2 May 2024

Cümə axşamı, 21:19

TATAMİDƏ DİRÇƏLİŞ

Cüdo üzrə Azərbaycan millisi son 5 ildə "AÇ"nin ilk qızıl medalını və komanda yarışlarının tarixində birinci dəfə bürünc medalını qazanıb

Müəllif:

01.05.2016

Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatı Azərbaycan cüdoçuları üçün iki tarixi nəticə ilə yadda qaldı. İlk olaraq beşillik fasilədən sonra, ölkəmizin bu idman növündə qitə birinciliyində qızıl medal qazanmasını qeyd etməyə borcluyuq. İkinci nailiyyət isə Azərbaycan yığmasının ilk dəfə komanda hesabında mükafatçılar sırasında yer almasıdır. 

Tatarstan paytaxtında Azərbaycan komandası üçün ilk medalı Bakı-2015 Avropa Oyunlarının finalçısı Orxan Səfərov qazandı. 60 kq-da çıxış edən cüdoçu ardıcıl 3 qələbədən sonra, finalda yarışmaq imkanı qazansa da, çempion ola bilmədi. Səfərov həlledici görüşdə uğurun bir addımlığında büdrədi. Fransa idmançısına qarşı görüşdə üstünlük qazanan Orxan son saniyələrdə rəqibin fəndinə düşməklə məğlubiyyətlə barışdı. Bununla da Orxan ardıcıl ikinci Avropa Çempionatında gümüş medalla kifayətlənməli oldu. 

Sevindirici haldır ki, Orxan Səfərovun səhvlərini komanda yoldaşı Rüstəm Orucov təkrarlamadı. 73 kq-da çıxış edən Orucov bütün rəqiblərinə qalib gəlməklə, karyerasında ilk dəfə qitə çempionu adını qazandı. Üç qələbədən sonra yarımfinala vəsiqə qazanan idmançımız bu mərhələdə rus cüdoçusu Denis Yarçevlə üz-üzə gəldi. Yerli azarkeşlərin dəstəyinə baxmayaraq, Orucov Yarçevi ippon fəndi ilə məğlub edərək, finalda yarışmaq imkanı qazandı. Bu mərhələdə rəqib gürcü Olimpiya çempionu Laşa Şavdatuaşvili oldu. Finalda da qələbə qazanan Rüstəm Orucov 73 kq-da Avropanın ən güclü cüdoçusu elan edildi. 

Qeyd edək ki, Orucovun uğuru beşillik qızıl medal həsrətinə son qoydu. Ölkəmiz Avropa çempionatlarında sonuncu dəfə qızıl medalı 2011-ci ildə Türkiyədə keçirilən yarışda qazanmışdı. Ümumilikdə, Rüstəm Orucov bu idman növündə qitənin ən yaxşısı olan 4-cü Azərbaycan təmsilçisi kimi tarixə düşdü. 1992-ci ildən müstəqil ölkəmizin bayrağı altında yarışlara qatılan cüdo yığmamızın bunadək 3 üzvü çempion tituluna yiyələnmişdi. İlk Avropa çempionumuz Nazim Hüseynov ardıcıl 2 dəfə - 1992-ci və 1993-cü illərdə bu uğura imza atıb. Növbəti çempionluğu isə 7 il gözləməli olmuşuq. 2000-ci ildə eyni çəki dərəcəsində çıxış edən Elçin İsmayılov hamıdan güclü olub. Bir il sonra o, uğurunu tək-rarlaya bilib. 2005-ci ildə isə Elçin üçqat Avropa çempionu olan ilk cüdoçumuz kimi tarixə düşüb. 

Üçüncü Avropa çempionumuz Elnur Məmmədli 2006 və 2011-ci illərdə qitənin ən güclüsü olub.

Umumilikdə, komandanın çıxışına yalnız müsbət qiymət vermək olar. Məlum dəyişiklikdən sonra, Azərbaycan millisi üçün hər cür şəraitin yaradılması qeyd olunmalıdır. Peter Zayzenbaherin baş məşqçi postuna qayıdışı ölkə idmanı üçün müsbət haldır. Avropa Çempionatında 1 qızıl və 1 gümüş medal uğurlu nəticə hesab edilsə də, millidə müəyyən problemlərin olduğunu etiraf etmək lazımdır. Yığmada ağır çəkilərdə problem yenidən özünü göstərməkdədir. Dünya çempionu Elxan Məmmədov və Elmar Qasımovun Kazanda səviyyələrindən aşağı çıxış etməsi heç kimin nəzərindən yayınmadı. İdmançılar sanki qitə birinciliyində iştiraka həvəsli deyildilər. Təcrübəli cüdoçular heç bir görüşdə mübarizlik və əmzkarlıq göstərə bilmədilər. Bu mənada, millinin Rio Yay Olimpiya Oyunlarından sonra, hər ikiidmançı ilə vidalaşacağını proqnozlaşdırmaq olar. 

