11 May 2024

Şənbə, 15:57

VİDA TURNESİ

Barak Obama Yaxın Şərqdən və Avropadan olan həmkarlarını öz baxışlarının doğruluğuna inandıra bildimi?

Müəllif:

01.05.2016

Barak Obamanın Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Almaniyanı əhatə edən 6 günlük turnesi KİV tərəfindən dərhal "vida turnesi" kimi qiymətləndirilib. Halbuki, ABŞ Prezidentinin postunu tərk etməsinə hələ yarım il var. Bununla belə, artıq yekunlardan nəticə çıxarmaq olar - ər-Riyad və digər Yaxın Şərq ölkələri ilə münasibətlərdə geriləmə, Böyük Britaniyanın Avropa İttifaqını tərk edə biləcəyi ilə bağlı təşviş və ABŞ ilə Aİ arasında azad ticarət və investisiya tərəfdaşlığı razılaşmasının (TTIP) şərtləri ilə bağlı avropalıların getdikcə artan narahatlığı. Bu dəfə Obama ABŞ Prezidenti üçün bir qədər qeyri-adi sayılacaq rolda çıxış edirdi - o, hər görüşdə tərəfdaşlarını nəyəsə inandırmağa çalışırdı. Və yəqin ki, görüşlərdə o, özü üçün xoş olmayan bir çox fikirlər də eşitməli olub.

 

Yaxın Şərq

Əksər ərəb dövlətləri Obamanın siyasətindən məyus olublar. Bu, əsasən, İranın nüvə razılaşması səbəbi ilə sanksiyalardan xilas olması, nəticədə, iqtisadi və siyasi gücünü artırmağa başlaması ilə əlaqədardır. Körfəzin sünni monarxiyaları regionda şiələrin nüfuzunun artmasından narahatdırlar. Bu narahatlıq özünü xüsusilə regionun "qaynar" nöqtələrində - İraqda, Suriyada, Yəməndə göstərir. Ərəb KİV "sionist-İran lobbisi"nin Amerika siyasətinə təsiri ilə bağlı sərt yazılar yazır.

Bu münasibətlərə 2001-ci ilin 11 Sentyabr terroru öz mənfi təsirini göstərib. Həmin hadisə ilə bağlı 838 səhifəlik məruzənin bir hissəsi, konkret desək, 28 səhifəsi hələ də məxfi olaraq qalır. Bunu sənəddə kəşfiyyat məlumatlarının əldə olunduğu mənbələrin, həmçinin onların toplanması yollarının əks olunduğunu de-yəən Corc Buş təkid edib. Bununla yanaşı, sözügedən hadisədə Səudiyyə izi haqqında lap əvvəldən danışılırdı. Çünki təyyarələri qaçırmış şəxslərin əksəriyyəti Səudiyyə Ərəbistanı pasportuna malik idi. Amma ən önəmlisi, terror hadisəsinə Səudiyyə Ərəbistanı rəsmilərinin nə qədər aidiyyətinin olması, yəni, maliyyələşmənin haradan gəlməsidir. Amerika ictimaiyyəti, xüsusilə terror qurbanlarının yaxınları həqiqətin açıqlanmasını tələb edir. Sabiq demokrat senator, komissiya üzvü Bob Qrehem "CBS" telekanalının aparıcısı Stiv Kroftun Səudiyyə Ərəbistanı hökuməti və nəhəng biznes adamlarının bu terrora aidiyyətinin olub-olmadığına dair sualına müsbət cavab verib. Texasdan olan respublikaçı-senator Con Kornin və onun nyuyorklu demokrat həmkarı Çak Şumer isə 11 Sentyabr terror aktlarında iştiraka görə məhkəmə məsuliyyətinin mümkünlüyünə dair qanun layihəsini təqdim ediblər. "VVS" xəbər verir ki, sənəd ən müxtəlif koalisiyalar tərəfindən dəstəklənir - seçki ilində bu, kifayət qədər maraqlı yekdillikdir. Donald Tramp ondan demokratlara hücum məqsədilə istifadə edir, senator Berni Sanders və Hillari Klinton isə prezident seçiləcəkləri təqdirdə, sənədi imzalayacaqlarını bildirirlər. Yanvarda qanun layihəsi Senatın Hüquq Komitəsi tərəfindən heç bir etiraz olmadan təsdiqlənib. Məruzənin açıqlamasına qarşı çıxanlar isə Obama administrasiyasına yaxın bəzi konqresmenlərdir.

