2 May 2024

Cümə axşamı, 12:44

KİNO İLƏ OYUNLAR

Rejissor Elvin ADIGÖZƏL: "Sadəcə, sevdiyim işlə məşğulam və işimə ruhumu qoyuram. Mənim yolum budur və ondan dönməyəcəyəm!"

Müəllif:

01.06.2016

Gənc azərbaycanlı rejissor və ssenarist Elvin Adıgözəl hesab edir ki, arthaus və ya sadə dillə desək, müəllif kinosu geniş auditoriya üçün nəzərdə tutulmayıb. O, tənqidi təfəkkürə malik düşünən tamaşaçı üçün yaradılıb. Müəllif filmləri insanın daxili aləminin açılması üçündür. Və bu dünyanın işıqlı və ya qaranlıq olması önəmli deyil. Kupyurasız adlandırılan bu cür filmlər bəzən reallığı olduğu kimi göstərir. 

- Elvin, özünüz haqqında danışın. Kinematoqraflığa necə gəldiniz? 

- Goranboyda müəllim və həkim ailəsində dünyaya gəlmişəm. Rayonun lap mərkəzində yerləşən böyük, köhnə evdə böyümüşəm. Anam, nənəm və babamla yaşamışam. Dayımın ailəsi tez-tez bizə qonaq gələrdi. Ağır vaxtlar idi: rayonda qaz yox idi, içməli suyu isə bizə pul qarşılığında xüsusi sudaşıyan maşınlar gətirərdilər. Uşaqlığım xüsusi əyləncələr olmadan keçib. Rayonumuzda kinoteatr və kinoklublar yox idi. Ancaq üç kanal göstərən köhnə televizorla kifayətlənməli olurduq. Hər axşam film nümayiş etdirən, heç olmasa, hansısa bir kanalı tutmağa çalışaraq, antenna ilə təcrübə keçməli olurdum. Kinoya baxmağı xoşlayırdım. Nənəm deyinməyənədək, saatlarla baxa bilərdim. Onda dostlarımı və dayımoğlanlarını cəlb etdiyim özünəməxsus oyun uydurdum. Beynimdə müxtəlif hekayələr tərtib edirdim, rolları bölürdüm və hamımız aktyor olurduq. 10-cu sinifdə qərara aldım ki, həyatımı kinematoqraf və ya teatrla bağlamaq istəyirəm. Lakin arzumu necə reallaşdırmalı və nədən başlamalı olduğumu bilmirdim. Tanış uşaqlar dedilər ki, rayonumuzda nə vaxtsa Bakıda aktyorluq fakültəsində təhsil alan oğlan yaşayır. Lakin o, maddi çətinliklər və problemlərə tab gətirməyərək, II kursdan çıxıb və geriyə - evinə qayıtmalı olub. Onunla görüşdüm və ona suallar yağdırdım. Oğlan dedi ki, mənzili və kənardan maddi köməyi olmayan kəndli oğlanın - tələbənin şəhərdə yaşaması necə çətindir. Ona görə də kino barədə ən istəkli arzusunu basdırmağa məcbur olub, evə qayıdıb və pul qazanmaq üçün malyükləyən kimi işə düzəlib. Yadımdadır, "Düzgün seçim edirəmmi?" - deyə bütün gecə düşün-müşdüm? Səhər qərara gəldim: heç nəyə baxmayaraq, Bakıya gedəcəyəm və arzuladığım ali təhsil müəssisəsinə daxil olacağam. Qəbul imtahanlarına bir neçə ay qalmışdı və qərara gəldim ki, komissiyanın qarşısında səhv etməmək üçün yaxşıca hazırlaşım. Təyin edilən vaxtda paytaxta gəldim, sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissorluğu" fakültəsinə verdim və asanlıqla qəbul olundum. Bakıda xalamgildə qalırdım. Dərslərdən sonra kabel televiziyasına baxmağı xoşlayırdım. Bir dəfə kanalların birində ilk dəfə uzun illər əvvəl Goranboyda nənəmin köhnə televizorunda baxdığım müəllif filmlərindən birini tutdum. Təəccüblə öyrəndim ki, bu film, deyildiyi kimi, "festival kino" seriyasındadır. Anladım ki, məni məhz bu cür - daxili hisslər və reallıq əsasında qurulmuş ədalətli və səmimi kinomatoqraf maraqlandırır. O zaman ilk filmimi çəkməyi düşündüm, amma buna vəsait lazım idi. Pul qazanmaq üçün Bakıdakı telekanallardan birinə işə düzəldim. Orada Dadaş Adna ilə tanış oldum. O, arxivdə işləyirdi, fotoqrafiya və operator işini gözəl bilirdi. Dadaşla söhbətləşdik və ideyam barədəa ona danışdım. O, razılaşdı və necə film çəkmək istədiyimi təsəvvür etmək üçün onun mütləq baxmalı olduğu filmlərin siyahısını verdim. Beləcə, heç bir müasir texniki yeniliklər və aparatura olmadan, ancaq kamera və mikrofonla "Dumanda" və "Qayıdış" qısametrajlı filmləri yarandı. Dadaş mənə "Buqələmun" filminin də çəkilişində kömək edib. Biz yenə də əməkdaşlıq edərdik, lakin o, gözlənilmədən xəstələndi və dünyasını dəyişdi. 

