6 May 2024

Bazar ertəsi, 04:01

BMT AZƏRBAYCANI SEÇİR

Sivilizasiyalar Alyansı Bakıda qlobal çağırışları müzakirə etdi

Müəllif:

01.05.2016

Aprelin 25-dən 27-dək Bakıda "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" devizi altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına dünyanın 120 ölkəsindən, təxminən, 2 min qonaq, o cümlədən dövlət başçıları, nazirlər, parlamentarilər, siyasi və ictimai xadimlər, ekspert-alimlər, beynəlxalq və regional təşkilatların, donorların və fondların nümayəndələri üz tutublar.

Forumun Bakı Konqres Mərkəzində keçiriən rəsmi açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansındakı ali nümayəndəsi cənab Nasir Əbdüləziz əl-Nasir, İspaniyanın Xarici İşlər naziri Xose Manuel Qarsia Marqallo çıxış ediblər. Bundan başqa, forum iştirakçılarına BMT-nin Baş katibi Pan Gi Munun videomüraciəti nümayiş etdirilib.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan əsrlər boyunca müxtəlif mədəniyyətlərin, dinlərin kəsişməsində yerləşib, onlar inkişaf edib, burada hər zaman tolerantlıq mövcud olub, multikulturalizm ideyasına əməl edilib. 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü beynəlxalq dialoq üçün geniş platformaya çevrilib. Ötən il Bakı Birinci Avropa Oyunlarına ev sahibliyi edib, gələn il isə burada IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yəni, cəmi 2 il ərzində Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə yarış iştirakçısına çevrilirlər. Azərbaycan Prezidenti multikulturalizmin iflasa uğradığını deyənlərin fikirləri ilə razı olmadığını bildirib, ksenofobiya, islamofobiya, antisemitizm və irqçiliyin hazırda geniş yayılmasına təəssüflə diqqət çəkib.

Prezident İlham Əliyev forum iştirakçılarına Azərbaycanın sosial-iqtisadi və siyasi sahələrdə nail olduğu inkişafdan danışıb, ölkədə həyata keçirilən islahatlardan, enerji və kommunikasiya sahəsində reallaşdırılan miqyaslı regional layihələrdən söz açıb. O, Bakının ən ağrılı problemi - 20 ildən artıqdır Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ilə bağlı prinsipial mövqeyini də açıqlayıb. Ermənistanın bu dövrdə beynəlxalq hüququn tələblərini kobudcasına poz-duğunu, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, həmçinin digər nüfuzlu beynəlxalq qurumların çoxsaylı qətnamələrinə əməl etmədiyini xatırladıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycan liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəstəkləyərək, işğal faktını qəti şəkildə pisləyib. Çıxışında o, forum iştirakçılarının diqqətini Suriyadakı faciəvi vəziyyətə çəkib, orada artıq ölənlərin yüzminlərlə olduğunu, milyonlarla insanın qaçqın düşdüyünü xatırladıb. Ərdoğan terrorçuluğun yayılması təhlükəsindən söz açıb: "Terrorçuluğa qarşı qlobal alyans yaratmalıyıq. Terrorçuluğun yayılmasını yalnız birgə səylərlə önləyə bilərik", - deyə Türkiyə Prezidenti bildirib. O deyib ki, "dünyada törədilən terror aktlarını İslamla əlaqələndirmək olmaz. Terrorçuluq bəşəriyyətin düşmənidir".

Forumun 3 gün davam edən işində 41 tədbir təşkil olunub. Tədbirlərdə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva, nazirlər, Prezident Administrasiyasının məsul şəxsləri fəal iştirak ediblər. Forumun gənclər bölməsinin tədbirləri isə Leyla Əliyevanın təşkilatçılığı və rəhbərliyi ilə keçirilib.

Regiondakı vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumu daha geniş şəkildə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov beynəlxalq təhlükəsizliyə dair müzakirələrin aparıldığı paneldə dilə gətirib. O bildirib ki, münaqişənin hələ də həll olunmamasının səbəbləri ilə bağlı sualı, ilk növbədə, ATƏT-in Minsk qrupunun üzvlərinə, xüsusilə həmsədrləri olan Rusiya, ABŞ və Fransaya ünvanlamaq lazımdır. Məmmədovun sözlərinə görə, BMT bu məsələni ATƏT-ə həvalə edib. ATƏT isə öz növbəsində, problemin həllini 3 həmsədr ölkəyə tapşırıb - həmsədrlər bütün dünyaya bəyan edirlər ki, bu problemin həllinə başqa heç kəs müdaxilə edə bilməz. Təxminən, ayyarım əvvəl Bakı Avropa Şurası Parlament Assambleyasında bu münaqişə ilə bağlı məsələ qaldıran zaman, həmsədr ölkələr problemin sözügedən qurumda müzakirəyə çıxarılmamasını qəti şəkildə tövsiyə edib, istəklərinə nail olmadıqda isə müvafq qətnamənin qəbuluna mane olublar.

