7 May 2024

Çərşənbə axşamı, 14:04

PAMBIQDAN - PALTARA

Pambıqçılığın geniş inkişaf perspektivlərini Azərbaycanın tekstil sənayesinin yenilənməsi ilə də dəstəkləmək lazımdır

Müəllif:

15.05.2016

Qeyri-neft sektorunun inkişafının mühüm sahələrindən biri kənd təsərrüfatıdır. Bu sfera, ilk növbədə, idxaldan asılılığı xeyli dərəcədə azalda bilər, habelə böyük ixrac potensialına da malikdir. 

Qida sənayesi sferasında son illər ərzində böyük işlər görülübsə və mağazalarda məhsulların böyük əksəriyyəti milli brendlərdirsə, tekstil sənayesinin yerli istehsalçısı öz istehlakçılarını öz məhsulları ilə xüsusi olaraq ərköyünləşdirmir. Hərçənd bu sektorun inkişafı üçün ölkədə bütün təməl amillər möv-cuddur. Ona görə də pambıqçılığın, ipəkçiliyin geniş inkişaf perspektivlərinə Azərbaycanın tekstil sənayesinin inkişafı ilə dəstək vermək lazımdır. 

Azərbaycanlı biznes-dairələrin vaxtilə öz rəqibləri ilə mübarizədə uğurlu nəticələr əldə etmələrinə dair xeyli layiqli nümunələr var. Hələ XX əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev "Rusiyanın toxuculuq şahı" Savva Morozovun rəhbərlik etdiyi 28 iri fabrikçi ilə qızğın rəqabətə girərək, məşhur pambıq parça fabriki tikdirdi. 

Tağıyevin fabriki Rusiyada, təxminən, 2,5 min müxtəlif mexanizmdən ibarət Avropadan müasir texnika ilə təchiz edilmiş müəssisələrdən biri oldu. Toxuculuq dəz-gahları İngiltərədən alınmışdı. Gücü 30 mln. arşın bez olan (1 arşın - 71,12 sm) fabrikə ildə 1,7 mln. rubl həcmində qızıl xərclənmişdi.

Tağıyevin Bakı Toxuculuq Fabriki sayca Rusiyada 9-cu, lakin Qafqazda yeganə olmuşdu. Tağıyevin istehsalı yoluna qoymasının nə dərəcə çətin olduğunu rusiyalı fabrikçilərin öz əlaqələrindən istifadə edərək, bu fabrikdə çit və digər parçaların buraxılmasına necə maneə olduqları faktı da xəbər verir. Lakin tezliklə Tağıyevin fabrikində buraxılan bez fəal şəkildə təkcə Qafqaz ölkələrinin bazarını deyil, həm də bir çox müsəlman ölkələrində aparıcı yerləri tutdu. Onu müqəddəs yerlərə - Məkkə, Kərbəla, Xorasana zəvvarlıq üçün alırdılar.

Tağıyevin xidməti ondan ibarət idi ki, o, məsələyə nə qədər əmək və vəsait sərf edilməsindən asılı olmayaraq, həmişə onu kompleks şəkildə həll edirdi. Zavod tikməzdən və təchiz etməzdən öncə, Tağıyev torpaq sahələri əldə etmiş və pambıq əkinini 40 desyatindən 250 desyatinədək (1 desyatin = 1, 09 ha) artırmışdı. Bununla da o, məhsuldarlığı bir neçə dəfə yüksəltmişdi. 

Azərbaycan rəhbərliyi pambıqçılığın inkişaf imkanlarını artıq cari ildə müəyyənləşdirib. Hökumətin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında İlham Əliyev pambıqçılığın inkişafı üçün konkret tapşırıqlar verib. 

"Pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. Vaxtilə ulu öndər Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda 1 mln. tona qalxmışdır. O, 1969-cu ildə hakimiyyətə gələndə, indi mənim dəqiq yadımda deyil, təqribən, 100-200 min ton pambıq istehsal olunurdu. Keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılıbdır. Bir milyon hara, 35 min hara?! Özəl qurumlar bunu təkbaşına edə bilməyəcəklər. Pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır, ikinci yerli icra orqanları və ondan sonra özəl qurumlar. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilib. Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin, yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçənildəkindən 3 dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları möv-cuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik. 1970-1980-ci illərdə 200-250 min hektar pambıq əkilirdi, keçən il 18 min hektar. Ona görə, məhsuldarlığın artırılması və əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, toxumla təminat məsələləri öz həllini tapmalıdır və biz bu il 100 min ton pambıq gözləyirik. Ancaq bir il ərzində, gələn ilin əkininə qədər bütün lazımi tədbirlər görülməlidir ki, 2017-ci ildə - mən indi rəqəm demək istəmirəm - Azərbaycanda bir neçə dəfə çox pambıq yığılmalıdır", - deyə Prezident İ. Əliyev bildirib. 

