4 May 2024

Şənbə, 01:12

AKTYORDA CANLANMIŞ QƏHRƏMANLAR

Həsənağa Turabovun teatra sevgisi onun taleyi idi

Müəllif:

01.05.2016

Dərd ağır bir daş kimi, insanın ürəyinə düşəndə təkcə onun içindəki ağrıları üzə çıxarmır. Dəniz kimi ləpələnib, küskünlüyünü, incikliyini də üzünə, gözlərinə vurur. Belə günlərində ilk dəfə yaxından gördüm Həsənağa Turabovu. Onun teatr və televiziya tamaşalarında, kinofilmlərdə canlandırdığı qəhrəmanlar gözlərimin önündə canlandı. Çox arıqlamış, gözləri çuxura düşmüşdü. Ən çox da baxışlarındakı lal kədərə qüssələndim. Amma duruşu yenə qürurlu, əzəmətli idi...

Bizi millət olaraq yüksəldən insanlar var. Tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, elmimiz onların çiyinləri üzərində dayanır. Həsənağa Turabov belə sənətkarlardan biri idi. Teatra sevgi, sanki onun qədəri, qismətiydi...

 

Dram Teatrının qonşuluğunda...

Həsənağa Turabov 1938-ci ilin 24 martında dünyaya gəlişi ilə valideynlərinə sonsuz sevinc, ümid gətirmişdi. Çünki ondan əvvəl ailələrində doğulan 5 oğlan, 1 qızın heç biri sağ qalmamışdı. Körpəyə babası Həsənağanın adını verdilər. Ondan sonra bir qardaşı da oldu. Valideynləri onun da adını Aydın qoydular. 

Adı rəsmi sənədlərdə beləydi: Həsənağa Turabov. Amma hər kəs onu Həsənağa kimi tanıyırdı. Ağa sözünü sonralar ağayanalığına görə, hörmət əlaməti olaraq, adına əlavə etmişdilər. 

Bakının Zərgərpalan məhəlləsində böyüdü. Evləri Akademik Milli Dram Teatrının yanındaydı. Tez-tez atası onları teatra aparırdı. Belə yarandı teatra sevgisi. Və onunla birlikdə böyüdü. Hələ 31 saylı orta məktəbdə oxuduğu illərdə teatr dərnəklərinə getməyə başladı. Orta məktəbi bitirdikdən sonra, 1955-ci ildə arzularının ardınca Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna gəldi. Sənədlərini aktyorluq fakültəsinə verib, Mehdi Məmmədovun kursuna daxil oldu. Bir gün institutda "Hacı Qara" tamaşasını oynayırdılar. Tamaşaya baxan Adil İsgəndərov ona dedi: "Sən komik rollar yox, dramatik rollar oynamalısan". Bu məsləhət gənc aktyoru dramatik rollar oynamağa həvəsləndirdi.

1960-cı ildə institutu bitirdi. Həmin il Akademik Milli Dram Teatrında işə başladı. Bu teatr onun həyatında və yaradıcılığında mühüm yer tutdu. Əvvəla, gənc yaşlarından teatrda tamaşaya qoyulan Azərbaycan və dünya dramaturqlarının əsərlərində Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Möhsün Sənani, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli, Mehdi Məmmədov və başqa sənətkarlarla tərəf-müqabili oldu. Çox keçmədi ki, Həsənağa Turabov baş rolların ifaçılarından biri kimi tanındı. "Kəndçi qızı"ında Vahid, "Yaxşı adam"da Azər, "Hamlet"də Hamlet, "Orman qızı"nda Lionel, "Ölülər"də İsgəndər, "Xəyyam"da Xəyyam, "Mahnı dağlarda qaldı"da Kamran oldu.

 

Yaradıcılığının yeni səhifəsi

Tezliklə kinorejissorlarının da diqqətini cəlb etdi. Onu kinoçəkilişlərə dəvət etdilər - "Babək"də Afşin, "Yeddi oğul istərəm"də Gəray bəy, "Axırıncı aşırım"da Xəlil, "Ürək... Ürək..."də Murad, "Sevinc Buxtası"nda Əlizadə, "Çarvadarların izi ilə"də Adil, "Qəm pəncərəsi"ndə Mirzə Cəlil və Cəlilin atası, "Dantenin yubileyi"ndə Kəbirlinski, "Bəyin oğurlanması"nda Əsəd, "Mən mahnı qoşuram"da Xudayar kişi, "Qorxma, mən səninləyəm"də "Üçgöz Cəfər", "Qaçaq Nəbi"də Qaçaq Nəbi filmlərində çəkildi. "Qaçaq Nəbi"yə həm də Əbdül Mahmudovla birlikdə rejissorluq etdi. Həsənağa Turabovun kino yaradıcılığında ən son rolları 1998-ci ildə çəkilən "Ailə"də İsmayıl və 1 il sonra ekranlaşdırılan "Nə gözəldir bu dünya..."da Müstəntiq oldu.

