7 May 2024

Çərşənbə axşamı, 10:12

SABİTLƏŞMƏ YOLUNDA

Dövlət maliyyə-bank sektorunun postdevalvasiya dövrünün çətinliklərini aşması üçün ona yardım etmək əzmindədir

Müəllif:

15.05.2016

Funksiyalarının böyük bir hissəsini Maliyyə Bazarlarına Nəzarət Palatasına vermiş Azərbaycan Mərkəzi Bankı milli valyutanın taleyinin proqnozlaşdırılması və pul kütləsinin həcminə nəzarət hüququnu özündə saxlayır. Lakin manatın ötən ilin dekabrındakı devalvasiyasından sonra, bu sahə ilə bağlı sosial həssaslıq o qədər artıb ki, bu məsələyə dair istənilən yeni bəyanat son dərəcə ehtiyatla verilir.

Bununla yanaşı, valyutadakı tərəddüdlər və onun ətrafındakı ajiotaj ən çox ölkənin maliyyə sektoruna zərbə vurur - bir çox yerli bank və sığorta şirkəti üçün ağır dövr hələ bitməyib...

Beləliklə, ictimaiyyətdə xeyli vaxtdır, bu ilin yayında Azərbaycan manatının üçüncü devalvasiyasının olacağına dair şayiələr dolaşsa da, ölkə Mərkəzi Bankının analitikləri tam fərqli fikirdədirlər. AMB-nin rəhbəri Elman Rüstəmov jurnalistlərə bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, son dövrlərdə milli valyutada sabitlik yaranıb və bu tendensiya, ən azı, ilin sonunadək davam edəcək.

"Manatın kursu bazardakı tələbə uyğun müəyyənləşir. Son zamanlar Mərkəzi Bank sabitləşməyə nail olmaq üçün, təxminən, 85 milyon dollar alıb", - deyə ölkənin baş bankiri bildirib. Bununla yanaşı o, manatın "üzən məzənnə" fonunda dayanıqlılığın axtarışında olduğuna dair qiymətli fikir də səsləndirib.

Burada söhbət nə qlobal iqtisadiyyat, nə də vətəndaşlar üçün hiss olunmayan kurs dəyişikliklərindən gedir. Proqnozlara gəlincə, Rüstəmov ehtiyatla bildirib ki, o, "daxili və xarici amillərdən, neftin qiymətindən asılıdır". Bununla yanaşı, o bildirib ki, ilin sonunadək milli valyutanın kursunda ciddi dəyişiklik gözlənilmir: "Neftin qiyməti və ölkədəki ümumi iqtisadi vəziyyət bunu deməyə imkan verir".

Qeyd edək ki, neftin qiyməti ilə bağlı proqnozlar, həqiqətən, dramatik heç nə vəd etmir. Beynəlxalq analitik xidmətlər də qiymətin 40 dollar civarında qalacağını bildirir. Bu amil Dövlət Neft Fondunun gəlirlərinin artması ilə birlikdə ilin əvvəlindən etibarən başlanmış ölkənin valyuta ehtiyatlarının tədricən azalması prosesinə müsbət təsir göstərib. Axı 2016-cı il üçün dəqiqləşdirilmiş büdcədə neftin 1 barrelinin qiyməti 25 dollar nəzərdə tutulub. "İlin əvvəlindən valyuta ehtiyatlarımız artıb və bu gün o, 4,2 milyard dollar təşkil edir. İlin əvvəlində bu göstərici daha az idi. Valyuta gəlirləri istər idarəetmədən, istərsə də bazardan əldə olunub", - deyə E.Rüstəmov bildirib.

Bu yerdə qeyd edək ki, Dövlət Neft Fondunun icraçı-direktoru Şahmar Mövsümov ilin ilk rübündə Fondun ümumi vəsaitinin 2% artdığını təsdiqləyib. "İlkin olaraq büdcədə kəsr gözlənilsə də, son zamanlar neft bazarlarında qiymət artdığından, fondun vəsaitlərinin azalması və büdcə kəsri gözlənilmir", - deyə o, qeyd edib.

Beləliklə, iqtisadiyyat, tədricən, sabitləşmə yoluna qədəm qoyub və E.Rüstəmovun dediyinə görə, hazırda Azərbaycanda son dərəcə yaxşı koordinasiya olunmuş pul-kredit və makroiqtisadi siyasət yürüdülür. "Bu siyasət müvafiq orqanlarla, ilk növbədə, Maliyyə Nazirliyi ilə yaxşı koordinasiya olunub", - deyə o, qeyd edib. E.Rüstəmovun sözlərinə görə, bank sektoruna nəzarətlə bağlı praktiki olaraq, bütün öhdəliklərdən azad edilmiş AMB özünü tamamilə pul kütləsinin həcminin pronozlaşdırılmasına həsr edib. Məqsəd həm inflyasiyaya, həm də manatın kursuna effektiv təsir göstərməkdir.

