3 May 2024

Cümə, 08:21

"MƏQSƏD - QAPIÇI OLMAQDIR"

Futbol üzrə İtaliya millisinin qapıçısı Françesko Toldo "R+"a "Avro-2000"nin finalındakı məğlubiyyətdən və qapıçı məktəbinin ənənələrindən danışdı

Müəllif:

01.05.2016

Futbol üzrə İtaliya millisinin azarkeşləri onu yaxşı tanıyırlar. Ölkəsinin ən yaxşı qapıçılarından biri olan Françesko Toldo 2000-ci ildə keçirilən Avropa Çempionatında diqqəti cəlb etdi. Həmin il İtaliya millisi yarımfinalda Hollandiya üzərində əzmkar qələbə qazanmaqla finala vəsiqə qazandı. Həl-ledici görüşdə Skuadra Adzura Fransaya uduzdu. İtaliya matçın 55-ci dəqiqəsində hesabı açdı. Görüşün son dəqiqələrində Fransa Viltordun qolu ilə bərabərliyi bərpa etdi. Hesab bərabər olduğundan, komandalar daha 30 dəqiqə mübarizə aparmalı oldular. Əlavə olunan vaxtda Trezege Fransanı Avropa çempionu edən qolu vurdu. Bu çempionatda, eləcə də final görüşündə İtaliya yığmasının qapıçısı Françesko Toldonun finaldan sonra hansı hisslər yaşadığını sözlə ifadə etmək mümkün de-yil. Həmin il Avropa Çempionatının gümüş mükafatçısı olan Toldo karyerası ərzində Çempionlar Liqasının, 5 dəfə İtaliya Çempionatının və kubokunun, 3 dəfə İtaliya Super Kubokunun qalibi olub. "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninə layiq görülüb. Karyerası ərzində "İnter", "Fiorentina" kimi klubların formasını geyinən Françesko Toldo "R+"a müsahibəsində 2000-ci ildə baş tutan Avropa Çempionatını xatırladı, Bakıda keçiriləcək 17 yaşadək futbolçuların qitə birinciliyindən danışdı.

- Françesko Toldo deyərkən, ilk olaraq, onun zəngin karyerası yada düşür. Avropa Çempionatından başlayaraq, Çempionlar Liqası və İtaliya çempionatındakı qələbələr. Yəqin ki, karyeranızdan razısınız?

- Futbolla vidalaşandan sonra, bu barədə bəzən düşünürəm. Konkret cavab vermək çətindir. Daha yaxşı ola bilərdi və ya əksinə. 2000-ci ildə Avropa çempionu olsaydıq, gümüş əvəzinə qızıl medalımız olacaqdı. Ona görə qəti fikir söyləmək mümkün deyil. İtaliya kimi güclü yığmanın bir hissəsi olduğum üçün xoşbəxtəm. Bu komanda dünya futbolunda sözünü deyən insanlardan formalaşıb. Ola bilər, son illər o qədər uğurlu nəticə qazanılmayıb. Amma İtaliya millisi hər zaman favoritlər sırasında olub. Təsadüfi deyil ki, iştirak etdikləri istənilən yarışın favoritlərindən birinə çevrilir. 

- 2000-ci ildə Avropa Çempionatının finalını ekran qarşısından izləmişəm. İtaliya çempionluğu qeyd etməyə hazırlaşırdı. O matçı unutmaq nə qədər çətin oldu?

- Matç başa çatırdı. Son dəqiqələrdə hamı bizim çempion olacağımızı gözləyirdi. Ehtiyat oyunçularımız ayağa qalxaraq, final fitini gözləyirdilər. Çempionluqdan bizi saniyələr ayırırdı. Stadiondakı insanlar bayrağı dalğalandırırdı. Bu məqamda rəqib bərabərlik qolunu vurdu. Sözsüz ki, pis olduq. Mübarizəni davam etdirməyimiz çətin görünürdü. Əlavə olunan 30 dəqiqə zamanı da qol vurmaq şanslarımız var idi. Lakin heç nə alınmadı və biz gümüş medalla kifayətlənməli olduq. 

- İtaliya futbolu hər zaman güclü qapıçıları ilə seçilib. Bunun sirri nədədir?