Xarakterindən, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, oynadığı bütün rollar onu şöhlətləndirdi. Ancaq Həsənağa Turabovun kino yaradıcılığında "Yeddi oğul istərəm” xüsusi yer tutur. Bu filmə çəkiləndə 32 yaşındaydı. Rola yaşlı aktyor axtarırdılar. Adil İsgəndərovun məsləhəti ilə Həsənağa Turabovu da sınaqdan keçirdilər. Elə ilk sınaqdan sonra, Gəray bəy rolu cavan aktyora həvalə edildi.

Gəray bəy təkcə Həsənağa Turabovun yaradıcılığında deyil, ümumiyyətlə, Azərbaycan kino sənətində yeni səhifə açdı. Bəyləri, ağaları düşmən elan edən Sovetlər ölkəsində Həsənağa Turabovun ifası ilə bir bəy obrazı qəhrəmana çevrildi. Gəray bə-yin "Get Sarı Şəmistana de ki, Gəray bəyi mən öldürdüm" söylədiyi komsomolçu Bəxtiyarın deyil, öz əli ilə, öz gülləsi ilə həlak olması səhnəsi Həsənağa Turabovun simasında olduqca əzəmətli görünür. Bu səhnənin filmdə saxlanılması böyük hünər idi. Adil İsgəndərovun bu işdə misilsiz xidmətləri oldu. 

"Yeddi oğul istərəm" filmindən sonra, hamı Həsənağa Turabovu Gəray bəy kimi sevməyə başladı. Onların arasında xarakter oxşarlığını da görməmək mümkünsüzüydü. Hər ikisi mərd, qürurlu, kimsəyə baş əyməyən, sözündə dönməziydi. Ancaq Həsənağa Turabov yalnız təriflənmirdi. Haqlı, haqsız tənqidlərlə də üzləşirdi. "Qaçaq Nəbi" filminə çəkiləndə bəziləri etiraz etdi, onun Qaçaq Nəbi rolu üçün çox qoca olduğunu söylədilər. Amma heç kim onun istedadlı aktyor olduğunu danmırdı. Çünki bu, mümkünsüzüydü.

 

Ailə, iş

Ailədə də xoşbəxt idi. Sevdiyi xanımla evlənmişdi. Solmaz xanım onunla eyni məktəbdə, bir sinif aşağıda oxumuşdu. Elə sevgiləri də o illər başladı. Əhd-peyman bağladılar. İllərin bu məhəbbətu dəyişdirməyə, azaltmağa gücü yetmədi. Solmaz xanım Xarici Dillər İnstitutuna qəbul olunandan sonra, gənclər evlənmək qərarına gəldilər. Həsənağa Turabovun elçilərinə qız evində "Yox" cavabı verildi. Valideynləri Solmaz xanımı aktyora vermək istəmirdilər. Amma gənclər öz sevgilərinə sadiq qaldılar. 1960-cı ildə ailə qurdular. Üç övlad ata-anası oldular. Oğlanları Daşqın və Yalçın, qızları Sevinc xoşbəxtliklərini tamamladılar.

1987-ci ildə SSRİ-nin Baş katibi Mixail Qorbaçovun yenidənqurma siyasətinin qaydalarına görə, artıq rəhbəri kollektiv özü seçirdi. Akademik Milli Dram Teatrında direktor vəzifəsinə iki namizəd vardı - Həsənağa Turabov və Məlik Dadaşov. Kollektiv onu seçdi. Beləcə, Həsənağa Turabov uzun illər işlədiyi Akademik Milli Dram Teatrının seçki yolu ilə seçilən ilk direktoru oldu. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edildi, neçə-neçə klassik və müasir əsərlər səhnələşdirdi. Ancaq direktorluğun gətirdiyi qayğılar yaradıcılığa mane olurdu. Rollarının əksəriyyətini inandığı gənc aktyorlara verdi. 

Vəzifə onu çoxları ilə üz-göz etdi. Amaliya Pənahova, Fuad Poladov, Şəfiqə Məmmədova və daha neçə-neçə sənətkar onu qəbul etməyib, başqa teatrlara getdilər. Ancaq sərt, zəhmli direktoru teatrda sevənlər də az deyildi. Nizam-intizamlı, işində məsuliyyətli direktorun ən zəif cəhəti sözə tezinanan olmasıydı. Ona çox vaxt yalan, yanlış məlumatlar verirdilər. Həsənağa Turabov bəzən onlara inanır, hirslənirdi də.

