6 May 2024

Bazar ertəsi, 05:54

NƏSİBƏ NƏSİBƏ HAQQINDA

Əfsanəvi Nəsibə ZEYNALOVANIN nəvəsi: " İllər ötdükcə, heç vaxt görməyəcəyin doğmaların üçün çəkdiyin xiffət daha kəskin və təsirli olur"

Müəllif:

15.05.2016

Milyonlarla tamaşaçıya yaxın və doğma olan gözəl azərbaycanlı - Nəsibə Zeynalova. Ona etimad göstərirdilər və onu istisnasız olaraq hamı sevirdi. Yaradıcılıq karyerası boyu Nəsibə xanım çox mükafatlara - medallara, şərəf nişanlarına, orden və adlara layiq görülüb. O, Azərbaycan SSR-in  Əməkdar artisti (1960) və Azərbaycan SSR-in xalq artistidir (1967). "Hicran" tamaşasında Qızbacı rolu ona Dövlət Mükafatı bəxş edib. 1997-ci ildə milli incəsənətin inkişafındakı misilsiz xidmətlərinə görə, Nəsibə xanım "Şöhrət" ordeninə layiq görülüb. Vəfatı günü aktrisaya "Azərbaycan Teatr Xadimləri İttifaqı"nın medalı verilib. Bu dahi qadının şərəfinə Azərbaycan Gənclər Teatrı və Taqanroqda neftdaşıma tankerinə onun adı verilib. 20 aprel 2016-cı il tarixində Azərbaycanın baş "qayınanası"nın 100 yaşı tamam oldu. Nəsibə Zeynalovanın adi həyatda necə olduğu və başqa bir çox məqamlar barədə aktrisanın adı verildiyi nəvəsi Nəsibə Əsgərova xatırlayır... 

- Nəsibə, nənəniz ekrandan və səhnədən kənarda necə idi? 

- Qayğıkeş, xeyirxah, ədalətli və sərt. Ailə həyatı quranadək nənəmin evində yaşamışam. Onun ilk və sevimli nəvəsi olmuşam. Əlbəttə ki, məni çox sevirdi, lakin heç vaxt ərköyün etməyib. Nənəm çox sərt idi, buna görə, hətta ona minnətdaram. Bu gün artıq övladlarım var və anlayıram ki, Nəsibə xanım haqlı olub. Uşaqlara hər istədiklərini etməyə icazə vermək olmaz. Xüsusən də bizim informasiya, tovlanma, insanlar və tanışlıqlarla dolub-daşan dövrümüzdə, dünyamızda. Uşaqlar uşaq olaraq qalmalıdırlar və vaxtından xeyli əvvəl böyüməməlidirlər. Çoxları düşünürdürlər ki, məşhur və hamının sevimli aktrisası Nəsibə Zeynalovanın nəvəsi olduğumuz üçün bacım Nəzrinlə ərköyün və şıltaq böyümüşük. İnanın, belə deyil! Biz sərt qaydalarla böyümüşük. Həyətdə rəfiqələrimizlə boş-boş gəzməyə icazə verməzdilər, sinif yoldaşlarımızın doğum günlərinə getməyi qadağan edərdilər. Bütün bunlar bizə güvənmədikləri üçün deyil, daha çox, ətraf aləmə inanmsızlıqla bağlı idi. Yadımdadır, məktəbdə "Son zəng"imdən sonra nənəm məni Bakı restoranlarının birində keçirilən buraxılış gecəsinə buraxmadı. Onunla mübahisə etməyə, hətta cəhd belə etmədim. Nənəmin sözü qanun idi! Amma digər uşaqlarla müqayisədə, biz teatrlara, kinoya və sərgilərə çox gedərdik; nənəm və ya anamla. Nənəm hesab edirdi ki, qızın rəfiqəsi olmaz. Çünki özü demiş, onlar ev yıxar, həyatı korlayarlar. Nəsibə xanım tez-tez təkrarlayardı ki, rəfiqə ancaq ana, bacı və ya nənə ola bilər. O haqlı idi də. Mənim xeyli dostum və tanışlarım var, lakin gizli məqamları ancaq anama və bacıma etibar edirəm. Bu cür yaxın və isti münasibət 3 qızımla da qurulub. Mənim üçün o, sadəcə, nənə, sevimli nənə idi. Əlbəttə ki, onun bir də Azərbaycanda hamının tanıdığı məşhur aktrisa olduğunu anlayırdım. Şöhrət və xalq sevgisinin işığında üzərək, nənəm ulduz xəstəliyindən əziyyət çəkməyib. Nənəm o qədər təbii və səmimi idi ki, onu sevməyən bir nəfər də olmayıb. 