- İtaliya futbolunda meydanda olan hər bir oyunçu vacibdir. Ulduz qapıçılarımız çoxdur. Elə hazırda karyerasını davam etdirən Buffonu götürək. Ona qədər Palyuka var idi. Qapıçılar baxımından bəxtimiz gətirib. Bu, sanki ənənədir. Başa düşürsünüz, uşaq futbol məktəbinə gələrkən qarşısına məqsəd qoyur ki, İtaliya millisinin qapısını qorusun. Hamıya qismət olmasa belə, istəyinə nail olanlar ən yaxşılar sırasına düşür. 

- Azərbaycanda İtaliya millisinin çoxlu sayda azarkeşi var. Bu barədə məlumatınız var idi?

- Bunu bilirdim. Hər halda, Azərbaycana ilk səfərim deyil. Digər tərəfdən, İtaliya millisinin dünyanın istənilən ölkəsində azarkeşi var. Millidə olduğumuz müddətdə hər səfər zamanı azarkeşlərin dəstəyindən kənarda qalmamışıq. Ölkənizdə çoxlu sayda azarkeşlərimizin olduğuna sevinirəm. 

- İlk dəfə nə vaxt Azərbaycana səfər etmişdiniz?

- Bakıda ilk dəfə 2002-ci ildə olmuşam. O vaxtdan paytaxtınız çox dəyişib. Şəhər müasirləşib. Göydələnlər, işıqlı binalar çoxalıb. 

- 2002-ci ildə siz Bakıda Azərbaycan millisinin qonağı oldunuz. Həmin oyunu xatırlayırsan?

- 2:0 hesablı qələbə qazandığımızı bilirəm. Stadionda anşlaq idi. Azarkeşlər komandalarını dəstəkləyirdi. Kifayət qədər maraqlı oyun olmuşdu.

- Bakıya səfərdə məqsəd "U-17" Avropa Çempionatının püşkatma mərasimində iştirak etmək idi. Sirr deyil ki, yeniyetmələrin yarışına bir o qədər maraq olmur. Siz necə düşünürsünüz?

- Avropa Çempionatının səviyyəsi çox artıb. Çünki bütün yığma komandalar həddindən artıq gücləniblər. Bütün yığmalar məhz bu finaldan ötrü yaxşı hazırlaşıblar. Ola bilsin, bunlar beynəlxalq səviyyədə tanınacaq balaca çempionatlardır. Bu çempionatlarda əsas məqsəd o olmalıdır ki, komandalar birləşərək, yarışı yüksək səviyyədə başa çatdırsınlar. Zədə olmadan həlledici görüşə qədər irəliləyəcək komanda çempion olmaq şansı qazanacaq. Yarışa yüksək səviyyədə hazırlaşdığı üçün Azərbaycana təşəkkür edirəm. Fikrimcə, hər şey yaxşı olacaq.

- Hansı komandaları favorit qismində görürsünüz?

- Portuqaliya çox güclüdür, həmçinin Almaniya da. Lakin mən İtaliyaya olan ümidlərimi itirmirəm. İtaliya yığmasının güclü məşqçisi var. Nə etmək lazım olduğunu o, yaxşı bilir.

- İtaliya millisi çətin qrupdan çıxa biləcəkmi?

- Düzdür, qrupda çətin rəqiblər var. Lakin İtaliyanın adını eşidəndə çoxlarında qorxu yaranır. Gənc futbolçularla bağlı İtaliya Futbol Federasiyası çox mühüm işlər görüb. Məhz buna görə də çempionata İtaliyadan ən yaxşı futbolçular gələcək. 

- Azərbaycan futbolu haqqında nə söyləyə bilərsiniz?

- Böyük məlumatım yoxdur. Bilirəm ki, Azərbaycan futbolu inkişaf etməkdədir. Çox heyf ki, çempionatınızı Avropada göstərmirlər. Avropada, əsasən, "Bundesliqa"nı, İspaniya "La-Liqa"sını göstərirlər. Lakin biz Avropa olaraq, görürük ki, Azərbaycanda idmana çoxlu investisiya qoyulur, xüsusən də futbola. 

- "U-17" Avropa Çempionatı zamanı Bakıya səfərin gözlənilir?

- Hazırda bu barədə təklif olmayıb. Ona görə heç bir söz deyə bilmərəm.

Qeyd edək ki, mayın 5-də start götürəcək 17 yaşadək futbolçuların Avropa Çempionatında Azərbaycan millisi Portuqaliya, Belçika və Şotlandiya ilə eyni qrupda mübarizə aparacaq.


MƏSLƏHƏT GÖR:

412