5 May 2024

Bazar, 03:11

"AVRO-2020"nin MƏŞQİ

"U-17" Avropa Çempionatı Azərbaycana nə verdi?

Müəllif:

01.06.2016

Bakıda keçirilən 17 yaşadək gənclər arasında futbol üzrə Avropa Çempionatını faktiki olaraq "Avro-2020"nin baş məşqi hesab etmək olar. Dörd ildən sonra Azərbaycan paytaxtı qitə birinciliyinin final mərhələsinin bir neçə oyununu qəbul edəcək. 

UEFA nümayəndələri də "U17" çempionatının keçirilmə şəraitindən heyran oldular. Onların fikrincə - təşkilatçılıq, infrasturktur, AFFA ilə UEFA komandaları arasındakı münasibətlər, bir sözlə, hər şey yüksək səviyyədə idi.

"U-17" Avropa Çempionatının paytaxtımızda keçirilməsi son illər yaradılan infrastrukturu sınaqdan keçirmək imkanı yaratdı. Olimpiya stadionu, "Baksel Arena", "Dalğa Arena", "Azersun Arena" - bütün bu stadionlar son illər tikilib və Avropa Çempionatı oyunlarını uğurla qəbul etdi. Beş yeni məşq yerləri - 3 - "Neftçi"nin bazasında, 1 - Bakı Olimpiya Stadionunda, 1 - "Dalğa” yığma komandasının bazasında yaradıldı. 

Başa çatan turnir yerli Təşkilat Komitəsi üçün ikinci böyük təcrübə oldu. İlk analoji sınaq 2012-ci ildə FİFA-nın himayəsi altında Azərbaycanda qızlar arasında keçirilən çempionat oldu. Bu iki turnirdə iştirak etmək kollektivə 2020-ci ildə böyük fayda gətirəcək. 

Bəs ötən çempionat Avropa futboluna nə bəxş etdi? Hər bir iri turnir kimi bu da yeni ulduzlar üçün yol açdı. Beş oyunda yeddi top vuran portuqaliyalı Joze Homeş nələrə qadirdir. Əgər o, bu templə irəliləsə, tezliklə "Benfika"dan Avropanın ən aparıcı klublarına keçə bilər.

Bakıda keçirilən Avropa Çempionatı dünyaya yeni sayda baxış rekordunu bəxş etdi. 33 min azarkeş Azərbaycan - Portuqaliya oyununun açılışına gəldi!

Bundan əlavə, UEFA FİFA-dan sonra özü üçün Avropa Çempionatının final mərhələsini yüksək səviyyədə təşkil edən yeni ölkə kəşf etdi. Əgər Bakı istəsə, yaxın illər ərzində Olimpiya Stadionunda Çempionlar Liqası və ya Avropa Liqasının finalını təşkil etməyi bacarar. UEFA bir daha əmin oldu ki, Azərbaycanın paytaxtında hər şey yüksək səviyyədə təşkil olunacaq.

Azərbaycan millisinin oyununa gəlincə, açılış matçında sonradan turnirin qalibi olacaq Portuqaliyaya məğlubiyyət millimiz üçün “soyuq duş” oldu. İlk oyunda portuqallara 0:5 hesabı ilə uduzan millimizin oyunu çox zəif alındı. 25 dəqiqə ərzində 3 qol buraxan yığma uzun müddət özünə gəlməkdə çətinlik çəkdi. 

Yalnız bir oyuna görə Azərbaycan yığmasının "U-17" Avropa Çempionatına zəif hazırlaşdığını söyləmək çətindir. Açılış matçında yarışın əsas favoritlərindən biri Portuqaliyaya rəqib olmaq bəxtsizlik əlamətidir. Digər tərəfdən, ən güclü komandaya belə bu hesabla uduzmaq səviyyə fərqini göstərir. Futbolçularımız psixoloji cəhətdən "U-17" Avropa Çempionatına hazır deyildi. 

İkinci görüşdə yarışın son qalibi Belçika ilə 1:1 oynayan Azərbaycan son matçda Şotlandiya üzərində 1:0 hesablı qələbə qazandı. 4 xalla qrupda 3-cü olan millimiz qitə birinciliyində mübarizəni erkən dayandırdı. 

