10 May 2024

Cümə, 02:56

DİNC ATOMUN TƏHLÜKƏSİ

Çernobılda 30 il əvvəl baş vermiş nüvə faciəsi hələ də real təhlükələr sırasındadır

Müəllif:

01.05.2016

Bəşər tarixinin ən dəhşətli texnogen faciəsi - Çernobıl AES-in (ÇAES) 4-cü enerji blokunda 1986-cı il aprelin 26-da baş vermiş qəzadan 30 il keçir. Lakin bəşəriyyət atom enerjisi ilə bağlı risklərin hələ də tam öyrənilmədiyini etiraf etmək məcburiyyətindədir. MAQATE-nin illik məruzəsində bildirilir ki, 2014-cü ilin sonuna dünyada 438 nüvə reaktoru fəaliyyətdədir. Onların hər biri öz-özlüyündə sanki saatlı bombadır. Yəni, təsadüfi bir hadisə - səhv, səhlənkarlıq və ya texniki köhnəlmə dincxarakterli atomun nəzarətdən çıxması ilə nəticələnə bilər. Bunun təbii fəlakətlər üzündən də baş verməsi mümkündür. Son illər isə yeni təhlükələr haqqında daha çox danışılmağa başlanıb. Söhbət kiberhücumlardan və terror aktlarından gedir...

 

Təsadüf - aşkar olunmamış qanunauyğunluqlar zənciridir

Çernobıl faciəsi miqyasına görə, hələ də adamı dəhşətə gətirir. O zaman 2 həftəyə yaxın davam etmiş yanğın nəticəsində atmosferə, təxminən, 190 ton təhlükəli radioaktiv maddə yayılmışdı. Faciə nəticəsində ən çox zərərçəkmiş bölgələr Ukraynanın Kiyev və Jitomir bölgələrinin şimal rayonları, Belarusun Homel və Rusi-yanın Braynsk vilayətləri idi. O zaman faciə 100 minlərlə insanın ev-eşiyini tərk etməsinə səbəb olmuşdu. Onların əksəriyyəti, həmçinin minlərlə xilasedici sonradan şüa üzündən yaranan xəstəliklərdən dünyalarını dəyişib. Hazırda radiasiyaya məruz qalmış 150-160 min kvadratkilometrlik ərazidə, təxminən, 6-7 min insan yaşayır. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, 428 mini uşaq olmaqla, 2,4 milyon ukraynalı onkoloji və di-gər xəstəliklərdən əziyyət çəkir.

ÇAES-də baş vermiş faciəyə dair çoxsaylı sənədlər hələ də "məxfi" qrifi altında saxlanılır. Bu, müxtəlif şa-yiələrin yayılmasına səbəb olur - guya hadisə təsadüf yox, əsl cinayət imiş. Bu sualın cavabı yoxdur. Lakin SSRİ rəhbərliyinin faciənin real miqyasını bir neçə gün gizli saxladığı faktdır. Bunun səbəbi, böyük ehtimalla, mənasız çaşqınlıq olub.

Bu hadisədən 25 il sonra bənzər, lakin daha kiçikmiqyaslı qəza ölkə tarixinin ən güclü zəlzələsi və ardından baş vermiş sunami nəticəsində Yaponiyada təkrarlanıb - təbii fəlakət "Fukusima" AES-də qəzaya səbəb olub. AES-in operatoru olan Tokio Elektrik Enerjisi Şirkəti (TERSO) stansiyanın 3 reaktorunda aktiv zonanın əriməsi haqqında məlumatı faciədən 2 ay son-ra açıqladı və buna görə yalnız bu il hamıdan üzr istədi. 2016-cı ilin martında TERSO etiraf edib ki, şirkətin əməkdaşları xidməti təlimata uyğun hərəkət etsəydilər, meltdaunu müəyyənləşdirə bilərdilər. Nəticədə, istintaq komissiyasının üzvləri belə qənaətə gəliblər ki, TERSO aktiv zonanın əriməsinin müəyyənləşdirilməsi üçün normativlərə malik deyil.