- Atanız sizi necə böyüdüb? O sizi yəqin əzizləyib? 

- (Gülür) Heç də... O, ailəmizin ən ciddisi olub, lakin tərbiyə prosesinə radikal şəkildə qarışmayıb. Atam uzun müddət Şəki Dram Teatrında işləyib, evə ancaq bazar və bayram günlərində gələrdi. Ona görə də bacımla məni anam və nənəm böyüdüb. Yadımdadır, məktəbdə bulka almaq üçün bizə pul verərdirlər. Hər birimizə bunun üçün 5 qəpik ayırardılar. Bir dəfə yazın əvvəlində məktəbdən sonra bacımı bulka əvəzinə dondurma almaq üçün dilə tutdum. Bilirsiniz, 10 qəpiyə kiçik stəkanlarda qaymaqlı dondurma satılırdı. Əlbəttə, qərara gəldik ki, anam və nənəmin bunu bilmələri mütləq deyil. Hələ soyuq idi və biz xəstələnə bilərdik. İki kiçik stəkan ala bilmək üçün 2 gün bacımla bulkalara qənaət etdik. Sonra isə dadlı təamı ləzzətlə yedik. Bacım söz verdi ki, bu barədə deməyəcək. Lakin evə gələn kimi, kiçik bacım hər şeyi anama danışdı, nənəm isə eşitdi. Nəsibə xanım məni mətbəxə çağırdı, qarşısında əyləşdirdi və gözlərimə baxaraq soruşdu: "Danış, bu gün məktəbdən sonra nə yemisiniz?". Mən utanmadan dedim ki, bulka aldıq. Uzun aradan sonra nənəm qulağıma pıçıldadı: "Onda niyə sənin gözlərində 2 kiçik dondurma stəkanı görürəm?". O, cəlb başımdan tutdu, ağzımı açdı və mətbəx masasının üzərində olan istiotqabından ağzıma istiot səpdi: "Heç vaxt heç kimə yalan demə!". Yanan ağzımla məni axşamadək mətbəxdə oturmağa məcbur etdi.  

- Onda anladınız ki, nənə ilə zarafat etmək olmaz. O, yalanı gözlərinizdən biləcək...

- (Gülür) Bu dərsi ömürlük yadda saxladım. Nənəm zabitəli idi, lakin ədalətsiz deyildi. Onun çox böyük səbri vardı. Bacımla mənə heç vaxt qışqırmayıb və küncə qoymayıb. Bizi "xeyirli" şeylərlə cəzalandırardı. Bizi çox sayda riyazi misallar həll etməyə və ya imla yazmağa məcbur edərdi. Nə isə öyrədəndə qışqırmazdı, səbirlə və düzgün necə etmək lazım olduğunu bəzən dəfələrlə izah edərdi. Yadımdadır, mənə masa üçün salfetlər toxumağı öyrədirdi. Tikməni sevirdim, amma çox səbirli deyildim. Bir dəfə qərara aldım ki, nənəmin qarşısında lovğalanmaq üçün salfeti tezcə toxuyum. Çox tələsirdim, bir neçə dəqiqəyə toxudum və Nəsibə xanımın yanına qaçdım. Diqqətlə əl işimə baxdı, sonra toxuduğum sxemi gətirməyi istədi və dedi: "Qızım, bir neçə sırada ilmələri buraxmısan, burada isə artıq yığmısan. Yadında saxla, bir işdən yapışırsansa, onu ideal şəkildə et". Nənəm ipi açmağı və lap əvvəldən, tələsmədən və sxemə uyğun başlamağa məcbur etdi. Nəticədə, bir salfeti 3 günə toxudum. 

- Siz aktyor ailəsində doğulub, boya-başa çatmısınız. Maraqlıdır, Nəsibə Zeynalovanın nəvəsi hansı peşəni seçib?