Səudiyyəlilər artıq bəyan ediblər ki, sənəd Konqres tərəfindən qəbul olunarsa, Amerikaya məxsus 750 milyard dollarlıq aktivlər satışa çıxarılacaq. Bu isə öz növbəsində, maliyyə bazarlarında sabitliyi poza, qiymətlərə mənfi təsir göstərə bilər. Bu üzdən, Ağ ev rəsmisi Coş Ernest ər-Riyadı beynəlxalq maliyyə sisteminin sabitliyinə dəstək olmağa çağırıb. Bununla yanaşı, bəzi ekspertlər narahatlığa əsas görmürlər. Onların fikrincə, birincisi, sözügedən 750 milyard dollar ümumi maliyyə aktivlərinin (səhm və istiqraz vərəqələri) cəmi 1%-i deməkdir, ikincisi, səudiyyəlilər, sadəcə, blef edirlər. Ola bilsin ki, neftin kəskin ucuzlaşması nəticəsində yaranmış ciddi büdcə kəsri üzündən (ÜDM-in 14,8%-dək) onlar aktivlərin bir hissəsini həqiqətən satsınlar. Lakin bu, hədədə səsləndirilən həcmdə olmayacaq. Hər halda, ər-Riyadın özü də bu sərma-yələrin qorunub-saxlanılmasında az maraqlı deyil. Çünki bunun alternativi, sadəcə, yoxdur.

Bütün bunlarla yanaşı, bu cür yaxın müttəfiqlər arasında söz atışmasının özü müəyyən narahatlıqlar yaradır. Bir tərəfdən, indi ABŞ-ın Səudiyyə Ərəbistanı neftinə ehtiyacı bir neçə onillik əvvəl olduğu qədər böyük deyil, digər yandan səudiyyəlilər əməllərində və iddialarında əvvəlki səudiyyəlilərə heç bənzəmirlər. Üstəlik, tərəflər arasında silah alqı-satqısında qarşılıqlı əlaqə qalmaqdadır. Regionda liderliyə can atan ər-Riyadın Amerika silahlarına ehtiyacı varsa, ABŞ üçün hərbi sifarişlər böyük əhəmiyyət daşıyır. Son il ərzində Birləşmiş Ştatlar Yaxın Şərqə 30 milyard dollar dəyərində silah-sursat satıb. Bunun 21 milyard dolları Səudiyyə Ərəbistanının payına düşür.

Bütün bunların fonunda, dünya KİV Obamanın Səudiyyə torpağında çox soyuq qarşılandığını müşahidə edib - Kral Ağ ev rəhbərini qarşılamaq üçün aeroporta yollanmayıb və bu işi ər-Riyadın qubernatoruna və Xarici İşlər nazirinə həvalə edib. Səudiyyə Ərəbistanının telekanalları isə nədənsə, Obamanın ölkəyə gəliş anını, demək olar ki, göstərməyib. Ağ ev rəhbərinə gəlincə, o, məşğul olduğunu əsas gətirərək, təntənəli şam yeməyindən imtina edib. Amma "əl-Ərəbiyyə" telekanalı iki lider arasında danışıqların 2 saatdan artıq davam etdiyi və dostluq atmosferində keçdiyini bildirməklə, belə bir informasiya fonu yaratmağa çalışıb. Obama da səfər zamanı özünü maraqlı sayılacaq dərəcədə sakit aparıb, ABŞ rəsmilərinin səfərləri zamanı sevimli mövzu olan insan haqları mövzusuna isə ümumiyyətlə, toxunmayıb.

Səfər çərçivəsində Kral Salman ibn Abduləziz əl-Səud, əbu-Dəbinin vəliəhdi, BƏƏ Ali Baş Komandanının müavini Məhəmməd əl-Nahayyan ilə qapalı danışıqlarla yanaşı, Amerika Prezidenti ilə Fars körfəzi dövlətlərinin liderləri ABŞ-Fars körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı) sammiti çərçivəsində də söhbətləşiblər. Sammitin əsas mövzusu hərbi əməkdaşlıq, xüsusilə İran amili və "İD" fonunda xüsusi təyinatlılar və HDQ sahəsində əməkdaşlıq məsələləri olub. ABŞ Fars körfəzi ölkələrinin rəhbərlərini İraqa siyasi və iqtisadi dəstək göstərməyə, İraqın yaraqlılardan azad olunmuş Ramadi və Hit şəhərlərinin, həmçinin Ənbar əyalətinin bərpasına yardım etməyə çağırıb. Bundan başqa, Obama artıq Avropada olan zaman Suriyaya əlavə olaraq, 250 hərbçinin göndərildiyini rəsmən bəyan edib. Onların sıralarında xüsusi təyinatlılar, quru qoşunlarının hərbçiləri, tibb işçiləri, həmçinin informasiya yığımı və logistika üzrə mütəxəssislər var.

 

Hələlik, vahid Avropa

Səudiyyə Ərəbistanının ardından Barak Obama Baş nazir Devid Kemeronla söhbətləşmək və kraliça II Yelizavetanı 90 illik yubileyi münasibətilə şəxsən təbrik etmək üçün Böyük Britaniyaya yollanıb. Səudiyyə Kral ailəsindən fərqli olaraq, Britaniya kraliçaçı və onun həyat yoldaşı Edinburq hersoqu Filipp yağışlı havaya rəğmən, Barak Obama və xanımı Mişel Obamanı Vindzor qəsrinin qarşısındakı çəmənlikdə qarşılayıblar. Lakin hazırda Vaşinqton-London münasibətlərində də müəyyən çətinliklər var.