Xatırladaq ki, bu günlərdə əvvələr AMB-nin nəzdində fəaliyyət gös-tərən Mərkəzləşdirilmş Kredit Reyestri Xidməti də Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə verilib. Beləliklə, palata praktiki olaraq, ölkənin son illərdə heç də yaxşı dövrünü yaşamayan bank sektoruna nəzarəti tam əlinə alıb.

Qeyd edək ki, yeni struktur qısa zamanda bazar iştirakçıları tərəfindən birmənalı qiymətləndirilməyən bir sıra "səs-küylü" qərarlar qəbul edə bilib; məsələn, valyuta gəlirləri və bank əmanətləri olmayan şəxslərə istehlak kreditlərinin verilməsi ilə bağlı aprelin 4-də qəbul olunmuş 1 aylıq moratorium qüvvədə qalıb. Üstəlik bu qadağa milli və xarici valyutada istehlak kreditlə şmə sinə dair yeni qaydalara daxıl edilib. Yeganə şərt xarici valyuta ilə olan kreditlərin restrukturizasiyasının bərpasıdır. Bundan başqa, Azərbaycanda xarici valyuta ilə ipoteka kreditlərinin verilməsi qadağandır. AMB-nin məlumatına görə, 2016-cı ilin ilk rübündə bankların kredit portfeli 19,69 milyard manat təşkil edib. Onun 50,9%-i milli valyuta ilə verilib.

Bununla yanaşı, bank sisteminin dayanıqlılığının təmin olunması üçün banklara qarşı kredit risklərinin idarə olunmasında daha sərt prudensial çərçivələrin tətbiqi haqqında qərar qəbul olunub.

Qeyd etmək lazımdır ki, devalvasiyadan sonra yerli bankların əsas başağrısı məhz problemli kreditlər olub. 2016-cı ilin ilk rübü üçün AMB-nin açıqladığı nəticələrinə görə, bankların kredit portfelində ödənişi ləngidilmiş kredit və borcların həcmi 1,33 milyard manatdır. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə, təxminən, 10% çoxdur. Onun bankların kredit portfelindəki payı 6,75% təşkil edib ki, bu da 2015-ci ilin yanvar-mart aylarında qeydə alınmış göstəricidən 0,88% çoxdur. Bəzi banklar artıq bu yükü daşıya bilmədiyini açıq şəkildə bəyan edir, bu isə bazardakı ümumi vəziyyətə ciddi təsir göstərir, ən pisi isə müştərilərin inamını öldürür.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının rəhbəri Rüfət Aslanlının sözlərinə görə, palata problemli kreditlərin tənzimlənməsi üçün ayrıca proqram hazırlayıb. "Banklar qısamüddətli kreditlərin ödənişiilə bağlı problemlə üzləşərlərsə, biz bunu nəzərə alacağıq və dövlət bu banklara likvidliklə bağlı yardım etməyi planlaşdırır", - deyə R. Aslanlı qeyd edib.

Onun sözlərinə görə, kredit bazarında sabitliyin qorunub-saxlanması üçün həm tənzimləyici, həm də bankların özləri tədbirlər görür: "Milli valyutanın devalvasiyasından sonra, banklar faiz dərəcələrində müştərilərə güzəşt etməyə başlayıb və kreditlərin ödənilməsi müddətini uzadıb. Əlavə resursların ortaya çıxması ilə bankların müştərilərə əlavə imtiyazlar verəcəyi istisna deyil".

Onun fikrincə, dollarla verilmiş kreditlər məsələsi banklarla müştərilər arasında qarşılıqlı razılıq əsasında çözülməlidir. "Borcu qaytarmaq istəməyən və qaytarmaq imkanında olmayan insanları müəyyənləşdirmək o qədər də asan deyil. Biz bu borclu şəxslərə güzəştlər etməklə, onları təşviq edir, xarici valyuta ilə olan kredit borclarını ödəyən məsuliyyətli müştəriləri isə bunu yeni kursla etdikləri zaman "cəzalandırırıq"", - deyə R.Aslanlı qeyd edib.

Lakin dövlətin problemli banklara yardım etmək niyyətinə qayıdaraq qeyd edək ki, son belə presedent "Bank Standard" ilə bağlı baş verib. Bu günlərdə banka aktivlərinin də-yərdən düşməsi ilə əlaqədar, 15 milyon manat ayrılıb. Çünki son zamanlar bu bankın likvidliyi və kapital mövqeyi nəzərəçarpacaq dərəcədə zəifləmişdi. Qeyd edək ki, palata mayın 3-dən banka 3 ay müddətinə müvəqqəti administrator da təyin edib.