Pambıqçılığın inkişafı üçün, sadəcə, pambıq xammalının ixracı barədə deyil, həm də istər parça istehsalı, istərsə də toxuculuq sənayesində son məhsulu əhatə etməklə, tamhəcmli istehsalat dövrəsi barədə də çox düşünmək olar. 

Ona görə də azərbaycanlı biznes-strukturlar toxuculuq (tekstil) infrastrukturunu Bakı, Gəncə, Min-gəçevir, Şəki və Sumqayıtda bərpa etməlidirlər. İlk növbədə, Azərbaycanın işgüzar dairələri Türkiyə, Çin, Hindistan və s. toxuculuq məhsulları ilə dolmuş Azərbaycan bazarının qarşısını almalıdır. 

İkinci mərhələdə Fars körfəzi, Rusiya və digər ölkələrin bazarlarına yiyələnmək olar. Unutmaq lazım deyil ki, yerli xammala əsaslanan Azərbaycan məhsulu, habelə əlverişli logistika nəqliyyatı pambıq parça məhsuluna xarici bazarda rəqabətədavamlı olmağa imkan verməlidir. 

Toxuculuq sahəsinin inkişafı yolunda dövlətin çiyninə böyük məsuliyyət düşür. Bu sahənin sürətli inkişafı üçün rəqabətli mühitin yaradılması zəruridir. Bununla yanaşı, Azərbaycan hökuməti işgüzar dairələri güzəştli maliyyə vasitələri ilə dəstəkləməyə hazırdır. 

Dövlətin ayırdığı kreditlər, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə keçirdiyi işlər xüsusi önəm daşıyır. Fond ümumi dəyəri 60 mln. manat olan 7 tekstil fabrikinin yaradılmasına, Almaniya, Belçika, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Yaponiya və Türkiyədən olan müasir avadanlıqlarla təchiz edilməsinə 28,4 mln. manat güzəştli kredit ayırıb. Bu fabriklərin fəaliyyətə başlaması istehlakçıların tələbata uyğun yüksəkkeyfiyyətli müxtəlif tekstil və trikotaj məhsulları ilə təmin edilməsinə imkan yaradıb.

100 faiz pambıqdan istehsal edilən məhsullarda heç bir kimyəvi qatqı yoxdur, insan sağlamlığı üçün təhlükəsizdir və ekoloji təmiz, bütün beynəlxalq keyfiyyət standartlarına uyğundur. Məhz buna görə, istehsal edilən hərbi geyimlər və xüsusi uniformalar, hamam xalatları və dəsmallar, yataq dəyişəcəyi, ədyal və balışlar, otellər və idman kompleksləri üçün xüsusi dəstlər, köynək və kostyumların buraxılışı bazarı fəth etmək şansına malikdir.  

Qeyd edək ki, qarşıya qoyulan məqsədlərə nail olmaq və pambıq parça məhsullarının genişlənməsi üçün firma məhsulunun buraxılışını təşkil etməklə, daha bir addım atılmalıdır. Buraxılan məhsulun məşhur markasının yaradılması üçün 2 yol mümkündür: artıq məşhur olan brendlərlə məhsulun buraxılması və ya öz brendini yaratmaq. 

Əksər ölkələr inkişafın birinci yolu ilə gediblər. Belə ki, bir çox inkişaf etmiş ölkələrin dünya brendlərini əldə edərək, onların Hindistan, Pakistan, Çin və hətta Vyetnamda hazırladığı yazılan etiketlərini görmək mümkündür. 

İkinci variant ağır yoldur və böyük xərclər tələb edir. Lakin "Azərbaycanda hazırlanıb" markası altında və geyimlərdə milli atributların rəzmləri olan məhsullar, bu, təkcə milli iqtisadiyyatın deyil, eləcə də bir daha ölkənin uğurlarınını ucadan bəyan etmək şansıdır.

Bakıda Birinci Avropa oyunlarının, "Formula-1" avtoyarışı mərhələsinin və digər iri idman tədbirlərinin keçirilməsi turistlərin cəlb edilməsi baxımından əcnəbilərin Azərbaycanla daha yaxşı tanış olmaları üçün zəruridir. Lakin artıq Bakını Şərq üçün moda mərkəzi kimi də təqdim etmək vaxtıdır. Bu istiqamətdə görüləcək xeyli iş var və azərbaycanlı modelyerləri moda və paltar istehsalı dünyası bazarında öz yerlərini tapmaq gözləyir.



MƏSLƏHƏT GÖR:

468