordusu" ilə döyüşdüyü haqqında yalan Rusiya mətbuatının köməyi ilə, dünyanı dolaşmağa başlayıb. Bir çox Rusiya KİV həmin günlərdə "ermənilərin özlərindən daha çox erməni" kimi görünürdülər. Və məsələ heç də Rusiyanın Azərbaycanı sevməməsində deyil. Əksinə, bu ölkə rəhbərliyi Azərbaycanın mövqeyinə anlayışla yanaşıb və məqalədə bu məsələyə qayıdacağıq. Sadəcə, trenddən geri qalmamaq üçün baş verənlərdə Türkiyəni ittiham edənlər də tapıldı. Guya Ankara Azərbaycan vasitəsilə Rusiyanın cənub sərhədlərində "yanğın" törətməyə çalışır.

Amma elə onların məntiqi ilə nəzəri baxımdan, bunun əksini iddia etmək olar. Qarabağda vəziyyətin gərginləşməsi Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona uğurlu səfəri və Bakı-Vaşinqton münasibətlərinin aşkar isinməsi fonunda baş verib. Amma bu, heç də Qarabağdakı gərginliyin Moskvanın Bakıya "mesaj"ı və ya "xəbərdarlığı" olduğunu söyləmək üçün əsas deyil.

Üstəlik, Rusiyanın Ermənistana təsir imkanları Türkiyənin Azərbaycana təsir imkanlarından dəfələrlə çoxdur. Hər halda, ən yeni tarixdən də yaxşı bilirik ki, İrəvan Moskvanın bircə əmri ilə Avropa İttifaqı ilə razılaşma imzalamaqdan son anda imtina etməyə və ya, əksinə, hətta Türkiyə ilə də müqavilə imzalamağa hazırdır.

Azərbaycan isə qardaş Türkiyə ilə münasibətlərinin bərabərhüquqluluğa əsaslandığını dəfələrlə nümayiş etdirib. Hətta Moskva ilə Ankara arasında münaqişə yaşandığı bir vaxtda belə, rəsmi Bakı balanslaşdırılmış xarici siyasətindən imtina etməyib və Rusiya ilə münasibətlərini Türkiyənin xeyrinə qurban verməyib.

 

Ermənisayağı minnətdarlıq...

Həmin günlər Azərbaycan günahkar axtarmayıb və yalnız düşməni qovmaqla məşğul olub. Ermənistanı son anda Azərbaycanın əlindən yalnız Rusiya ala bilib. Amma İrəvan yenə də Moskva və KTMT-nin mövqeyindən narazı qalıb. Serj Sarqsyan, hətta strateji müttəfiqindən Almaniya kansleri Angela Merkelə şikayət də edib. Doğrudur, onun şikayəti Rusiyanın Azərbaycana silah satması ilə bağlıdır. Amma aydındır ki, onun inciməsinin səbəbi bu deyil.

Lakin Sarqsyan unudur ki, bu münaqişədə nə Rusiya, nə də KTMT açıq şəkildə Ermənistanın tərəfini tuta bilər. Çünki Azərbaycan ermənilərdən fərqli olaraq, müharibəni öz torpaqlarında aparır. Üstəlik, əgər Sarqsyanın özü Azərbaycanla Ermənistanın deyil, "DQR"in savaşdığını iddia edirsə, KTMT-nin bura nə dəxli var? Axı, "DQR" bu hərbi blokun üzvü deyil.

Görünür, İrəvanda ümid ediblər ki, Qarabağ münaqişəsi zonasında təxribata əl atmaqla toqquşmaların Ermənistan-Azərbaycan sərhədinədək gedib-çıxmasına, bununla da KTMT-nin erməni avantürasına cəlbinə nail olacaqlar. Bu plan uğurla reallaşdırılsaydı, dünya birliyinin diqqətini Azərbaycanın azadlıq savaşının doğura biləcəyi təhlükəyə çəkmək mümkün olardı və beynəlxalq ictimaiyyət Bakını təmkinli olmağa çağırar, ona qarşı ittihamlar irəli sürərdi. Hər halda, bu, ermənilərə xas metoddur. "Danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Son tarixin nümunələri bunu göstərir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. O, 2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə baş tutmuş uğurlu Paris görüşündən dərhal sonra, Ermənistanın işğal altındakı ərazilərdə miqyaslı hərbi təlimlərə başladığını və elə o zaman Ermənistana məxsus hərbi vertolyotun Azərbaycan tərəfindən vurulduğunu xatırladıb. Yəni, Sarqsyan danışıqlarda irəliləyişə mane olmaq, münaqişə zonasında status-kvonu, demək, həm də Ermənistanda Qarabağ klanının hakimiyyətini qorumaq üçün əlindən gələni edir. Lakin son hadisələr münaqişə ətrafında tamamilə yeni vəziyyət yaradıb. 