- Sizin filmlər xüsusi bir mediativ mühitlə fərqlənirlər - minimum dialoqlar, maksimum hisslər və daxili emosiyalar. Bu filmlərdə həmişə nəsə bir məcaz olur. Tamaşaçıya hansı informasiyanı çatdırmaq istəyirsiniz?

- Mən hamı üçün çəkmirəm. Ssenari yazanda, tamaşaçıya hansı konkret informasiyanı çatdıracağımı düşünmürəm. Çəkiliş zamanı da diqqəti fabulaya cəmləməyə çalışmıram. Filmin əsas ideyasının başa düşülməsi və müəyyən edilməsi ancaq montaj prosesində baş verir, çəkilmiş materiala baxaraq, əsas fikri seçirəm və filmi daxili hisslərim əsasında qururam. Bəlkə, bəzi tamaşaçılar işlərimi izləyərkən, filmin mahiyyətini dərhal anlamırlar... Bir çox hallarda belə olur... Lakin insanlar filmlərinə baxaraq, keçirdikləri hiss və emosiyaları mütləq yadda saxlayırlar. Bu bilavasitə reaksiya, özünəməxsus "yeməkdən sonra qalan dad" da filminin əsasını təşkil edir. 

- Demək olar, bütün filmləriniz ucqar kənddən olan insanların həyatına həsr olunub. Unudulan mövzuya maraq haradan qaynaqlanır?

- Yəqin, ona görə ki, mən özüm də ucqar kənddənəm. Bu insanların nə ilə yaşadıqlarını, nə düşündüklərini, nələr keçirdiklərini, arzularını və istəklərini bilirəm. Onların necə çətin və bəzən faciəvi və çıxılmaz həyatlarının olduğunu bilirəm. Orada nifrət və mərhəmət, tabuları qırmaq istəyi və cəmiyyətin qınağından qorxu bir-birinə dolaşır. Buna baxmayaraq, paytaxtda tapılmayan o qədər unikal və rəngarəng personajları məhz orada, ucqar kənddə tapmaq olar. 

- Rüfət Həsənovla birgə çəkilən "Buqələmun" filmi Lokarnoda (İsveçrə) beynəlxalq kinofestivalda tənqidçilər tərəfindən "festival cəhətdən uğurlu müstəqil kino nümunəsi" kimi qiymətləndirilib. Bu film nə haqdadır və o, necə çəkilib? 