 

Təbiətin gücü "əhliləşdirilmiş" atoma qarşı

Belə çıxır ki, AES-lərdə bizi insan səhvindən və ya təbiətin şıltaqlığından qoruyacaq yüzfaizlik təhlükəsizlik texnologiyası yoxdur. Yaponiyadakı qəzadan sonra, ən ciddi problem reaktorların soyudulması üçün istifadə olunan və stansiyanın altındakı anbarlara yığılan, sonradan qrunt sularına qarışan, yaxud Dünya okeanına axıdılan radioaktiv su idi. O zaman Yaponiyanın Fukusima prefekturasının bütün çaylarının lilində də normanı ciddi şəkildə üstələyən radiasiya müəyyənləşdirilmişdi. Hazırda reaktorun ətrafında "müdafiə divarı"nın yaradılması üçün qruntun dondurulmasına cəhd edilir. Obyektin tam təhlükəsiz olması üçün isə onilliklərə ehtiyac var. Qəzanın vurduğu maddi zərər, ümumilikdə, 100 milyard dollardan artıq olacaq, ətraf mühitə dəymiş zərəri hesablamaq mümkün deyil. Bundan başqa, Fukusimadakı qəza 400 minədək insanın təxliyyəsinə səbəb olub. Onların əksəriyyəti hələ də evlərinə qayıda bilməyib, AES ətrafında 20 kilometrlik ərazi isə kimsəsiz zonaya çevrilib.

Üstəlik, bu il aprelin ortalarında yapon adaları seysmik fəallıqdan əziyyət çəkməyə başlayıb. Bu, insan tələfatı və dağıntılara yol açsa da, xoşbəxtlikdən, yaşananlar 2011-ci il faciəsinin miqyasından çox uzaqdır; məsələn, aprelin 15-də cənubda yerləşən Kyusyu adasının Kumamoto prefekturasında 6,5 bal gücündə zəlzələ baş verib. Yeri gəlmişkən, aprelin ortalarında Yaponiya ilə, demək olar ki, eyni vaxtda Myanma, Ekvador və Çilidə də zəlzələlər qeydə alınıb - onların hamısı eyni tektonik lövhənin kənarında yerləşir. Eyni sözlər ABŞ-ın qərbinə, məşhur San-Andreasa da aiddir.

Lakin yaponları ən çox qorxudan zəlzələ yox, yaxınlıqdakı "Sendai" AES-dir. Bu AES-in 2 reaktoru hazırda Yaponiyada fəaliyyətini davam etdirən yeganə reaktorlardır. Mütəxəssislər stansiyanın daha güclü zəlzələlərə tab gətirə biləcəyini deyərək, əhalini sakitləşdirməyə çalışırlar. Amma bir məsələ var ki, zəlzələyə "Fukusima" AES də tab gətirmişdi. Qəzaya səbəb isə artıq sunami zamanı və ondan sonra reaktorların aktiv zonasının soyudulması üçün nəzərdə tutulmuş normal və qəza sistemlərinin sıradan çıxması olmuşdu.

Bu arada Ermənistanda yerləşən "Metsamor" AES ilə bağlı bənzər arqumentlər səsləndirilir - guya, stansiya 1988-ci ildə Spitakda baş vermiş zəlzələyə tab gətirib (halbuki, stansiya elə həmin il bağlanmışdı və o, yalnız 1995-ci ildə yenidən fəaliyyətə başlayıb). Amma Ermənistanın stansiyanın istismarını davam etdirmək istəyi onun təhlükəsiz olduğu anlamına gəlmir və İrəvanın bu əməli odla oynamaqdan başqa bir şey deyil. AES-in potensial təhlükəsi haqqında artıq bir sıra beynəlxalq qurumlarda da ən müxtəlif səviyyələrdə söhbət gedib. Azərbaycan da müxtəlif qurumlarda bunu mütəmadi olaraq qaldırır - BMT, AŞPA, MAQATE. Bu yaxınlarda Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində isə Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarov bu təhlükəni dünya ictimaiyyətinə bir daha xatırladıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya Şöbəsinin rəhbəri Vüsalə Rafiqqızı "R+"a müsahibəsində bildirib ki, Cənubi Qafqaz regionu seysmik fəallığın yüksək olduğu ərazidir. Onun sözlərinə görə, "Metsamor" AES-in kifayət qədər köhnə olduğu nəzərə alınarsa, Ermənistan ərazisində baş verə biləcək zəlzələ zamanı stansiyanın dağılacağını istisna etmək olmaz. Təbii ki, bu halda zərər yalnız Ermənistana yox, regionun digər ölkələrinə, o cümlədən Azərbaycana da dəyəcək.