"Bank bütün parametrlərinə görə, sistemli əhəmiyyət daşıyır və əhalinin əmanətlərinin həcminə görə 3-cü yerdə gəlir. Bu səbəbdən də hökumət bankların maliyyə dayanıqlılığının bərpası üçün bütün lazımi tədbirləri görür. Onun sistemli əhəmiyyətini nəzərə alsaq, bank sağalacaq və müştəriləri qarşısındakı bütün öhdəlikləri yerinə yetirəcək", - deyə Aslanlı qeyd edib.

Qeyd edək ki, belə tədbirlər dünya təcrübəsində də populyardır: dövlət ümumi vəziyyəti canlandırmaq üçün bazarın aparıcı oyunçularını dəstəkləyir. Bununla yanaşı, R.Aslanlı deyir ki, bu gün bazardakı digər 36 bankın fəaliyyətində ciddi problem müşahidə olunmur və bu səbəbdən də onlarla bağlı hər hansı əsaslı tədbirlərin görülməsi nəzərdə tutulmayıb.

KIV-də yer alan məlumatlara görə isə Azərbaycan bankları 2016-cı ildən başlayaraq, 3 il müddətinə gəlirlərinin kapitallaşdırmaya yönəldiləcək hissəsinin vergidən azad olunmasını istəyir. Yəni, dövlətin, ümumilikdə, sistemə dəstəyinə ehtiyac var.

Bank bazarındakı mənbənin sözlərinə görə, Azərbaycan Banklar Assosiasiyası bu təkliflə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Qeyd edək ki, ümumilikdə 2016-cı il fevralın sonlarına bankların ümumi kapitalı 3,6 milyard manatadək azalıb. Bu, 2016-cı ilin əvvəli ilə müqayisədə 15%, 2015-ci il fevralın əvvəli ilə müqayisədə isə 17% azdır. Əsas problem yenə də problemli kreditlərdir. Məsələ ondadır ki, qanunvericiliyə əsasən, banklar kredit borclarının qaytarılmaması ehtimalını nəzərə alaraq, rezervlər yaratmalıdır, bunun üçünsə tələb olunan vəsaiti öz şəxsi kapitalından götürməlidir. Bu səbəbdən də, problemli kreditlərin artmasından sonra, bankların ümumi kapitalı azalmağa başlayıb və nəticədə, bəzi banklar Mərkəzi Bankın ümumi kapitalının minimum həcmi ilə (50 milyon manat) bağlı tələbini pozmağa məcbur olub.

Qeyd edək ki, bu cür tədbirlər Azərbaycanda əvvəllər də qəbul olunub. Söhbət 2008-ci ildəki qlobal iqtisadi böhran dövründən gedir. Ozamankı vergi tətilləri 2011-ci ilin sonlarınadək davam etmiş, lakin hökumət onların bundan sonra davam etdirilməsini lazım bilməmişdi. Çünki Azərbaycan banklarının aktivləri kifayət qədər sürətli templərlə artmış, onlar aktivlərin yerləşdirilməsi problemi ilə üzləşməyə başlamışdı.

Bununla yanaşı, banklar müəyyən güzəştləri qoruyub-saxlayıb: 2011-ci ilin dekabrında Konstitusiya Məhkəməsi bank və sığorta şirkətləri səhmdarlarının dividendlərindən 10%-lik vergitutmanı ləğv edib. Məhkəmə belə qənaətə gəlib ki, hüquqi şəxslərin təkrar kapitallaşmaya yönəldilən təmiz mənfəəti "dividends" anlayışına uyğun gəlmir.

Onu da qeyd edək ki, Vergilər naziri Fazil Məmmədov bu günlərdə bankların növbəti vergi tətili ilə bağlı müraciət etdiklərini təsdiqlə-yib. Onun sözlərinə görə, bu müraciətə hökumətdə baxılacaq.

Maliyyə bazarının digər seqmentləri olan sığorta, lizinq və sairdə də vəziyyət gərgindir. Güman ki, yaxın zamanlarda onlarla bağlı yeni qərarlar qəbul olunacaq.

Bir sözlə, ölkənin maliyyə-bank sektorunun devalvasiya ilə sarsılmış gücünün bərpası prosesi ən qızğın mərhələdədir. Əsas odur ki, dövlət bu prosesdə məhz əhalinin, müştərilərin bazara inamını qoruyub-saxlamaq məqsədilə fəal iştirak edir. Hər halda bu, sonda özünü xaricdən ölkəyə valyuta axınında, Azərbaycanın investisiyalar üçün cəlbedicili-yində göstərəcək.



MƏSLƏHƏT GÖR:

455