- 2010-cu ildən əsgərlikdən qayıtdım və nə ilə məşğul olacağımı bilmirdim. Goranboyda oturmuşdum və iş tapa bilmirdim. Gözlənilmədən Bakıdan mənə zəng edildi və bildirildi ki, "Dumanda" qısametrajlı filmim Bakıda beynəlxalq kinoforumda nümayiş etdiriləcək. Əvvəlki işlərimi də özümlə götürüb, çaparaq paytaxta gəldim. Forumda gənc rejissor Rüfət Həsənov və prodüser İradə Bağırzadə ilə tanış oldum. Rüfət mənə Moskvadakı həyatdan ümidləri puça çıxaraq, vətəni Azərbaycana qayıtmaq qərarına gələn gənc insan barədə ssenari yazmaq ideyasını verdi. Bu mövzu mənim marağıma səbəb oldu və süjetlə bir az oynayaraq, gələcək filmim - "Buqələmun"a ssenarisini yazdım. Bu iki gəncin - atasının evini satmaq üçün Rusiyadan Bakıya gələn Nicat və bu evi alıb, ailəsi ilə köçməyi planlaşdıran Əlinin hekayəsidir. Müstəqil kino ilə məşğul olan fransalı prodüser Giyom De Siyel mənim üçün gözlənilməz olaraq filmin ssenarisi ilə maraqlandı. Filmin çəkilməsi üçün hər şey hazır idi, amma pul yox idi. Bir müddətdən sonra, Rüfət və İradə xanım, axır ki, zəruri vəsaiti tapmaq müvəffəq oldu və biz mehriban çəkiliş komandamızla Göyçaya işləməyə yollandıq. Film peşəkar işıq olmadan, bir fotoaparat və iki obyektivlə 6 günə çəkildi. Bizim ancaq iki yeni başlayan aktyorumuz vardı. Filmin digər qəhrəmanları isə kinoda çəkilməyi arzulayan kəndin sadə camaatı idi. 2013-cü ildə bizim Rüfətlə "Buqələmun" filmimiz "Zəmanənin rejissorları" Lokarno beynəlxalq festivalın paralel müsabiqə proqramına daxil oldu. Bu isə Azərbaycanın müəllif kinosu üçün, şübhəsiz, böyük uğurdur. Axı bu festival Avropada ən mühüm müsabiqələrdən biridir - birinci kateqoriyaya aid edilir. Tədbirin kiçik İsveçrə şəhərində keçirilməsinə baxmayaraq, o, hər il çox sayda kinoizləyiciləri, kinematoqrafçılar və kinomüşahidəçilərini qəbul edir. 

- Çəkdiyiniz "Dumanda", "O", "Qayıdış" filmlərində fikri axıra qədər açıb deməmək və depressiya var. Gənc rejissorun bu cür bədbinliyi haradan gəlir?

- Çox maraqlı sualdır... Bilirsiniz, həyat - sevgi və sakitlik hissi ilə, layiqli keçməli olduğun uzun, gözəl səyahətdir. Hamı buna müvəffəq olmur... Rayonda anam və nənəmlə yaşayıram və biz bir çox məişət problemləri ilə üzləşirik. Tez-tez Bakıya gedirəm və yolboyu müxtəlif insanlara rast gəlirəm, müxtəlif həyat hekayələri eşidirəm. Bilirsiniz, şəhər sakinləri ilə ucqar kəndin insanları arasında fərq hər il daha kəskin və şiddətli olur. Paytaxtda həyat və kənddə həyat - bir-birindən həyat tərzi və dünya görüşü ilə fərqlənən sanki iki müxtəlif planetdir. Və bu uyğunsuzluq məndə depressiya və çarəsizlik doğurur. Ona görə də filmlərin müəyyən dərəcədə qəmgin və ümidsiz alınır. Həyat belədir...

- İndiki kinorejissorların əksəriyyətinin məqsədi - böyük kino kirayəsi və ondan gələn çoxmilyonlu vəsaitlərdir. Sizin məqsədiniz nədir?

- Məqsədim - dünya müəllif kinematoqrafiyasının tarixində iz buraxmaqdır. Uzun-uzun illərdən sonra işlərimə baxanda məni tanısınlar... Müxtəlif beynəlxalq festivallarda iştirak etmək istəyirəm, priz və mükafatlar almaq istəyirəm. İnsanların Azərbaycanda da kino çəkməyi bacaranların olduğunu bilmələrini istəyirəm. 

- İndi Azərbaycan kinosənayesində baş verənləri necə qiymətləndirirsiniz? O, demək olar ki, kinoteatrlarda göstərilməyən müəllif kinematoqrafı və kirayədən pul qazanmağa çalışan son dərəcə kommersiya filmlərinə bölünüb?

