5 May 2024

Bazar, 23:21

SURİYANIN SADİQ DOSTLARI

Suriyadakı vəziyyətə təsir imkanına malik tərəflərin danışıq dilləri də fərqlidir, hədəfləri də

Müəllif:

15.05.2016

Aprelin sonlarında Cenevrədə aprelin 13-də start götürmüş suriyadaxili danışıqların növbəti mərhələsi başa çatıb. BMT-nin xüsusi elçisi Staffan de Mistura yenə də Dəməşqlə müxalifət arasında birbaşa danışıqları təmin edə bilməyib. Danışıqlar üzrə Ali Komitənin (DAK) nüma-yəndələri danışıqların dayandırmasını Dəməşqin Hələbdə əməliyyatları davam etdirməsi, yaşayış məntəqələrinin mühasirəsini aradan qaldırmaması, oraya humanitar yardımları buraxmaması ilə əsaslandırıb. Suriya müxalifəti elçiləri sülh prosesinin iflasa uğradığını etiraf etməyə, artıq onun nəticələrinin müzakirəsinə başlamağa çağırıb.

Suriyada Rusiya və ABŞ-ın təşəbbüsü ilə fevralın 27-dən əldə olunmuş atəşkəs tez-tez pozulur. Özü də bu, heç də yalnız razılaşmadan kənarda qalmış "İD" və "Cabhat ən-Nusra"ya qarşı baş vermir. Hazırda Suriyada atəşkəs rejiminə əməl olunmasını 2 mərkəz nəzarətdə saxlayır - Rusiyanın Xmeymim bazası və Amerikanın Əmmandakı (İordaniya) bazası. Onlar vəziyyəti tam fərqli görürlər. Nəticədə, ölkə faktiki olaraq, hissələrə bölünmüş vəziyyətdədir - terrorçuların nəzarətində olan ərazilər, Suriya hökumətinin nəzarət etdiyi ərazilər, müxalifət qoşunlarının, kürdlərin və "Hizbullah" qruplaşmasının nəzarətində olan hissələr.

Aprelin sonu, mayın əvvəllərinə ən ağır vəziyyət vaxtilə nəhəng şəhər olmuş Hələb və eyniadlı əyalət ətrafında müşahidə olunur. Xatırladaq ki, müharibəyədək bu şəhərdə 2 milyondan artıq insan yaşayırdı. İndi onlar 2 yerə bölünüb - qərbdə hökumət qüvvələri yerləşir, şərqdə isə müxalifət və əsasən, "Cabhat ən-Nusra"dan olan terrorçular. Şəhərin kimin nəzarətində olduğunu anlamaq mümkün deyil. Əsəd ordusuna Rusiya hərbçiləri və İrandan olan xüsusi təyinatlılar yardım edir. "Reuters" xəbər verir ki, mayın əvvəlində İranın İslam İnqilabı Keşikçiləri Korpusundan olan 13-dək hərbçi Hələb yaxınlığında gedən döyüşlərdə terrorçular tərəfindən öldürülüb.

Müxalifət qüvvələrinin arxasında isə ABŞ və onun qərbli müttəfiqləri dayanır. Türkiyə isə terrorçulara qarşı öz ordusu ilə öz ərazisindən mübarizə aparır.

Mayın 4-də Vaşinqtonla Moskva Suriyadakı atəşkəs razılaşmasının əhatəsini Hələb ərazisinədək genişləndirmək haqqnda razılığa gəliblər. Kreml və Ağ ev birgə bəyanatla çıxış edərək, Suriyada problemin si-yasi yolla həllinə nail olunması üçün səyləri artıracaqlarını vəd ediblər. Söhbət BMT-nin himayəsi altında Cenevrədə aparılan danışıqlardan gedir. Rusiya suriyalı yaraqlılara və Dəməşqə, ABŞ isə müxalifətə təzyiqləri artıracağını vəd edib. "Biz tərəflərdən mülki əhaliyə, həmçinin mülki infrastruktur və tibb ocaqlarına bütün hücumları dayandırmağı tələb edirik", - deyə bəyanatda bildirilir. ABŞ regional müttəfiqlərinə dəstəyi və yardımı artırmağı da düşünür. O hesab edir ki, bu, həmin dövlətlərin sərhəddən yaraqlıların keçməsinə, silah daşınmasına əngəl olmasına, terror təşkilatlarının maliyyələşdirilməsinin qarşısının alınmasına kömək edəcək. Lakin bütün bunlar, sadəcə, bəyanatdır. Real işə gəldikdə, Ağ ev Rusiyadan atəşkəs razılaşmasının pozulmaması üçün Dəməşqə təzyiq göstərməsini tələb edir. Cavabında qarşı tərəf müxalifətin Hələbi tərk etməsini istəyir. Nəticədə qapalı çevrə alınır. Bundan başqa, Rusiya ilə ABŞ-ın birgə bəyanatı İranın ciddi narazılığına səbəb olub və bunu da nəzərə almamaq çətindir.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın sözlərinə görə, Hələb şəhərində barışığa dair danışıqların iflasa uğraması faciəvi nəticələr verəcək. Və bu nəticələr artıq özünü göstərməkdədir.