Ağ evi narahat edən əsas məqam, "Dumanlı Albion"un Avropa İttifaqına üzvlüyü ilə bağlı iyunun 23-də keçirilməsi nəzərdə tutulan "brehit" referendumudur. Məhz bu səbəbdən, Obama britaniyalılara birbaşa müraciət edərək, onları yaxşı düşünməyə çağırıb. Amerikalılar əmindirlər ki, Londonun Aİ-dən ayrılması, ümumilikdə, Trans-Atlantik birlik ideyasına zərbə olacaq. Onların fikrincə, bu, Vaşinqtonu Brüssel və Berlinə bir çox təsir rçaqlarından məhrum da edə bilər. Çünki hazırda Amerika bu rçaqlara Londonun sayəsində malikdir. Amerikalı diplomat və politoloq Stroub Telbott yazır ki, İkinci Dünya müharibəsindən sonra, Uinston Çörçill Amerkianın dəstə-yindən və müdafiəsindən asılı olan Avropa Birləşmiş Ştatları arzusunda imiş. Trans-Atlantik zəncirin ən güclü bəndi kimi, o, Britaniya ilə Birləşmiş Ştatlar arasında münasibəti görürmüş. "Avropa İttifaqı Britaniyanın nüfuzunu azaltmır, əksinə, artırır. Güclü Avropa Britaniynın qlobal liderliyinə təhlükə deyil, əksinə, ona bu işdə kömək olur", - deyə Obama "The Telegraph" qəzetində dərc olunmuş məqaləsində bildirib. Vaşinqton məhz Londonla xüsusi münasibətləri vasitəsilə Aİ ilə münasibətlərdə balansa nail olub və bu, özünü müdafiə xərcləri sahəsində də göstərir.

Barak Obama Almaniya Kansleri Angela Merkel ilə görüşmək və kiçik "G5" sammitində iştirak etmək üçün Böyük Britaniyadan Almaniyanın Hannover şəhərinə uçub. Qeyd edək ki, sammitdə Fransa Prezidenti Fransua Olland, Böyük Britaniyanın Baş naziri Devid Kemeron və İtaliya hökumətinin başçısı Matteo Rensi də iştirak edirdilər. Amerika Prezidenti ilə Avropanın ən nüfuzlu liderləri Ukraynadakı vəziyyət, miqrasiya böhranı, Suriya və İraqda "İD" ilə birgə mübarizə, NATO çərçivəsində əməkdaşlıq kimi məsələləri müzakirə ediblər. Obama Şimali Atlantika Alyansının cənub cinahının gücləndirilməsi məsələsinə də toxunub, bunun xüsusilə Rusiyanın mümkün əməllərindən qorunmaq üçün önəmli olduğunu bildirib. İndi ABŞ Böyük Britaniya və Almaniyadan Baltikyanı ölkələrə, Polşa və Rumıniyaya əlavə ordu və hərbi texnika yerləşdirmələrini gözləyir. NATO-nun iyulda Varşavada keçiriləcək sammitində bu mövzu daha da inkişaf etdirilməlidir.

Bununla yanaşı, Obamanın Hannover səfəri zamanı əsas gündəm beynəlxalq ticarət olub. Hər halda, Ağ ev rəhbərini Aİ ilə ABŞ arasında azad ticarət və investisiya tərəfdaşlığı razılaşmasının (TTIP) gələcəyi "brehit"dən heç də az narahat etmir. Sənəd dünyada ən böyük azad ticarət zonasının yaradılmasına imkan verməli, bu zona, təxminən, 800 milyon istehlakçını əhatə etməli, onun çərçivəsində tariflər aşağı salınmalı və Aİ ölkələri ilə ABŞ arasındakı biznesdə tənzimləyici sədlər aradan qalxmalıdır. Artıq bunu "iqtisadi NATO" da adlandırırlar.

Lakin Fransada TTIP ilə bağlı narazılıq getdikcə artır, Almaniyada və digər Aİ ölkələrində o, populyarlığını itirir. Hesab olunur ki, sözügedən razılaşma, əsasən, transmilli şirkətlərə sərf edəcək, Aİ-nin sakinlərinin əmək hüququna isə mənfi təsir göstərəcək. Onun ətraf mühitin mühafizəsinə nəzarəti zəiflədəcəyi də güman edilir. Obama isə əmindir ki, TTIP-ə cəlb olunacaq ölkələr böyük üstünlük, ən başlıcası, rəqabət qabiliyyəti qazanacaq. O, ümid edir ki, sənəd üzərində işlər ilin sonunadək yekunlaşdırılacaq.

Barak Obamanın Yaxın Şərqdən və Avropadan olan həmkarlarını öz baxışlarının doğru olduğuna inandıra bilib-bilmədiyini zaman göstərəcək. Amma bir şeyə şübhə yoxdur ki, sadalanan problemlərin əksəriyyəti ilə Ağ evin növbəti rəhbəri də üzləşəcək.



MƏSLƏHƏT GÖR:

404