"Mətbuat peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr" probleminə həsr olunmuş panel-iclasda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. "Biz bir acı həqiqəti qəbul etməliyik ki, Azərbaycanın yerləşdiyi regionda zorakılıq, dini dözümsüzlük mövcuddur", - deyə o, bildirib. Ə. Həsənov deyib ki, KİV mədəniyyətlərarası dialoqun və tolerantlığın təbliği üçün ən effektiv vasitədir. Lakin bir sıra hallarda münaqişələrin işıqlandırılması zamanı media qurumları düşmən imicinin yaradılması trendinin təsiri altına düşür və bu zaman, deyilənlərin əksi baş verir. Ə.Həsənov postsovet məkanındakı eynitipli münaqişələrin işıqlandırılmasında ziddiyyətli yanaşmaların müşahidə olunduğuna diqqət çəkib; məsələn, bəzi münaqişələr kənar silahlı müdaxilə, milli suverenliyin bərpası kontekstində təqdim olunursa, bəzi KİV Dağlıq Qarabağ münaqişəsini sivilizasiyaların toqquşması kimi təqdim edir. Burada işğalçıya haqq qazandırılması cəhdi müşahidə olunur, münaqişənin təşəbbüskarı "qurban" kimi göstərilir, problemin əsl qurbanı isə təcavüzkar kimi təqdim edilir.

"Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar" mövzusunda plenar iclasda isə maraqlı diskussiya gedib. İclasda Qazaxıstan Parlamenti Senatının sədri Kasım-Jomart Tokayev, San Patrignano cəmiyyətinin təsisçisi Letisiya Moratti, İspaniyanın Xarici İşlər naziri Xose Manuel Qarsia Marqallo və başqaları çıxış ediblər. Toplantı iştirakçıları, məsələn, L. Moratti bildirib ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr inklüziv cəmiyyətin formalaşdırılması zamanı bir sıra problemlərlə üzləşirlər: "Bu sahədə biz ən çox gənclər arasında məşğulluğun aşağı səviyyədə olması problemi ilə üzləşirik. Bu amil gənc insanların təcridi risqi, sosial narahatlıq yaradır və gənclərin imtiyazlardan məhrum olmasına aparıb çıxarır. Nəticədə, bütün bunlar gənclərin terror təşkilatlarına, cinayətkar qruplara üz tutması ilə nəticələnir. Digər amillər - bir çox ölkələrin son zamanlar üzləşdikləri nəsillər arasında uçurum və miqrant problemidir".

Forum çərçivəsində keçirilən "BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupu"nun iclasında Bakı Bəyannaməsi qəbul olunub. Sənəddə mədəni və dini müxtəlifliyə hörmətin, anlayışın, tolerantlığın təbliğinin, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və insanlar arasında dialoq və əməkdaşlığın vacibliyi vur-ğulanır. Bəyannamədə 2030-cu ilədək Dayanıqlı İnkişaf Proqramının qəbulu alqışlanır, Sivilizasiyalar Alyansının moderatorluq funksiyasının genişləndirilməsi təklif olunur. Bundan başqa, bəyannamədə mədəni irsə qarşı davamlı və miqyaslı qanunsuz aktlar, eyni zamanda, dünyanın müxtəlif guşələrində günahsız insanların məhvinə, dağıntılara, insanların məcburi köçkünə çevrilməsinə səbəb olan qeyri-tolerantlıq, radikal ekstremizm, zorakılıq və terrordan narahatlıq ifadə olunur.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi Azərbaycanın multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafındakı səylərinin qiymətləndirilməsidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında vurğulayıb.

Həqiqətən də, bu tədbir çərçivəsində minlərlə qonaq Azərbaycan paytaxtı ilə şəxsən tanış olmaq, şəhərin görməli yerlərini gəzmək, özündə Şərqlə-Qərbi birləşdirən Bakının aurasındakı möcüzəni hiss etmək imkanı qazanıb. Tədbir çərçivəsində biz Azərbaycanın qlobal və regional problemlərə baxışını, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri ali qonaqların nəzərinə çatdıra bildik. Ümumilikdə, paytaxtımızda Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına kömək edəcək.

 

 

BİZİM ARAYIŞ: "Sivilizasiyaların alyansı" təşəbbüsü 2004-cü il sentyabrın 21-də BMT Baş Assambleyasının 59-cu sessiyasında İspaniyanın Baş naziri Xose Luis Rodriges Sapatero tərəfindən irəli sürülüb. O, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənib. Təşəbbüsün məqsədi 2016-cı ilin sonunadək BMT üzvü olan dövlətlər tərəfindən qəbul olunacaq təkliflər irəli sürməkdir. Bunun üçün BMT-nin Baş katibi yüksəksəviyyəli qrup yaradıb. Qrupda 20 görkəmli siyasi və elm xadimi, vətəndaş cəmiyyəti, din və KİV nümayəndəsi yer alıblar. Silsilə görüş və müzakirələrdən sonra, onlar Qərb və müsəlman dünyası arasındakı anlaşılmazlığı, mübahisəni necə aradan qaldıra biləcəklərinə dair tövsiyələrdən ibarət məruzə hazırlayıblar. Məruzədə bildirilir ki, "İslamla Qərb arasında getdikcə artan parçalanmanın kökü din yox, siyasətdir". İlk Sivilizasiyaların Alyansı Forumu 2008-ci ildə İspaniyanın paytaxtı Madriddə, ikinci forum 2009-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilib.



MƏSLƏHƏT GÖR:

414