Beynəlxalq hüquq müdafiəsi təşkilatları həyəcan təbili çalır, yalnız aprelin sonlarında 1 həftə ərzində şəhərdə 200-dən artıq yerli sakinin həlak olduğunu bildirir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cenevrədəki nümayəndəsi Valter Qrosun sözlərinə görə, Hələb sakinləri, o cümlədən digər bölgələrdə yaşayan insanlar humanitar fəlakətin astanasındadırlar. Bundan başqa, Suriya ərazisində hələ də bu və ya digər tərəfin baş verənlərə görə nə qədər məsuliyyət daşıdığını müəyyənləşdirmək çətindir. "BBC News" mayın 5-də naməlum təyyarələrin İdlib əyalətindəki əl-Kamuna qaçqın düşərgəsinə zərbələr endirdiyinə dair məlumat yayıb. Bu insident nəticəsində, ən azı, 28 nəfər həlak olub, qadınlar və uşaqlar da daxil olmaqla, onlarla insan yaralanıb. Suriya HHQ və artilleriyası isə insidentə heç bir aidiyyətinin olmadığını bildirir. Eyni şeyi ABŞ aviasiyası və antiterror koalisiyası da bəyan edib.

Barışığa əməl olunmasa, nəinki ölənlərin sayı artacaq, Suriyadan qaçqınların sayı da indikindən 10 minlərlə çox olacaq. Bundan xüsusilə artıq, təxminən, 3 milyon miqrantın məskunlaşdığı Türkiyə əziyyət çəkə bilər. Bununla yanaşı, Türkiyə ilə Aİ arasındakı miqrasiya razılaşmasının mümkün pozulması Avropanı çətin vəziyyətdə qoyacaq. Yeri gəlmişkən, əksər müşahidəçilər Türkiyənin Baş naziri Əhməd Davudoğlunun gözlənilməz istefasından sonra, hadisələrin məhz bu istiqamətdə inkişaf edə biləcəyinndən ehtiyatlanır. Məsələ ondadır ki, əksər Qərb KİV hər iki tərəfi qane edən razılaşmanın məhz Davudoğlunun səyləri nəticəsində əldə olunduğunu yazır. Üstəlik, indi Prezident Rəcəb Tayyib Ərdoğan Türki-yədən terrorçuluqla mübarizə sahəsi də daxil olmaqla, bəzi sahələrdə qanunlara yenidən baxılmasını tələb edən Brüsselə güzəştə getmək fikrində olmadığını bildirir. "Onlar Türkiyədən fəlakət sayıla biləcək düzəlişlər gözləyirlər. Bunu görməyəcəklər. Avropadan fərqli olaraq, biz terrorçuları başımıza çıxarmayacağıq, onlara qucaq uçma-yacağıq. Heç kəsin qarşısında əyilmək lazım deyil. Başını uca tutmaq lazımdır. Bu, çox vacibdir", - deyə Ərdoğan bildirib. O, Ankaranın Avropadan vəd olunan maliyyə yardımlarını almadığını da söyləyib. Bundan başqa, Ərdoğan Qərb dövlətlərini Türkiyə ərazisində terrorçularla mübarizədə Ankaraya yardım etməməkdə təqsirləndirib. Türkiyə artilleriyası Suriya ərazisində 55 yaraqlını məhv etsə də, Ankara hələlik orada tammiqyaslı mübarizəyə qoşulmağı lazım bilmir. Bu, həm də Rusiya-Türkiyə münasibətlərindəki problemlərlə bağlıdır.

Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov isə Ankaranın danışıqlar prosesinə mənfi təsir göstərdiyini bəyan edib. Onun sözlərinə görə, DAK Cenevrə danışıqlarında iştirakını, əsasən, Türki-yənin təzyiqləri üzündən dayandırıb. Beləliklə, görünən odur ki, Suriyanın bu iki "dostu"nun öz aralarında razılığa gəlməsi kifayət qədər çətin məsələdir.