- Bu, normal təzahürdür. Texniki imkanların və internetin yaranması ilə çoxları kinematoqrafa müraciət etdilər. İnsanlar necə isə özlərini təsdiqləmək, dünyaya və ətraf aləmə göstərməyə çalışırlar. Etiraf edilməlidir ki, yeni "ejissorlar" və "operatorlar”ın böyük əksəriyyətinin kinematoqrafdan başı çıxır. Onlar üçün əsas - mətbuatın yazacağı təntənəli və səs-küylü təqdimat keçirmək və filmin nümayişindən yaxşı qazanc götürməkdir. Bu cür filmləri - "popkorn üçün filmlər" adlandırıram. Bunu uşaqsayağı və ciddi qəbul etmirəm. Əlbəttə, bütün bunlar müvəqqəti və tezkeçəndir. Birgünlük rejissorlar, birgünlük aktyorlar kimi sürətlə unudulacaq və yox olacaqlar. Milli kinematoqrafiyanın, həqiqətən, inkişaf etməsi və nəhayət, beynəlxalq səviyyəyə çıxması üçün bu istiqamətdə səylə çalışmaq lazımdır. Hesab edirəm ki, Azərbaycan, ilk növbədə, Avropa kinosunun kino kirayəsi və kino istehsalını maliyyələşdirən və dəstəkləyən "Eurimages" təşkilatına qoşulmalıdır. Qonşu ölkələr - Gürcüstan, Ermənistan və Türkiyə çoxdan "Eurimages"in üzvləridirlər, Azərbaycan isə bu məsələdə heç cür qərarlaşa bilmir. Mədəniyyət Nazirliyimiz bu ittifaqın ölkə və milli kinonun inkişafı üçün nə dərəcədə mühüm olduğunu anlamalıdır. "Eurimages", bir növ, "Avropaya pəncərədir". Bundan başqa, Azərbaycanda müxtəlif beynəlxalq kinoforumlar təşkil etmək, Avropada çəkmək və nümayiş etdirmək üçün maraqlı və perspektivli kinolayihələri seçə biləcək əcnəbi prodüserlər dəvət etmək lazımdır. Kinonümayişlər və festivallar keçirmək, kinematoqrafçıların toplaşacağı bir neçə kinoklub açmaq lazımdır. Dövlət kinematoqrafiyanın inkişafına qrantlar ayırmalıdır. 

- Sizə "böyük" kino çəkmək imkanı verilsəydi, filminiz nə barədə olardı? 

- Bu, dəqiq melodram və ya döyüş filmi olmazdı. Mənə 10-15 il əvvəl deyil, bizim dövrümüzdə "böyük" kino çəkmək imkanı verilsəydi, bu yenə də kənd sakinlərinin hekayəsi olardı. Ötən əsrin 50-ci illərində yaşayan insanlar barədə məmnuniyyətlə film çəkərdim. Nənəm tez-tez mənə o dövrlərdən - əsl zəhmətkeş, xoşbəxt gələcəyə inanan və təmiz qəlbli olan, ləyaqətli kişi və qadınlardan danışardı. Onlar SSRİ-də - xaricdən yüksəkruhlu və beynəlmiləl görünən, əslində isə bu imicin arxasında xeyli ədalətsizlik və hətta qəddarlıq gizlənən ölkəyə yaşayıblar. 

- Boş vaxtlarınızda hansı filmlərə baxırsınız? Dünya kinematoqrafiyasında nəyi bəyənirsiniz? 

- Əvvəllər tez-tez türkiyəli rejissor Nuri Bilgə Ceylanın filmlərinə baxardım. Müasir türk kinosunu başa düşmürəm və qəbul etmirəm. Son zamanlar İsrail və rumın filmlərinə aludə olmuşam. Xüsusilə, Avropa kinotənqidçiləri və münsifləri tərəfindən diqqətsiz qalan festival filmlərini izləməyi xoşlayıram. Latın Amerikası kinolarına da baxmaqdan xüsusi zövq alıram. Bu yaxınlarda argentinalı rejissor və ssenarist Eriel Rotterin "Başqa" və meksikalı Rodriqo Planın "Gecikmə" filminə baxmışam. Son dərəcə maraqlı filmdir! Başa düşmək asan olmayan, düşündürən və çoxmənalı filmləri sevirəm. Kino təkcə əyləndirməli deyil, həm də düşünməyə və beynini işləməyə məcbur etməlidir ... 

- Elvin, hazırda nəyin üzərində işləyirsiniz? Yeni kino layihəsi barədə danışın...

- Bu yaxınlarda yeni filmim üzərində işi yekunlaşdırmışam. Bu tammetrajlı bədii filmin adını hələ düşünməmişəm. Filmin prodüseri İntiqam İntişdir. Yaxın vaxtlarda filmin gələcək taleyi ilə məşğul olacaq Fransadan olan prodüserlə müqavilə imzalamaq niyyətindəyəm. Filmə Türkiyə və Almaniyadan da prodü-serlərin qatılacağı tamamilə müm-kündür. Filmimin başqa ölkələrdə də izlənilməsini çox istəyirəm. Bunun üçün də işləyirəm. İşimin kommersiya tərəfi məni heç maraqlandırmır. Heç vaxt maddi mənfəət üçün çəkməmişəm. Sadəcə, sevdiyim işlə məşğulam və işimə ruhumu qoyuram. Mənim yolum budur və ondan dönməyəcəyəm!



MƏSLƏHƏT GÖR:

429