V.Rafiqqızı bildirib ki, Azərbaycanın seysmoloji xidməti yeni proqramlarla təmin olunub, mərkəzlər müasir texnologiyalara malikdir. Qurum Yaponiya və ABŞ-dan olan mütəxəssislərlə əməkdaşlıq edir. Lakin Yaponi-yada bu yaxınlarda baş vermiş zəlzələ göstərib ki, atomun idarə olunmasını insan çoxdan öyrənsə də, zəlzələnin baş verə biləcəyi vaxtı və onun gücünü əvvəldən söyləmək hələ də mümkün deyil.

Üstəlik, AES-in potensial risklərini üzə yalnız zəlzələ deyil, həm də sunami, daşqın, yanğın kimi hallar çıxara bilər; məsələn, 1 il əvvəl güclü yanğın ÇAES-ə doğru irəliləyirdi. Alovlanmış zona betonla örtülmüş radiasiya ocağının və onun ətraf zonasının cəmi 20 kilometrliyində idi. Artıq orada qalmış radioaktiv maddələrin alışması təhlükəsi yaranmışdı. O zaman Avropa Radiasiya Risqi Komitəsinin katibi Kris Basbi dünyanın yeni Çernobıl təhlükəsi ilə qarşı-qarşıya qaldığını bəyan etmişdi. 

 

AES-in yorğunluğu

Amma istismar resursları çoxdan bitmiş AES-lərdə təbii fəlakətlərsiz də qəzalar baş verə bilər. 2014-cü ilin sonuna olan məlumata görə, dünyada istismar olunan 438 nüvə enerjisi reaktorunun 50%-dən çoxu 30 ildən artıqdır ki, işləyir. Onların 14%-dən çoxunun yaşı isə 40 ildən artıqdır. Yeri gəlmişkən, bu, ötən əsrin 70-ci illərində tikilmiş və 40 illik istismar zəmanəti olan "Metsamor" AES-ə də aiddir. Beləliklə, nəticə çıxarmaq çətin deyil. Ərazisində köhnə AES-lərin fəaliyyət göstərdiyi hökumətlər onların konservasiyasını uzadır. Çünki bu stansiyalar ölkədə elektrik enerjisi istehsalının böyük bir hissəsini həyata keçirir. Enerji tariflərinin artırılması ilə əlaqədar çoxsaylı mitinqlərin keçirildiyi Ermənistanda da hakimiyyət AES-in istismar müddətini daha 10 il uzatmaq qərarına gəlib. Qeyd edək ki, bu ölkədə istehsal olunan elektrik enerjisinin, təxminən, 45%-i məhz AES-in payına düşür. Bununla yanaşı, texniki baxımdan köhnəlmiş AES-də daim radiasiya tullantıları baş verir, reaktorun soyudulması üçün istifadə olunan ətraf çaylarda su çirklənir. "Metsamor" AES-in nüvə tullantılarının Azərbaycanın işğal olunmuş və beynəlxalq nəzarətdən kənarda qalmış ərazilərində basdırılması şübhəsi də var.

Ukraynanın AES-ləri - Cənubi Ukrayna, Zaporojye, Rovenki ilə bağlı da müəyyən suallar var. Bəzi məlumatlara görə, onlarda mütəmadi olaraq radioaktiv fon yüksəlir, planlaşdırılmayan təmirlərin yarısı isə generatorların soyudulması sistemində aparılır. Ukrayna ilə Rusiya arasında münasibətlərin ciddi şəkildə pozulmasından sonra, narahatlıqlar daha da artıb. Axı, Ukraynadakı bütün AES-lər hələ SSRİ dövründə, Rusiya texnologiyaları ilə tikilib. Doğrudur, Ukrayna hazırda bu işdə amerikalılardan istifadə etməyə çalışır, lakin fakt faktlığında qalır.