 

Vasitəçilər aktivləşdi, müttəfiqlər üz döndərdi!

Birincisi, yalnız münaqişənin deyil, onun sülh yolu ilə nizamlanması prosesinin də donu açılıb. Əgər əvvəllər regionda gərginliyin artdığı vaxt vasitəçi dövlətlər tərəfləri təmkinli olmağa, atəşkəsə əməl etməyə çağırmaqla kifayətlənirdisə, indi dünya Qarabağ münaqişəsi zonasında status-kvonun saxlanılmasının, yəni, Azərbaycan ərazilərinin işğalının davam etməsinin regionda yenimiqyaslı münaqişəyə yol aça biləcəyini görür.

İkincisi, Azərbaycan tamamilə qanuni əməllərinə bir çox ölkənin dəstəyini, yaxud ən azı, susqun razılığını alıb. Hətta Ermənistanın ən yaxın müttəfiqi olan Rusiya belə, Azərbaycanla münasibətlərini erməni iddialarına qurban vermək istəməyib. "Biz qonşularımızla münasibətlərimizə dəyər veririk və bu mənada, bütün əlaqələrin simmetrik şəkildə inkişaf etməsi vacibdir", - deyə gərginliyin artdığı günlərdə İrəvandan Bakıya planlaşdırılmamış səfər edən Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib.

Bundan başqa, Ermənistanın KTMT-dən olan tərəfdaşları Belarus və Qazaxıstan faktiki olaraq, Azərbaycana dəstək veriblər. Astana, hətta Aİİ hökumət başçıları toplantısının İrəvanda keçirilməsindən imtina edib. İrəvan isə bunu, əlbəttə ki, tərəfdaşlarının satqınlığı kimi qiymətləndirib. Bunu S.Sarqsyan Rusiyanın Baş naziri D.Medvedev ilə görüşündə də dilə gətirib. Ermənilərin müttəfiqlərindən incikliyi özünü onların, hətta Moskvanın özündə belə, keçirdikləri anti-Rusiya mitinqlərində də göstərib.

Üçüncüsü, Ermənistan hakimiyyətinin özü, nəhayət, status-kvonun davam etməsinin mümkünsüzlüyünü anlayıb. Cəbhədə Azərbaycan tərəfinin düşmənə qətiyyətli müqaviməti və hətta irəliləməsi Ermənistanda hakimiyyəti Qarabağ kartı hesabına güclə qoruyub-saxlayan hakim komanda üçün soyuq duş olub. Görünür, Sarqsyan indi elə həmin kartın onun hakimiyyətinə son qoya biləcəyini dərk edib. 

 

Sabah elə bu gündür...

Qarabağda döyüşlər başa çatar-çatmaz Ermənistan prezidentinin dəstək üçün eks-prezident, hazırda erməni müxalifətinin lideri olan Levon Ter-Petrosyanın yanına qaçması da təəccüblü deyil. Maraqlıdır ki, S.Sarqsyan 1996-cı ildə Azərbaycanla konstruktiv dialoq apardığı üçün devirdiyi Ter-Petrosyanın evinə şəxsən yollanıb. Yəqin ki, L.Ter-Petrosyan görüşdə S.Sarqsyana hələ 1997-ci ildə yazdığı "Müharibə, yoxsa sülh?" məqaləsindəki xəbərdarlığını xatırladıb: "Bu gün rədd etdiyimizi sabah xahiş edə-cəyik. Lakin onda tariximizdə dəfələrlə olduğu kimi, istədiyimizi ala bilməyəcəyik". 

Və Sarqsyan başa düşüb ki, sabah elə bu gündür. L.Ter-Petrosyanın, faktiki olaraq, kompromislərin qaçılmaz olduğuna eyham vuraraq, erməni ictimaiyyətini S.Sarqsyanı dəstəkləməyə çağırması da bunu təsdiqləyir. "Tezliklə müharibə döyüş meydanından diplomatiya və ya ağır danışıqlar meydanına keçəcək", - deyə Ter-Petrosyan bildirib.

Beləliklə, S.Sarqsyan, faktiki olaraq, danışıqların indiyədək məhz erməni rəhbərliyinin inadkarlığı üzündən dalana dirəndiyini etiraf edib. İndi danışıqların danışıqlar xətrinə deyil, real nəticələrin əldə olunması məqsədilə aparılacağına ümid etmək olar.