Azərbaycan cüdoçularının Kazandakı digər uğuru komanda hesabında mükafatçılar sırasında yer alması oldu. Tarixində ikinci dəfə komanda yarışlarına qatılan cüdoçularımız 18 final mərhələsində Latviyaya 4:1 hesabı ilə qalib gəldilər. Növbəti mərhələdə Polşaya uduzan (2:3) milli təsəlliverici görüşlərdə ümidləri doğrultdu. Yunanıstan və Fransaya 3:2 hesabı ilə qalib gələn komandamız qitə birinciliyinin bürünc medalına layiq görüldü. Həl-ledici görüşdə Rüstəm Orucovla Məmmədəli Mehdiyev qələbə qazansalar da, Vüqar Şirinli ilə Rüstəm Alimli məğlubiyyət acısı yaşadılar. Hesab 2:2 olduğu zaman,son görüşdə yığmamızın milliləşdirilmiş legioneri Uşanqi Kokouri ippon fəndi ilə uğur qazanaraq, tarixi nəticənin səbəbkarlarından birinə çevrildi. 

Cüdoçu Rüstəm Orucov Azərbaycan yığmasının Avropa Çempionatında bürünc medal qazanması barədə təəssüratlarını "R+" ilə bölüşüb. Avropa çempionu qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr etdiklərini bildirib: "Bu uğurda federasiyamız, eləcə də məşqçilərin böyük əməyi var. Komanda kimi mübarizə apardıq. Fransa güclü rəqib idi. Bununla belə, inam böyük olduğundan, hər birimiz sona qədər yarışdıq. Qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr etdik. Ona görə də mükafatlandırma mərasimində uğuru hərbi salamla qeyd etdik. Fərdi çıxışlarda qızıl medal qazandığıma görə xoşbəxtəm. On altı ildir, bu uğuru gözləyirdim. Kazandakı mükafat Avropa çempionatlarında ilk medalım oldu. Amma bununla kifayətlənmək olmaz. Uğurlarımız davamlı olmalıdır".

Ardıcıl ikinci il qitə birinciliyində gümüş medal qazanan Orxan Səfərov isə öz səhvi ucbatından, çempion ola bilmədiyini etiraf edib. Onun sözlərinə görə, son saniyələrdə risk etməsi səhv qərar idi: "Kazana çempion olmaq üçün gəlmişdim. Hər məşqdə birinci olmaq haqqında düşünürdüm. Yalnız çempionluğu istəyirdim. Yarışa yaxşı başlamışdım. Amma final istədiyim kimi olmadı. Təəssüf ki, yenə gümüş oldu. Finalda uduzmağı qəbul edə bilmirəm.Əlbəttə ki, günahkar özüməm. Finalda üstünlük qazanmışdım. Görüşün başa çatmasına az qalmışdı. Üstünlüyü qorumaq əvəzinə, çox böyük səhvlər etdim. Rəqib bu şansdan yararlanmaya bilməzdi. Nəticədə, qızıl medal onun oldu".

Dünya çempionu Elxan Məmmədov kapitanı olduğu Azərbaycan millisinin komandalar arasında üçüncü yer tutmasını böyük uğur kimi qiymətləndirib. Məmmədov komanda yarışlarının cüdoçular üçün böyük təcrübə olduğunu da söyləyib: "İlk dəfədir ki, Azərbaycan yığması komanda yarışlarında bürünc medal qazandı. Bu, çox böyük uğurdur. Bütün federasiyanı, xalqımızı təbrik edirəm. Sanki medalı quyunun dibindən çıxardıq. Gördüyünüz kimi, rəqib çox güclü idi. Hesab 2:2 olarkən bütün ümid son idmançımıza yönəlmişdi. Uşanqi vacib xalı qazandı. Əsas ümumi nəticədir. Cüdoçularımız göstərdilər ki, komanda kimi mübarizə aparmağı bacarırıq".

Qeyd edək ki, Azərbaycan millisinin növbəti turniri doğma divarlar arasında baş tutacaq. İdmançılarımız mayın 5-8-də Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər. İyundan etibarən, lisenziya qazanan cüdoçular Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlığa başlayacaqlar. Ölkəmizin mötəbər turnirdə 6 cüdoçu ilə təmsil olunacağı gözlənilir.



MƏSLƏHƏT GÖR:

411