Ümumilikdə, Azərbaycan yığmasının çıxışını qənaətbəxş saymaq olar. Amma etiraf etmək lazımdır ki, Murad Mahmudov, Mətin Gülər və Fərid Nəbiyev gələcəkdə "U-19" və "U-21" komandalarında çıxış etmək potensialına malikdir. Digər futbolçular haqqında xoş sözlər demək mümkün deyil. 

17 yaşlılardan ibarət Azərbaycan millisinin əsas problemi start həyəcanını dəf edə bilməsi oldu. Sözsüz ki, futbolçularımız Portuqaliya və İspaniya komandalarındakı həmyaşıdları kimi, yüksək texnika və sürətə malik deyil. Onların potensialı maksimum bir hissə mübarizə aparmağa kifayət edir. Doğma meydan amilinin təsiri sayəsində futbolçularımız bütün görüşlərdə nisbətən həyəcanlı göründü. 

Avropa Çempionatı “U-17” Azərbaycan millisinin ciddi islahatlara ehtiyacı olması göstərdi. Gələn il millidə baş verəcək nəsil dəyişikliyi komandaya yeni oyunçuların cəlb olunmasına səbəb olacaq. Belə yeni məşqçi komandayla kompleks qaydada çalışmalıdır. 2 il sonra bu uşaqların "U-19"a cəlb olunması baş tutmayacaqsa o zaman 17 yaşlılardan ibarət yığmanın fəaliyyəti nəticəsiz qalacaq.

Bakıda keçirilən qitə birinciliyi Portuqaliya, İspaniya, Belçika, Almaniya kimi komandalar üçün uğurlu oldu. Bu yığmaların heyətində gənc futbolçular sözün əsl mənasında gələcəklərinin parlaq olacağını sübut etdi. Bu komandaların azarkeşləri əsas milli üçün narahat olmaya bilər. Çünki indiki nəsilin layiqli əvəzedicisi olacaq.

AFFA-nın baş katibi Elxan Məmmədov "R+"a açıqlamasında 17 yaşlılardan ibarət Avropa Çempionatının keçirilməsi və Azərbaycan millisinin çıxışı barədə danışıb: "Avropa Çempionatının final mərhələsində iştirak etmək istənilən futbol federasiyası üçün uğurdu. Məsələnin idman tərəfinə gəlincə - yığmamız cəmi 1 oyunda məğlub oldu. Futbolçularımızın məğlub olduğu komanda Avropa çempionu adını qazandı".

Baş katib qitənin ən güclü 16 komandasının iştirakı ilə baş tutan yarışın ölkəmizə faydasının böyük olduğunu vurğulayıb: "Bu cür tədbirlərin təşkili zamanı ölkənin nə əldə edə biləcəyi barədə düşünmək və təhlillər aparmaq lazımdı. Bu fikir bizi çempionatdan əvvəl də, turnir dövründə də tərk etməyib və artıq Avropa çempionatının bizə hansı irsi miras qoyduğu haqda danışmaq olar. Bunlardan birincisi meydanlarla bağlıdı. Çempionatla əlaqədar üçü İsmət Qayıbov adına təlim-məşq bazasında, biri Bakı Olimpiya Stadionunda, biri isə Milli Komandaların Məşq Mərkəzində olmaqla 5 yeni məşq meydanı quruldu. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında ot örtüyü yenisi ilə əvəz olundu".

Məmmədov bu yarışın ölkəmizin reklamı baxımından da əhəmiyyətli olduğunu, vurğulayıb: "Eurosport-1" və "Eurosport-2" kanallarında oyunlar nümayiş etdirildi. Eyni zamanda, Avropanın idman ictimaiyyəti qitə çempionatının nəticələrini diqqət mərkəzində saxlayaraq mütəmadi izlədi. Bundan başqa, illər ötəcək və stadionlarımızda çıxış etmiş yeniyetmə futbolçular dünya ulduzlarına çevriləcək. Bu, məhz ulduzların parlamağa başladığı bir çempionatdır", - deyən Elxan Məmmədov Azərbaycan paytaxtının "AVRO-2020"yə ev sahibliyi etməyə hazır olduğunu söyləyib.



MƏSLƏHƏT GÖR:

411