Xoşbəxtlikdən, artıq beynəlxalq ictimaiyyət də məsələyə ciddi köklənib. Vasitəçi ölkələrin istər münaqişə tərəfləri, istərsə də öz aralarında intensiv məsləhətləşmələrə başlaması da bunu göstərir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib ki, danışıqlar masası üzərində bir neçə variant var və o, bu variantları Azərbaycan Prezidenti ilə görüşündə müzakirə edib. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə həmsədrlərin eyni mövqedə olduqlarını bildirib.

Bununla yanaşı, Rusiyanın XİN başçısının Bakıda verdiyi bəyanatı - Qarabağ ətrafındakı işğal olunmuş rayonların boşaldılması ilə Dağlıq Qarabağın statusunun eyni vaxtda həllinin mümkünlüyünə dair fikirləri Azərbaycan ekspertlərində müəyyən narahatlıq yaradıb. Lavrovun bu açıqlamasından sonra, münaqişənin Azərbaycan üçün qəbuledilməz olan paket həll variantının ortaya çıxa biləcəyinə dair fikirlər yaranıb.

Emosiyalar yalnız Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin həlli üçün əsas şərtləri açıqlamasından sonra səngiyib: "Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır".

Məsələnin detallarına aydınlığı isə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev gətirib. "Bu münaqişənin vahid paket formasında həlli mümkünsüzdür. Mərhələli yanaşma dedikdə, ilk növbədə, Dağlıq Qarabağ bölgəsinin ətrafında olan 7 rayon azad edilməlidir. Bu 7 rayonun azad edilməsinə də mərhələli yanaşma ola bilər. İlkin mərhələdə 5 rayon azad edilir, qaçqın və məcburi köçkünlər həmin ərazilərə qaytarılır, ərazilər minalardan təmizlənir, infrastruktur bərpa edilir. Növbəti mərhələdə isə Kəlbəcər və Laçın rayonları qaytarılır", - deyə o, "Trend" agentliyinə müsahibəsində bildirib.

H.Hacıyevin sözlərinə görə, problemin mərhələli həll variantı bütün beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən qəbul olunur.

Hacıyev bildirib ki, siyasi manipulyasiya ilə məşğul olan erməni tərəfi dəhlizin yaradılması məsələsini qaldırır. Lakin bu rayonların boşaldılması, sərhədlərin açılması halında dəhlizin yaradılmasına ehtiyac qalmayacaq. Son mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsi müzakirə oluna bilər. "Bunun üçün azərbaycanlı icması oraya qayıtmalı və Azərbaycan sərhədləri çərçivəsində status müəyyənləşdirilməlidir", - deyə o, qeyd edib.

Azərbaycan Parlamentinin deputatı, politoloq Rasim Musabəyov isə öz növbəsində, 2011-ci ildə Azərbaycanın Rusiyanın təklifini qəbul etmədiyini və sənədə 10 dəyişiklik etdiyini xatırladıb. "İndi onlar qismən qəbul olunub və Azərbaycan onları müzakirə edə bilər. İlham Əliyev bildirib ki, Rusiyanın məsələyə son yanaşmasında Azərbaycanı qane edən elementlər var", - deyə o, "Amerikanın səsi" radiosuna müsahibəsində bildirib.

"Təkliflərin məğzi nədən ibarətdir?" sualına cavabında Musabəyov bildirib ki, onlar Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilmə vaxtı, onun forma və iştirakçılarına aiddir. Politoloqun sözlərinə görə, ermənilərin tələb etdikləri yekun status, faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycandan "qoparılması" mexanizmindən ibarətdir: "Azərbaycan isə heç zaman buna getməyəcək. Lavrov aralıq statusu nəzərdə tutubsa, bəli, bu, müzakirə mövzusu ola bilər".

İstənilən halda, Azərbaycan Ermənistana verdiyi qəti cavabla səbrinin tükənməz olmadığını, ən başlıcası, öz torpaqlarını hərbi yolla təkbaşına qaytarmaq iqtidarında olduğunu göstərib. Demək, dayanıqlı olmayan atəşkəs razılaşması regionda uzunmüddətli və möhkəm sülhə zəmanət vermir. Bu səbəbdən, Azərbaycanın işğal altındakı torpaqlarında son 22 ildə görünməmiş bu toqquşma bütün maraqlı tərəfləri real fəaliyyətə keçməyə sövq etməlidir.



MƏSLƏHƏT GÖR:

466