26 Aprel 2024

Cümə, 21:53

TERRORDAN GÜCLÜ

Dövlətlər və Dinlər Arasında Münasibətlərin Qurulması Uğrunda Beynəlxalq Hərəkatın rəhbəri Olivye Jiskar d'Estenin "R+"a müsahibəsi

Müəllif:

15.05.2016

Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların birlikdə sülh şəraitində yaşadıqları nadir nümunədir. Tarixən Azərbaycanda milli və dini zəmində ayrıseçkiliyə, qarşıdurmaya rast gəlinməyib. Orada hər zaman qarşılıqlı inama və hörmətə əsaslanan proqressiv milli mədəni və dini münasibətlər olub.

Hazırda əhalinin əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, ölkədə sinaqoqlar, pravoslav və katolik kilsələr sərbəst fəaliyyət göstərir.

Bakı dəfələrlə dinlərarası və mədəniyyətlərarası dialoq mövzusunda beynəlxalq konfranslara ev sahibliyi edib.

Aprelin sonunda isə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Orada mədəniyyətlərarası dialoqun genişləndirilməsi imkanları geniş müzakirə olunub.

Dövlətlər və Dinlər Arasında Münasibətlərin Qurulması Uğrunda Beynəlxalq Hərəkatın rəhbəri Olivye Jiskar d'Esten "R+"a müsahibəsində sivilizasiyaların dialoqu ətrafında yaşanan proseslərlə bağlı fikirlərini bölüşüb.

- Hökumət qurumları və dini strukturlar arasında qarşılıqlı münasibətlərə dair apardığınız araşdırmalarla bağlı proqnozlar nədən ibarətdir?

- Araşdırmalarımız yeni başlayıb və artıq özünü doğruldub. Çünki vətəndaş cəmiyyəti müxtəlif ölkələrdə baş verən və dini azlıqlara qarşı yönəlmiş faciəvi hadisələrə reaksiya verməlidir. Apardığımız işin ilkin nəticələri göstərir ki, belə hadisələrin böyük əksəriyyəti tarixi ənənələr və hadisələrin bazasında baş verir: hakimiyyət uğrunda mübarizə, müharibə, cinayət. Bununla yanaşı, ölçülüb-biçilmiş qarşılıqlı münasibətlərin yoxluğu problemi də var. Bu, dövlətlə ruhanilik arasında formalaşmış münasibətlər təcrübəsi və ya mövcud qanunverici bazada sekulyarizasiyasının qeyri-təkmilliyinin nəticəsi olaraq ortaya çıxır. Hesab edirik ki, hər bir ölkədə hər bir dini azlığın yaşamaq hüququ olmalıdır. O, istər dövlət, istərsə də üstünlüyə malik konfessiyalar tərəfindən qorunmalı, müdafiə olunmalıdır.

- Zaman-zaman müxtəlif dövlətlərin nümayəndələri bir yerə toplaşaraq, dini ekstremizmlə, terrorla bağlı məsələləri müzakirə edir, müxtəlif təkliflər irəli sürürlər. Necə düşünürsünüz, bu cür konfranslar və ya diskussiyalar müzakirə olunan problemlərin həllinə hansısa təsir göstərirmi?

- İndi beynəlxalq münasibətlər 3 subyekt səviyyəsində qurulur: dövlətlərarası münasibət, dini icmalar arasında münasibət və BMT, UNESKO kimi beynəlxalq qurumlar vasitəsilə qurulan çoxtərəfli münasibət. Biz buraya daha bir münasibət subyektini əlavə etmək istəyirik. Söhbət vətəndaş cəmiyyətləri arasında münasibətdən gedir. Çünki ictimai rəy sosial münasibətlərə ciddi təsir göstərir.

Biz hökmranlığın milli dövlətlərin əlində olduğu dünyada yaşayırıq. Bu, müxtəlif dinlərin mövcudluğu fonunda dini icmaları məyus edə, bu isə öz növbəsində, bu və ya digər din nümayəndələrinin davranışında özünü göstərə bilər.

- İnanclılar dövlətin siyasətinə necə təsir göstərə bilərlər? Bu təsir daha çox müsbət olur, yoxsa mənfi?

- Nə qədər ki, hər iki tərəf qarşılıqlı anlaşmaya, hörmətə çalışır, bu təsir mənfi ola bilməz.

- Bəs nədən dövlət "Əl-Qaidə", "Hizbullah", İŞİD kimi ekstremist qruplaşmaların terror hücumlarının qarşısını ala bilmir?

- Özünü öldürmək fikrində olan terrorçuların hücumlarının kökünü kəsmək mümkün deyil. Amma əslində, bütün dünyada hökumətin gücü mütəşəkkil cinayətkarların gücündən yüz dəfələrlə çoxdur.

- Bəzi ekspertlərin fikrincə, indi terrorçular dövlətlərlə müqayisədə daha müasir informasiya texnologiyalarına malikdirlər. Fikrinizcə, onlarla mübarizədə yeni tədbirlərə əl atılması nə qədər zəruridir?

- Hazırda müasir texnologiyalardan hər yanda istifadə olunur. Odur ki, onların effektivliyini müqayisə etmək çətindir.

- Məlum olduğu kimi, ötən ilin sonlarında Parisdə törədilmiş terrordan sonra, dünya ölkələri dərhal məsələyə reaksiya verdi, bu hadisəyə münasibətdə həmrəy olduqlarını nümayiş etdirdi. Lakin bu ilin əvvəlində analoji hadisə Türkiyədə baş verdikdə, elə həmin dövlətlər sakit qaldılar. Yanaşmadakı bu müxtəliflik nə ilə bağlıdır?

- Bu gün biz dünya birliyinin belə hadisələrə, harada törədilməsindən asılı olmayaraq, dərhal reaksiya verməsini həmişəkindən daha çox müşahidə edirik - istər Avropada olsun, istər Afrikada, Amerikada və ya Asiyada.

- Bəzi dövlətlər bir-birlərini "İD"ni dəstəkləməkdə təqsirləndirir. Fikrinizcə, "İD"ni dəstəkləyən kimdir? 

- Məndə bununla bağlı konkret informasiya yoxdur.

- Azərbaycanda dövlətlə ruhanilər arasında münasibətləri necə qiymətləndirirsiniz?

- Bu ölkənin tarixinə, coğrafi mövqeyinə heyran olmuşam. Biz Azərbaycanda müxtəlif dinlərin azadlığının təminilə bağlı məsələləri detallı şəkildə öyrənəcəyik. Məni Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkil etdiyi forumlarda iştirakın səviyyəsi və mövzular, həmçinin şəxsən Prezident İlham Əliyevin dəstəyi də valeh etdi.


MƏSLƏHƏT GÖR:

492