5 May 2024

Bazar, 02:46

XARİCƏ PHD ÜÇÜN

Azərbaycanda gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının yeni perspektivləri nəzərdən keçirilir

Müəllif:

01.05.2016

Təhsil Nazirliyi Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı yeni proqram üzərində işləyir. Artıq proqram üzərində işlər başa çatıb və nazirlik onun yekunlaşdırılması ilə məşğuldur. Təhsil naziri Mikayıl Cabbarov "Asan Radio"nun "Qəbulda ASAN" verilişində "R+"un Azərbaycan vətəndaşlarının xaricdə təhsili ilə bağlı sualını cavablandırıb.

Bu sual nazirə təsadüfən verilməyib. 

Məlum olduğu kimi, 2015-ci iln dekabrında Təhsil Nazirliyinin təşəbbüsü ilə gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı dayandırılıb. Qeyd edək ki, bu, ilk belə tipli proqram idi və elə 2015-ci idədək qüvvədə idi. Proqrama isə 2007-ci ildə start verilmişdi. Proqramın icra olunduğu illər ərzində 3500-dən artıq tələbə, o cümlədən magistr və doktorant xaricdə təhsl almaq imkanı əldə edib. Elə bu gün də 1500-dən artıq tələbə xaricdə təhsilini davam etdirir. Xaricdə təhsilin istər təhsil alan şəxsin, istərsə də xalqın və dövlətin gələcəyi üçün effektiv investisiya olduğu heç kəsdə şübhə doğurmur. 

 

Yeni təhsil formatı

Mikayıl Cabbarovun sözlərinə görə, bu məsələnin müzakirəsindən sonra, hökumət proqramın 1 il müddətinə dayandırılması haqqında qərar qəbul edib. Məqsəd onun nəticələrinin, ötən illər ərzində yığılmış təcrübənin qiymətləndirilməsidir. Lakin bu, heç də Azərbaycan vətəndaşlarının xaricdə təhsil kimi çox dəyərli təcrübədən məhrum olacağı anlamına gəlməməlidir. Məsələ ondadır ki, hökumət əcnəbi mütəxəssislərin cəlbi ilə yerli ali məktəblərin potensialını daha da gücləndirmək niyyətindədir.

"Tələbələrin xaricə göndərilməsinə gəlincə, üstünlük "PhD" dərəcəsinin alınması üçün magistrlərə və doktorantlara veriləcək. Bununla yanaşı, tələbələr üçün kəmiyyət kvotası müəyyənləşdiriləcək", - deyə nazir bildirib.

Bununla yanaşı, bu cür mütəxəssislərin cəlbinin maksimum effektli olması üçün prioritet istiqamətlərin (sosial-iqtisadi inkişafın tələblərindən asılı olaraq) müəyyənləşdirilməsi işində ali məktəblərlə sıx əməkdaşlıq planlaşdırılır.

Mikayıl Cabbarov onu da deyib ki, azərbaycanlı tələbələrin yerli ali məktəblərdə ingilis dilində təhsil almaq imkanı yaranacaq. Belə ki, əvvəllər yalnız ADA Universitetində mövcud olmuş SAT qəbul imtahanı formatı indi digər ali məktəblərdə də olacaq. Nazir azərbaycanlı tələbələrin xaricdə təhsili proqramının maliyyələşdirilməsinə yeni mənbələrin cəlbini istisna etmir. Hələlik isə o, Dövət Neft Fondu tərəfindən maliyyələşdirilir. 

 

Təhsildənkənar

Lakin ölkənin Təhsil nazirinin təsvir etdiyi perspektiv heç də əksər gəncin xaricdə təhsil almaq arzusunu yox etmir. Və bu il dövlət proqramı çərçivəsində bu məqsədinə nail olmaq istəyən bir çox tələbələr arzusuna çata bilməyəcək. Çünki bu işə kifayət qədər vəsait tələb olunur ki, onların da buna imkanı çatmır.