- Məktəbi bitirəndən sonra, tərəddüd içində idim. Mən Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında qalmışdım. İngilis dilini uşaqlıqdan öyrənirdim və həmin vaxt artıq bu dildə orta səviyyədə danışırdım. Teatr səhnəsini də arzulayırdım və aktrisa olmaq istəyirdim. Atam isə həyatımı beynəlxalq diplomatiya ilə bağlamağımı istəyirdi. Lakin bu mənə tamamilə maraqsız idi. Siyahımdakı iki ali təhsil müəssisəsi arasında seçim etməli idim. Həmin vaxt atam dedi: "İngilis dilini onsuz da bilirsən. Artıq bildiyin şeyi öyrənməyə vaxt sərf etməyə dəyməz. Daha yaxşısı sənə maraqlı olan və çoxlu şeylər öyrənəcəyin peşəni seç". Atamın məsləhətinə əməl etdim, Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini seçdim. Ali təhsil müəssisəsindən sonra, 2 il ərzində Gənc Tamaşaçılar Teatrında işlədim. Uşaqların qarşısında çıxış edirdim və bu, çox xoşuma gəlirdi. Təəssüf ki, həmin vaxtlar nənəm ağır xəstə idi və məni səhnədə görmək müvəffəq olmadı. Atam artıq Türkiyədə yaşayırdı və işləyirdi, yanımda mənə aktyorluq peşəsini öyrədəcək və təcrübəsi ilə bölüşəcək insanlar yox idi. İşimdə məyus olaraq, teatrdan getdim. Bunu eşidən nənəm məni qalmaq üçün dilə tutmadı, əksinə, hətta bir qədər də sevindi. O, tez-tez təkrar edirdi ki, aktyor həyatı çox ağır və bəzən dramatik olur (fikrə gedir); bilirsiniz, nənəmlə tez-tez söhbət edərdik. Mən balaca olanda nənəm öz həyatı, uşaqlıqda nələrə qatlandığı barədə danışmağı sevərdi. Təəssüf ki, o vaxtlar çox gənc idim və onun dediklərinə elə də əhəmiyyət vermirdim. Daha böyük olsa idim, onunla hər bir söhbətimizi yazardım. Mənlə Nəsibə xanım arasında olduqca böyük yaş fərqi vardı - 60 il və o, mənim böyük nənəm yaşında idi. Atam dünyaya gələndə nənəmin 39 yaşı olub. 

- Nəsibə xanım sizə uşaqlığından danışıb?

- Bəli. Nənəmin uşaqlığı ağır keçib. O, teatr sənətini sevən və qiymətləndirən tacir Cahangir Zeynalovun ailəsində dünyaya gəlib. O, Azərbaycan realist teatrının təşəkkül tapmasında mühüm rol oynayıb. Nənəmin valideynləri qırxotaqlı böyük evdə yaşayıblar. Həmin ev o vaxt Mirzəağa Əliyev və Hüsü Hacıyev küçələrinin tinində, indiki Şahmat Məktəbinin yerində yerləşirdi. 250 nəfərin yerləşdiyi ən böyük otağı böyük babam aktyorlar üçün ayırıb və səhnə qurub. Aktyorlarsa hər gün bu səhnədə məşq edib, tamaşa oynayıblar. Məşqlərdən sonra isə Nəsibə xanımın valideynləri aktyorları böyük nənəm Hüsniyyənin əli ilə hazırladığı dadlı nahara qonaq edirdilər. Yeri gəlmişkən, Hüsniyyə xanım həyat yoldaşından, təxminən, 25 yaş kiçik olub. 12 il müddətində övlad sahibi ola bilməyiblər və balaca Nəsibə dünyaya gələndə sevinclərinin həddi olmayıb. 

1918-ci ilin martında "daşnaksütyun"un bolşevik-erməni dəstələri şəhərin azərbaycanlı əhalisini qıranda nənəmin atası İranda qayınatasıgildə qonaq olub. Cahangir bəy faciəvi hadisə barədə öyrənən kimi Vətənə qayıdıb və ermənilərin anası Əsli xanımı öldürdüklərini öyrənib. Böyük babam xəstələnib və dünyasını dəyişib. Onun bütün əmlakını bolşeviklər müsadirə ediblər və balaca Nəsibə anası Hüsniyyə ilə heç nəsiz qalıblar. Məyus qalan böyük nənəm, qızının həyatının yaxşılaşacağına ümid edərək, ikinci dəfə ərə getmək qərarına gəlib. Lakin yeni əri vicdansız birisi çıxıb. Ən də-yərli olan hər şeyi satıb və ailəsini atıb. Hüsniyyə xanım bərk xəstələnib və 14 yaşlı Nəsibə işləməli olub. O, məktəbini tamam ataraq, barama qurdları üçün qovluq-zərflər hazırlayırmış. Nənəm danışırdı ki, bir dəfə gündəlik iş rejimi - 9 min zərfin əvəzinə, 14 min tikmişdi və buna görə 27 rubl almışdı. Həmin gün anasına - fildepers corab, kiçik bacı və qardaşına ( Hüsniyyə xanımın ikinci nikahdan qızı və oğlu - müəllif) isə konfet hədiyyə almışdı. 