AES-lərin ləğvi problemi yalnız postsovet məkanı üçün aktual deyil; məsələn, hazırda Almaniya, Niderland və Lüksemburq Belçika hökumətini Flandriyadakı "Dul" AES-in üçüncü reaktorunun və Valloniyadakı "Tianj" AES-in ikinci enerji blokunun istismarının müvəqqəti dayandırılmasına çağırır. Onları narahat edən reaktorların fəaliyyətinin avtomatik olaraq da-yanmasına səbəb olmuş texniki insidentlər, həmçinin onların bəzilərindəki digər korpusların vəziyyətidir. "Dul" AES Avropanın ən köhnə stansiyalarından biridir - o, istismara 1974-cü ildə verilib. Lakin "Dul" və "Tianj" hələ də ölkənin elektrik enerjisinə olan tələbatının 55%-ni təmin edir.

 

Yeni təhlükələr...

AES-lər üçün kiberhücumlar yeni təhlükədir. "Chatham House"un məlumatına görə, kibertəhlükəsizlik atom sənayesi üçün hələ də yenilikdir. Bu qənaətə müxtəlif ölkələrdən olan AES rəhbərləri və məmurlarla aparılmış və geniş ictimaiyyətə açıqlanmamış 30-dan çox müsahibə nəticəsində gəlinib. AES-lərə belə təhlükənin olduğu fikri ilə razılaşmayanlar stansiyaların internetlə əlaqəsinin olmadığını, demək, kiberhücumlarla böyük insidentlərə yol açmağın mümkünsüzlüyünü bildirirlər. Məruzə müəllifləri isə bu versiyaya 100% inanmaq üçün zəmanətin olmadığını deyirlər. Onlarca AES, müəyyən mənada, internetlə əlaqəli sistemə malikdir. Üstəlik, onlarda rəqəmsal "əlyerləri" getdikcə artır, məlumatların toplanılması üçün operativ nəzarət sistemləri yaradılır, bununla da istehsal keyfiyyətinin yüksəldilməsinə çalışılır. Bundan başqa, mühəndislər və podratçılar bütün dünyada nüvə obyektlərinə fərdi kompyuterlərini gətirir və onu AES-in kompyuterlər sisteminə qoşur; məsələn, 2003-cü ildə mühəndis Ohayodakı (ABŞ) "Devis-Besse" AES-in avadanlıqlarına evdən qoşulmuşdu. O, buna şifrli VPN-qoşulma vasitəsilə nail olmuşdu. Nəticədə, onun evdəki kompyuterindəki troyan proqramı AES-in şəbəkəsini "yoluxdurmuş", bununla da virus stansiyanın əsas nəzarət sistemini sıradan çıxarmışdı. 2006-cı ildə Alabamadakı "Brauns Ferri"də AES-in əsas təhlükəsizlik sistemi şəbəkə trafiki ilə yüklənmişdi və bu, az qala, böyük bir qəzaya yol açacaqdı. 2008-ci ildə isə Corciya ştatındakı Edvin Hetç adına AES-də podratçı korporativ şəbəkəyə adi müvəqqəti bağlantıdan istifadə etmiş, bununla da sistemin sönməsinə səbəb olmuşdu. Nəhayət, "Stuhnet" virusunun İranın nüvə obyektlərinə necə zərbə vurduğunu hər kəs yaxşı xatırlayır.