Elvin Xəlilov deyir: "Mən Mançesterin nüfuzlu ali məktəbinə qəbul olunmuşam. Orada böyük müsabiqə olsa da, imtahanlardan keçə bilmişəm. Lakin dövlət proqramı dayandırıldığından, oraya yollana bilmirəm. Nazirlik təhsilimin maliyyələşdirilməsi üçün fərdi şəxslər və ya şirkətlərdən sponsor tapmağı təklif edir". Lakin Azərbaycandakı mövcud reallıqda bu cür şirkət və ya sponsor tapmaq kifayət qədər çətindir. Bununla yanaşı, nazirlik bildirir ki, abituriyentin və ya tələbənin qəbul olunduğu universitetin həqiqətən nüfuzlu, bizim üçün prioritet istiqamət olduğu təsdiqlənərsə, məsələnin diqqətlə araşdırılmasından sonra, həmin tələbə üçün istisna hal nəzərdə tutula bilər.

Əksər Qərb ölkələrində, o cümlədən ABŞ-da qəbul komissiyaları abituriyentləri bir sıra meyarlar üzrə qiymətləndirir: qəbul imtahanları, inşa, yaxşı rəy, məktəbdənkənar fəallıq, müsahibə. Bu komponentlərin hər biri eyni dərəcədə vacibdir. Odur ki, yalnız imtahanlara yaxşı hazırlaşmaq kifayət deyil. Hər şey 10-cu sinfin əvvəlindən gec olmayaraq planlaşdırılmalıdır. Abituriyentin elmi və ictimai fəallığına böyük diqqət göstərilir. Odur ki, E.Xəlilovun Mançesterdəki universitetə qəbul olunmaq üçün nə qədər zəhmət çəkdiyini təsəvvür etmək, eyni zamanda, bu cür perspektivli imkandan yararlana bilməməyin nə dərəcədə acı olduğunu anlamaq çətin deyil.

Bu halda belə insanlara yalnız bir məsləhət vermək olar: xoşbəxt-liyi müxtəlif təşkilatların xaricdə təhsil proqramları çərçivəsində təşkil etdiyi müsabiqələrdə axtarın. Azərbaycanda təhsil mübadiləsi ilə məşğul olan şirkətlərin və onların reallaşdırdığı proqramların sayı kifayət qədərdir. "ACCELS" (ABŞ), "IREX", "WorldLearning", "British Council" (Böyük Britaniya), "DAAD" (Almaniya) şirkətlərinin Bakı nümayəndəlikləri, həmçinin Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Misir, Polşa və s. ölkələrin Bakıdakı səfirlikləri mübadilə proqramları həyata keçirir. Bununla yanaşı, qalib tələbələrin bütün təhsil, o cümlədən nəqliyyat xərcləri müvafiq proqram çərçivəsində ödənilir.

 

Təqaüd problemi

Hələ də dövlət proqramı çərçivəsində xaricdə təhsil alanlara gəlincə, "No ttingem" Universitetinin tələbəsi Sevda Xanməmmədovanın "R+"a bildirdiyinə görə, hazırda dövlət proqramı hesabına xaricdə təhsil alan gənclərin bir hissəsi təqaüd problemi yaşayır: "Xaricdə seçdiyin ali məktəbə düşmək üçün dil imtahanı - IELTS və ya TOEFL vermək, qiymətlərin göstərildiyi diplomu və motivasiya məktubunu təqdim etmək tələb olunurdu. Əksər vaxtda bu, kifayət edirdi. Düzdür, söhbət texniki fənlərdən getdiyi zaman, bəzi ali məktəblər əlavə imtahan da tələb edirdilər, lakin bu, nadir hallarda baş verirdi. Ali məktəbə qəbul olunduğun təsdiqləndikdən sonra, ödəniş məsələsini həll etməli idin. Bəzi xarici ali məktəblər özləri sponsor tapırdılar və onlar təhsilhaqqını tam və ya qismən ödəyirdi. Dövlət proqramına gəlincə o, yalnız təhsilhaqqını deyil, tələbələrə təqaüdün ödənilməsini öz üzərinə götürürdü".