Heç nəyə baxmayaraq, həyat onun üçün hələ çox gözəliydi. Sənət aləmində nüfuzu var idi. Onu sayıb-seçir, ehtiram göstərirdilər. Evində də arzuladığı kimi, hər gün işdən gəlməsini səbirsizlikə gözləyir, onu gülərüzlə qarşılayırdılar. Həyatı 1997-ci ilədək beləcə davam etdi. .

..Artıq övladlarının hər üçü ali təhsil almışdı. Qızı anasının yolunu seçmişdi. Onun kimi alman dili müəlliməsiydi. Oğlanları Mədəniyyət və İncəsənət Universitetində oxusalar da, atalarının sənətini davam etdirmədilər. Hər ikisi polis sistemində işləyirdi...

 

Faciəvi sonluq

Narkomaniyaya qarşı Mübarizə İdarəsinin rəisi kimi təyinatla Siyəzənə göndərilən böyük oğlu, polis kapitanı Daşqın 1997-ci ilin 8 martında Bakıya gəldi. Anasını və bacısını təbrik etdi. Geri dönəndə bacısına söz verdi ki, onun ad günündə - 17 martda yenə gələcək. Martın 10-da səhərəyaxın Siyəzəndən zəng etdilər. Daşqını güllə ilə vurmuşdular. Həbs etmək istədikləri cinayətkarın açdığı güllə ona dəymişdi. Rayona həkim göndərmək istəsələr də, artıq gec idi...

35 yaşında həlak olan Daşqının faciəsi bütün ailəni sarsıtdı. Həsənağa Turabova təsəlli vermək mümkünsüz idi. Ağlamırdı. Sanki gözlərinin yaşı ürəyinə axırdı. Bəlkə ona görə ürəyi bu ağır dərdə tab gətirmədi. Ogünədək səhhətindən şikayətlənməyən Həsənağa Turabov xəstəlik tapdı. Həkimlər müayinə etdikdən sonra, tezliklə cərrahiyyə əməliyyatı olunmasını məsləhət gördülər. Ancaq heç biri əməliyyatı boynuna götürmədi. Çünki xəstənin vəziyyəti təhlükəliydi. İranda ürəyində əməliyyat aparıldı. Əməliyyat uğurlu keçdi. Amma...

Oğlu ilə birlikdə yaşamaq sevincini, həyat eşqini itirmişdi. Gözlərinə kədər çökmüşdü. Həyatdan küsmüşdü.

O, Akademik Milli Dram Teatrına 14 il rəhbərlik etdi. Bilirdi ki, teatrda yerinə göz dikənlər çoxdur. Direktorluq uğrunda gedən gizli mübarizələrdən, ayağının altında qazılan quyulardan xəbərsiz deyildi. Akademik Milli Dram Teatrının direktoru işlədiyi gündən həmkarlarının bəziləri ilə münasibətində soyuqluq yaranmışdı, bəziləri ilə sonadək küsülü qaldı. Teatr rəhbərliyindən gedişi qəfil oldu. 2001-ci ildə tutduğu vəzifədən ayrıldı. Çoxları bu gedişin Həsənağa Turabova qarşı haqsızlığın nəticəsi olduğunu düşünürdü. Teatrdan getdikdən sonra, Teatr Xadimləri İttifaqında işlədi.

Ömrünün son illərində meylini oğlu Daşqının adını verdiyi nəvəsi Daşqına saldı. Beşyaşlı nəvəsinin məktəbə gedəcəyi günlərin xəyalını qururdu. Bir arzusu da qalmışdı. Yaxın dostu, Yuğ Teatrının direktoru, rejissor Vaqif İbrahimoğıu ilə birlikdə “Şah Qacar” tamaşasını hazırlayacaqdı. Məhəmməd şah Qacar rolunu oynayacaqdı. Ancaq qismət olmadı...

...Dərd onu susqun etdi. Evdə saatlarla susaraq oğlunun divardan asılmış şəklinə baxırdı. Son anında da "Daşqın!" deyib gözlərini yumdu. 2003-cü ilin 23 fevralında Həsənağa Turabovun uzunsürən xəstəlikdən sonra vəfat etməsi xəbəri sənətkarı sevənləri kədərə boğdu. Fəxri Xiyabanda dəfn olunması barədə qərar veriləndə, hə-yat yoldaşı Həsənağa Turabovun son istəyini söylədi. Ömrünün sonuna yaxın bir gün yenə oğlu Daşqının şəklinə baxa-baxa vəsiyyətini etmişdi Həsənağa Turabov: "Ölsəm, məni Fəxri Xiyabanda yox, Daşqının yanında dəfn etsinlər", - demişdi. Onu öz vəsiyyəti ilə "Qurd qapısı"nda dəfn etdilər. Oğlu ilə məzar qonşusu olan sənətkarın həsrəti bitdi... 



MƏSLƏHƏT GÖR:

500