Terrorçuların AES-lərə hücum edə biləcəkləri haqqında isə çoxdan danışılır. Amma yəqin ki, Brüsseldə törədilmiş mart terrorlarından sonra, bu təhlükə daha real xarakter alıb. Məlum olub ki, həmin terror hücumlarının təşkilatçıları bir neçə ay ərzində Belçikanın atom proqramının rəhbərinin evini nəzarətdə saxlayıb, həmçinin "Tianj" AES-in mühafizəçisinin buraxılış kartını ələ keçirmək niyyəti ilə onu güllələyiblər. Terrorçuların ilkin hədəfinin "Tianj" AES olduğu istisna deyil. Bəlkə də onlar Paris terrorunun əsas təşkilatçısı sayılan Salah Abdeslamın həbsindən sonra tələsiblər və məhz bu üzdən hədəf dəyişdirilərək aeroport və metro seçilib. Yeri gəlmişkən, 2014-cü ildə "Dul" AES-də təxribatın baş verdiyi və nəticədə, enerji bloklarından birinin fəaliyyətinin təcili olaraq dayandırıldığı da məlumdur. O zaman təxribatda günahkar olan şəxs tapılmasa da, stansiyanın keçmiş texnikinin Suriyada savaşmaqda olduğu müəyyən edilmişdi.

 

Alternativ varmı?

Hazırda ən çox yeni AES Asiyada tikilir. Proqnozlara görə, 2030-cu ilə nüvə enerjisinin qlobal gücü ən bədbin ssenariyə əsasən, 8%, nikbin ssenariyə görə isə 88% artacaq. Bu, iqtisadi cəhətdən sərfəli olduğundan, AES tikintisi davam edir. Lakin Ukrayna və Yaponiyada baş vermiş hadisələr göstərir ki, mümkün qəzaların qurbanı, istər insan, istər maddi baxımdan, AES-in faydasından qat-qat artıq ola bilər. Və belə hallardan ən çox ziyanı məhz adi insanlar çəkirlər. Bu səbəbdən, məsələn, Yaponiyada artıq AES-in 30 kilometr ətrafında yaşayan rezidentlərə xüsusi hüququn verilməsi təşəbbüsündən danışılır: bu, reallaşdırılarsa, fəaliyyəti dayandırılmış reaktorların yenidən istismara verilməsi, yaxud onun əvəzinə yenisinin tikilməsi ilə bağlı qərarı məhz onlar verəcək. Bu hüquq, yəqin ki, daha geniş miqyasda istifadə olunmalıdır - bəs, AES-li ölkələrin qonşuları necə olsun?

Bəs, atom enerjisinə alternativ varmı? Var. Bu, bərpaolunan və bəşəriyyət üçün tam təhlükəsiz enerjidir - istər Günəş, istər su, istərsə də hava enerjisi. Mütəxəssislərin fikrincə, alternativ enerjidən istifadə texnologiyası ildən-ilə yüksələcək və yeri gəlmişkən, Azərbaycanın bu sahədə böyük perspektivləri var.

Azərbaycanın Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlovun dediyinə görə, alternativ enerji ölkə üçün prioritetdir, baxmayaraq ki, Azərbaycan ənənəvi olaraq, neft-qaz hasilatçısıdır.

Bununla yanaşı, sözügedən sahənin nə qədər perspektivli olduğunu anlamaq üçün statistikaya diqqət yetirmək lazımdır. Hazırda Azərbaycanın enerji sisteminin gücü 7,2 min meqavatdır. Ölkədəki alternativ və bərpaolunan enerji mənbələrinin ümumi potensialı isə 12 min meqavatı ötür.

Ölkənin bu sahədəki potensialının böyük hissəsi Günəş enerjisinin (5 min meqavat) payına düşür. Külək enerjisinin payı 4 500 meqavat, biokütlənin payı 1 500 meqavat, geotermal enerjinin payı 800 meqavatdır. 350 meqavat isə kiçik su-elektrik stansiyalarının payına düşür; məsələn, hazırda Bakıda Xəzər dənizi hövzəsində estakadalar üzərində külək enerjisi stansiyasının inşası planlaşdırılır. Bu, vaxtilə "Neft daşları"nda olduğu kimi, dünyanın ilk belə tipli layihəsi olacaq. Beləliklə, Azərbaycan bu sahədə re-gional elmi haba çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

499