Sevda ali məktəbə 2014-cü ildə qəbul olunub: "Mənim təhsilhaqqım tam ödənilmişdi, bəzən gecikmələr olsa da, təqaüdümü alırdım. Amma elə tələbələr var idi ki, yalnız təhsilhaqqları ödənilirdi, təqaüd ala bilmirdilər. Bu, büdcə problemləri ilə bağlı idi".

Nüfuzlu xarici ali məktəblərin bəzi məzunları hesab edirlər ki, əvvəlcə vətəndə bakalavr dərəcəsi almaq və yalnız bundan sonra təhsil üçün xaricə yollanmaq daha yaxşı olardı; məsələn, Vüsal Məmmədov dövlət proqramı çərçivəsində Londonun İmperiya Kollecinə qəbul olunanadək "bp" Neft Şirkətində onillik əmək təcrübəsinə malik olub. "Düşündüm ki, xaricdə magistr dərəcəsi almaq karyerama əlavə təkan olacaq və "Imperial College London"a qəbul olundum", - deyə Vüsal bildirir. - "Bu, nəinki Böyük Britaniyanın, dünyanın ən məşhur ali məktəblərindən biridir. Onun adı Oksford, Kembric kimi nüfuzlu universitetlərlə yanaşı çəkilir. Texniki fənlər üzrə o, bu ali məktəbləri də geridə qoyur və demək olar ki, hər il dünyanın ən yaxşı 5 universiteti sırasında yer alır".

Bu ali məktəbə qəbul olunmaq üçün seçim bir neçə səviyyədə gedir. Müsabiqə hər zaman yüksəkdir - 1 yerə 8-10 nəfər. Odur ki, qəbul elə də asan başa gəlməyib. Vüsalın seçdiyi ixtisas "Imperial College"ə qəbul olunanadək çalışdığı işinə uyğun olub - ətraf mühitin mühafizəsi.

Vüsal hesab edir ki, xaricdə təhsil qarşıda yeni üfüqlər açır. Bununla yanaşı o, xaricdə magistraturaya Vətəndə, ən azı, 3-5 illik iş təcrübəsindən sonra qəbul olunmağı tövsiyə edir. "Bakalavr dərəcəsini Azərbaycanda almaq daha yaxşıdır. 16-17 yaşlı gəncin xarakteri, dünyagörüşü hələ formalaşmır, milli, mədəni dəyərlərə münasibəti qeyri-sabit olur. Odur ki, bu mərhələdə fərqli mədəni dəyərlər mühitinə düşmək risklidir", - deyə o, bildirir.

 

"Yaxşısı budur, siz buraya gəlin!"

Maraqlıdır ki, təhsil sahəsində bəzi ekspertlər Azərbaycanın öz təhsil səviyyəsini dünya səviyyəsinə qaldırması vaxtının çatdığını düşünür; məsələn, İstək Liseylər Şəbəkəsinin rəhbəri Anar Məmmədov hesab edir ki, bir çox valideynlər uşaqlarının təhsilinə ciddi vəsait xərcləməklə, onları əvvəldən xaricdə təhsilə hazırlamağa meyillidir. Xaricdə təhsil daimi diqqət və pul tələb edir. Valideynlərin və ya uşağın hədəfi budursa, yalnız dövlət proqramına ümid etmək olmaz. Başqa variantları da nəzərdən keçirmək lazımdır. Təcrübə göstərir ki, uşaqlar bu yolla müəyyən çətinliklərlə üzləşir. Əlbəttə ki, aztəminatlı ailələr üçün uşağın dövlətin hesabına xaricdə təhsil alması çox yaxşı haldır. Amma əgər xaricdə təhsilin məhdudlaşdırılması qərara alınıbsa, onda bu, yalnız bakalavriatın səviyyəsinin artırılması hesabına baş verməlidir.