Bu arada Rusiya Suriyada özü üçün imic formalaşdırmaqla məşğuldur və bunu ən yaxşı amerikan ənənələri ilə edir. Suriyanın UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 6 obyektindən biri olan, 2015-ci il mayın ortalarından yaraqlıların nəzarətinə keçmiş Palmiranın qədim xarabalıqları Əsəd ordusu tərəfindən məhz Rusiya HKQ-nin dəstəyi ilə azad olunub. Mayın əvvəlində isə ora Marinsk Teatrının Simfonik Orkestrinin "konsertinə səhnə olub. Konsertə toplaşanlara Rusiya Prezidenti Vladimir Putinin videomüraciəti təqdim edilib. O, konserti "müasir sivilizasiyanın beynəlxalq terrordan xilas olmasına ümid" kimi qiymətləndirib.

Böyük Britaniyanın Xarici İşlər naziri Filip Hammond isə öz növbəsində, bu konserti "diqqətin milyonlarla suriyalının hələ də iztirab içərisində olmasından yayındırılmasına zövqsüz cəhd" adlandırıb. Amma ümumilikdə, dünyada Moskvanın bu piar-gedişi qiymətsiz qalmayıb.

Rusiya Suriyada elə taktikadan istifadə edir ki, nə onun bu ölkədə mövcudluq səviyyəsi anlaşılır, nə də Suriya ilə bağlı uzunmüddətli planının olub-olmadığı. Xatırladaq ki, Kreml martın ortalarında Suriyadakı hərbi kontingentinin əsas hissəsini oradan çıxarmağa başlayıb. Bununla yanaşı, Latakiya yaxınlığındakı Xmeymim aerodromundan hələ də rusiyalı hərbçilər istifadə edir. Üstəlik, Tartusdakı HDQ-nin maddi-texniki təminat məntəqəsi də onlardadır.

"Al Masdar News" yazır ki, Rusiya Palmiranın bir hissəsini hərbi bazaya çevirib. "Agence France Presse" agentliyinin jurnalisti tərəfindən yayılmış görüntülərdə isə bazanın əhatəyə alınmış ərazisi və oradakı "Pansir-S1" özüyeriyən zenit raket-top kompleksi görünür. Bəlkə də bu, Rusiyanın əməliyyatlarının əhatə dairəsini "İD"nin paytaxt saydığı Rakka və Deyr-əz-Zor şəhərlərinədək genişləndirmək planından xəbər verir.

Hazırda ABŞ-ın Yaxın Şərqdəki hərbi potensialı Rusiyanın potensialını xeyli üstələyir. Lakin amerikalılar Suriyaya miqyaslı şəkildə girməyə tələsmir. Ən azı, indiki administrasiya dövründə bu, belədir. Ağ evin mətbuat katibi Coş Ernest "Suriyada təhlükəsizlik zonası yaratmağın çətin olacağını" deyib və fikrini belə əsaslandırıb: "Bunun üçün çox sayda Amerika əsgərinə ehtiyac olacaq və onlar çox təhlükəli şəraitlə üzləşəcəklər. Hakimiyyətin siyasi yolla dəyişməsi milli təhlükəsizlik maraqlarımıza uyğun olan yeganə yoldur". Bununla yanaşı, Amerika tərəfi "siyasi keçid" üçün Əsədin hakimiyyətdən gedişini vacib sayırsa, Rusiya ilə İran bunun əleyhinədir. Və yenidən hər şey təkrarlanır. 

Nə qədər ki, bu məsələ həllini tapmayıb, Cenevrə konfransından danışmaq mənasızdır. Görüşlər "Suryianın dostları" qrupu çərçivəsində keçirilir və bu qrupa ABŞ, Misir, Fransa, Almaniya, İtaliya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Böyük Britaniya və Aİ nümayəndələri daxildir. Mayın 9-da keçirilmiş görüşdə müxalifətçi DAK-ın rəhbəri Riyad Hicab da qatılıb. Bununla yanaşı, Suriya, Rusiya və İran hökumətinin nümayəndələri, kürdlər dəvət olunmayıblar və demək, orada əldə olunmuş razılaşmalara yalnız tövsiyə kimi baxmaq olar. Suriyanın bütün dostlarını masa ətrafına əyləşdirmək və ən başlıcası, onları konstruktiv dialoqa yönəltmək hələ ki, mümkün olmur.



MƏSLƏHƏT GÖR:

503