- Nəsibə xanım çoxlu müxtəlif rollar canlandırıb, bir obrazdan digərinə məharətlə daxil olurdu. Ən çox yaddaqalan obrazlarından biri də Hüseyn Seyidzadənin eyniadlı filmindəki qayınana Cənnət xaladır. Sizin ananız üçün o necə qayınana olub?

- O, ən yaxşı, səmimi qayınana olub. Amma mənim anam Elnarə xanım da yaxşı gəlin idi. Nəsibə xanım gəlinini dərhal, qeyd-şərtsiz və əbədi qəbul edib. Nənəm anama qızı kimi yanaşıb və o da nənəmə sevgi və hörmətlə qarşılıq verib. Anam həmişə deyərdi ki, gəlin qayınanasına ana kimi yanaşarsa, qayınana da onu qızı kimi sevəcək. Düşünürəm ki, ideal ailə münasibətləri bu sadə formuldan ibarətdir. Özüm artıq 16 ildir qayınanamla bir evdə yaşayırıq, onu doğmam və yaxın adamım hesab edirəm. 

- Maraqlıdır, Nəsibə xanım sizin həyat yoldaşınızı necə qəbul edib? Onu sınaqdan necə keçirib?

- Camal ilə institutda tanış olmuşam. Biz uzun müddət ünsiyyət saxlamışıq, bir-birimizə öyrəşmişik. Evlənmək qərarına gəldikdə isə onu nənəmlə tanış olmağa apardım. Valideynlərim uzaqda idilər: anamla-atam o vaxt artıq Türkiyədə yaşayır və işləyirdilər. Atam nənəmdən bir qədər sərt idi və ərə getməklə bağlı onun yaxınına getmək elə də asan deyildi. Qərara gəldim ki, nənəm seçimimi qəbul etsə və razılaşsa, atam da onunla razılaşmalı olacaq. Nəsibə xanım Camalla xeyli söhbət etdi və o gedəndə dedi: "Qızım, o, xoşuma gəldi. Çox yaxşı oğlandır". Bu, nənəmin nikaha razılıq verməsi demək idi. Atamın "imtahan"ından keçmək qalırdı. Valideynlərim növbəti dəfə Bakıya gələndə, Camalı atamla tanış etdim. Onlar bağlı qapılar arxasında uzun-uzadı danışdılar, mən isə həyəcandan özümə yer tapa bilmirdim. Nənəm məni sakitləşdirirdi və təkrar edirdi ki, atam toya mütləq razılıq verəcək. Nəhayət, otaqdan çıxanda, atamın məmnun üz ifadəsindən anladım ki, Camal imtahandan keçib. 

- Bəs Nəsibə xanım babanız Mütəlliblə necə tanış olduğu barədə nə danışıb? Yəqin, bu, çox maraqlı əhvalat olub...

- Babam Azərbaycan Dövlət Konsertinin musiqiçisi olub. Zeynəb Xanlarova, Elmira Rəhimova və bir çox digər ifaçıları ilk müşayiət edən olub. Nəsibə xanımı babamla Özbəkistana qastrol səfəri zamanı Mirzə Babayev tanış edib. Mütəllib müəllim Nəsibə xanımdan 11 yaş kiçik olub. Lakin yaş fərqi onlara evlənməyə və 40 il uzun həyat sürməyə mane olmayıb. Yadımdadır, babam nənəmə necə şəfqət və riqqətlə yanaşırdı. Bu, əsl sevgi idi. Onlar bir-birlərini bir sözdən, bir baxışdan anlayırdılar. Ümumiyyətlə, babamla xüsusi münasibətim olub. Onu sonsuz dərəcədə sevirdim və aramızda görünməz bağ vardı. Onunla çox vaxt keçirirdim, mənimlə oynayırdı, məzəli əhvalatlar danışırdı, məsləhətlər verirdi. Yadımdadır, uşaq bağçasında yıxılanda və dizlərim parçalananda, var gücümlə ağlayırdım və ancaq babamı çağırırdım. O mənim dayağım və arxam idi. O, dünyasını dəyişəndə 16 yaşım vardı və bu itkini ağır keçirirdim. Bu, həyatımın bəlkə də ən ağır anlarından biridir. İndiyədək onun rəsmini özümlə hər yerdə gəzdirirəm. Mənim canımı üzən ikinci zərbə 10 il sonra, nənəm rəhmətə gedəndən sonra baş verdi. Deyirlər ki, zaman yaxınların itkilərinin ağrısını azaldır... Bu, düz deyil. Ağrı azalmır. Sadəcə, həqiqətlə barışırsan, lakin heç vaxt görməyəcəyin doğmalar üçün xiffət daha kəskin və təsirli olur.



MƏSLƏHƏT GÖR:

475