"Qeyd etmək lazımdır ki, bizim tələbələrlə əcnəbi tələbələrin intellekt səviyyəsi, təxminən, eynidir - fərq təhsil sistemindədir. Xaricdə təhsil daha praktikdir. Orada tələbə sosiumun bir hissəsinə çevrilir. Onun peşəkarlıq səviyyəsi isə eyni dərəcədə yüksəlir. Bizim ali məktəblərdə isə konsepsiya akademik yanaşmadır. Əlbəttə ki, ensiklopedik təfəkkür yaxşıdır. Lakin mövcud reallıqda təhsil prosesinə daha praktik yanaşmaq lazımdır", - deyə ekspert bildirir. - "Düşünürəm ki, gələcəkdə nazirlik və dövlət konkret halları, ailələrin imkanlarını, ali məktəblərin nüfuzunu, seçilmiş fakültənin prioritetliyini və tələbələrin şəxsi məsuliyyətini nəzərə alacaq".

A.Məmmədovun sözlərinə görə, təhsil sistemində artıq bu gün böyük addım atılıb; məsələn, məktəb olimpiadalarının mərkəzləşdirilmiş və elektron sistemi yaradılıb. Əvvəllər onlar pərakəndə halda idi.

"Düşünürəm ki, gələcəkdə bu aspektləri tələbələrin göndərilməsi zamanı nəzərə almaq mümkün olacaq; məsələn, olimpiadaların nəticələrinə görə universitetlərin özü onların təhsilhaqqını ödəsin. Yaxud, qoy universitetlər öz aralarında tələbə mübadiləsinə dair müqavilə bağlasın. Əlbəttə ki, bizim universitetlərlə xarici ali məktəblərin səviyyəsini heç də hər zaman eyni tutmaq olmaz. Lakin bu, məhz üzərində işləməyin vacib olduğu istiqamətdir", - deyə həmsöhbətimiz qeyd edir.

Onun fikrincə, sosiumda dövlət proqramının dayandırılması ilə bağlı ajiotaj problemin özündən daha ciddidir: "Bugünkü vəziyyət - planlaşdırılmış, sistemli və məntiqli iş istiqamətində ilk addımdır. Biz öz ali məktəblərimizdə təhsil alan 300-400 min tələbəni, ilk növbədə, onların səviyyəsinin artırılmalı olduğunu unuduruq. Bu işdə başqa, inkişaf etmiş ölkələrin, məsələn, Amerikanın, Finlandiyanın təhsil modelindən istifadə edilməlidir. Yaponiyada 2-ci, 3-cü kurs tələbələri artıq böyük biznesin iştirakçısı olurlar. Çünki onların kreativ ideyaları olur. Təhsil Nazirliyi xaricdəki vəziyyəti əla təhlil edir, ayrı-ayrı departamentlər universitetlərin təcrübəsini, qəbul olunmuş modelləri, xarici ali məktəblərin təcrübəsini öyrənir - idman sahəsindən tutmuş, tədris-tərbiyəyədək. Məni daha çox təhsilin keyfiyyəti, müəllimlərin səviyyəsi, pedaqoji ali məktəblərin töhfəsi, pedaqoji fakültələr narahat edir. Bizim təhsil sistemimizdə prioritet istiqamət məhz budur, nəinki bir qrup tələbənin xaricdə oxuya bilməməsi".

Bununla yanaşı, Azərbaycan bu gün də dünyanın ən nüfuzlu ali məktəblərində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında maraqlıdır. Bunu dövlət başçısı İlham Əliyev xaricdə təhsil alan tələbələrlə görüşündə dilə gətirib. "Azərbaycanda təhsil sahəsində elə şərait yaratmalıyıq ki, xaricə getməyə ehtiyac qalmasın. Gənclərin xarici ölkələrə istiqamətləndirilməsi təşəbbüsü bir zərurət kimi, mənim tərəfimdən irəli sürülüb.

Təhsil sahəsində həyata keçirilən islahatlar, düşünürəm ki, yaxın vaxtlarda Azərbaycanda ali təhsilin səviyyəsini yüksəldəcək. Bu halda xaricə getmək vacib olmayacaq. Amma bu, əlbəttə ki, bugünün məsələsi deyil", - deyə prezident bildirib.

Ümid edək ki, Təhsil Nazirliyi dövlət başçısının bu dəyərli fikirlərini nəzərə alacaq.


MƏSLƏHƏT GÖR:

466